
Bıçaq nə qılıncdır, nə də ki, xəncər,
Çiyindən, kəmərdən asılıb qala.
Bıçaq sahibinin cibində gəzər,
Çəkmə boğazına taxanlar da var.
+
Cibdə ya çəkmədə yata nə qədər,
Oyanıb çıxmağa can atır hərdən.
Canı varmış kimi dəstəyi titrər,
Elə bil dil açar tiyəsi birdən.
+
Şığıyıb çalmağı var ilan kimi,
Ürəyə, ciyərə sancıla bilir.
Boyunu, boğazı elə deşir ki,
Basır həndəvəri qızıl qan seli.
+
Xəbərdarlıq nədir, tanımır bıçaq.
Şığıyar pusqudan, qəfildən vurar.
Şərəf məcəlləsi silaha ancaq
Yazılıb, bıçaqda silahlıq nə var…
+
Çəkmə boğazından ya da ki, cibdən,
Sıçrayır, soxulur, batır, sancılır.
Zülmət dalanları sevsə də, bəzən,
Şığıyır, doğrayır aylı gecələr.
+
Ürəyə sancılır, deşir ciyəri,
Sarsılır, yıxılır, ölür cavanlar,
Ölür millətimin gül gəlinləri,
Hər cibdə bıçaq var, bıçaqda qan var…
+
Ötüb yüzilliklər gedir dalbadal,
Dəyişir bayırı, içi insanın.
Mənim soydaşımsa durub dalanda,
Cibində bıçağı güdür qurbanı…
01.02. 2019
Samara