Архивы

TEOFİL QOTYE. QIŞ FANTAZİYALARI

gautier_big-min

     Fantaisies d’hiver

I.

Çöhrə avazıyıb, burun qızarıb,

Püpitrsə tamam buz içindədir.

İlin fəsilləri mövzusunda qış,
Solo ifa edir indi səhnədə.

 

Oxuyur, özünə arxayın deyil,

Səsi də titrəyir, hava da köhnə.

Donmuş ayağıyla həm ölçü döyür,
Eyni zamanda da dabanını həm.

 

Hendel tək təlaşla titrədiyindən,

Parikdən silkinib gedir pudrası,

Əl çəkir boynunun ardına hərdən,

Qorxur ki, başını tamam qar basa.

 

II

Qəfildən buzlarla qapanıb qalıb.

Üzərkən Tyüilri hovuzunda qu,

Bağlarda səyindən qarın, qırovun,

Ağaclar ağ-gümüş krujevalı.

Gül-çiçək yaradır, dəstə düzəldir,

Şaxta köşk içində vazı bəzəyir;

Gözün hara baxsa qar üzərində,

Ulduz tək parlayır quşların izi.

Pyedestal üstdə yarı geyimli,

Venus Fokionla qol-boyun olub,

Qış özü yaradıb model elə bil,

“Üşüyən qız”ına  Klodionun.

III

Qadınlar keçirlər ağaclar altda,
Hamı sincab, dələ xəzi içində.

İlahə mərmərdən yonulubsa da,
O da qış donuna bürünür indi.

 

Anadiomenli Venus rotonda,
Geyinib əyninə kapyuşonuyla,

Külək döyəcləyər Floranı da,

Xırda əllərini muftaya salar.

 

Və Kuazevoksun, bir də Kustunun,
Elə üşüyür ki çoban qızları,

Boyunlarındakı şarfın üstünə,
Onlar bu havada xəz dolayırlar.

 

IV

Şimal, qabağına Paris dəbinin,
Mantolar çıxarır ağır, bahalı,

Afina qızını Skif elə bil,
Ayı dərisinə büküb bağlayır.

 

Şimal Palmirası təzələnmədə,
Qış ona müxtəlif bəzəklər vurur.

Ətraf dəbdədəli rus xəzidir,

Vetiver qoxusu dəlir burnunu.

 
Və Həzz də alkovda uğunub gedir,

Çılpaq Amurları qoyub arxada,
Miloslu Venusun bəyaz bədəni,
Kürən bir dəridən üzə çıxanda.

V

Gedirsiz duvağın altda qayğısız,
Qısqanc baxışlara məhəl qoymadan.

Üşüyər Əndəlis ayaqlarınız,

Çıxsanız bu qarda küçəyə amma.

Şaxta qəlib kimi alıb bərkidir,
Xırda ayaqlardan düşən izləri.

Bəyaz xalçasını hər yerə sərib,

Hər addımda sizin adları yazır.

 

İşi anlayaraq qaraqabaq ər,

Gəlib yetişəcək gizli yuvaya.

Ordasa yanağı qırmızı hələ,

Amur qucaqlayır Psixeyanı.

 

QEYD: 1858-59-cu ilin qışında Teofil Qotye Moskvada və Peterburqda olmuşdur.

Fransızcadan tərcümə

21-22.09. 2018

Samara

TEOFİL QOTYE. SONUNCU İSTƏK

 

gautier_big-min

Dernier vœu

Mən sizi sevirəm görün nə vaxtdan,

Bu tarix on səkkiz il ola bəlkə.

Siz çiçək kimi tər, mənsə solğunam,
Bahar sizinkidir, qşışsa mənimki.

 

Xeyli zamandır ki, mənim gicgahım,

Örtülüb məzarlıq çiçəkləriylə.

Qurumuş alnımı, daha az qalıb,
Onlar dəstə-dəstə kölgələyərlər.

Qüruba yollanır solan günəşim,

İndicə üfüqün itər dalında,

Matəm təpəsində gəzir baxışım,

Axır mənzilimi görürəm orda.

 

Dodaqlarınızdan düşəydi kaş ki,
Yubanmış bir öpüş dodaqlarıma.

Belə mükafatla məzarda bəlkə,
Arxayın ürəklə mən də yataram.

Fransızcadan tərcümə
20.09. 2018
Samara

TEOFİL QOTYE. ÜRƏYİN ALMAZI

gautier_big-min

  Diamant du cœur

Kim ki aşiq olur, öz ürəyində,
Ya da bir dolabda, sevdiyi verən,

Amanat saxlayar, və yeriyəndə,
Ümid ya peşmanlıq, əzizlənər rəhn.

Şirin təbəssümlə cəsarətlənib,
Biri vurulduğu qara hörükdən,

Xəlvət çəngə kəsir, incə tellərin,
Zığ-zığ qanadından çaları tünddür.

Ağ, incə boyuna düşən saçların,
Zərif tellərindən kəsir başqası.

İpək kimi nəfis, həm də qıvrılan,

Yaradıb elə bil barama ağzı.
Üçüncü xatirə məqbrəsinə,
Bənzəyən mücrünün dərinliyində,
Bəyaz və balaca bir əlcək sərib,
Tapılmaz beləcə xırda əl indi.

Bu isə can atar, xüsusi şarma,

Naxışlı-tikməli saşedə gizlər,
Parmadan aldığı bənövşələri,

Bir vaxt bu çiçəklər təzə-tərdilər.

Biri isə öpür, ona əzizdir,
Sendrilyon itirən başmağın tayı.

Bu isə bir isti nəfəs gəzdirir,
Haçandan içində qalıb maskanın.

Məndəsə nə incə telin çəngəsi,
Nə əlcək, nə buket, nə də ki başmaq.

Göz yaşından qalan sevimli izi,

Bir vərəq üstündə saxlaram ancaq:

O sanki göylərdən haçansa enən,
Nadir bir damlaydı, gecə nəmiydi.

Eşqimin camına düşüb əriyən,
Mirvari kimiydi, inci giləydi!

Mənim gözlərimdə bu tutqun ləkə,

Parlaqdır Ofirin incilərindən,

Mavi perqamentdə o elə bil ki,
Yaqut damlasıdır almaza dönən.

Məni sevindirən damla bir zaman,
Şerimə misilsiz  xəzinə sayaq,
Bir gözdən düşdü ki, hələ onacan,

Bilmirdi dünyada nədir ağlamaq.

Fransızcadan tərcümə

19-20.09. 2018

Samara

Запись опубликована 20.09.2018, в QOTYE.

TEOFİL QOTYE.  KONTRALTO

gautier_big-min

    Contralto

Antik muzeydə mərmər

Yataqda bir heykəl var,
Sirli gözəlliyiylə,
Qəlbi qayğılandırar.

 

Gənc oğlanmı? Qadınmı,

İlahəmi, tanrımı?

Sevgi susur abırdan,
Kəsir etirafını.

 

O, ötkəm durumuyla,
Balınc üstdə uzanıb.
Maraqcıl adamlara,

Arxası saymazyana.

 

Lənətli gözəlliyi
Tərifləyir hər görən,

Venera! – kişi deyir,
Qadın deyir: Kupidon!

 

Naməlum cins, deyərsən,
Öpüşüylə əriyib,

Bədəni Salmasisin,

Suyunda fəvvarənin.

 

Odlu ximer, ali səy,
Sənətin və həvəsin,

Müxtəlif cür gözəlsən,

Monstr, seviimlisən!

 

Qırçınlı donun altda,

Gərdənin gizlənsə də.

Gözlərim balağından,
Yol tapıb keçir yenə.

 

Şair arzususan sən,
Səninlədir çox gecəm,
İnanmıram nədənsə,
Aldanaram beləcə.

 

Fəqət o, dəyişmədə,

Şəkildən səsə döndü.

Bu metamorfozda həm,

Oğlan və qız var indi.

 

 

Həm qadındır, həm kişi,

Qəşəng, qəribə tembr!

Kontralto, qarışıq,

Səs hermofroditi!

 

Romeo, həm Cülyetta,
İki səs bir nəfəsdən.

Qümri, qamışquşu da,

Bir qızıl gülün üstdə.

 

 

Sevgidən danışaraq,

Xanım gülür pajına.

Divar dibində məşuq,

Dama qala başında.

 

İzləyir ağ kəpənək,

Sadiq rəfiqəsini,

Uçub biri yüksəlcək,

Uçub birisə enir.

 
Mələk qalxar və enər,
Qızıl pilləkən üstdə.

Qarışıb zəng səsinə,
Mis və gümüşü səs də.

 

Hava və harmoniya,

Müşaiyət və mahnı.

Qüvvə və qrasiya,
Eşqin ehtiras anı!

 

Qırçın tuman əynində,

Axşan o, Sandrilyondur.

Danışırlar önündə,

Sisəy dostuyla odun.

 

Sabah dəyərli Arsaz,

Qəzəbdən coşur, qızır.

Zirehli Tankred ya,

Qılınc, dəbilqə qızıl.

 
Sızıldar Dezdemona,
Canfəşandır Mazetto.

Necə sənə heyranam,

Vurğunam, kontralto!

 

İkiqat cazibə var,

Sirli məlahətində.

Olardın, necə Gülnar,

Bir Laranın Xaledi.

 

Səsi nəvaziş anı,
Yatan qəlbi tərpədər,

Məşuqə ahlarına
Kişi çaları enər.

 

Fransızcadan tərcümə

198-19.09. 2018

Samara

TEOFİL QOTYE.  ÖLÜMDƏN SONRAKI İŞVƏKARLIQ

gautier_big-min

Coquetterie posthume

Çəkiclə, mismarla qapaq vurmağa,
Tabutuma, ölsəm, siz tələsməyin.

Bir az ənlik çəkin yanaqlarıma,

Bir az gözlərimə qara da çəkin.
İstəyirəm bağlı tabutumda mən,

Necə o,  eşqini mənə açan vaxt
Qalsın yanağımda allıq əbədən,

Qara silinməsin gözümdən daha.

 

Kəfən istəmirəm qəşəng, bahalı.

Bəyaz qırçınlarla bəzədilmiş ağ
Muslindən tikilmiş paltarım ola,
Laylana üstündə düz on üç balaq.

O məni bəyəndi elə bu donda.

O bir xatirə tək əzizdir mənə.

Onun baxışıyla don dualandı,
O vaxtdan geyməzdim omu əynimə.

 

Nə sarı çiçəklər yanıma qoyun,
Nə də işləməli nalça istərəm.
Şəlalə hörüklü başım uyusun,
Öz krujevalı balıncım üstdə.

 

Bu balınc şahiddir dəli gecələr,
Baş-başa vermişik necə yataqda.

Saysız öpüşləri sanayıb hədər,

Qondolanın qara örtüyü altda.

 

 

Yumşalar əllərim dönər ağ muma,

Barmağı barmağa ibadət calar.

Papanın Romada dualadığı,

Siz opal təspehi salın qoluma.

 
Heç kim indiyəcən dura bilməyən,

Yataqda sıxaram sinəmə onu.

Ağzıma tökülər onun diliylə,

“Atamız” duası, bir də Osanna.

 

Fransızcadan tərcümə

17.09. 2018

Samara

TEOFİL QOTYE. GÖYƏRÇİNLƏRİN DEDİKLƏRİ

gautier_big-min

Yarpaqlar tökülür göz önündəcə,

Xəzələ  saralmış çəmən bürünür.

Sərin külək əsir səhər və gecə,
Əfsus! Sonu çatdı gözəl günlərin!

 

Bağa keşik çəkən gözəl güllərin,
Son dəfə açılır xəzinə ağzı.

Son dəfə kokardı taxır georgin,

Gülünbaharların ləçəyı qızıl.

 

Qovuqlar yaradır soyuq yağışlar,
Göllərin səthində, görəyçinlərin

Damların üstündə iclası başlar:

Budur, soyuq gəlir, budur, qış gəlir!

 

Köç hazırlığına başlayır onlar,

Dinir nəğmələri səfər önündə.

Söyləyir birisə: “Afinada, ah,
Qədim divarları görəm yenə də!

 

Uçuram mən ora və Parfenonun,

Yuva bağlayıram metopasında.

Karnizin birində yuvamla onun

Mərmi deşiyinə qapaq salıram.

 

Digəri: “Mənimsə xrdaca hücrəm,

Smirnada kafe tavanındadır.

Qızmar günəş altda orda hacılar,

Təsbeh çevirirlər əmbər dənəli.

 

Girirəm-çıxıram adəti üzrə,
Ağuş buxarında çubuqların mən,

Tüstüdə uçarkən qanadım dəyər,
Onların fəsinə, çalmalarına.

 

Üçüncü: “Balbekdə, frontonundan,
Məbədin yuvamı hər il qururam.

Caynaqla asılıb qalıram ordan,
Hər yedizdirəndə balalarımı”.

 

Dördüncü söyləyir: “Ünvanım mənim,
Rodosdur, sarayı cəngavərlərin.

Hər qış çalışıram kapitelini
Sütunun yuvama orda çevirəm”.

 

Beşinci: “Yaş məni ağırlaşdırır,
Fikrim var dayanam buna görə də,

İlıq Maltanın ağ terraslarında,

Orda səma da göy, orda su da göy”

 

Altıncı sözləyir: “Mənə xoş gəlir,
Qahirə; başında minarələrin,
Bir naxış yapıram samanla, gillə,
Hazırdır beləcə qış evim mənim”.

 

Yeddinci söyləyir: “yuva qururam,

Mən Nilin ikinci astanasında.

Orda yaxşıca bir yuva yeri var,

Qranit fironun tacına baxsan”.

Hamı: “Qatarımız nə qədər ölkə,

Üstündən aşaraq uçacaq sabah,

Düzən, qarlı zirvə və ağ köpüklə,
Bəzənən dənizlər qalar arxada”

 

Sıralanıb yapma çıxıntılarda,
Çığırtı qoparır, qanad çiləyir,

Görəndə meşədə qızıl pas artır,
Coşur sevinci də göyərçinlərin.

 

Onlar nə desələr, mən anlayıram,
Çünki şair özü quşa bənzəyər.

Ancaq əsirdir o, qanadlarını,

Görünməz barmaqlıq sındırar, əzər.

 

Qanad, qanad, qanad verin ki, uçum,

Ryükert nəğməsində dediyi kimi

Qanadımı qızıl günəşə açım,
Al-yaşıl bahara tutum üzümü.

Fransızcadan tərcümə

16-17. 09. 2018

Samara

QOTYENİ ÇEVİRƏRKƏN: HACILAR DAMA OYNAYIR YA TƏSBEH ÇEVİRİRLƏR?

Teofil Qotyenin “Ce que disent les hirondelles” (“Göyərçinlərin dedikləri” ya “Göyərçinlər nə deyr”) şeirndə quşlar köç ərəvəsində yığışıb yollanacaqları yerlərdən danışırlar. Biri Afinanı tərifləyir, biri Smirnanı.

L’autre : «J’ai ma petite chambre 
A Smyrne, au plafond d’un café. 
Les Hadjis comptent leurs grains d’ambre 
Sur le seuil d’un rayon chauffé.

Bu göyərçin yuvasını kafenin tavanında qurur. Burda Hacılar (Hadjis) “comptent leurs grains d’ambre”, yəni kəhraba dənələrini sayırlar.

Bu nə deməkdir?

Bu şeirin ruscaya tərcümələrindən biri (ən yaxşısı) görkəmli şair Nikolay Qumilyova məxsusdur. O, ikinci beyti belə çevirir:
“Хаджи играют в шашки мирно,
С ногами сидя на софе”.

Yəni hacılar dama oynayırlar, ayaqları da divanda.

Doğrudanmı hacılar dama oynayırlar?

Yox, əslində hacılar təsbeh çevirirlər!

Smirna Qotyenin vaxtında türklərin olub, hacıların kafedə olmağı buna görədir. Ancaq onların dama oynamaqları şübhəlidir. Nərd ağlabatan olardı. Ancaq şübhə yoxdur ki, Qotyenin mətnində söhbət təsbehdən gedir.

Qumilyov, şübhəsiz ki, məndən fərqli olaraq, fransızcanı ana dili kimi bilib. Ancaq yəqin ki, müsəlmanların təsbeh çevirdiklərini ya bilməyib, ya da tərcümə üzərində işlərkən bu, ağlına gəlməyib.

O ki, qaldı indiki hacılara, onlar nəinki dama oynarlar, onlar hər cür başqa oyunlardan da çıxarlar…

17.09. 2018
Samara

  TEOFİL QOTYE. KARMEN

gautier_big-min

Carmen

Qəhvəyi bir tonla  arıq Karmenin,
Qaraçı gözləri dairələnib.

Saçlarının rəngi gecə tək qara,

Dəri aşılanııb iblis əliylə.

 

Arvadlar desə də o, eybəcərdir,
Dərdindən dəlidir hər kişi axı.

Messa oxumuşdu dizi önündə,

Ona toledolu arxiyepiskop.

 

Kəhrəba rəngində boynu aşağı,
Qıvrılır sallanır qalın hörüyü.

Elə ki, açılıb gecə dağılır,
Arıq bədənini tamam bürüyür.

 

Ağımtıldır onun bütün bədəni,

Seçilir gülümsər, müzəffər ağzı.

Qırmızı istiot, rəngini yəqin,

Sınıq ürəklərin qanından alır.

 

Bu qarabuğdayı varlıq önündə,

Çəkilir çox məğrur gözəllər hətta,

Elə ki işarır gözləri birdən,

Oyadır işrətdən doyanları da.

 

Eybəcərliyində onun gizlənər

Dənəsi duzunun o dənizin ki,

Haçansa çıxdı lüt və gəl-gəl deyən,

Duzlu Afrodita ordan silkinib.

fransızcadan tərcümə

15.09. 2018

Samara

TEOFİL QOTYE. KAMELİYA VƏ QIZÇİÇƏYİ

gautier_big-min

Camélia et Pâquerette

Heyranıq şitillik çiçəklərinə,
Onlar uzaqdırlar doğma günəşdən,

Şüşəyə salınmış incilər kimi,

Büllur günəş altda şölələnərlər.

 

 

Nazlamır, oxşamır dəniz yelləri,
Onları sehrli öpüşləriylə.

Doğulur, yaşayır, onlar ölürlər,
Maraqcıl kütlənin önündə elə.

 

Xəzinə açırlar sinələrində.

Yarımşəffaf divar dalında onlar,
Sevimli kurtizan qadınlar qədər,

Qızıl qiymətinə onlar alınar.

 

İşvəli qızlar tək baş-başa verər,
Çini güldanlarda dəstələnərək.

Ya da qaytanlayar onları bir əl,
Məclisə gətirər, buket hörərək.

 

Tez-tez arasında yaşıl otların,
Barmaqlardan qaçaq, baxışdan qaçaq,
Sükutlu, kölgəli meşənin qalın,
Uzaq  yerində də bir çiçək yaşar.

 

Sadəliyi qədər gözəlliyi var,
Həm torpaq, həm səma ona vətəndir.
Və sadə ətrini axıdar, yayar,
Tənhalıq xətrinə, Tanrı xətrnə.

 

Titrəyən, vurnuxan bir ağ kəpənək,
Ya da təsadüfi zillənən baxış,
Saplağı üstündə nazlanan çiçək,

Sadəliyi ilə sizi çaşdırır.

 

Oynamayın onun həyadan əsib,
Titrəyən təzə-tər ləçəkləriylə.
Qoy onun təmiz və ətirli qəlbi,
Dolsun içinizə uzaqdan elə.

 

Qızıla alınmış kameliyanı,
Dəniz yollarıyla gələn zanbağı,

İnsan unudacaq, bəlkə bir anlıq,
Ot altında xırda çiçəyə baxıb.

 

Fransızcadan tərcümə

14-15.09. 2018

Samara

TEOFİL QOTYE. CAERULEİ OCULİ[i]

gautier_big-min

Caerulei oculi

Hissimi, duyğumu gözəlliyiylə,

Narahat edən qadın.

Coşan dalğaların durub seyr elər,

Lal-dinməz və tənhadır.

 

Gözlərinin duzlu maviliyinə,
Göyün əksi qatılar,
Bu qoşa ulduzun işartısı nəm,

Dəniz çaları da var.

 

Qəmli gözlərinin xumarlığında,
Mərhəmət gülümsəyir.

İslanır gözlərin alovu yaşdan,

İşığı zəifləyir.

 

Kirpiklər dalğada şütüyən, uçan,

Qağayılar kimidir,

Təlaşla qanadlar sanki çırpılar,

Naməlum mavilikdə.

 

Dibində nə qədər xəzinə yatan,
Dərin mavi su kimi,

Fula kralının dalğa qatından,

Tapılacaqdır camı.

 

O tac ki, Şillerin balladasında,
Girdaba atılıbdır,

Ona əli yetməz bir dalğıcın da,

Saf işıq saçır orda.

 

Zümrüd şəffaflığın altında yanır,
Yosunlar arasında.

Həlqəsi yanında şah Solomonun,
Düşüb Kleopatra mirvarisi də.

 

Möcüzəli bir güc sürüyür məni,
Uçuruma doğru bu gözlərdəki.

Harald Halfaqarı dəniz dibinə,

Çəkir Siren necə ki.

 

Ürəyimsə onu sarsıdan, üzən,

Ehtirasın gücüylə,

Girdabın içində kölgəni izlər
Keçirə bilməz ələ.

 

Döşünü göstərir, quyruğunusa,
Nazla siren gizlədir.

Yuxulu dalğanın yaşıl minası

Altda göy çalarlı ağlığı itir.

 

Ehtiras anında coşan sinə tək,

Qayğılanır su, köpür

Dəniz ləyəninin dibində külək,

Zümzümələrlə ötür.

 

“Sədəf yatağıma, ah, dayanma, gəl,
Səni qucaqlayar dalğa qollarım.

Acı dad-tamını sular itirər,
Sən bal axıdanda dodaqlarınla.

Başımız üstündə coşub gurlasın,

Yorulmaz bu dəniz istədiyi tək.

Unutqanlığını qasırğaların.

Mənim öpüşümün camından içək”.

 

Nəm hopulu bu səs beləcə deyir,

Baxışı göy çalarlı.

Məkrli dalğalar altda ürəyim,

Batsa da arzusu yaxın vüsaldır.

Fransızcadan tərcümə

12-13 sentyabr 2018

Samara

[i] Caerulei oculi —  mavi gözlər (latın)