Архив тегов | Səməd Vurğunun şeirləri

SƏMƏD VURĞUNUN GÜLMƏLİ ŞEİRLƏRİ: «MƏNİM BABAM OLMUŞ İYİRMİALTILAR…»

samed-stalin

1947-ci ildə Londonda sovet nümayəndə heyətinin şərəfinə ziyafət verilmişdir. Heyətdəki yazıçılar arasında Səməd Vurğun da olmuş, və zəiyafətdən sonra “Ziyafət” şeirini yazmışdır. Bu şeir on illərlə məktəb dərsliklərinə salınmış, Britaniyaya, onun adamlarına, tarixinə nifrət yaratmaq vasitəsinə çevrilmişdir.

Səməd Vurğunun Britaniyaya nifrət etməyə şəxsi səbəbi vardı. Səməd Vurğun belə hesab edirdi ki, onun “babalarını”, yəni 26 Bakı komissarını britaniyalılar güllələyiblər. Hərçənd komissarları ingilislər güllələməyiblər…

Bəli, Səməd Vurğun yazır ki, “orta əsrlərdən qalma” bir saraya “bir neçə min möhtəkir” yığışıb:

“Bu bol ziyafətdə müftə yeməyə”.

Yəqin ki, Səməd Vurğun qonaqların sayını artırır, ziyafətdə bir neçə min adam olmaz. Həm də niyə “möhtəkir”? İkinci dünya müharibəsi təzə qurtarıb, Britaniya qaliblərdən biridir, beş-altı il ərzində britaniyalılar almanlarla şir kimi vuruşublar, ölkə faşistlərin Avropada girə bilmədiyi yeganə ölkə olub. İndi bu qüdrətli insanları Səməd Vurğun niyə “möhtəkir” adlandırır?

Səməd Vurğun mərmər döşəmədəki xalçalara baxanda cin atına minir, çünki, onun dediyinə görə, bu xalçalar “hinddən”, və “Çindən” gəlib. Gözünün qabağına hind qızını gətirir. Hind qızının “xəyalı pəjmürdədir”. Çünki:ə

“Onun toxuduğu xalılar üstdə,
Qol-qola tutuşub rəqs edir lordlar”.

Hind qızının xalçası gərək Hindistanda qalıb çürüyəydi… Bu heç… “Qol-qola tutuşub rəqs edir lordlar” – bu, şübhə doğurur. Lordlar lordlarla qol-qola tutmazlar, xanımlarla qol-qola tutarlar. Əgər gey-klub deyilsə…

“Xörəklər müxtəlif, şərablar rəng-rəng,
Zəncinin, həbəşin qanıdır onlar…”

Şərablar 1947-ci ildə yəqin ki, fransızların, italyanların olardı. Həbəş – efiopdur. Efiopiyada nə şərab? Həm də Efipöiyada Britaniya olmayıb, İtaliya olub…

Sovetlərin şərəfinə sağlıqlar deyilir. Ancaq:

“Yüz sağlıq deyilir şərəfimizə,
Düşmən can desə də düşməndir bizə…”

Düşmən – yəni Səməd Vurğunun babalarını öldürənlər. İyirmialtıları…

“Döşü nal medallı seçilmiş merlər,
Onuncu əsrdə yaayır hələ”.

Səməd Vurğunun öz sinəsi ordenlə, medalla dolu olub. Həm də mer seçilirsə, bu, ölkənin qabaqcıllığını göstərmirmi? Heç kimin seçmədiyi Bağırovun, Stalinin ölkəsi onuncu əsrdə yaşamırdımı?

Səməd Vurğunun qanı qaradır. Niyə? Necə niyə:

““Deyin, şeir yazan bir bolşevikin,
Qəlbi açılarmı lord alqışından…”

Şeir yazan bolşevik. Özünə nə gözəl və doğru xasiyyətnamə verir… Şair deyil, şeir yazan bolşevikdir…

Bolşevik Şaumyan babasının intiqanm hissi ilə yanır::

“Hirsimdən az qaldım sağ əlimdəki,

Qədəhi bir lordun başına çırpam…”

Təsəvvür etdiniz? Qədəh sağ əldə. Qolaylanır… Lordun əngi dağılır… Al, bu da Şaumyan babamın qisası!

“Məni qınamayın, ağırdır, dostlar,
Qatillər evində məclis keçirmək…”

Britaniyalılar – qatildirlər… İkinci dünya müharibəsinin bütün ağırlıqlarına dözmüş və ondan şərəflə çıxmış britaniyalılar…

“Qarşımda üzünün dərisi çil-çil,

Bir ledi dayanmış, əlində çəlik

Yanında əridir, cənab Çörçill,

Mənə əl uzadır təzim edərək”.

Təsəvvür edirsiniz, Çörçill Səməd Vurğuna təzim edir… Yəqin Səməd Vurunu təqdim ediblər, o da qaşını tərpədib…

Xatırladım ki, 1947-ci ildə Çörçill baş nazir deyildi…

“O, tox qaban kimi sızıldayır, bax,
Onun dərisindən süzülür yağı”.

Manelştam Stalin haqqında belə yazmışdı. Stalin Mandelştammı məhv elədi. Çörçilldən yazmağa nə vardı ki. Özü də Bakıda yazasan. Heç Londonda yazsaydı da, Səməd Vurğuna güldən ağır söz deməzdilər. Söz azadlığı! Ancaq adamın gərək mərifəti ola!

Çörçill guya “Bakı, Bakı” deyir.

Səməd Vurğunu od götürür:

“Bəli, bakılıuyam, öz şöhrətim var,
Mənim babam olmuş iyirmialtılar!

Yəqin yadınızdan çıxmamış ola…”

Bunu Çörçillə tərcümə ediblərsə, yəqin siyasətçi çox təəccüblənib ki, bir adamın iyirmi altı babası necə ola bilər… Fikirləşib ki, bunun nənəsi necə arvad olub…

“O sağa çevrilir, mən isə sola,

Bir mərmiyə dönür sinəmdə ürək…”

Vallah, adi insanlar iki babanı düz əməlli sevə bilmirlər. Səməd Vurğun iyirmi altı babadan ötrü az qalıb Londonda qan tökə… Özü də Çörçillin qanını…

Başqa bir stalinçi şair Konstantin Simonov da orda olub. O da şeir yazıb, basıb-bağlayıb, guya Səməd Vurğunu tuturlarmış, tutulmurmuş…

“Стоит мой друг над стаей волчьей,
Союзом братских рук храним,
Не слыша, как сам Сталин молча
Во время речи встал за ним.
Встал, и стоит, и улыбается —
Речь, очевидно, ему нравится”.

Yəni Səməd Vurğunun qorxusu yox idi bu canavar sürüsündən. Çünki dalında

Stalin  durmuşdu…

Stalin həmişə Səməd Vurğunun dalında olub. Stalin ölən kimi Səməd Vurğunun dalı boşalıb. “Sən getdin elə bil dalım boşaldı…”

Və dünyasını dəyişib… Yəni gedib sevimli rəhbərinin dalınca…

19.12. 2018

Samara

SƏMƏD VURĞUNUN “TARLA NƏĞMƏSİ” ŞEİRİ İLƏ BAĞLI SUALLAR

Səməd_Vurğun

İndi bilmirəm, bir vaxt dərsliklərə salınan, bəzi miseralarından şüar kimi istifadə olunn “Tarla nəğməsi”  Səməd Vurğunun kiçik şeirlərindədir, əslində üç bənddir, birinci bənd sonda təkrar olunur.

“Üfüqlər qızarıb, güləndə səhər,

Bülbül öpə-öpə oyatsın gülü”.

Bu, Səməd Vurğunun hər üç şeirinin birində var: səhər açılan kimi bülbülə ehtiras güc gəlir. Yazıq gül…

A kişi, sözünün canını de!

“Çirməyib qolunu qızlar, gəlinlər,

Yığsın qucağına sarı sünbülü”.

Aha! Şair qız-gəlini taxıl biçininə çağırır. Aslan ürəkli qəhrəman kişilər cəbhədə, arvadlar ayaqyalın, başıaçıq çöldə. Qarınları da ac. Ancaq Səməd Vurğun üçün bu zülm bülbüllə gülün öpüşməsi kimi bir kefdir.

Yaxşı, bunun üstündən keçdik. Ancaq qızlar, gəlinlər qollarını niyə çirmələyirlər? Əllə taxıl  biçən qadın dəli deyil ki, qolunu çırmalayıb taxıla cırmaqlatdırsın!

“Muğan səhraları bir tamaşadır”.

Afrika səhralarını görən insanlar doğrudan da səhranın xüsusi gözəlliyindən heyranlıqla danışırlar. Ancaq Muğan hardan səhra oldu? Muğan çöl deyil?

“Buğda zəmiləri qoşa-qoşadır”.

Niyə qoşa-qoşadır? Bu, əkinçilik qanunudur, ya “tamaşa” sözünə qafiyə üçündür?

“Hər insan oğlunu çörək yaşadır”.

Bəs hər insan qızını? Bu, əlbəttə, ritorik sualdır, misranın nonsens olduğuna diqqəti çəkmək üçündür.

«Torpağa düşməsin havayı bir dən, —

Çörək bol olarsa, basılmaz Vətən!»

Bir dən belə!

Azərbaycanda on minlərlə adam, o cümlədən çoxlu uşaq, müharibə vaxtı aclıqdan ölüb. Yığılan taxıl cəbhəyə gedib. Kolxoz zəmisindən evinə üç-dörd sünbül gətirənlər cinayət məsuliyyətinə cəlb olunub ağır cəzalar alıblar.

1932-ci il avqustun 7-də qəbul olunmuş və xalq arasında “Üç sünbül qanunu” kimi tanınmış  “Dövlət müəssisələrinin və kolxozların əmlakınin qorunması” adlı qanunla 1932-1939-cu illərdə SSRİ-də 183 min insan məhkum olunmuşdur.

Azərbaycanlıların yaddaşında ən azı üç onillik “aclıq” kimi qalmışdır. Müharibədən əvvəl aclıq, müharibədə aclıq, müharibədən sonra aclıq…

İndiyəcən heç kim  — nə dövlət, nə vətəndaşların özləri — Azərbaycanda müharibə vaxtı aclıqdan ölənlərin martirolqunu yaratmamışlar…

Yəni 1941-ci ildə, ondan qabaq da, ondan sonra da, Azərbaycanda taxıl biçmək bülbülün gülü öpməyi kimi (bülbülün gülü öpdüyünü görən olub?) kef deyildi. Bu da faciə idi. Çünkü bu zəmiləri biçənlər özləri aclıq çəkirdilər, uşaqları acından ölürdülər…

Ancaq vətəndaşlarının ən ağır günlərində də ceyran ovundan qalmamış Səməd Vurğuna bunun nə dəxli vardı?

11.10. 2018

SƏMƏD VURĞUNUN “ANANIN ÖYÜDÜ” ŞEİRİ İLƏ BAĞLI SUALLAR

Səməd_Vurğun

1941-ci il iyunun 22-də Hitlerin Sovet İttifaqına hücumundan sonra  Sovet hökuməti ümumi səfərbərlik elan edir. Yəni bronu olmayanlardan başqa bütün 18-45 yaşlı bütün kişilər cəbhəyə aparılırlar. Səməd Vurğunun,  şübhəsiz ki, bronu var, xalqın yazan əlidir. O qalır və elə səhəri gün, iyunun 23-də “Ananın öyüdü” şeirini çap etdirir. Güman etmək olar ki, Səməd Burğun bu şeiri çoxdan yazıb saxlayırmış, bilirmiş ki, Hitler başdan xarabdır, gec-tez  elə özü kimi adamyeyən Stalinlə müharibəyə başlayacaq. Yəni Səməd Vurğun qışın odununu yayda yığanlardan olub. Müharibə başlayan kimi şeiri qoltuq cibindən çıxarıb verib “Kommunist” qəzetinə.

Bir gənc əsgər gedir. Anasıyla vidalaşır.

“Geyib əsgər paltarını, silahlandı qəhrəman”.

Əsgər paltarını, məlumdur ki, çağırışçılar evdə geymirdilər. Paltarı hissəyə çatanda verirdilər. Silahı isə lap sonra alırdı. Gərək təlim keçəydi. Müharibənin birinci ayları heç cəbhədə olanların hamısına tüfəng çatmırdı. Elə silahsız basırdılar almanın qabağına… Yəni bu, yalandır. Həm də kənd uşağı hələ indi yola düşür, hardan qəhrəman oldu?

“Dayan! — deyib, yaxın gəldi, öpdü onun alnından

Yay gününün xoş səhəri, bir də dağlar küləyi”.

Başa düşdünüz? Bacı-qardaş, ata, qohum-əqraba yoxdur, çağırışçını “yay gününün xoş səhəri” və “dağlar küləyi öpür…

Bircə ana var.

“Ana igid balasına açdı öz qollarını.

Üz-gözündon öpə-öpə bağnna basdı onu”.

Deməliyəm ki, Səməd Vurğuna xas olan yazı pintiliyi həddi aşır, o harda heca çatmırsa,  “öz” əvəzliyini para kərpic kimi dürtür ora. Necə yəni “öz qollarını”?

“…hərçənd ki, öz ananam mən sənin…”

Necə yəni “öz ananam”? Oğulun buna şübhəsi vardı?

“Göndərərəm sovqatını – sənin də öz payını”.

Misranın birinci yarısında deyilən ikinci yarıda təkrar olunu, heca boşluğuna yenə “öz” dürtülür. Yeri gəlmişkən, sovqat haqqında. Guya ana payızda meyvə göndərəcək.

“Payız vaxtı bağçamızın heyvaları dəyəndə,

Şaftalılar şirələnib budağını əyəndə”.

Payızda heyvalar “dəymir”, heyvalar yayda dəyir, payızda yetişir, hərçənd yay heyvası da var. Şaftalılar isə payıza qaımır. Yəni şeylərin öz adını desək, Səməd Vurğun ağlına və ağzına gələni yazır. Misranı «nar» doldursaydı, «nar» yazardı, üçhecalı söz lazımdır, ona görə akademik şair  şaftalını dürtüb dura. Deyək ki, şaftalı payıza qaldı. Smolenskə, Tulaya, Belqoroda müharibə vaxtı Azərbaycandan şaftalı sovqatı gedib çıxar?

“Çörəyilə böyümüsən bizim ana Vətənin”.

Yəni oğul Mircəfər Bağırovun çörəyini yeyib? Bu uşaq atasızdır? Atalar qalsın, əsgər anaları hələ müharibədən qabaq gün çıxandan gün batana qədər hüquqsuz kölə kimi kolxozda can qoyurdular… Ayaqyalın —   bu, şişirtmə deyil, ayaqqabı yox idi… Vətənin, ölkənin, əslində əsgər anası kimi zəhmətkeşlərin qazandığı çörəyi havayı yeyənlər Səməd Vurğun kimi təbliğatçılar və təşviqatçılar idilər. Səməd Vurğun xalqın çörəyini yeyə-yeyə elə bu xalqın başına min oyun açmış komsomolu tərənnüm edir, Qarabağ xanlığına təhqirli, rəzil həcv yazır, Qarabağ xanını Stalin mükafatı almış səhnə «əsər»ində «oğraş» adlandırırdı…

Sonrası maraqlıdır. Çox.

“Dedi: oğlum, göz  bəbəyim, sən ey ömür çiçəyim!

Tarixlərin şahididir mənim bu ağ birçəyim”.

Əsgər gedənin arvad-uşağı yoxdursa, deməli, subay oğlandır. Yəni on səkkiz yaşında. Anasının da olsun qırx yaşı. Bunun birçəyi hardan ağardı? Bu hardan “tarixlərin şahidi” oldu? Bu, anadır ya nənə?

Görürəm ki, qəhrəmansan…»
Nədən, hardan görür?

“Qılıncını çalan zaman qüvvət gəlsin qoluna!”

Qılıncını? Bu uşaq Çənlibelə Koroğlu dəstəsinə, türk paşalarıi ilə vuruşmağa, tacir karvanlarının qabağını kəsməyə  gedir ya Hitlerlə müharibəyə?

 “Tüfəngini təmiz saxla, atını da tumarla!”

Yox, məlum olur ki, tüfəngi də var, atı da. Yəqin Budyonnı kavaleriyasına gedir. Hitler tanklarının qabağına kolxoz yabısı ilə çıxacaq…

“Əsgər artıq yola düşdü, dağ tərpəndi yerindən;

Günəş yaydı şöləsini Vətənin göylərindən…”

On səkkiz yaşlı oğlan cəbhəyə gedir, bilinmir başına nə gələcək, bu da deyir “dağ tərpəndi yerindən”…

Ancaq ən maraqlısı axırdadır. Məlum olur ki, əsgər gedənin yanında atası, bacı-qardaşı olmasa da, Şair ordadır. Və bu ayrlma səhnəsinə baxdıqca Şair ilhamlanır (lənət şeytana, az qalmışdım yazam “kayflanır”…).

“Şair qəlbi bu səhnədən ilhamını alınca:

— Yaşa, — dedi, — ey qəhrəman! Yaşa, — dedi, — ey Vətən!”

Səməd Vurğun, əgər kim fikir verməyibsə, nəzərinə çatdırıram, ilk şeirləri çap olunandan özü haqqında üçüncü şəxs kimi danışır: krallar, padşahlar, çarlar kimi… “O”, “şair”, “Vurğun”…

Hə, bu on səkkiz yaşlı sütül oğlan düşdü yola. Şair qaldı.

 “Sonra şair dodaqları öpdü ana əlindən”.

Allah bizi şeytanın şərindən saxlasın! Oğul qapıdan çıxmayıb, Şair ananın əlini öpür…

Yaxşı ki, əlini…

Yüksək poeziyadan və poetik mədəniyyədən çox uzaq olan bütün bu cəfəngiyatın, əlbəttə, ümumlikdə bəşər faciəsinə və fərdi faciələrə dəxli yoxdur. Bu yazıda dərd, bəla, faciə yaşantısı yoxdur. Müəllif soyuq ürəklə və mexanikləşmiş işbazlıq vərdişləri ilə çox aşağı keyfiyyətli, ya təxmini ya tamam dolaşıq klişelərdən quraşdırılmış təbliğat-təşviqat məhsulu yaradır, ən həyati detalların belə həqiqətə uyğunluğunun qayğısına qalmır. Yəni dünya vecinə deyil…

Siz balasını labüd ölümə yola salan ananı gözünüzün qabağına gətirin və onda bu şeirin bütün yersizliyi, vulqarlığı, sinizmi sizə aydın olar.

Təəssüf ki, bu cür “qəhrəmanlıq poeziyası” ənənələrini indi də davam etdirənlər çoxdur…

10.10. 2018

Samara

SƏMƏD VURĞUNUN “KÜR ÇAYI” ŞEİRİ İLƏ BAĞLI SUALLAR

Səməd_Vurğun

“Ayrı dağlar kimi qol-qanad atan”.

Çayın doğrudan da qolu olur, eybi yox, şair buna qanad da deyə bilər. Bəs dağlar necə qol-qanad atır? Hansı “ayrı dağlar”?

“Coşqun dalğaları buluda çatan?”

Əlbəttə, Kürdə iri dalğa olur, ancaq bu boyda yox….

“Qəmzələr göstərən, işvələr satan”.

Çay necə işvə satar? Şairlərimiz (“ayrı şairlər”…)  yüz illərlə başımıza yeridiblər ki, işvəni qadın satar, hərçənd bunun özü də qaranlıqdır – necə satır? Deyək ki, satır, bəs Kür ilə qadın arasında hansı oxşarlıq var?

 “Qorxunc qayaları yellər tək enən”.

Su qayalardan enirsə, bu, şəlalədir, Kür qayaların arasıyla gedir, qayadan enmir.

“Tiflisin arxası, Qazağın beli”.

Niyə Tiflisin arxası? Kür Tiflisin dalından gedir ya ortasından?

“Çox igidlər səndən ilham aldılar.

Top-tüfəng atdılar, nərə çaldılar”.

Kür çayından da yəqin ilham almaq olar. Ancaq ilham yaradıcı adamlara xasdır. Yaxşı, igidlər, deyək ki, doğrudan da ilham aldılar. Bəs niyə “nərə çalırlar”? (Nərəni çəkərlər...) Niyə top-tüfəng atırlar? Bəlkə onlar Kür qırağında oturub  tut arağı içiblər?  Mal kimi! Niyə aydınlıq yoxdur?

“Səsindən ordular, karvanlar qaçar”.

Burda şübhə yoxdur ki, Səməd Vurğun oxucuya vedrə bağlayıb. Kürün səsindən ordu qaçar?

“Könlüm tək dalğalı, dəlisən bir az”.

Bəlkə buna görə ordular qaçır?  Ancaq şübhəlidir. Bir dəliyə görə…

“Ay doğub sinənə kölgə salanda”.

Ay doğubsa, qaralmış sulara işıq salar, kölgə yox. Elə deyil?

Çobanın, naxırçın tütək çalanda,

 Gümrah olar yanın, yançağın sənin”.

Yaxşı, təsəvvürümüzə gətirdik ki, naxırçı tütək çalır, ancaq mən şəxsən tütək çalan naxırçı görməmişəm. Mallara yeddmərtəbəli söyüşlər deyən naxırçıları isə görmüşəm “Ay sənin yiyənin…… səni sağanın…”

Deyək ki, çalır. Ağzı söyüşdən yorulanda. Bununla Kürün yanı necə gümrahlaşır? Kürün yanı – yəni qırağı? Bəs “yançağı”?

Lənət şeytana!

Bu sualları vaxtında Səməd Vurğuna redaktorlar verməliydilər. Ancaq Səməd Vurğuna nə redaktor? Onun redaktoru olub Bağırov, Stalin…

Ona görə ədəbiyyatımız bu gündədir…

P.S. Şeir Sanılıya həsr olunub. Sanılı 1937-ci ildə güllələnib. Görəsən bu işdə Səməd Vurğunun əli olmayıb ki?

9.10. 2018

Samara

SƏMƏD VURĞUNUN «AZƏRBAYCAN»I: CƏFƏNGİYYATLA YALANIN QARIŞIĞI

Müəllimliyimin çoxu aşağı siniflərdə keçib. Bu siniflərdə isə “Azərbaycan” şeiri ixtisarla salınırdı. Bu şeiri mən sevmirdim. Ancaq o, geri, zəif şagirdlərin də dadına çatırdı – şeir onlar da pis-yaxşı əzbərləyirdilər. Və deyəndə sevindiklərindən elə həyəcanlanıb coşurdular ki, ən azı bir yerdə çaşırdılar:

“Sən bir uşaq, mən bir ana…”

Ədəbiyyatda qulağa xoş gələn çox az cəfəngiyyat “Azərbaycan” şeiri ilə rəqabətə girə bilər. Ondan başlayaq ki, bu şeirdə Azərbaycan sözü, Azərbaycana aud toponimlər dönə-dönə xatırlansa da, Azərbaycanı tanımaq mümkün deyil, müqayisə üçün deyim ki, Cəfər Cabbarlının “Ölkəm” şeirində Azərbaycanın adı çəkilməsə də, şeirin ruhundan, dilindən Azərbaycan tanınır.

 Səməd Vurğunun şeiri böyük mistifikasiya, gözübağlıcafır ki, çox adam indiyəcən onun əsarətindən çıxa bilmir. Şeir isə əvvəldən axıra qədər cəfəngiyyat və xeyli yalanın qarışığıdır.

“Çox keçmişəm bu dağlardan…”.

Buna elə iradım yoxdur. Ancaq əslində dağlardan keçmirlər, dağları aşırlar, dağlara qalxırlar…

“Durna gözlü bulaqlardan…”

Bulaqlardan keçmək – bu nədir?

“Eşitmişəm uzaqlardan
Sakit axan arazları;
Sınamışam dostu, yarı…»

Son iki misraya baxaq – çayların sakit axmağıyla dost sınamağın nə əlaqəsi var? Və sakit axan çayları müəllif hansı uzaqlıqdan eşidib və bununla nə demək istəyir? Əslində Azərbaycandan axan çaylar sakit axarlı deyil, məsələn, Volqadan fərqli olaraq. Mənim doğuduğum evi Kür aparıb – güclü axarına görə məcrasını dəyişir…

“Dağlarının başı qardır,

Ağ örpəyin buludlardır…”

Hansı dağın başı qar deyil? Və Azərbaycanın üstündəki buludlar həmişə ağ olur? Və niyə ağ örpək? Ermənilərə təslim olmağa?

Böyük bir keçmişin vardır,

Bilinməyir yaşın sənin…”

Burda Azərbaycan tarixçiləri üçün əsil meydan açılır: Azərbaycana elə keçmiş düzəldərlər ki, elə yaş qayırarlar ki… Səməd Vurğun özü “Vaqif”də tarixi mələdib…

“Nəsillərdən-nəsillərə
Keçən bir şöhrətin vardır;
Oğlun, qızın bəxtiyardır…»

1933-cü ildə! Azərbaycanın oğulları, qızları bəxtiyardır! Şəhərlərdə casus, təxribatçı axtarışları, tuthatut, kənddə ziyanverici, qolçomaq axtarışları, tuthatut, güllələnənlər, Sibirə, Qazaxıstana sürgün olunanlar…
“Sıra dağlar, gen dərələr…”

Gen dərələr… Bu, ancaq Azərbaycanda olur…Başqa ölkələrdə dar dərələr olur…

“Bu yerlərdə limon sarı,
Əyir, salır budaqları;
Dağlarının dümağ qarı
Yaranmışdır qarlı qışdan..”

Bəs başqa yerlərdə limon nə rəngdə olur? Qırmızı? Qara?

Dağların qarı qarlıa qışdan yaranıb – burda tavtalogiya var, qar qardan yaranıb… Bəs nədən yaranmalıydı?

Qafiyə xatirinə Səməd Vurğun hər cür basməmmədiyə hazırdır.

“Aşıq deyər sərin-sərin,
Sən günəşin qucağısan…”

“İsti-isti deməyin” nə olduğunu bilirik, “sərin-sərin demək” necə olur?
“Bir dön bizim Bakıya bax,
Sahilləri çıraq-çıraq,
Buruqları hayqıraraq
Nərə salır boz çöllərə,
İşıqlanır hər dağ, dərə!”

Buruqlar hayqırmır. Və nərə sala bilməz. Deyək ki, hayqırır və nərə salır çöllərə. Əgər nərəni çöllərə salırsa, dağ, dərə hardan işıqlandı?

«Azərbaycan” şeirinin son bəndləri Ostap Benderin kombinasiyalarını xarırladır.

“Gözəl vətən! O gün ki sən
Al bayraqlı bir səhərdən
İlham aldın… yarandım mən.
Gülür torpaq, gülür insan,
Qoca Şərqin qapısısan!”

Maraqlıdır, bu bəndi şeirin çap edildiyi vaxtdan keçən səksən dörd il ərzində müəllimlər şagirdlərinə necə izah ediblər? Azərbaycan “al bayraqlı bir səhərdən” nə vaxt “ilham alıb”? Bolşeviklər gələndə? Deyək ki, doğrudan da Azərbaycan bolşevik səhərindən ilham alıb. Ancaq bunun Səməd Vurğunun yaranmasına nə dəxli var? Səməd Vurğun 1906-cı ildə yaranıb. Onun yaranmasına 1905-ci ilin çar Manifesti təsir edə bilərdi. Yəni valideynləri Manifestlə tanış olub yeni bir övlad təşkil eləmək qərarına gələ bilərdilər. 1905-ci ildə Manifest, 1906-cı ildə Səməd Vurğun. Düz gəlir… Bolşevik ilhamıyla düz gəlmir…

Ancaq Səməd Vurğuna kim deyə bilərdi ki, düz gəlmir. Dalına qulaq as:

“Gülür torpaq, gülür insan,

Qoca Şərqin qapısısan…”

Desəm ki. 1933-cü ildə insanların üzü elə də gülmürdü, deyəcəklər ki, Səməd Vurğun gələcəyi nəzərdə tutub. Bəlkə də elədir. Ancaq axı insan Azərbaycanda indi də elə gülmür…Yəni çox insanın gülməli halı yoxdur…

“Stalinin eşqiylə sən…”

“Rəhbərimin eşqiylə sən…”

“Partiyanın eşqiylə sən…”

Müxtəlif zamanlarda Azərbaycan müxtəlif eşqlərlə gülüb. İndi İnternetdə bu variantı tapdım:

“Azadlığın eşqiylə sən…”

Azərbaycan və azadlıq!

Bu, doğrudan da gülməlidir…

Bu şeiri nəsil-nəsil azərbaycanlı uşaqların iliyinə yeridirlər. Və uşaqlar şeirin içini, daha doğrusu, içsizliyini görə bilmirlərsə, bu o deməkdir ki, şeiri yazan da, onu psixoloji təmrinə çevirənlər də məqsədlərinə nail olublar – yəni ictimai-siyasi apatiya, əqidəsizlik, prinsipsizlik oynaq ritmlər altında qana hopdurulur

Köləliyi damla-damla sıxıb özündən kənar elədiyi barədə Çexovun dediyini təkrar eləmək istəməzdim, ancaq lazımdır. Estetik zövqü və əqidəni  belə şeirlərin əsarətindən qurtarmaq vacibdir…

Dekabr 2017

Samara