AZƏRBAYCAN MANISI VƏ ŞTİRLİTSİN MAHNISI

Azərbaycanda “sünnət” toyları o qədər çoxalıb ki, fikirləşirsən bəlkə hər oğlan uşağı üzərində bu ritualı bir neçə dəfə icra edirlər…

Belə toyların biri mən avqust ayında kənddəykən yaxın qonşuluqda oldu, səhərəcən çaldılar və səhərəcən gözümü yummadım. Oxuyan da vardı, çalanlar da bir neçə nəfərdi, ancaq toyu aparan gitaraçı manıs idi. Etiraf etmək lazımdır ki, manısın yaxşı barmaqları vardı, fasiləsiz bir neçə saat ərzində çaldığına baxmayaraq xaric vurmurdu. Ancaq mən yatmaq istəyirdim, tərdən döşəyə bitişmiş halda bu həngamənin haçan bitəcəyini gözləməkdən səbrim kəsilmişdi, buna görə bu çalğı mənə heç bir kef ver vermirdi və bu toylarda çalınan havaların həvəskarı da deyiləm. Ən qəribəsi o idi ki, hər on-on beş dəqiqədən bir manıs Ştirlitsin mahnısını çalırdı. Mən filriləşirdim ki, bu yəqin rəqslər arasında musuqi pauzası kimi bir şeydir, çünki Ştirlitsin mahnisını oynamaq olmaz. Ancaq sabahkı gün qonşumuz and içdi ki, Ştirlitsin mahnısını elə oynamaq üçün çaldırırlar və çox da qəşəmg oynayırlar.

Mən çox çalışdım təsəvvür edəm ki, bu mahnını azərbaycanlı kişilər necə oynayırlar və bunu oynamaq üçün nə qədər araq içmək lazımdır. Təsəvvür edə bilmədim. Yəqin təsəvvürün özü üçün də xeyli vurmaq lazımdır, mən də ki vurmuram…

Xatırladıram ki, Ştirlitsin mahnisını erməni bəstəkar Mikael Tarıverdiyev yazıb…

Mirzə ƏLİL