
Lord of my love, to whom in vassalage…
Eşqimin sultanı, ləyaqətindən,
Müti vassalına dönmüşəm indi.
Məktubu yazıram sədaqətimdən,
Ağlımı göstərmək deyil məqsədim.
+
Sənə sədaqətim elə böyük ki,
Ağlım söz də tapmır açıqlamağa.
Sənin qəlbindəki nəcib bir fikir,
Örtər qüdrətiylə bəlkə çılpağı.
+
İndi iltifatla məni yönəldən,
Bəxtimin ulduzu bəlkə də elə
Bəzər ki, bu miskin eşqimi birdən,
Lütfünə layiqli görünə bilə.
+
Onda söz açaram məhəbbətimdən,
İndisə kölgəndə gərək duram mən.
İngiliscədən tərcümə
14.01.2018