Архив тегов | İlham Əliyev

KİŞİ PAPAĞI

Ilham Əliyev:

—         Ramiz müəllim, bayram axşamına az qalıb, istəyirəm mən də papaqatdıya gedəm. Mənə bir papaq təşkil elə.

Ramiz Mehdiyev:

—         Cənab prezident, mən təşkil eləyə bilərəm yaxşı polis papağı, gömrükçü papağı, sərhədçi papağı, prokuror papağı, cərrah papağı…

İlham Əliyev:

—         Mən istərdim adi kişi papağı olsun.

Pamiz Mehdiyev:

— Kişi papağı tapmaq bir az çətin olacaq. Gərək soraqlaşaq. Ya da şəhərdə bir kəndçi-kündçünün başından qaçırdaq…

BİR AKTYORUN TEATRI

Aktyor Qafar Novruzlu  prezident İlham Əliyevə müraciət yazaraq ondan Novruz şənlikləriində Kosa rolunun alınmasından şikayət etmişdir. Qafar bəy prezidentə bildirir ki, əgər Kosa rolu ona qaytarılmasa, aşağıdakı hərəkətlərin birinə ya eyni vaxtda bir neçəsinə əl atacaq.

  1. Özünü öldürəcək.
  2. Arvadının nəslini kəsəcək.
  3. Qonşuların evini odlayacaq.
  4. Xalq Cəbhəsinə girəcək.
  5. Cinsini dəyişib arvad olacaq.
  6. Müsavat partiyasına girəcək.
  7. Deputat Hafiz Hacıyevin yanında qulaq kəsən olacaq.
  8. “Dəmir yuxular” romanını yazacaq.
  9. Azərbaycana qaçaq banan gətirəcək.
  10. 10.  Londona gedib Kral teatrında Hamleti oynayacaq.

11. Hollivuda gedib baş rollarda çəkiləcək.

12.  Müxalifətin aksiyasında iştirak edib özünü tutduracaq.

13.  Prezidentliyə namizədliyini verəcək.

14.  Azərbaycan peykini quşatanla vurub salacaq.

Novruz Qafarlı prezidentə cavab üçün üç gün vaxt verib.

DEBATLARA HAZIRLIQ

          İLHAM ƏLİYEV VƏ RAMİL USUBOV

— Ramil, bu xarici səfirlər mənim mozqimi xarab elədilər, bəlkə bu dəfə   seçkiqabağı çıxım debata?

—  Cənab prezident yəni bu qurda-quşa ağız verəcəksiniz? Əgər məsləhətdirsə… Onda gərək açaq namizədləri türmədən buraxaq. İkisi yatır…

—  Yox, Ramil, niyə açıb-buraxırıq? Niyə onları narahat eləyib öyrəşdikləri yerdən ayıraq? Seçkiyəcən qalan namizədləri də basarıq türməyə, özüm gedib onlarla görüşərım. Ramil, mən xalqla görüşmək üçün türməyə də getməyə hazıram. Özün bilirsən ki, doğum günümü qaçqınlarla keçirirəm…

MÜXALİFƏT LİDERİNİN TORTUNA PREZİDENT YARDIMI

Bu gün Milli Məclisin keçmiş sədri İsa Qəmbərin 56 yaşı tamam olur. Bu münasibətlə İsa bəyin evində 56 sm uzunluğunda tort bişirilib. Azərbaycan prezidenti İlham Əliyev  müxalifət liderinə yüksək hörmət ifadəsi kimi xususi fərmanıyla İsa Qəmbərin soyuducusundakı yumurtalardan həbsi götürmüşdür ki, tort bişirənlər məəttəl qalmasınlar.

ELŞAD YENƏ YUTUBLADI…

PREZİDENT İLHAM ƏLİYEV VƏ DAXİLİ İŞLƏR NAZİRİ RAMİL USUBOV

 VODEVİL

— Ramil müəllim, ölkədə nə var-nə yox?

— Ölkədə hər şey əla! Hamı oturub yerində. Oturmaq istəməyənlər yatırlar. İlqar Məmmədov yatır, Hilal Məmmədov yatır, Tofiq Yaqublu yatır…

— Çox sadalama, məni yuxu basır… İsmayıllıda nə var?

— Hər şey, narazılıqdan başqa. Oturan otutur, yatan yatır…

— Zaqatalada nə var?

— Öndərin doxsan illiyinə hazırlaşırlar. Gecə-gündüz. Elə oturduqları yerdə…

— Ramil müəllim, Salyan adlı bir yer var… Mən bir dəfə gedib çıxmışdım ora… Analoqu olmayan məhəbbət gördüm. Ancaq eşitmişəm yaman bıçaq vurandılar…

— Cənab prezident, ürəyinizi sıxmayın, onlar bıçağı bir-birlərinə vururlar…

— Yaxşı, Lənkəranda vəziyyət necədir?

— Zat-aliləri, İsa Qəmbərin ucbatından Lənkəranın yollarınıı elə bağlamışıq ki, özümüz də oranın vəziyyətini görə bilmirik. Ancaq bilirik ki, yaxşıdır. Hamı oturub…

— Yatanları yoxdur?

— İrandan yaxşı tiryək keçəndə yatırlar…

— Как мило! Ramil, bəs niyə belə qaş-qabaqlısan?

— Cənab prezident! Sizdən min dəfə üzr istəyirəm… Bu köpək oğlu…

— Hansı köpək oğlu? Yanımız-yörəmiz elə hamısı köpəkoğludur də.

— Bu köpəkoğlu yanımızdakılardan deyil. Bu köpəkoğlu Fransadadır…

— Elşadı deyirsən? Neynəyib yenə?

— Cənab prezidient, bu köpəkoğlu yenə…

— Qatıqlayıb?

— Cənab prezident, qatıqlasaydı, nə vardı ki. Yutublayıb…

İSA QƏMBƏRİN KİTABLARI

                    

vodevil

—         Yazdınız İsa Qəmbərin əmlakını?

—         Yazdıx, zat-aliləri. Ancax siz deyən elə bir şey çıxmadı. Pul, qızıl tapmadıq. Hara baxırsan, kitafdı. Kitafların videosunu çəhdiy.

—         Bəs kitabkları açıb baxmadız?

—         Açmadıx, zat-alilıəri. Elə videolarını…

—         Ə, nə video-video salmısan? Sən də mənimçin Rüstəm İbrahimbəyov olacaqsan? Hiçkok!

—         Zat-aliləri, atama-anama söyməyə haqqınz var…

—         Ə, Xiçkok söyüş deyil… Zalım balaları, bir bu kitabları vərəqləyəydiniz də. Şübhəsiz hamısının arasında pul, səhm var. Yəqin İsa Qəmbər o kitablardan seyf kimi istifadə eləyir.

—         Zat-aliləri, biz polis tayfasının kitab vərəqləməklə arası yoxdur. Biz elə kitabın üzünə baxarıq, içinə girişmirik…

—         Ə, bəs deməyiblər ki, kitab xəzinədir? Kim deyib bunu?

—         Öndərimiz. Öndərdən başqa kimin ağzı nəədir söz deyə…

—         Yaxşı, gedin Qəmbərin kitablarını vərəqləyin.

—         Zat-aliləri, İsa Qəmbərin o qədər kitabı var ki, hamısını vərəqləməyə adamımız çatmaz…

—         Götürün polisləri, pristavları Şəkidən, Beyləqandan, Naxçıvandan, Salyandan… Tökülüşüb vərərqləyin.

—         Videosunu da çəkək?

—         Yenə video? Tarantino!

—         Zat-aliləri, nə qədər söysəniz, haqqınız var…

QIRILAN DEYİLİK, QAĞA, YORĞANI ÇƏK BAŞINA…

 

 

Gəncəliləri tanıyanlar yaxşı bilirlər ki, onlar uşaqlı-böyüklü öcəşkən olurlar. Öz bildiklərini tutub gedəndirlər. Dəlil-sübut, elm-bilik tanıyan deyillər. Deyilənə görə, Gəncə məktəblərində hələ qış gəlməmişdən uşaqlar başlayırlar zarımağa ki, müəllim, niyə məktəbi qızdırmırsınız, bəs biz soyuqdan qırıldıq…Müəllimin biri bir qış dözür, iki qış dözür, axırda səbri kəsilir və deyir: “Nə “qırıldıq-qırıldıq” salmısınız, a qırılmışılar! Bir qarış boyunuz var, indidən hökumətlə hökumətlik eləmək istəyirsiniz? İndi mən sizə inanım, yoxsa hökumətə, onun statistikasına? Statistika deyir ki, qırılıb eləmirik, əksinə, artırıq. Bir də ki soyuğun adama nə ziyanı var? Daha da canınız bərkiyər. Onsuz da böyüyüb uşləməyə Rusiyaya gedəcəksiniz. Bu da bir yaxşıca fürsətdir düşüb əlinizə. Yəni indidən Rusiya iqliminə öyrəşirsiniz dana!”

Qızıl kimi sözlərdir, mənlik olsaydı, bu sözləri qızıl lövhələrə yazdırıb bütün ölkənin yolları boyu qızıl dirəklərdə ucaldardım. Ancaq yol qıraqları milli öndərin dediyi və bundan da qiymətli sözlərlə tutulduğundan gəncəli müəllimin sözlərini ayrıca kitabça kimi buraxıb uşaqlara paylamaq olar…

“Azərbaycan geniş addımlarla addımlayır!” – bu gözəl sözləri də öndərimiq deyib. Sovet vaxtı. Təəssüf ki, milli qeyrəti olmayan bir qurumsaq əlavə eləmişdi ki, bəli, Azərbaycan addımlayır, ancaq Qürcüstanın mağazalarında… Yəni ki, öz mağazalarımızda o vaxt bir şey yox idi…Niyə yox idi ə, cüvəllağı? Mağaza müdirinə yol tapaydın, görərdin nələr var mağazalarda. Denən ki, pulumuz çox idi, gedib gürcülərin də malını alırdıq, sən öl…İndi yəqin hörmət əlaməti olaraq öz camaatımızın qazını kəsib heç-neçəyə veririk gürcülərə. Burda bir gürcüstanlı soydaşımız mənə şikayətləndi ki, Mirzə, bu Gürcüstan hökuməti azərbaycalı kəndlərinə heç işıq-zad vermir. Dedim ə, neyniyirsiniz işığı, onsuz da məktəblərininz bir-bir bağlanır, kitab-zad oxuyan deyilsiniz, axşam düşən kimi başınızı atın yerə…

Bilmirəm gürcüstanlı soydaşımıza sözüm çatdı ya çatmadı, ancaq özümə çox xoş gəldi. Yazıb yol qıraqlarına vurmaq olar. Bizdə yox ey, bizdə yerin yiyəsi var. Gürcüstanın azərbaycanlı bölgələrində…

Əslində bizim xalq elə istisiz-işıqsız qalsa yaxşıdır. İsti, işıq olanda xalq qızışır. Odur ey, yenə Bakıda on beş nəfər tutulub. Yenə dövləti çevirmək itəyirlərmiş.Eşidib məəttəl qaldım. Hörmətli soydaşımız Kamil Qurbanıçdan soruşdum ki, a Qurbanıç, hara çevirmək istəyirlərmiş bizim dövləti. Qurbanıç da bilyardda uduzurdu, acıqlı dedi ki, mən nə bilim, ə, belə cəhənnəmə, gora. Dedi və üzünü çevirdi. Bu əhvalat mənim üçün bir az qaranlıq qaldı…

Ancaq məni hər şeydən çox məyus edən soğansatanların namərdliyi oldu. Hökumət benzinin qiymətimni qaldıran kimi bunlar da soğanın qiymətini qaldırdılar. Möhtərəm prezidentimiz çox haqlı olaraq soğandatanları “təxribatçı” adlandırdı. Bala, bu, hökumətdir. Hökumət istəsə, sənin özünü soğan kimi əzər, soğan kimi də soyar. Mirzə Əlil şəxsən Azərbaycanda soğanın tamam qadağan olunmağına razıdır. Siyasətə görə yox, İnternetə and olsun, belə arvad-uşaq soğandan çox əziyyət çəkir.

Ancaq qorxuram sarımsaq da gedə soğanın güdazına…

 

Mirzə Əlil

 

Ocaq qəzeti, yanvar 2007

SARAYDAN TÜRMƏYƏ ZƏNG

İnternet portal Day.az bildirir ki, Azərbaycan prezidenti İlham Əliyev həbsdə olan müxalifəçi İlqar Məmmədova zəng vurub ona Şamaxı rayonunun başçısı vəzifəsini təklif etmişdir. İ. Əliyev deyib: “Siz Avropa təhsillisiniz, siz Avropa mədəniyyətli və əxlaqlı siyasətçisiniz. Siz Şamaxıda sağlam atmosfer yarada bilərsiniz, xalq etimadına arxalanıb islahat keçirə bilərsini”. İlqar Məmmədov deyib ki, yalnız bütün siyasi dustaqların azad olunduğu halda prezidentin təklifiylə razılaşa bilər.

Portalın məlumatına görə, prezident sarayı ilə türmə arasında yeni telefon danışıqları gözlənilir.

PAPA SÖHBƏTİ

İlham Əliyev Ramiz Mehdiyevə:

—         Ramiz müəllim, eşitmisən, Roma papası yaşının çoxluğundan istefa verdi.

—         Ay İlham müəllim, büzim  Roma papasəyla nə işimiz, gəl sənin papandan danışaq…

QAÇQINLARLA KEÇƏN GÜNLƏR

İlham Əliyev bu gün məmurları təvazölü, həqir həyat keçirməyə çağırıb və özünü nümunə göstərib, deyib ki, “mən əlli yaşımı qaçqınlarla keçirdim”.

Yaxşı, sadə, təvazölü həyatı başa düşdük, bəs ağ yalan danışmaq necə? İlham Əliyevin onun əlli yaşına Sumqayıtda bişirilmiş 50 metr uzunluqda tortdan zəbəri yoxdur? Bu tortun xəbəri ya qoxusu qaçqın düşərgəsinə gedib çatmayıb? Bəs sonuncu 51 metrlik Sumqayıt tortu?

Arvadıyla qızı bir neçə milyardlıq fonda yiyəlik edən adam necə başıaşağılıqdan, həqirlikdən, təvazödən danışa bilər?

O ki qaldı qaçqınlarla keçirilən doğum günlərinə, burda kədərli bir həqiqət var: Əliyev yetmiş illiyini də qaçqınlarla keçirə bilər. Çünki, belə getsə, iyirmi ildən sonra da o, bu faciə yaşayan xalqa yiyəlik edəcək və iyirmi ildən sonra da qaçqınlar elə qaçqın olacaqlar…

Təki sayları artmasın…