Архив тегов | görüş

BU GÖRÜŞ TƏSADÜFİ…

Bu görüş təsadüfi,

Adam çox, yer narahat.

Min baxışa hədəfik,

Bilmirik hara baxaq.

 

Bu görüş göz qırpımı,

Hər dəqiqə qənimət.

Kəsib durur qapını,

Ayrılıq-əbədiyyət.

 

Bir nəfəslik məsafə,

Səni məndən ayıran.

İstilənir nəfəsim –

Nəfəsini duyuram.

 

Bu görüşün ömrü an,-

Macal yox ki yalvarıb

Sən məni saxlayasan,

Ya mən səni aparam.

 

Bu görüşə ümid yox,

Kəpənək ömürlüdür.

Ayrılıqdan yorğunuq –

Bəlkə şirin mürgüdür?

 

Bu görüş, bu ayrılıq –

Zaman yükü çəkər an.

Əbədiyyət asılıb,

Kəpənək qanadından…

 

 

                                              12-17 mart1993, Samara

 

GÖRÜŞ

 

Titrəyə-titrəyə sıxdım əlini,

Ovcunun içində ovcum isindi.

Zərif barmaqların alov dilimi?-

Sandım ki, ömürlük bu od bəsimdi.

 

Üz-üzə dayandıq, yaxın dayndıq,

Qarışdı nəfəsim gül nəfəsinə.

Mənim kiçik ovcum döndü bir anda,

Bir dünya səadət xəritəsinə.

 

İki əl qovuşdu asma körpü tək,

Üstündən duyğular adladı, keçdi.

İki ürək dindi iki körpə tək,

İki əl  — birləşmiş iki beşikdi.

 

Könül qüssəsini, könül yasını,

Azdırdım ovcunun qırışlarında.

Oxudum ilk eşqin əlifbasını,

Oxudum ovcunun naxışlarında.

 

Bir ömür yaşadım bu bircə anda,

Qovuşdum sevincə, yad oldum qəmə.

Gülüş qanadlanıb dodaqlarından,

Qondu qaranquş tək ümidlərimə…

                                                        21 noyabr 1977, Salyan-Ərəbqardaşbayli

Robert FROST. SÖHBƏT VAXTI

     

T1520565_05

 A TİME TO TALK

Atımı ləngidib yolda dost əgər,

Sözü var deyərək saxlasa məni,

Onda mən hələlik şumlamadığım,

Bütün təpələrə salaraq nəzər,

Qışqırıb demərəm: “Axı nə işdi?”

İndi yox macalım söhbətə yəni.

Sancaram həmin an zərif torpağa,

Uzunsap belimi ağzı yuxarı.

İş çıxıb: Gedərəm daş divar sarı,

Dostla görüşə.

 

ingiliscədən tərcümə

2000-ci illər

Samara

 

ON İLDƏN SONRA

Ötər neçə fəsil, ötər neçə il,

Həsrət qəlbimizi incidər, yorar.

Yaxşı bilirəm ki, sağalan deyil,

İndi ayrılığın vurduğu yara

“On ildən sonra.”[1]

 

Tale yelkənimiz bizi, əzizim,

Kim bilir atacaq hansı sulara.

Ayrılıq ağardar saçlarımızı,

Nə xurmayı qalar, nə də ki qara,

“On ildən sonra.”

 

İndi nə biləsən… Bəlkə də həyat,

Bizi dəyişdirər, başqalaşdırar.

Bizə bu günlərdən qalar quru ad,

Biz də can atarıq dövlətə, vara,

“On ildən sonra.”

 

Vəzifə arzusu, şöhrət həvəsi,

Salar qəlbimizi bəlkə də tora.

Xırda qayğıların ağır nəfəsi,

Söz-söhbət, qalmaqal, günümüz qara,

“On ildən sonra.”

 

İndi nə biləsən… Qəfil bir görüş,

Bəlkə bir də bizi qarşılaşdırar.

Dəyişmə, gözəlim, ya da az dəyiş,

Deməyim o hara, indiki hara,

“On ildən sonra…”

23may 1979, Ərəbqardaşbəyli

 


[1] Elçinin hekayəsinin adı