Архивы

EDAM

Bilmrəm əvvəli yolun hardadı,

Nə it səsi gəlir, nə işıq yanır.

Zülmət içindəyəm, gecə yarıdır,

Edama gedirəm – təkcə bu aydın.

 

 

Bir nəfər solumda, biri sağımda
Üzləri görünmür, səsləri gəlmir.

Ağır daş asıılb hər ayağımdan,

Dura da bilmirəm bir nəfəs dərəm.

 

 

Bilmirəm bu hökmü mənə kim yazıb,

Hansına görədir günahlarımın.

Edama gedirəm həqir və yazıq,

Cəllad hüzuruna baş aparıram.

 

 

Nə bir it hürüşü, nə də bir çıraq,

Boşluğa, heçliyə atıram addım.

Yubansa, yan ötsə edamın, Allah,

Elə bu zülməti sevib yaşardım!..

 

 

Birdən ayılıram… tərli, yarımcan,

Yuxuymuş işgəncə, yuxuymuş edam!

Çırağı yandırsam, yerisəm ancaq,

Yenə də heçliyə yuvarlanaram…

 

24-25.07.2016

Cemete — Samara

 

 

 

 

 

AY PROFESSOR, OTUR YERİNDƏ…

Əlbəttə, indi Tale Bağırzadə ağır vəziyətdədir, yəni dustaqdır və onun vəziyyətin daha da ağırlaşdırılan hər hansı hərəkətdən çəkinmək yaxşı olardı. Ancaq mən media adamı deyiləm, yazdıqlarım da beş-altı adam arasıında yayılır, ona görə də fikimi açıq deyə bilərəm.

Mənə elə gəlir ki, kütlə, kütlə şüuru ilə manipulyasiyaları məharətlə bacaran Tale Bağırzadə özünü, əlbəttə, millət liderləri sayan adamları da oynatmağı bacarır. Rafiq Tağı bıçaqlanıb öldürüləndə Nardaranda sevinclə camaata “Rafiq Tağı cəhənnmə vasil oldu”, — elan edən dinçinin demokratiyaya, demokratik ruhlu, demokratik düşüncənli insanlara rəğbətinə kim inanar? İndi Tale Bağırzadə iddia edir ki, guya istintaq orqanları ona vəhşicəsinə işgəncə verib ondan Cəmil Həsənli, Əli Kərimli əleyhinə ifadə tələb edirlərmiş. Mən, əlbəttə, vəhşicəsinə işgəncəyə tamamilə inanıram. Ancaq Cəmil Həsənli ya Əli Kərimli məsələsinə inanmıram. Cəmil Həsənlinin rejimə nə ziyanı? Eləcə də Əli Kərimlinin – pasportunu alıblar, oturub evində, Feysbukda yazır-pozur, ondan rejimə heç bir təhlükə yoxdur. Mən Salyan az-çox tnıyıram və buna görə deyə bilərəm ki, o boyda yerdə bəlkə heç əlli nəfər Əli Kərimlinin kim olduğunu bilmir. Ancaq Tale Bağırzadənin öz oyunu var – özünü demokratların işiyə bağlamaqla, o, beynəlxalq təşkilarlatların siyahısna düşməyə, onların müdafisinə nail olmağa alışır – çox sinik, soyuqqqanlı, haqqhesablı bir hərəkət xətti. Cəmil Həsənlinin isə bu cür tora düşməsi, vurnuxması, özünü gülünc eləməsi isə təəssüf doğurür. Adam demək istəyir ki, ay professor, otur yerində…

Ancaq professor söz eşidən deyil. Özü də mənim kimi nüfuzsuz adamdan…

VƏLİYEVANIN GƏRƏK ƏLİYEV KİMİ ƏRİ OLA!

Əli Həsənovun arvadı Sona Vəliyeva Azərbaycanın ən yaxşı publisisti elan olunub. İndi baxıb görürsən ki, belə dahi arvada Əli Həsənov heç layiq deyil. Vəliyeva kimi arvadı gərək Əliyev kimi əri ola!

CƏBRAYIL GETMƏLİYDİ, NECƏ Kİ, GETDİ DƏ…

CƏBRAYIL.jpg
Bu şəkildə kostyumdakı Quliyev Mahmud Nayfalı oğludur. 15 il 3 ay Cəbrayıl rayonunun başçısı olub. Asan iş deyi, ay camaat, olmayan rayonun başçısı işləmək. Baxın bu kişinin başına, başının tükü elə-belə tökülməyib!
Sovet vaxtı xalq təsərrüfatı institutunun, yəni rüşvətiyləməşhur olan «narxoz»un məzunu olan Mahmud Quliyev Cəbrayılda keyfiyyət müfəttişi olub! Özünüz təsəvvür edin: Cəbrayıl rayonu və onun keyfiyyət müfəttişi! Sonra Cəbrayılın statistika idarəsinin rəisi olub.
İndi özünüz deyin: Cəbrayıl işğal olunmaya bilərdimi? Yox, Cəbratıl işğal olunmalıydı, çünki o vaxtlar Azərbaycanda statiistika yox idi, Heydər Əliyev neçə deyirdisə, o qədər olmalıydı – pambıq da, tütün də, barama da, taxıl da. Yeni belə idarəçilik, belə kütləvi yalan bizim axırımız çıxmalıydı, necə ki, çıxdı…
Bu adam Cəbrayılı verib ermənilərə, sonar da 15 il üç ay onun icrasına başçılıq edib. Rayon ermənilərdə, başçısı bizdən. Bilmirəm, bu işə ermənilərin icazəsi olub ya yox. Ancaq ordenini Azərbaycan prezidenti verib…
İndi bu kişinin yanında oturana baxın. Siz onun qoluna baxın, qolundakı meşə kimi qalın tükə tamaşa edin!
Bu kişi Vüqar Əsgərovdur. Sən demə Elmlər Akademiyasında Xatirə kitabı hazırlayan idarə var, bu kişi də onun rəhbəridir…
Yox, siz onun qoluna baxın. Mən indiyəcən belə qol görməmişdim…
Bu Vüqar Əsgərov guya həmin bu qoluyla ermənilərlə vuruşub. Elə vuruşa-vuruşa Moskvada bir ali məktəbi əla qiymətlərlə bitirib!
Əgər bu Vüqar Əsgərov rus dilində o məktəbin adını düz yaza bilsə, mən elə oturduğum yerdə daşa dönüm…
Nə başınızı ağrıdım, Cəbrayıl getməliydi, necə ki, getdi də. İndi Salyanın, Lerikin, Beyləqanın 18-19 yaşında uşaqları nahaq bu Cəbrayıldan ötrü ölürlər. Lap elə bil ki, almışıq Cəbrayılı? Yenə verəcəyik belə “keyfiyyət müfəttişlərinin” əlinə…
Oturun yerinizdə… Uşaqlara yazığınız gəlsin…
Mirzə ƏLİL

22.07. 2016
Anapa-Cemete

BİZİM İNDİKİ “BƏY”LƏRƏ BƏYLİK NİYƏ VƏ HAÇANDAN VERİLİB?

Mənə hərdən uzaqdan-uzağa “bəy” deyirlər, hər dəfə də elə bilirəm məni söyürlər, az qalıram qayıdıb deyəm ki, bəy sən özünsən, qırışmal…
Məni bilirəm ki, indi Azərbaycandakı bəylərin hamısı əldəqayırmadır, onları necə qayırırlar, deyə bilmərəm. Mənə bir bəyin tarixi məlumdur: Xudayar bəyin. Bu tarix “Danabaş kınidinin əhvalatları”ndadır.
“Әvvәl, yәni iki il bundan әqdәm, Xudayar bәy qlava yanında çavuş idi. İş elә gәtirdi ki, qlava Xudayar bәyin anasını siğә elәdi.
Aşkardı ki, qlava öz sәmtini qoyub, özgәni katdalıqda saxlamayaсaq. Bir hәftәnin içindә katdanı qısnıyıb, qulluqdan kәnar elәdi. Bir
neçә vaxt kәnd qaldı katdasız. Xülaseyi-kәlam, сamaat bir vaxt gözünü açdı gördü ki, Xudayar bәy katdadı ki, katdadı.
Xudayar bәy katda olan kimi lap dәyişildi. Әvvәl başladı libasından. Paltarını tәzәlәyib vә әlinә bir zoğal ağaсı alıb, xәbәr verdi ki,
onun adı Xudayar deyil, Xudayar bәydi. Kimin ixtiyarı var idi soruşsun haradan ona bәylik yetişib?! Amma xalq bilirdi ki, bәylik ona
oradan yetişib ki, qlava anasını siğә edib. İyirmi-otuz adamı Xudayar katda dama qatıb mәhz o sәbәbә ki, sәhvәn ona deyiblәr
Xudayar katda, demәyiblәr Xudayar bәy”.
Yəni bir az da sadə dillə desək, qlava Xudayarın anasını zad eləyəndən sonra Xudayara bəylik gəlmişdi. Əslində Xudayar özü bu nəticəyə gəlmişdi ki, madam qlava mənim anamı zad eləyib, mənə bəylik düşür…
İndi mən bilmək istərdim: bir-birinə ağız dolusu “bəy” deyən azərbaycanlılar niyə və haçan bu nəticəyə gəliblər ki, onlara bəylik düşür?
Mirzə Əlil

22.07. 2016
Anapa-Cemete

MİLLƏT QALIB BAŞINI SOXMAĞA QOLTUQ AXTARAN GƏDƏ-GÜDƏNİN ƏLİNDƏ…

«Hadisə» əvəzinə «olay» yazanları adam istəyir söyüb-biabır eləsin: qurumsaq, sənin dədən-baban «olay» demişdi? Əgər «hadisə» sözü dilimizə yaraşmırsa, «kitab» sözünü» də əvəz edin, » dəftər» sözünü də əvəz edin…Bu lakey təbiətli insanlar qoltuq axtarırlar ki, başlarını soxsunlar — fərqi yoxdur, dünən rus qoltuğu, bu gün türk qoltuğu…

DƏNİZDƏ QASIRĞADIR

Kolllar, ağaclar durur,
Hərəkətsiz qıraqda.
Günəş qumu qovurur,
Yarpaqları qarsıdır.
Qıraqda sakit, fağır —
Hərə öz sırasında.
Gəmilərsə burulur,
Dalğalar arasında.
Qıraqda yer-göy yatıb,
Dənizin öz həyatı –
Sular qalxır, sovrulur,
Dalğa dalğanı qovur,
Yalını qabardaraq –
Dənizdə qasırğadır.

21.07.2016

Anapa — Cemete

“QAFQAZ” ALTIMDADIR…

Konstitusiya dəyişiklikləri, “Qafqaz” universitetinin bağlanması ölkədə çoxdan gedən deqradasiyanı tamamlayır, ölkənin xüsusən gənc vətəndaşlarını gələcəyə hər cür ümiddən mərhum edir. Bundan sonra vətəndaşların bütün zəhmət və səyləri fərdi səadətə və ölkənin mənafeyinə yox, Ailənin maraqlarına xidmət edəcək. Gənclərin əlindən “Qafqaz”ın alınması rəmzi hadisədir, əslində bu hərəkət ölkənin vətəndaşlardan alınmasını əyaniləşdirən sübut və faktlardan biridir.Mənə elə gəlir ki, Azərbaycan üçün heç bir ümid qalmadı. Ermənilər üçün ümid var, Ermənistan etnik və konfessionl cəhətdən monolitdir və heç bir çaxnaşma bu ölkənin əsaslarını sarsıda bilməz. Azərbaycanda isə üz vermiş fəlakətlə hər hansı fəal mübarizə ölkənin dağılması ilə nəticələnəcək.
Çox təəssüf…
20.07.2016
Anapa — Cemete

qafqaz 2

TÜRK ƏSGƏRİNƏ

Tarixi süngüsüylə,
Yenidən yazan əsgər!
Küçədə döyülürsən,
Paltarında qan, əsgər!

 

Adları, sərhədləri
Təzələdin, dəyişdin.
Üstünə kütlə gəldi,
Uduzdun bu döyüşdə.

 

Aşaraq dənizləri,
Yıxmısan qalaları.
İndisə yenilirsən,
Sıxılıb dalanlara.

 

Elinin bayrağını,
Zirvələrə sancmısan.
Yarır indi bağrını,
Kütlədən olan insan.

 

Ölkələrlə qovğada,
Sən ölkə yaratmısan!
Ölkəsini dağıdır,
Səni daşlayan insan!

17.07.16.
Anapa,  Cemete qəsəbəsi

RUSİYA

Yurdun peyğəmbəri qıraqdan gələr,
Bilinmədi yurdda, qədrim, Rusiya!
Rus atar vətəni, qərbə köç elər,
Mən atdım vətəni, qərbim — Rusiya.

Onillərlə hədər getdi əməyim,
Çığıra düşmüşdüm, yolumu əydim.
Dayazlarda üzən xırda gəmiydim,
Qoynunda yetişər qərqim, Rusiya!

Yorur ayağımı yolların buzu,
Gedərəm – dalımca silinər izim.
Baharların qısa, qışların uzun,
Dözmürəm, tükənir səbrim, Rusiya!

Elə ki görünür günəşin üzü,
Gülür kilsələrin qızıl günbəzi.
Sən həm qəribliyim, sən həm əzizim,
İkiyə bölünüb qəlbim, Rusiya.

Günahlarmı belə canımda coşan,
Vicdanı göynədən, ürəyi düşən?
Özüməm özümə ən qatı düşmən,
Yalnz özümlədir hərbim, Rusiya.

Ayrıldım yurdumdan, yaman ayrıldım,
Hanı haraylayan, dönəm, qayıdam?
Nə qədər ürəkdə sevgim soyudu,
Nə qədər ürəkdə qəbrim, Rusiya!

Doğma dil eşqiylə yanar dodağım,
Mən kimə dərdimi deyim-dağıdım?
Burda bir ölkəyəm sərhədi bağlı,
Dolu ürəyimdir gerbim, Rusiya!
fevral 1987, Samara