Архивы

ALEKSANDR BLOK. «ƏGƏR DOĞULUBSA KAR İLLƏRDƏ KİM…»

БЛОК

 Z.N. Qippiusa

Рожденные в года глухие

Əgər doğulubsa kar illərdə kim

Unudar yolunu; Rusiyanın biz

Ağır illərində dünyaya gəldik,

Heç nəyi unutmaz bizim qəlbimiz.

 

 

 

Ah, bizi yandırıb-yaxan bu illər!

Ağıl aparansız ümid verən ya?-

Üzlərə yayılan qanlı şölələr,

Savaş günlərini gətirər yada.

 

 

 

Lallıq var – həyəcan harayı yəqin,
Dinəndən ağızlar qıfıllanıbdı.

Haçansa ürəklər sevinclə zəngin,

İndisə boşluq var məşum, əbədi.

 

 

Və qoy bizim ölüm yatağı üstdə,
Quzğunlar qıy vurub uçuşsun yenə.

İlahi, kim əgər ləyaqətlisə,
O da qədəm bassın səltənətinə.

 

8 sentyabr 1914

Ruscadan tərcümə

09.03. 2019

Samara

TÜMEN-BAKI QATARI

QATARDA 2009.jpg

Dastan

Bir vaxt Tümen-Bakı qatarı vardı,

Keçirdi bu qatar Samaradan da.

Mən ildə bir dəfə yola çıxardım,
O vaxt vətən vardı, sağdı anam da…

 

 

Plaskart vaqona ayaq basandan,
Pasportun qalırdı bələdçilərdə.

İki günlük yolda elə o andan,
Elə bil dustaqdın, “etap” gedirdin.

 

 

Aşağıyaydısa biletin əgər,
Bir neçə soydaşın həmlə edərək,

Qətiyyətlə “xahiş” eləyirdilər,
Yeri bir “bacı”ya verəsən gərək…

 

 

Kirini, tərini bir neçə reysin,

Saxlamış “ağları” sonra alırdın.

Vətən qoxusundan başqa nə desən,
Yıpranmış balışda, döşəkdə vardı…

 

 

Vaqondakı iki ayaqyolundan,
Bələdçi birini açırdı ancaq.

Onun qabağına elə obaşdan,

Kütlə yığılırdı küy qopararaq.

 

 

Haçandan-haçana növbə çatırdı,

Girirdin lap böhran yetişən anda…

Ancaq ayaqların …. a batırdı,

Əlini-üzünü yaxalayanda…

 

 

Yerini biletsiz sərnişinlərə,
Satıb künc-bucaqda yatan bələdçi,

Gəzirdi ruh kimi, kirli, heyvərə,
Öndə daha bir gün, daha bir gecə…

 

 

Qatar Rusiyanı qoyub arxada,
Dağıstan yoluna çıxırdı birdən.

Vaqonda dustaqdın əgər bayaqdan,
Bu andan elə bil hərbi əsirdin.

 

 

Girirdi vaqona dağıstanlılar,

Hər biri təsbehli, avtomatlı həm.

Deyirdilər tez ol, “torpaqbasdını”
Ödə, gözlərini yoxsa tökərəm.

 
Rus poqonu vardı çiyinlərində,
Rusca da pis-yaxşı danışırdılar.

Ancaq  qafqazlı tək yol gedənlərin,
Girib ciblərinə daraşırdılar.

 

 

Keçirdik, nəhayət, yarımcan halda,
Doğma Azərbaycan sərhədini biz.

Girib qapıları bağlayırdılar

İndi bizimkilər salam-kalamsız.

 

 

İndi nə dustaqdın, nə də əsirdin,
İndi mal-heyvandın dilsiz-ağızsız.

“Rəis” qabağında durub əsirdin,
“Hörmətimi elə!” deyirdi rəis…

 

 

 

Poqonları vardı çiyinlərində,
Poqonun ulduzu, bayrağı vardı.

Ölkə şərəfiylə alver edənlər,
Soydaşını belə qarşılayırdı…

 

 

“Yoxlama” uzanır, gicəllənirdi,

Başın tər iyindən, sidik iyindən.

Vaqonun içi bir cəhənnəm idi,
İnana bilmirdin tərpənib gedər…

 

 

Düşüb poqonlular gedirdi birdən,

Qatar üz tuturdu Bakıya sarı.

Paytaxt vağzalına çatıb düşəndə,

Cinə və şeytana biz oxşayırdıq…

 

 

Günlüyün altında pilləkən üstdə,
Oturub yolumu gözləyən anam,

Baxıb deyəcəkdi, dəyişməsəm də:

“Bala, nə gündəsən, nə sınıxmısan…”

 

 

Boş qalıb günlüyün altı haçandan,
Çürüyüb dağılır taxta pilləkən.
İndi gözləsəydi yolumu anam,
Gedərdim o yolu piyada bəlkə…

 

04-05. 02. 2019

Samara

TƏNDİR

TƏNDİR.png

Ərəbqardaşbəyli, 1960-cı illər

 

Çörək satılmazdı o vaxt dükanda,

Xəmiri  təndirə hamı yapardı.

Bağçası, çəpəri olmayanın da,
Hökmən həyətində təndiri vardı.

 

 

Palçıq tutulardı bəlim qatqılı,

Qalıb qıcqırardı göyərənəcən.

Hər arvad bir memar ustalığıyla,
Təndir yaradırdı baxımlı, incə.

 

 

Təndirin yanında payıza yaxın,
Qalxlb ucalırdı odun tayası,
Yığılıb gəlirdi cüyürün şaxı,
Pambığın çöpüydü yaxşı yanansa.

 

 

Asan iş deyildi təndirə girmək,

Divarı qızarıb dönürdü közə.

Güllənib, qızarıb bişincə çörək,

Qızarır, bişirdi bişirən özü.

 

Uşaqlar təndirin həndəvərindən,
Getmirdi alınca  yağlı kökəni.

Axırdı ağzının suyu itin də,

Qapırdı, yeyirdi kütə gedəni.

 

 

Büküb basdırırdı dolma balıq da,

Təndirə, vardısa imkanı kimin,

Bir cənnət qoxusu kəndi basırdı,

Hamı acıyırdı canavar kimi.

 

 

Çətin vaxtlar idi, kasıbdı hamı,
Yavanlıq qəhətdi, qıt idi çörək.

Bir də görürdün ki, tikə qalmayıb,
Qonşulara borca gedəydin gərək…

 

 

Alıb-verərdilər çörəyi sayla,

Ancaq ötüşmürdü davasız yenə.

Xırda qaytarırdı yekəni alan,
Ya boyat verirdi təzə yerinə…

03. 02. 2019

Samara

POL VERLEN. AH, NECƏ SOYUQDUR…

verlain-19

Ô j’ai froid d’un froid de glace

 

Ah!  necə soyuqdur, bədənim donur
Ah! Necə od tutub hər yerim yanır;

 

Kövrəlib sümüyüm, daha çürüyür,
Yara bədənimi basıb bürüyür;

 

Mənim düşmənlərim sevinc içində,

Qurban, qənimətəm onlara indi;

Canımda, başımda, ürəyimdə də,
Sızıltı var acı xatırələrdən;

 

 

Məndən hamı qaçır, şana əlvida!

Yəni gəlib çatdım mən Ərafata?

 

Ya bəlkə mən elə cəhənnəmdəyəm,

Yəni üz döndərib Tanrı da məndən?

 
— Sənin taleyin ki, gətirmir belə,
Bu bəlkə sevincdir daha Güclüyə.

 

 

Tanrı daha adil, Əql də onda da,

Sən özün zəifsən, kəmsən ağıldan.

 

Şərin girdabında çabalayırsan,
Bura atıb səni ehtirasların,

 

 

Sənin kamil deyil xristianlığın,
Çəkdiyin əzaba günahın uyğun,

 

 

Bütün bu əzab ki, səni ağrıdır,
Ruhuna nemətdir, xeyirduadır.

 

 

Və, əlbəttə, sənin bəyənmədiyin,
Bu sınaqlar ki, var həndəvərində,

 

 

Sənə məhəbbəti olan səmanın,
Xəbərdarlığıdır —  təmiz və aydın.

 

 

Mələklərdir sənə düşmən olanlar

Daha az qəddarlıq və özgəlik var

 

 

Onlarda, zalım və rəhim Tanrıdan,
Özün də bilmədən aldıqlarından.

 

 

Sev öz çarmıxını, yaralarını

Nemətdir, şükr elə yaradanına.

 

 

Qəzəb anlarının güc gələn çağı,

Tanrının adını diz çöküb çağır.

 

Kəsən dəmir ki, var, məzəmmət edən
Səs ki, var – bu sənə gözəl Tövbədir.

 

 

Buzla da örtülsən, odda da yansan,

Tapacaqsan hökmən Allahını sən.

 

Fransızcadan tərcümə

19-21. 01. 2019

Samara

POL  VERLEN. GREEN

verlain-19

Green 

 

Bax, yarpaqlar, budaqlar, çiçəklər və meyvələr,

Bu da ki, eşqinizlə döyünən ürəyimdir.

Gəlin qırmayın onu iki zərif ağ əllə,

Necə həqir olsa da, hədiyyəmə baxın bir.

 

Şehə başdan ayağa bürünmüşəm gəlincə,

Alnımda dönür buza indi səhər yelindən.

Düşüb ayağınıza, izn verin, dincəlim,

Anıb şirin anları qüssəmi dağıdım mən.

 
İndiyəncən sizin son alovlu busələrlə

Xumar başımı qoyum gül kimi sinənizə.

Məni qayğılandıran fırtına yatsın belə,
Yatım bir azca, çünki siz də dincəlirsiniz.

 

Fransızcadan tərcümə

Qeyd: şeirn adı orijinalda ingiliscədir. Green – yaşıl; gənc; təzə; çiçəklənən

10-11. 01. 2019

Samara

  POL VERLEN. RƏFİQƏLƏR: 1. BAHAR

verlain-19

Les Amies 1. Printemps

Bədəni məsumluq həyəcanıyla,
Yanan qızıl saçlı zərif gənc qadın

Dedi şirin səslə, dedi astadan

Bəyaz telli gözəl qıza bunları:

 

 

Çiçək cilvələnir, ləçək şirəli,

Sənin uşaqlığın necə möhtəşəm:

Lütf et, barmaqlarım oxşasın bu dəm

Qızıl gül qönçəsi alışan yeri.

 

İzn ver bu təzə  otların üstdən,

İçim sərin bu şeh damlalarını,

Dolsin incə gülün ətri burnuma.

 

Məmnunluq, əzizim, görünə birdən,
Üzündə, alnını işıqlandıra,
Üfüq şölələnər necə ki danda.

Fransızcadan tərcümə

01.01. 2019

Samara

   POL VERLEN. MƏKTUB

verlain-19

Lettre

Təcili qayğılarla gözünüzdən uzağam,

Qoy mənə şahid olsun bütün tanrılar, madam.

+

Adətim üzrə yenə darıxıram, ölürəm,
Beləcə keçir günüm, ürəyimdə acı qəm.

+

Qayğım ola nə qədər, məni izlər kölgəniz,

Gecə yuxularımda, fikirlərimdə gündüz.

+

Hər gecə, əziz Madam və gündüz, gözəl Madam!

Qalan ruhdur, bədənim məni tərk edib tamam,

+

Nəticədə mən özüm çevrilirəm kabusa,

Həyəcanlar bürüyüb, baxın, batıram yasa.

+

Ah, qədərsiz ağuşlar, qədərsiz ehtiraslar

Kölgəmsə kölgənizə qovuşmağa can atar.

+

Hələliksə, əzizim, sənn nökərinəm mən

Söylə, tutuquşundan, itindən, pişiyindən,

+

Razısanmı tamam sən? Yenə də kompaniyan,
Xoşmu həmişəkitək? Silvani ilə aran,

+

Yaxşımı? Olmasaydı sənin  ala gözlərin,

Qara gözlərini mən onun sevərdim yəqin…

+

Mənə qaş-göz elərdi haçansa…lap onun mən…

Ah, Madam, divanə bir fikir girib beynimə,

+

Yer üzünü fəth edəm, atam xəzinələri,
Ayağınız altına – eşqinizin dəyəri.

+

Möhtəşəm ürəklərin qatı qaranlıqlara,
Nur saçan ən şərəfli alovuna bərabər.

+

İnan, Kleopatranı sizi mən sevən qədər,
Nə Mark-Antuan sevib, Sezarın özü nə də.

+

Şübhə etməyin, Madam, bircə gülüşünüzdən
Ötrü Yuli Sezar tək hazıram vuruşam mən.

+

Və Antuantək qaçam bir öpüşün vədinə,
Xydahafuz, bu qədər. Uzun alındı yenə.

+

Oxumağa sən bunu vaxt itirsən nə qədər,
Yazanda sərf etdiyim zəhmətə çətin dəyər.

Fransızcadan tərcümə

QEYD: Şeirin orijinalında bir necə dəfə müraciət forması dəyişir, həm “”siz”, həm “sən” işlədilir.

27-29.12. 2018
Samara

RƏSUL RZANIN GÜLMƏLİ ŞEİRLƏRİ. ƏSİL ŞAİR NAZİM HİKMƏT VƏ RƏSUL RZA XALTURASI

RASUL_RZA

Rəsul Rza dənizə çoxlu şeirlər yazıb, şeir deyəndə ki, sözləri düzüb alt-alta, hər şeirin uzunluğu kilometr…

“Ləpələr elə bil dəvə karvanıdır…”

Başa düşdük…

“Hər dalğa bir dəvədir”

Bu, təkrardır. Bir misra əvvəl deyilmişdi. Başqa şeirində də dalğa “nərə” oxşadılmışdı…

“Dəvələr dənizin üstündə döşlərini qabardıb gəzir…”

Bu, ağ olmadı?

Şairin zənnincə, ağ olmayıb. Ağ qabaqdadır:

“Böyükləri sanki şahdır, kiçikləri vəzir…”

Yazıq oxucu… Bunu yazan misra hesabı pulunu alıb qoyub cibinə, oxucuya qarınağrısı qalır…

Sonra:

“Sanki hər damla bir insandır…”
Dalğa — dəvədir, damla – insan…

“Damla sahilə düşsə,

qumlarda pünhan olur…”

Bunu lap Əliağa Vahid kimi yazıb: “Pünhan olur…” Burda bir əğyar çatışmır…

Və axıracan bu cür cəfəngiyyat…

Qəriblikdə, xüsusən birinci on-on beş il, gah mahnı xatırlayırsan, gah haçansa əzbərlədiyin ya eşitdiyin şeir. Mən hərdən Həsən Əblucun səsiylə dəniz haqqında bir şeirin bəzi misralarını xatırlayıb kövrəlirdim. Elə bilirdim şeir Rəsul Rzanındır.Tək elə bu şeir görə Rəsul Rzanı sevir, onu qüdrətli sayırdım. Sonra İnternetin zamanı gəldi, həmin şeir axtardım, tapdım….

Şeir Nazim Hikmətindir…

Bu iki şeirin müqayisəsi kifayətdir ki, Nazim Hikmətin əsil şair, Rəsul Rzanın isə xalturaçı olduğunu açıq görəsən…

NAZİM HİKMET

HASRET

Denize dönmek istiyorum!
Mavi aynasında suların:
boy verip görünmek istiyorum!
Denize dönmek istiyorum!

Gemiler gider aydın ufuklara gemiler gider!
Gergin beyaz yelkenleri doldurmaz keder.
Elbet ömrüm gemilerde bir gün olsun nöbete yeter.

Ve madem ki bir gün ölüm mukadder;
Ben sularda batan bir ışık gibi
sularda sönmek istiyorum!
Denize dönmek istiyorum!
Denize dönmek istiyorum!

29.12. 2018

Samara

ƏYRİLİK        

                     «Hər nə gördüm, əyri gördüm…”

                                               Vaqif

                                «The time is out of joint…”

                                          Shakespeare

Əyrilik şərtidir yəqin həyatın —
Düppədüz olsaydı əgər yer üzü
Çaylar yer üzündə necə axardı?

Necə yaşayardı dənizlər özü?

 

 

Ağac da olmazdı, olmasaydı çay,
Ehtiyac olardı  kölgəyə nə də.

Bütün nemətlərə istək, ehtiyac,

Yaranır dünyanın əyriliyindən.

 

 

Soyuq da, isti də qədərindəsə,
Hamı etibarlı, düzdüsə hər kəs,

Çətin ki, harasa kimsə tələsər,
Qapıdan çıxmağa tapılmaz həvəs.

 

 

İnsanın özünü yer üzərində,

Elə əyrilikdir axın tək qovan,
Hər şey düz olsaydı, həm də yerində,
Hansı dəli idi yerindən duran?

 
Necə mütləq ola, davamlı ola,
Zaman oynağından çıxır anbaan,
“Olummu, ölummü?” monoloquyla,

Səhnəyə atılır yenə qəhrəman.

 

28.12. 2018

Samara

POL VERLEN. AND

verlain-19

            Vœu

Ah! İlk ürəkaçmalar! Sevginin ilki şirin!

Gözlərin dəniz göyü, qızıl saçlar, gül bədən,
Sevimli, gənc bədənin qoxusu baş hərlədən.

Qorxulu qəfilliyi odlu nəvazişlərin!

 

İndi uzaqda qalmış qayğısız və şən anlar,

Ürək açıqlığı da! Əfsus, tamam yenildi

Sevincləri Baharın soyuq, qara qışına
Amansız qüssənin ki, hələ də qəlbimdədir!

 

 

Necə təkəm indi mən, yas içində və tənha,
Yas içində, ümidsiz, soyuğam qocadan da,

Böyük baсıya həsrət zavallı yetiməm mən.

 

 

Ah, qadın! Məhəbbəti isti və can qızdıran
Hər şeyə öyrəşikli, zərif, düşüncəli həm,
Bir uşaq kimi hərdən öpər də alnınızdan.

Fransızcadan tərcümə

24-25. 12. 2018

Samara