KOREYALININ MUĞAMI MƏNİ AĞLATDI…

Mənə dedilər, bir  koreyalı muğam oxuyub Azərbaycanda, inanmadım. Göstərdilər, baxdım, ağladım…

Bundan qabaq amerikalının muğam oxuduğunu görüb ağlamışdım.

Öz-özümə deyirəm: birdən bu koreyalılar, anerikalılar hamısı başlayalar muğam oxumağa, Koreya, Amerika nə günə qalar? Ya indiyəcən koreyalılar, amerikalılar muğam oxusaydılar, Samsunq olardı? İnternet olardı?

Uyyy aman, dəlöy-dəlöy, nənəm sənin qara gözlərinə qurban, uyyyy aman…

Ay koreyalı, kül sənin başına, sən görmürsən muğam oxuyanlar nə günə qalıblar? Başına iş qəhətdir?

Mənə təsəlli verən budur ki, o muğam oxuyan koreyalı yəqin ki, xalis koreyalı deyil, Özbəkistan koreyalısıdır ki, elə dədəsi-babası özbək muğamı oxuyub, bu qırışmal da indi keçib bizim muğama ki, beş-on manat qazansın…

Uyyy aman, dəlöy-dəlöy…

Ölmüşük, yerdən götürən yoxdur. Koreyalılar da muğam oxuyursa, dünyanın axırı çatıb…

Bəlkə bizi yaman günə qoyan muğam deyil? Bakıda özünü rusluğa qoyub muğan bəyənməyən o qədər azərbaycanlı var ki. Onlar nə yaradıblar? Heç nə!

Bəlkə geriliyimizin, bir-birimizin ətini yeməyimizin, yalançılığımızın, iş yarıtmazlığımızn, yaltaqlığımızın səbəbləri muğam deyil, tamam ayrı şeydir?

Bəs axı nədir bu ayrı şeylər?

Ay koreyalı, sən bu ayrı şeylərin nə olduğunu bizim millətə de, bəlkə biz də ayılaq, bir günə çıxaq. Yoxa qavalı almısan əlinə ki, nə bilim uyyy aman, dəlöy…

Qorxuram sabah çinlilər ya yaponlar başlayaçar meyxana deməyə. Vallah, dünya dağılar…

Yar aman-aman, can aman-aman, dəöy-dəlöy…

Mirzə ƏLİL

19.03.16

Реклама