Архив тегов | Şeksprin sonetləri

UİLYAM ŞEKSPİR. 82-Cİ SONET

Sonnet_82_1609

   I grant thou wert not married to my muse…

Deyilsən Pərimlə sən nikahda ki —

Bütün ithafları oxu qınaqsız
Sənə həsr edilən  kitablardakı.

Adınsa şərəfdir şairə yalnız.

+

Ağlın da gözəldir, özün də gözəl,

Çatmır tərifinə mənim qüdrətim.

Bəlkə surətini yarada bilər,

Kimiт ki, təzədir sözü, sənəti.

+

Ancaq uydurunca, əzizim, hələ,

Onlar təzə üslub hoqqalarını,

Səmimi sözlərlə, dost qələmiylə,

Həqiqi surətin sənin yaranar.

+

            Solğun yanaqlara fırça, rəng gərək,

            Səninsə çöhrəni korlayar bəzək.

İngiliscədən tərcümə

9-10.03.2018

Samara

UİLYAM ŞEKSPİR. 80-CI SONET

Sonnet_80_1609.jpg

                          O how I faint when I of you do write…

 

Necə üzülürəm yazanda səndən,

Bilərək məndən də yaxşı yazan var.

Səni elə gözəl mədh edər ki, mən,

Səndən danışanda dilim bağlanar.

 

Sənin dəyərlərin sonsuz okean,

Xırdalı-irili gəmilər gedər.

Qayığım qoynuna çıxar qorxmadan,

Çox kiçik olsa da rəqib gəmidən.

 

Məni üzdə saxlar azca köməyin,
Osa yelkən açar dərinliklərə,

Qəzaya uğrasam, heç kim, heç nəyəm,

Dalğalar üstündə osa yüksələr.

 

                  Dönməsəm sahilə mən bu səfərdən,

                  Demək, eşqim oldu məni məhv edən,

 

İngiliscədən tərcümə

07.03.2018

Samara

UİLYAM ŞEKSPİR. 79-CU SONET

sonnet 79.jpg

                   Whilst I alone did call upon thy aid…

      Köməyini tək mən istəyən zaman,
Şerimə çatırdı bütün nemətin.

İndi zəifləyib qələmim yaman,

Xəstə ilham pərim əvəz istəyir.

 

Əzizim, bilirəm, tərənnümünə,
Məndən ləyaqətli bir yazan gərək.

Qarət edir səni şairin hərçənd,

Sənin özünə də ödətdirərək.

 

Dəyər verir sənə, bu sözü ancaq,
Öyrənib o sənin davranışından.

Sənə gözəl deyir, sənə baxaraq,

Bütün öydükləri səndə olandır.

 

                     Onun tərifinə təşəkkür desən,

                    O sənə borclukən sən ödəyirsən.

 

İngiliscədən tərcümə

07.03. 2018

Samara

UİLYAM ŞEKSPİR. 78-Cİ SONET

sonnet-78.jpg

So oft have I invoked thee for my muse…

Elə çox dedim ki, ilham pərimsən,

Elə yardım oldun mən yaradana,

İndi qələm alsa əlinə kimsə,

Nə yazıır, bağlayır sənin adına.

 

Sənin baxışların oxudur lalı,

Zəka zirvəsinə kütü qaldırır.

Qanadı bərkiyir oxumuşların,
İncınin, gözəlin cəlalı artır.

 

Sənsə yazdığımla fəxr elə ancaq,

Çünki təsirin var hər əsərimdə.

Başqalarındasa üslubu azca,
Düzəldib qoyursan sözü yerində.

 

              Sənsə mənim bütün sənətkarlığım,

              Həm sənin sayəndə seçilir ağlım.

 

İngiliscədən tərcümə

06.03.2018

Samara

UİLYAM ŞEKSPİR. 77-Cİ SONET

sonnet-77.jpg

  Thy glass will show thee how thy beauties wear…

Solan gözəlliyi güzgüdə görər,

Saatdan bilərsən əriyir zaman.

Düşər duyğuların ağ vərəqlərə,

Bunu öyrənərsən sən bu kitabdan:

 

Aynada gördüyün qırışlı qatlar,

Məzarı yadına salar bəlkə də.

Əqrəb oğrunluğu deyər: saatlar,

Gedir oğurluqca əbədiyyətə.

 

Nə varsa yadında qala bilməyən,
Bu ağ vərəqlərə köçür; haçansa,
Böyüyər beynindən dünyaya gələn,
Onunla təzədən tanış olarsan.

 

         Çox baxsan aynaya, saata əgər,

         Olar kitabın da zəngin o qədər.

 

İngiliscədən tərcümə

05.03.2018

Samara       

QEYD: Güman olunur ki, sonet şairin segilisinə (dostuna) etdiyi və ağ səhifələri olan kitab hədiyyəsiylə bağlı yazılıb. Şair ona bu ağ səhifələrə duyğu və düşüncələrini yazmağı tövsiyə edir.

UİLYAM ŞEKSPİR. 76-CI SONET

 

Sonnet_76_1609.jpg

Why is my verse so barren of new pride…

Niyə şerimdə yox təzə naxışlar,
Mövzularım köhnə, yeknəsəngdir həm?

Baxmıram ətrafa təzə baxışla,

Təzə və mürəkkəb üslub öyrənəm.


Niyə eyni şeydən yazıram elə,
Yaratdığım surət eyni dondadır.

Az qala hər sözüm adımı söylər,
Bildirər harada, necə yarandı?

Ah, eşqim, yazıram həmişə səndən,

Sənin məhəbbətin – mövzum, ilhamım.

Təzə don biçməkdir əlimdən gələn,
Köhnə sözlərə ki, bəyənsin hamı.

           Günəş ki, həm təzə, həm də köhnədir,

           Eşqim də söyləyir deyilənləri.

 

İngiliscədən tərcümə

04.03.2018

Samara

UİLYAM ŞEKSPİR. 75-Cİ SONET

Sonnet_75_1609.jpg

                        So are you to my thoughts as food to life…

Həyat nemətisən fikirlərimə,

Sən bahar yağışı, mənsə torpağam.

Səninlə sülh üçün çəkişirəm mən,

Sərvətiylə girinc simic sayağı.

 

Gah baxıb həzz alır sərvətinə, gah,
Qorxur oğru gəlib girər indicə.

Mən də gah istərəm  ikimiz olaq,

Gah da bütün dünya görsün incimi.

 

Vaxt olur səninlə doyur gözlərim,

Bəzən də möhtacam bir baxışına.

Özgə bir həzzim yox, nə də gözlərəm,

Bəsimdir nə versən ya bağışlasan.

    

                          Gah acam, həvəsim yoxdu gah yeyəm,   
                          Gah süfrəm doludur, gah dilənçiyəm.    

İngiliscədən tərcümə

03.03.2018

Samara

UİLYAM ŞEKSPİR. 74-CÜ SONET

Sonnet_74_1609.jpg

                       But be contented when that fell arrest…

Bir gün aparılsam belə həbslə,

Girovsuz, möhlətsiz, heç də qəm yemə.

Məndən şeirlərdə qalar bir hissə,

Sənin  yaddaşında yaşaram demək.

+

Görərsən şerimi oxuduğun an,

Məndə sənə məxsus yaxşı nə vardı.

Torpağa gedəcək torpağın olan,

Dəyərli ruhumdu, sənindir o da.

+

Belədirsə, itkin cəsəddir ancaq.
Cücü qismətini, ölü bədəni,

Qazanar şərəfsiz endirən bıçaq —

Dəyərmi alasan bunu eyninə?

+

                              Mənim ruhumdadır bütün dəyərim,

                              Sənə saxlayacaq onu da şerim.

İngiliscədən tərcümə

02.03.2018

Samara

QEYD: Şair təkid edir ki, onun ölümü sevdiyi Gənci qayğılandırmamalıdır, çünki vacib olan bədən deyil, ruhdur ki, o da şeirlərində yaşayacaq.

Sonetin əvvəlində ölüm “əbədi həbs”lə müqayisə olunur.

UİLYAM ŞEKSPİR. 73-CÜ SONET

Sonnet_73

That time of year thou mayst in me behold…

İlin o fəslinə bənzəyirəm ki,

Yarpaqlar saralıb düşür, soyuqda
Əsən budaqlarda qalır tək-tükü,

Quşların nəğməsi kəsilmiş daha.

 
Görünər toranın üzümdə əksi,

O vaxt ki, gün gedir batdığı yerə.

Ölümlə əkizdir düşən gecəsə,

Dünyada nə varsa, qapar, möhürlər.

 

 

Məndə işartısı görünən bu od,
Çılğın əvvəlinin yaşar külündə,

Bu qəm yatağında sönməlidir o —

Ona can verən də onu kül edər.

 

                 Sevgini artırır bunu görməyin,

                  Bilirsən tezliklə gedərəm yəqin.

 

İngiliscədən tərcümə

01.03.2018

Samara

UİLYAM ŞEKSPİR. 71-Cİ SONET

 

 Sonnet_71_1609.jpg

                     No longer mourn for me when I am dead…

Mən ölsəm, saxlarsan yasımı ancaq,

Hüznlü zəng səsi car çəkincə ki,

Bu rəzil dünyanı atıb qaçaraq,

Cücülər yaşayan yerə çəkildim.

 

Oxusan bu şeiri, yadına salma,

Onu yazan əli, yaxşı olar mən,
Sənin fikrindən də gedəm ki, daha,

Məni düşünərək üzülməyəsən.

 

Misralar gözünə sataşsa ya da,

Çürüyüb torpağa qarışdığım gün.

Adımı dilinə gətirmə onda,
Qoy sənin eşqin də mənimlə ölsün.

                   

                        Səni yaslı görsə bu dünya əgər,
                        Məndən ötrü sənə, qorxuram, gülər.

 

İngiliscədən tərcümə

27.02.2028

Samara