Архив | Ноябрь 2019

ALTMIŞ ALTI

18.11. 19.jpg

Bu gündən iki kök altı yazırıq,
Desən, dil dolaşır tələffüzündə.

İki çəki daşı, dəstəyi qırıq,
Qaldırsan, aparsan üzülər bədən.

 

 

İlahi, niyə mən? Nə görkəmim var,
Nə də ləyaqətim. Həqir, miskinəm.

Gərəkli adamlar, zirək adamlar,
O qədər gedir ki…Mən nəyəm, kiməm?

 

 

Nazım çəkilməyib körpəliyimdə,
Başım uşaq vaxtı görməyib sığal.
Qarğış eləyiblər mənə o qədər,

Gərək yox olaydım əlli il qabaq…

 

 

Zəmi bəsləmədim, bağ becərmədim,

Əmələ gəlmədi, nə zəhmət çəkəm.

Qoşduğum, yazdığım içərimdədir,
Bilmirəm hardadır millətim, ölkəm…

 

 

Sənəmi danışım günahlarımdan?

Hər şeydən xəbərli sən deyilmisən?

Niyə bəs gecikir sorğu, imtahan?

Ah, bu uzun ömrün sirrini bilsəm…

 

18.11. 2019, Samara

CƏFƏR

Yaxşı dostum vardı, adı da Cəfər;

Bütün fizikanı, riyaziyyatı,
Yuxudan durğuzsan, deyərdi əzbər.
Sevirdi bir az da ədəbiyyatı.

 

 

Gözəl bir oğlandı, gözləri ala,

Qaşları çatmaydı, ağdı dərisi,

Mizrab telə dəydi – gedir xəyala,

Musiqi hərisi, muğam dəlisi…

 

 

Bir qız da sevirdi – dünya gözəli,
Yanında yalandı Kətrin Dönev də.

Məsələ mürəkkəb, çətindi həlli,

Hərdənbir döyüşlər gedirdi evdə…

 

 

Mən də nadan uşaq, on altı yaşlı,
Başda eşq havası nə qədər desən.

Çaldığım xaricdi, yazdığım naşı,
Cəfərsə xoşlardı bilmirəm nədən.

 

 

Mən ona əvəzsiz qulaqdım həm də,
Dinləyər, yatmazdım, sübhü də açsaq.

Eynşteyn, Nyuton, Əsli-Kərəm də,
Mənə maraqlıydı, haçan danışsaq.

 

 

Gecə səhərəcən Stansiyanı,
Gəzirdik bu başdan o başa qədər,

Gah relslə, gah düşüb yol qırağıynan,
Gedirdik, yorğunluq, yuxu bilmədən.

 

 

Vecsiz, narahatdı ayaqqabılar,

Gecə bürküsü də nəfəsi kəsir.

Söhbətə tükənməz amma maraq var,

Nə mən, nə də ki dost deməzdi “bəsdir”…

 

 

 

Ulduzlar sönməyə tələsmirdilər,
Səadət ümidi şüalarında.

Keçən vaqonların səs-səmirində,
Xoşbəxt uzaqların sorağı vardı…

 

 

 

Gözləri dolardı dostumun hərdən:

“Çıxmaram heç otuz yaşıma, bildin?”..

Ölümsə, gənc idik, uzaqdı bizdən,

Otuz yaş düz otuz işıq iliydi…

 

 

17.11. 2019, Samara

“MƏN SİZİ SEVİRDİM…”

“Mən sizi sevirdim…” Neçə kinoda,

Nə qədər şeirdə, romanda söylər,

Ya kişi qadına, əksinə ya da,

Sevirdi… şahiddir eşqinə göylər…

 

 

İndi o sevgidən qalan nədir bəs,

Acımı, şirinmi —  xatirədirsə?

“Sevirdim…” Yaddaşdan gələndir bu səs,

Nə eşq? — yaddaş ona əgər yerdisə…

 

 

Sevgi zamanının keçmişi yoxdur,
İndiyə qalmayan sevgi deyildir.

“Yanıldım… aldatdım” deməyə qorxur,
Deyirik “sevirdim sizi” min ildir…

 

15.11. 2019, Samara

FƏRHAD MƏMMƏDOVUN MƏZARI

farhad _Məmmədov.jpg

Adlı inşaatçı, mühəndis kişi!

Beləmi özünə sən gün ağladın?

Qəbrinin üstündə xaç dikəldilib,

Yatırsan xaçpərəst məzarlığında…

 

 

Ağamusa oğlu, müsəlman oğlu!

Qəbrinin üstündə bu dəsgah nədir?

Xaça meyidini keçirdi oğlun,
Qəbrin həm qəribdir, həm qəribədir.

 

 

Yerin rahatdırmı, mühəndis cənab?

Belə deməmişdin axı özün sən.

Varmı sorğu-sual? Tapırsan cavab?

Qiyamət gəlməmiş qiyamətdəsən.

 

 

Məhəmmədov Fərhad Ağamusoviç!

Xaç altında yatan qərib soydaşım.

Həm sənə söyüşdür, xaça həm söyüş,
Əcayib həm qəbrin, həm qəbir daşın.

 

 

Haçaya keçirib sanki kəlləni,
Səni müqəvvaya döndərib oğlun.

Yerlim, çaşdırırsan gedib-gələni,

Adına nə əklil, nə də xaç uyğun.

 

 

Elinə, dilinə yaddı övladın,
Malına, puluna hərisdi ancaq.

Öldün, ölündən də şərəfi aldı,
Müsəlman qəbrinə xaçı sancaraq.

 

 

 

Ağamusa oğlu! Ağamusoviç!

İndi qazandığın, yığdığın harda?

Kim görür qəbrində xaçı, xaç çəkir,

Sənsə çevrilirsən bəlkə məzarda…

 

13.11. 2019, Samara

  “BƏZƏN GECƏ GÖZÜ ŞEYTAN AZDIRIR…”

Bəzən gecə göcü şeytan azdırır,
Keçirik qaranlıq məhəllələrdən.

Ulduzlar sönüküb, fənər də azdır,

Seçmirsən qarşıdan gələnləri də.

 

 

 

Bu yerdə nə desən gözləmək olar,
Nəyin var alarlar, həm döyülərsən,

Haraya gəlməyə burda kimin var? –

Tələs, ayağını diri götür sən!

 

 

 

Keçirsən dalanı arxayın ancaq,
Gedirsən, burulub tini, irəli.

Bilirsən qabaqda işıq yanacaq,

Nə quldur? Qoy gəlsin, varsa hünəri!…

 

 

 

Məzarlıq yanından yol düşür hərdən,

Ertədir, işıqdır hələ həndəvər.

Qorxur, üşənirik, bilmirik nədən,
Çaşır, ayaqların dalınca gəlmir.

 

 

 

Nədir bu qorxunu yaradan, ya kim,

Nədir bu sarsıntı, bu süstlük hardan?

Bıçaqla, tüfənglə gələn deyil ki,

Çıxıb dalımızca biri məzardan?

 

 

Həyatın zülmünə, qəzalarına,
Nemət tək öyrəşib yaşayır insan.

Yuxu qorxusu var məzarlıqların,
Əbədi yuxudur bizi qorxudan…

 

12.11. 2019, Samara

SALYAN STANSİYASI

 Püstəxanım nənəmin xatirəsinə

    

Gənc ikən bir dostla vaxt yubadaraq,
Gecələr nənəmə qonaq gedirdim.

Qapını döyən tək açırdı arvad,
Nə qaşqabaq salır, nə deyinirdi.

 

 

Adama bir acı siqaret çəkir,
Pürrəng çay içirdik daş sətəkandan.

Sonra başımıza yorğanı çəkir,
Bir az danışırdıq o yan-bu yandan.

 

 

Elə söz ağzında nənəm yatırdı.

Yatmağa qoymurdu məni min fikir.
Başımda həm eşqin havası vardı,
Həm də görmədiyim ölkələr çəkir…

 

 

 

Salyan vağazalısa ovuc içində,

Gecə kəsilmirdi təkər səsləri.

Fikrim harda ola, düşünəm nədən,

Ritmi qulağımda vurur relslərin.

 

 

 

Fit çalıb sovuşur yük qatarları,

Geçir qanla-tərlə Bakı Astara,

Moskva-Tehran da keçir arabir,

(Keçirdi Salyandan o da bir ara…)

 

 

 

Parovoz   fitiylə, təkər səsiylə,

Canını səyahət istəyi didər.
Bir yük vaqonunda yer tapıb elə,
Gedəsən yolların sonuna qədər.

 

 

 

Sibirə, Şimala, Parisə qədər

Gedəsən, qüssədən rədd olum deyə.

Belə ki canına od qoyur kədər,

Gedərsən qovğaya, müharibəyə…

 

Vağzaldan uzaqdır mənzilin indi,

Yaxından çay axır, gəmilər gedir.

Nə imkan, nə həvəs harasa gedim,

Qovğam, hərbim isə öz içimdədir…

 

10.11. 2019, Samara

“MEYVƏ, ÇİÇƏK DEYİL MƏNDƏ YETİŞƏN…”

Hava il uzunu ağırdı kənddə,
Yaz ürək açmırdı, ağırdı payız.
Bəzən kəsilmirdi yağış bir həftə,

Ya fəsil ötərdi bircə damlasız.

 

 

Torpağı bozarır, duz çıxarırdı,

Duzlağın özü də uzaq deyildi.

Tozu küləklərin göz çıxarırdı,

Rütübət hopurdu iliyinə də.

 

 

Kür qırağındaydı, su qıtdı ancaq,

Mal-qara təşnəydi, yanırdı insan.

Çətin açılırdı orda qaşqabaq,

Hamı incik idi orda hamıdan…

 

 

 

Ancaq o torpağın neməti vardı,
Meyvə yetirirdi ölü dirildən.

Heyva elə heyva, nar elə nardı —

Dilimi, dənəsi baş gicəllədən.

 

 

 

Üzüm yetirirdi giləsi baldan,
Əncirin şirəsi dil dağıdırdı.

Tutu həm məzəydi, həm dava-dərman,

Şaftalı ağızdan su axıdırdı.

 

 

 

Nazını çəkərək o şor torpağın,
Çiçək bitirirdi əliylə insan.

Çalar çoxluğundan çaşardı ağlın,
Bircə an dayanıb qönçəyə baxsan…

 

 

 

Mən də oralıyam, o torpaqdanam,
Torpağın özüyəm, duzluyam, şoram.

Məni də küləklər sarsıdan zaman,
Qarsıdır dodağı, gözə doluram.

 

 

 

Mən də bezdirənəm, vərəmlədənəm,
Var küsüb gedənim, qarğıyanlarım.

Mən də şor torpağam, həminəm həm də,

Tanrı qüdrətiylə yetişir barım.

 

 

Meyvə, çiçək deyil məndə yetişən,
O nə yeyiləndir, içilən nə də.

Soydaşım, oxusan, ya da eşitsən,
Sənə bərəkətim çatar bəlkə də…

 

08. 11. 2019, Samara

MƏN BU QƏDƏR DEMƏMİŞDİM…

26 SENT 2019. 2

Bu ömür nə uzandı, ah,
Yaxınlaşır yetmişi də!

Əfəllərəm bu gün-sabah,

Mən bu qədər deməmişdim…

 

 

Gedib atam, gedib anam,
Gedib bacım, qardaşım da.

Cavanlardan utanıram –

Mən bu qədər deməmişdim…

 

 

Seçmək olmur günü gündən,
Seçmək olmur yazı qışdan.

Tarix olub təvəllüdüm –

Mən bu qədər deməmişdim…

 

 

Ömürlər də, ölümlər də,
Tanrım, sənin öz işindir.

Sözdür, indi deyirəm də —

Mən bu qədər deməmişdim…

 

05. 11. 2019

Samara

FYODOR TYÜTÇEV. “NƏ QƏDƏR CİNLƏNƏ BƏDAĞIZLILAR…”

TYÜTÇEV

Nə qədər cinlənə bədağızlılar,
Necə düşsələr də onun üstünə,

Ürəksaflığı ki, o gözlərdə var,
Bütün şeytanlardan güclüdür yenə.

 

 

Onlar səmimidir, sevimli həm də
Xoş baxışlarıyla alır ürəyi.

Heç nədən bulanıb ləkələnmədi,

Buludsuz qəlbinin saf, təmiz göyü.

 

 
Yüz səfeh qetybətdən və kinli nitqdən

Bir toz dənəsi də dəymədi ona.

Yayılan  böhtanlar  toxundu nə də,
İpək saçlarının dalğalarına,
İpək saçlarının dalğalarına.

1865

Ruscadan tərcümə

01-01.11. 2019, Samara

 
«КАК НИ БЕСИЛОСЯ ЗЛОРЕЧЬЕ…»

 

Как ни бесилося злоречье,

Как ни трудилося над ней,

Но этих глаз чистосердечье —

Оно всех демонов сильней. Читать далее

FYODOR TYÜTÇEV. “ELƏ Kİ, PAYIZIN DÖVRANI BAŞLAR…”

TYÜTÇEV

Elə ki, payızın dövranı başlar,
Vaxt olur qısaca – füsünkar, gözəl.
Gündüzdə büllurun parıltısı var,
Şəfəq qızartısı axşamı bəzər.

 

 

Tarlalar ətrafda boşalıb indi,

Harda ki, zəmini gəzib şən oraq.

Təkcə təzə şumun şırımlarında,

Hörümçək torudur parlayan ancaq.

 

 

Səsi eşidilmir quşların daha

Hələ uzaqsa da qış boranları,

Dincəlib yuxuya gedən tarlaya,

İndi təmiz, isti mavilik axır…

 

1857

Ruscadan tərcümə

28-29.10. 2019, Samara

 

 

 

Есть в осени первоначальной
Короткая, но дивная пора —
Весь день стоит как бы хрустальный,
И лучезарны вечера… Читать далее