Sevirəm qürubları –
Çay qırağında durub,
Göz çəkmərəm sonuncu
Qızartı yox olunca.
Uşaqlıqda nədənsə,
Qəlbə dolardı qüssə.
Canım təlaşlanardı,
Üfüqlər alışanda.
Günün gedər çağına,
And da içərdi anam.
Buludları bəzəyən,
Közərən, öləziyən,
Şölələr mənə hər dəm,
Xatırladır qəribəm.
Ölüm yaxın, hardasa,
Yetişər bu gün-sabah.
Bilirəm dönə-dönə,
Ölüm istəyib mənə,
Günün gedər çağından
Neçə sevgili insan…
25-27.06. 2015
Samara