Şəhərdə yekəpər, uca evlərin,
Balaca evləri gözü götürmür.
Onların yanaşı həyatı gərgin,
Həyat yox, daimi savaşdır ömür.
+
Uca, yekəpər ev dinc duran deyil,
Gözümçıxdıdadır yazıq balaca.
Gah açıq sataşır, gah da ki, qəfil,
Yorulub oturmur yekəpər, uca.
+
Yuxarı qatlardan ya kül əndərir,
Yanan siqareti tullayır hərdən.
Başına kranı açıb döndərir,
Özü də işəyir üstünə bəzən.
+
Gah yanır balaca, gah suda üzür,
Sarsılıb, üzülüb barı da, dam da.
Canını dişinə yığaraq dözür,
Bu zülmə ev nədir, dözməz adam da.
+
Balaca yekənin gözünə girir,
Korlayır peyzajı, perspektivi.
Görür yuxusunda zırpı hər gecə,
Silib yer üzündən balaca evi.
+
Balaca zavallı neyləyə bilər? —
Uca, yekəpərin göy dəlir başı!
Şikayət elərsən – gəlib sökərlər!
Hara getsən – onun dostu, qardaşı.
+
Sonu balacanın çatır deyəsən,
Zırpı təpiklərdən sarsılıb divar.
Var nə harayına onun tələsən,
Nə də yekəpərə “dayan” deyən var…
11. 04. 2024, Samara
