Архив по авторам | Xeyrulla Xəyal

KOLAZ

U LENİ. KİNO

Hər il yay gələndə kolazı lələm,

Çəkib çevirərdi tərsə qıraqda.

Yeyilən yerləri söküb təzələr,
Vedrədə qaynadıb çəkərdi qır da.

 

Bir-bir taxtaların aralarını,
Səylə, tələsmədən kəpitkələrdi.

Qaba barmaqları gəzsə haranı,
Dəyişər, baxana təzə gələrdi.

 

 

Kürün qırağında kolaz dincəlir
Canına çəkilən qır quruyurdu.

Kişi hazırlardı təzə çəpləri,
Oturaq yerləri təmiz yuyurdı.

 

 

Kolaz köməkləşmə  salınır suya,
Yenə dayanırdı səfərə hazır.

Bu taydan də o taya, sonra bu taya —
Tale yazısıydı bu da kolazın.

 

 

Fikirli o taya baxardı kişi,
Əlini üstünə qoyub alnının.

Axı çay keçilmir adi yol kimi,
Hücumla elə bil sahil alınır…

 

 

Dünyanın möhtəşəm dənizlərini,
Nə kolaz görmüşdü, kolazçı nə də.

Göylərsə üstündə həmin və eyni,
Xırda qayıqların, gəmilərin də.

 

 

Heraklit dediyi düzsə də, ancaq,

Heç nə dəyişmirdi, Kür da həmindir.

Yaxın səfərə çıx, ya da ki, uzaq —
Sonuncu mənzilin həmişə birdir…

 

15-17.05. 2020, Samara

“AH, BURA NECƏ DƏ GÖZƏL GUŞƏDİR…”

U LENİ

Ah, bura necə də gözəl guşədir!

Yuxudur elə bil göz önündəki.

Baxırsan – bir yanın yaşıl meşədir,
Bir yanın da göldür, üzür ördəyi.

 

 

Ah, evlər necə də qəşəng və zəngin,
Heyf ki, boyumdan ucadır hasar.

Gözəl həyətlərdə gəzirlər yəqin,

Ağlını başından alan xanımlar.

 

 

Yaşaya biləydim ah, belə yerdə!

Bu gölün üstündə evim olaydı!
Onda heç ağlıma ölüm gələrdi?  

Ölümü özümə yaxın qoyardım?!

 

 

Dalımca gəlsəydi ölüm mələyi,
Burcudar, qaçardım, basardım küyə.
Dəli Domrul kimi, indi nə deyim,

Çıxardım zalımla bəlkə küştüyə.

 

 

Basılsam, hönkürər, yaş axıdardım,
Ki, bəlkə canalan insafa gələ.

Elə Domrul kimi yaxınlarımdan,
Adam axtarardım … yerimə ölə…

 

 

Elə alçalardım mələk önündə —

Yəqin öz gözümdən düşərdim özüm.

Yala dil çıxaran itin günündə,

Ömür diləməkdən yaxşıdır ölüm…

 

 

O gözəl guşələr bəlkə fitnədir,
Yaxşı ki, otağım qəbir kimi dar.

Həyat şirin gəlir mənə də hərdən,

Qəlbim ölümü də hərdən arzular.

 

 

Hazıram, mələyin, İlahi, gəlsin,

Nə mala həvəsim, malım var nə də.

Nə yaş axıdaram, nə çıxar səsim,
Taleyə baş əyib həqir gedərəm.

 

 

 Polis qabağında başıaşağı,

Qandallı gedən tək gedərəm elə.

Şirin fitnələrdən, Tanrım, uzağıq,
Hazırıq, haçan ki, mələyin gələ…

 

12. 05. 2020, Samara

QƏLƏBƏ

2

“Çörək, çörək!” deyən körpə,
Aramsız çığırırdı.

Eşidəndə tük ürpədən,

Səs birdən qırılırdı…

 

 

Mənim ucqar, uzaq kəndim,
Nə top, nə tankı vardı.

Çətin ki, ov tüfəngi də,
Kimdəsə tapılardı.

 

 

Getdi cavan kişiləri,
Uzaqlarda ölməyə.

İndən belə çöl işləri,
Oldu arvad əməyi.

 

Əmək ağır, acdı qarın,
Ayaq yalın, baş açıq.

Yetişəni, yığılanı,

Hökumət aparacaq.

 

 

Neçə ahıl, neçə uşaq,
Kənddə ölüb acından?

“Çörək!” deyib qışqırıblar,

Çörəksə yox haçandan…

 

 

Ağ at üstdə marşal Jukov,
Girir Qızıl meydana.

Özü də tox, atı da tox,
Zəfər çalıb zamana.

 

 

Mənim uzaq kəndim hələ,

Qan axıdar, tər tökər.

Quş payı tək gilələyər,

Çörək tapan bir tikə.

 

“Çörək!” deyib qışqıran var,
Komalarda indi də.

Heykəl kimi gedir marşal,

Qımıldanır at nə də…

 

10. 05. 2020, Samara

«KİMDİ BU QOŞUNUN BAŞ KOMANDANI…»

SONY DSC

Kimdi bu qoşunun baş komandanı?

Əsgəri, zabiti bəs nə qədərdir?

Şeypuru niyə yox? Bayrağı hanı?
Səbəbi, məqsədi bu hərbin nədir?

 

 

Çay, dəniz nədir ki – okean aşır,
Alır bir həmlədə materikləri.

İsgəndər görsəydi, sarsılar, çaşar,

Düşərdi gözündən elədikləri.

 

 

Çıxsa Napoleon qəbirdən indi,

Düşər karantinə bir-iki aya.

Nə qədər düşünə, baş da sındıra,
Gəlməz ağlına bir strategiya.

 

 

Hanı Topal Teymur? Çingiz xan xanı?

Azmı öyünüblər yürüşləriylə?!

Görünməz qoşuna ayılın baxın,

Uşaq oyunuymuş sizin döyüşlər…

 

 

Kimdi bu qoşunu yaradan axı,

Kimdi nizamlayan, silahlandıran?

Hansı bayraq altda yürüşə qaxıb?
Verir əmrləri hansı komandan?

 

 

Gedir taclı qoşun gözə dəymədən,
Aşır dənizləri okeanları.

Uçarla şığımır, gəmi də minmir,
Göz açıb-yumunca ölkələr alır…

 

 

Hanı şeypur səsi? Bəs hanı bayraq?

Qoşunun əsgərəi bəs nə qədərdir?

İnsana bəlkə bu, sınaqdır ancaq,
Bilmirik səbəbi, məqsədi nədir…

 

07.05. 2020, Samara

YAŞADIĞIN ÖLKƏ RUSİYADIRSA…

U LENİ. KİNO

Yaşadığın ölkə Rusiyadırsa,
Və özgə dildəsə yazdığın əgər —
Nə şeir, nə də ki, əsər sayılar,

Dəyəri oyuncaq əskinas qədər.

 

 

Pula bənzəsə də, yox məzənnəsi,
Uşağın başını bəlkə aldadar.

Özün qızarırsan, kiməsə versən,

İtirər özünü, çaşar alan da.

 

 

Oyuncaq biletdir yazdığın ya da,
Nə səni aparar, nə də özgəni.

Qatarlar nizamla keçər yanından,

Durarsan, yollara gözün zillənər.

 

 

Elə bil uşaqsan, qələbəlikdə,
Birdən itirmisən ata-ananı.

Yumşaq ürəklilər tökülüb gəlir,
Soruşurlar kimsən, nədir ünvanın.

 

 

Duruxub qalırsan, tutulur dilin –

Beləcə bir ömrün zəhməti itir…
Misralar yazmısan bəlkə neçə min,

Ünvana möhtacsan ikicə sətir.

 

05.05.2020, Samara

HARAMIZ, NƏYİMİZ BÖYÜKDÜR AXI…

30.04. 2020

Nə qədər mömin var, soruşsan deyir,
İnsan yerə, göyə  hökm edə bilər.

Nə qədər alim var, inanır ki, yer,
Özü özbaşına fırlanır elə.

 

 

Əgər qalaktika ölçüləriylə,
Götürsək, Yer xırda qum dənəsidir.

Özümüz nə qədər kiçiyik hələ!

Həqiqi ölçümüz bilmirik nədir.

 

 

Bəlkə qalaktika masştabında,
Adadır Kürəmiz – xırda və ucqar.

Qəzaya uğrayan, ilşib qalan,

Qaçmağa can atan Robinzonlarıq.

 

 

Bilmirik biz ancaq gəlmişik hardan,
Gəminin çıxdığı hansı limandı.

Qalaktik səfəri kim planladı,

Və nəydi məqsədi, hardadır indi.

 

 

Kiçiyik, acizik, miskinik həm də,
Haramız, nəyimiz böyükdür axı…

Ağlasa özgənin dərdinə birdən,
Yaraşır insana böyüklük adı…

 

01.05. 2020, Samara

 “SƏN HƏQİR ŞEİRİMİ İLK OXUYANSAN…”

U LENİ. KİNO

Buzeyrli Fizuli Hüseynova

Mən şair deyiləm adaşın kimi,
Uzağam Vaqifdən, Nəsimidən də.

(Bilmirəm dilini Nizaminin ki,
Deyəm sözü nədir, sənəti nədir).

 

 

Şübhəsiz, üstündür xalq nəzərində,
Məndən hətta Vahid Əliağa da.

Necə yarla əğyar məzələndilər –

Yazmadım içkili xalqı ağladam…

 

 

Talış dost! Üç dildə quş kimi ötən!

Sən həqir şeirimi ilk oxuyansan.

Qaldırıb sözümü, sətrimi yerdən,
Buzeyr dağlarına uçuran insan!

 

 

Xalqının dərdinə mən də günahkar,
Dilin gödəkdirsə —  dilim də gödək.

Dilimə, sözümə məhəbbətin var —
Böyükdür sinəndə döyünən ürək!

 

 

Mən şair deyiləm adaşın sayaq,
Kərbala yoluna yox ləyaqətim.

Zirvəyə qaldırdın sən məni ancaq,
Talış dost, neynirəm ayrı qiyməti…

 

27.04. 2020, Samara

“DƏRS BİTİB, SÖZ BİTİB, GETMİRƏM ANCAQ…”

U LENİ. KİNO

İyirmi birinci əsrdə sanki
Qonağam. Gəlmişəm keçən əsrdən,
Yubanıb qalmışam indiyə kimi,
Bilmirəm yığışıb necə gedim mən.

 

 

Hara yollanıram —  ayaq səsləri
Daldan eşidirəm. Məndən uşaqlar,
Tamam getməyimə bəlkə tələsir,
Qalıram – kiminsə bəlkə yeri dar…

 

 

Şagirdlər  önümdə lal oturublar,
Dərs bitib, söz bitib, getmirəm ancaq.

Biri əldə silgi farağat durar,

Yazımı, izimi silər dalımca…

 

26.04. 2020, Samara

“BARMAQ İZİNDƏDİR FƏRQİMİZ ANCAQ…”

SONY DSC

Əzizim, hamı tək həm tələsirsən,
Qurtara şoğərib bu pandemiya.

Təşviş içindəsən həm elə bil sən,
Qorxursan bəlkə də dəyişə dünya.

 

Təcrid götürülə, bitə karantin,
Gözlərin qamaşa küçəyə çıxsan.

Görəsən dəyişib doğma həyətin,
Adamlar tanınmır, necə baxasan.

 

Qaynayıb-qarışıb kasıb zənginə,
Keçəl şah qızıyla ailə qurur.

Nə qolu zorlu var, nə də əyilən,

Hamı ləyaqətlə davranır, durur…

 

 

Nahaq üzülürsən, əzizim, axı
Dünyada çox olub pandemiyalar.

İtkilər olub ki, min dəfə artıq,
Amma nəticədə dəyişən nə var?

 

 

Həmin hərarətdə qalacaq bədən,
Təzyiqin, nəbzin də ölçüsü həmin.

Qadın istəyəcək kişi yenə də,
Sevgidən ya zordan öləcəq qadın.

 

 

Yeməyə, içməyə həmin ehtiyac,
Şor yeyən olacaq, kürü yeyən də.

Yarı tox olacaq, yarı yenə ac,
Zalım da qalacaq, boyun əyən də…

 

Karantin bitən tək qorxma, çıx evdən,
Baş qaldır, sağına, soluna bax sən.

Özgə arvadına, mülkünə birdən,
Tamahın düşərsə, bil ki, həminsən.

 

 

Çıxanda qarşına əlsiz-ayaqsız,

Əgər gözlərində gilələlənsə yaş.

Büküyü çatlamış manata qıysan,

Bil ki, həminkisən yenə də, qardaş.

 

 

Hardasa, yaxında güllə səsləri,
Eşitsən, diksinib qorxma sən hədər.

Beş-üç pandemiya düşür bir əsrə,
Ancaq ara vermir müharibələr.

 

 

 

Dünyamız həmişə  həmin qalacaq,
Eyniyik, həminik həmişə biz də.

Barmaq izindədir fərqimiz ancaq,
Çünki cani yaşar hər birimizdə…

 

22.04. 2020, Samara

ANNA AXMATOVA. BORİS PASTERNAKA

1

1

Yenə payız gəlir Tamerlan kimi,

Arbat döngələri sükuta dalır.

Dumandan seçilmir yaxın tikili,
Orda yol keçilməz, qaralıb qalır.

Budur, bu da son hədd! Və hiddət yatır,
Kar olub dünyanı sanki qulağı…

İncil qocalığı – bu həm əzəmət,

Bu həm də ən acı Hefsiman ahı…

Halalca malındır burda nə varsa,
Leysanda bir qalın divar qatı var.

Şöhrət – oyuncaqdır, yadlara qalsın,
Get evə, heç nə də gözləmə daha.

1947-58

Ruscadan tərcümə

21.04. 2020, Samara

 

БОРИСУ ПАСТЕРНАКУ

И снова осень валит Тамерланом,
В арбатских переулках тишина.

Читать далее