Архив тегов | el bilir ki sən mənimsən

GÜLMƏLİ ŞEİRLƏR. «AZƏRBAYCAN» ŞEİRİNİ MİSRA-MİSRA OXUYAQ… II


Mən bir uşaq, sən bir ana,
Odur ki, bağlıyam sana:


“Hansı səmtə, hansı yana
Hey uçsam da yuvam sənsən,
Elim, günüm, obam sənsən!”

Gördünüzmü nən deyəndir? Deyir ki, “elim sənsən”. Yəni ki, Azərbaycan eldir. Bir tərəfdən də deyir ki, “El bilir ki, sən mənimsən”. Yəni Azərbaycan bilir ki, Azərbaycan mənimdir…

“Fəqət səndən gen düşəndə,
Ayrılıq məndən düşəndə”

Birinci misranı başa düşdük. “Səndən ayrı düşəndə, aralı düşəndə”. Bəs ikinci misranı necə başa düşək? Mənə elə gəlir ki, baş sındırmaq lazım deyil, çünki bu misranın heç bir mənsası yoxdur, “gen”i “dən”lə qafiyələndirmək üçün qondarılıb. Sonrakı misra da cəfəngdir: “Saçlarıma dən düşəndə”. Sürgündə, türmədə olub? Bunu Cavid həbsdən qayıdıb yazsaydı…

“Boğar aylar, illər məni,
Qınamasın ellər məni.”

İllərlə ayrı düşüb vətəndən? Haçan? İllər onu necə boğub? “Ellər”? “El” – Azərbaycandırsa, bəs “ellər” nədir?

“Dağlarının başı qardır,
Ağ örpəyın buludlardır.”

Dağların qarı heç ərimir? Dağların başında qarın olması yalnız Azərbaycana xasdır? Buludlar həmişə ağ olur?
“Böyük bir keçmişin vardır”

Nə boyda keçmişi var? Yaxşı olardı ki, konkretləşdirəydi…
“Bilinməyir yaşın sənin”

Hardan bilinər, bizdə tarix elmi yoxdur, tarixçi yoxdur, nağılçılar var, başda oturanlar necə buyururlarsa, tarixi elə də qondarırlar…
“Nələr çəkmiş başın sənin.”

Nələr çəkib Azərbaycanın başı? Bu, çox mücərrəd söhbətdir. Konkret deyədin ki, Azərbaycan insanının başına nələr gəlib. Azərbaycan insanının başına Bağırovların nələr gətirdiyini Səməd Vurğun öz gözləri ilə görürdü…

“Sıra dağlar, gen dərələr…”

Azərbaycan dərələrinin hamısı gendir? Niyə?
“Ürək açan mənzərələr…”

Hörmətli oxucu, şair sənə nə təsvir verdi ki, ürəyini açsın? Dedi ki, dərələr gendir. Vəssalam.

“Ceyran qaçar, cüyür mələr…”

Təbiət gözəlliyinin təsviri budur? Bəs cüyür qaçmır? Ceyran mələmir? Heyvanın qaçmağında qeyri-adi nə var? Bir də ki, ceyran, cüyür Azərbaycanın çox az hissəsində olur. Özü də qoruqlarda çoxaldılır. Əhali, xalq, yəni el belə yerlərə buraxılmır, Azərbaycana haqlı olaraq “sən mənimsən” deyən cənablar isə elə yerlərdə ceyranı, cüyürü  vururlar… Səməd Vurğun özü də ceyran ovunu sevirmiş. Onu açıq maşında itlərlə ova gedən salyanlıların söhbətini eşitmişəm…
“Nə çoxdur oylağın sənin!
Aranın, yaylağın sənin.”

Elə bil ki, Azərbaycana ayrı yerdən turist kimi gəlib. “Nə çoxdur oylağın… Aranın, yaylağın…”

“Keç bu dağdan, bu arandan”

Hansı dağdan? Hansı arandan? Dağ çoxdur. Aran da?
“Astaradan, Lənkərandan.”

Astaradan necə keçək? Hara? Tankla, top-tüfənglə yaraq sərhədi?
“Afrikadan, Hindistandan
Qonaq gəlir bizə quşlar,
Zülm əlindən qurtulmuşlar…”

Bunu cavan nəslin nümayəndələrinə izah etmək lazımdır. Səməd Vurğun deyir ki, Afrikada, Hindistanda müstəmləkəçilərdən, yerli diktatorların əindən qurtaran üsyançılar, inqilabçılar “zülm əlindən qurtarıb” bizə gəlirlər. “Bizə”ni, əlbəttə, yalan deyir. Çünki Afrikadan, Hindistandan gələn əsasən Moskvaya gəlirdi, Azərbaycana yox. Və həmin 30-cu illərdə sovet hökuməti, Stalin, Beriya, Bağırov öz xalqlarına hər hansı müstəmləkəçidən, işğalçıdan çox zülm edirdilər, minlərlə insan şərlənib tutulur, zirzəmilərdə məhkəməsiz güllələnir ya da Sibirə, uzaq Şimala sürgünə göndərilirdi…

08. 08. 26, Samara

ardı var