
Köçəri xırda quş ovucda əsir,
Nə sığala baxır, yeməyə nə də.
Bütöv bir dünyanın təəssürləri,
Muncuq gözlərində yaşayır indi.
+
Üzüm saplağı tək zərif ayağı,
Metal həlqəlidir, həlqə yazılı.
Biləcək yazını hər kəs oxuya,
Hardan uçub gəlib çatıb mənzilə.
+
Sirdir indiyəcən, necə uçurlar,
Qitədən-qitəyə, azmadan yolu.
Vətəndən vətənə hər il köçürlər,
Nə qədər uçalar, qanad yorulmur.
+
Qərib də köçəri, quş deyil ancaq,
Fəsil dəyişəndə düşməz həvəsə.
Nə yollar bağlıdır, nə mənzil uzaq,
Nə də saxlayanı, durub gedərsə.
+
Bəlkə təbiətin sınıb saatı,
Gedişin, gəlişin vaxtını demir.
Quşları haylayan, aparan səda,
Qəribin içində nədənsə dinmir.
+
Buxov, qandal yoxdur ayaqlarında,
Çağıran olsa da, çətin ki, uçar.
Tapılar günlərin bir günü morqda,
Ayaq barmağında nömrəsi də var.
06.04.2018
Samara