«ÜÇ VERDİM, OTUR…»

27.01.2018.jpg

Keçən əsrin 70-ci illərinin əvvəllərində Bakıda daimi yaşayan bir kəndçimiz mərhum Baba Mirzəyevin filarmoniyadakı konsertindən danışırdı. Deyirdi hardasa konsertin ortasında müğənni bir Çahargah təsnifi oxudu, sabirabadlılar demişkən, segahı ilə. Bu segahla Baba Mirzəyev zilə qalxıb on-on beş dəqiqə zəngulə vurur. Birdən zalda bir nəfər durur, Baba Mirzəyevdən də bərk qışqırıb deyir: “Sənə üç verirəm, bəsdir!”

Mən son vaxtlar Şekspirin sonetlərini azərbaycancaya çevirirəm, hər gün də olmasa, günaşırı bir soneti səhifəmə qoyuram. Səhifəmin statistikası olduğuna görə baxışların sayını bilirəm: otuzla əlli arasında…İndiyəcən bir nəfər də münasibətini bildirməyib… Yox, bir nəfər bildirib. O bir nəfərin münasibəti belə olub: “Çox zəifdir”. Daha doğrusu, “çox zeifdir”. Yəqin “Ə” hərfi ilə ədavəti var…

İndi bilmirəm bu “çox zeifdir” rəyi qiymət kimi 3-dür ya 2. Yəqin iki olar. Zəif – 3-dür. Çox “zeif”, əlbəttə, iki… Mərhum Baba Mirzəyev (Mahmudoğlu) yaxşı qurtarıb…

Mən sonetləri 16-cı ildə çevirməyə başladım, sonra uzun fasilə oldu. Yəqin çevrilən sonetlərin sayı 50-ni keçib. Əlli sonet, yüzlərlə saat, günlər… Və bir qiymət… Yəni “2” qiyməti…

Ancaq yaxşı ki, müğənni deyiləm. Olasan müğənni, hər gün səhnəyə çıxıb “A ceyran bala” oxuyasan segahıyla. Zəngulə vuranda bir nəşəli salyanlı ya tiryəkli sovetskili qalxa deyə ki, “Üç verdim, bəsdir”…

Ədəbiyyatda bu yaxşıdır ki, yazıb sandığa da yığmaq olar. Emili Dikinson kimi. Onsuz da mən ədəbiyyatdan pul qazanmıram. Əslində mənim İnternet səhifəm də elə bağlı sandıq kimidir. Cəmi 30-40 baxan varsa…

27.01.2017

Samara