Əşşi, bu İnternetin,
Nə çoxmuş. əziyyəti!
Gərək hər asqırağı,
Durub “layk” eləyəsən,
Eləməsən küsərlər,
Ya deyərlər dəlisən.
Pəpə yeyən də burda,
“Məmə” deyən də buurda.
Əli çomaqlı da var,
Vurar – başın yarılar.
Qapını bağlayanda,
Pəncərədən girən var.
Arxayın yatağında,
Yatan zaman görən var.
Qaçırsan gizlənəsən,
Gəlir qarabaqara.
Gəlir üzülənəcən,
Gəlir, gedəsən hara.
Çatır, üzə dirənir,
Dildən, ayaqdan zirək.
Başın üstdə hərlənir,
Sancır ağcaqanad tək.
Pusquda duranı var,
Badalaq quranı var.
Nə tərbiyə, nə qanun,
Nə böyük-kiçik qanan.
Burda atadan küsən,
Burda ananı atan.
Ev dağıdan, baş kəsən,
Dostu düşmənə satan.
Doldurub İnterneti
Burnufırtıq uşaqdır.
Qalaq-qalaq vurulub,
Yuyulmamış qaşıqlar…
10. 09.2014 Samara
