Архивы

VETERAN HAQQINDA ŞEİR

2021 лето

           I

Əlində  dolu bidon,

Alışqanı cağbacağ.

Veterandır bu gedən  —

Özünü yandıracaq.

 —

Yeddi-səkkiz medalla

Gəlib müharibədən,

Layiqdi orden ala,
Vermədi rəhbər orden.

 —

Millətimin igidi,

Həyatdan narazıdır.

Torpaq az verilibdi,
Pensiyası da azdır.

 

Azdır uşaq pulları,
Cırığa yamaq deyil.

Yox abırlı paltarı,
Yeməyi yemək deyil.

 —

Baxanda məmurlara,
Beyninə sıçrayır qan-

Məgər bunlara görə,
Can qoyurdu veteran?

 —

Bunlar xalqı soyurlar,
Ermənidən də betər,

Milyonları yəqin var,
Nə kef çəkə, bəs edər.

 —

İcra başçısı oğraş,

Qəbuluna buraxmır.

Şərəfsiz, ürəyi daş,
Çıxıb üzünə baxmır!

 —

Yox medala hörməti,
Saymır ki, axıdıb qan.

İndi bu məşəqqəti,
Bitirəcək veteran…

    II

Əl saxla, dayan hələ,

Şücaətli qəhrəman!

Uşaq puluna görə,
Məgər qan axıtmısan?!

 — 

Sinən mərmiyə sipər,
Dayanmadan gedərkən,
Pensiyanı sən məgər,

Düşünürdün, qəhrəman?

 —

Türk demişkən, bilirdin,
“Aslan ağzında tikən”,

Azadlığıyla indi,
Sənə borcludur ölkən!

 —

İgidim, qanın axıb,
Şərəf, namus naminə.

Döyüşdən qalib çıxıb,
Qayıtmısan evinə.

 —

Möhtəşəmdir xidmətin,

Yox sənə layiq medal.

Nə pul, nə həyətyanı? –

Ölkəni məmurdan al!

 —

İgid, bidonu tulla,

Söndür alışqanını.

Ölüm gözləyər hələ,
Xalqımın veteranı!

 —

Savaş öndədir hələ,
Yurd əyri əllərdədir.

Ölkəni yalın əllə,

Tələb et geri indi!

 

15.07. 2022, Samara

MƏHKƏMƏ

2021 лето

 Nə İçəri şəhər, nə Qız qalası?

Təzəpir, Şirvanşah sarayı nədir? –

Bizim məhkəməyə əcnəbi gəlsin,

Görərsən gözləri kəlləsindədir.

 —

Pokuror deyəndən əgər baş açsa,

Deyər ki, Göbbelsdir – dirilib gəlib.

Hələ bilməsə də bürüyüb basıb

Ölkəni Göbbelsin törəmələri.

 — 

Roma hüququnu burda yox hörmət
Anqlosakson ədl sisteminə də.

Hökmü pul çıxarır və hakimiyyət,
Təsdiqi polisin dəyənəyində.

 —

Məhkəmə zindanda gedir elə bil,

Vəkil qapaz altda, jurnalist elə.

Türmə divanıdır, məhkəmə deyil,

Milləti zonaya salıblar belə.

 —

Kim hökm çıxarıb, günahı nədir,

Sonu cəzasının çatacaq haçan?

Hardan bu göbbelslər doğub-törədi,
Fürerlər yarandı necə və hardan?

 —

Millətimə çatan zəhər camıdır.

Qədim yunanların məhkəməsindən.
Millət nəsil-nəsil o camdan dadır,

Yarımcan boylanır daş qəfəsindən.

 

14. 07. 2022, Samara

QURBAN

Bağlanıb ayaqları,
Böyrü üstə yıxıblar.

Üzü qibləyə sarı,

Gözlərindəsə yaş var.

 —

İtilənibdir bıçaq
Kəsən bilir işini,
Bədəndən ayıracaq,

İndi qoçun başını.

 —

İslanıb boynu tərdən,

Göz yaşı axıb gedir.

Yox hünəri tərpənə,

Qoç oğlu qoç deyildir!
 

Hər quşun, hər heyvanın,

Ağacın, çiçəyin də,

Yaradanı var yəqin.
Bəlkə yalvarır indi,

 —

Yaradanına  Qurban

Mərhəmət diləyərək.

Yaxınlaşınca zaman,

Ya da deyir «kaş gərək,

 — 

Kor ya axsaq olaydım,

Quyruğu kəsik həm də.

Buynuzlarım sınaydı,

Ya da kəllələşəndə.

 —

Başım üstdə bıçaqlı — 

Qoç oğlu qoç yaranan,

Ölür ayağı bağlı.

Yaranmayaydım heç mən!»


 Çəkər tiyəni indi,

İşini bilən kişi.

Baş ayrılar bədəndən –

Budur dünyanın işi…

09. 07. 2022, Samara

KLAUSTRAFOBİYA

29 iyun

Bəlkə məni xırda, çəlimsiz həm də,
Tanrım yaratdı ki, zavallı ölkəm,
Möhtəşəm görünə məinm gözümdə.

Taleyin yükünü səbrlə çəkəm.

 —

Mən də yük çəkirdim səbrimi basb,
Nə qədər uşaqdım, ağıldan da kəm.

Mənə bəs edirdi ölkə miqyası,
Başqa bir ölkə də tanmırdım həm.

 — 

Klaustrafobiya adlı bir azar,
Bir gün xirtdəyimdən yapışdı ancaq.

Kiçildi gözümdə ölkəm, oldu dar,

Evsə ruhu sıxan, incidən bucaq.

 —

Böyük çayında da gəmilər üzməz,
Dənizi qapalı – elə adı var,

Hava qıtlığından qaralır nəfəs,

Çünki havaya da yiyə durublar.

 —

Daim qulağında Rəhbərin səsi,
Burnunun ucunda yumruğu hər an.

Əzir, əızışdırır hər kəs hər kəsi.
Qapı, pəncərə yox çıxıb qaçasan.

 —

Klaustrafob azarı haçan,
Kimdən keçdi mənə — deyə bilmərəm.

Bəlkə iki dünya dar gələn insan,
Zehnimi sarsıtdı, ruhumu da həm?

 —

Havası çatmırdı, baş aldı birdən,

Çox gəzib Hələbə gəldi nəhayət,

Adamyeyənlərdən çıxıb əlindən,
Dərisoyanlara ilişdi fəqət…

 —

Çırpınıb, çırpışıb çıxdım ölkədən.

Olanım kağızdı — yaxama sancdım,

Hava istəyirdim sinə dolu mən,
Hava nemət idi — mən axı gəncdim.

 —

Gəncdim, zəifdim həm… Rusdan o yana,
Getməyə çatmadıiradəm, əzmim.

Buranı yuyurdu üç okeanın

Suları. Qıt olmaz hava, deyirdim.

 —

Özü də gözümdə indi kiçilib,
Dünyanı başıma dar edib həm də.

Hər kəsə, hamıya qənim kisilib,

Nə istisi qalıb, havası nə də.

 —

Əhali toplanır, avtomatlanır,
Gedir dağıtmağa, qan axıtmağa.

Getmək istəməyən xain adlanır,

Nəfəs çəkməyin də riskdir daha.

 —

Qorxuram bundan da qara gün gələr,
Kibrit, duz yığıram, bir az da ərzaq.

Ətraf dəri soyan, adamyeyənlər,
Boyum tək dilim də qısadır ancaq…

 

02-03. 07. 2022, Samara

QOCALANDA…

2021 лето

Elə bil qonaqsan çağırılmamış,
Ya da yarıkönül çağırılmısan.
Hamı gözləyir ki, gedərsən haçan,
Gözlərində qınaq, bəlkə də qarğış.

 =

Boğazından aşmır kəsdiyin tikə,
Haramdır elə bil, ya da özgənin,

Öz ömrün tükənib, yaşanan hər gün,
Çıxılır ömründən kiminsə bəlkə…

 =

Ürkək dolaşırsan şəhərə çıxsan,
Qısılıb divara gedirsən həqir.

Səni dalda qoyur azı bir əsr,
Şütüyüb yanından keçən hər cavan.

 =

Elə bilirsən ki, baxır qıyqacı,
Gözucu baxsa da kişi ya qadın.

Deyir niyə doyub sən dolanmadın,

Süfrədən durmağın vaxtıdır, qoca!
=

Başını qaldırıb göyə baxmağa,

Nə həvəsin qalıb, nə də qüdrətin.

Gəlmir, gözləyirsən, hələ dəvətin,
Tənədən, qınaqdan üzüldün daha…

 

29.06. 2022, Samara

ANAM SAĞ OLSAYDI BELƏ YAZARDI…

Kənd. MƏMƏMLƏ 2

 Qonşu uşağından borc alıb varaq

Vergülü, nöqtəni yada salmadan,

Latını kirilə qarışdıraraq,
Mənə şanlı məktub yazardı anam.

 —

“ Bala, indi ara qarışıb orda

Qoşun çəkib qırır  qonşunu Putin.

Bombalayır, vurur, yandırır ordu,
Uşaq da, qoca da ölüb neçə min.

 —

Əsgər aparmazlar yaşına görə,
Əgər aparsalar, denən xəstəsən.

Canında ağrı var, gözün pis görür,

Tapıb göndərərəm, pul istəsələr.

 —

Ya öz yerimizə elə qayıt gəl,
Müharibə yatıb, şükr Allaha.

Gəlib dolanarsan burda bir təhər,

Başını aşağı salarsan daha.

 —

Hökumətlə işin olmasın amma,
İlham Əliyofdan danışma heç nə.

İndi etibar yox dosta, qohuma

Ağzından nə çıxsa, çatar yerinə.

 —

Burda birisi var, adı Bəxtiyar.

O da nəsə yazıb, ya da ki, deyib,

Polislər aparıb döyüb o ki var,
Biri də üstünə hələ işəyib…

 —

Qayıt, bura ordan yaxşıdır indi,
Əlinə ağac al, gecəyə düşsən.

Yenə yolu kəsib qonşunun iti,

Qapıb birini də dağıdıb dünən…”

08.06. 2022, Samara

BURYAT

SONY DSC

Kimdi qapısını açan volyerin?

Kim buraxıb çölə yırtıcıları?

Zülmətin bağrından bir gecə yarı,
Çıxıblar, sayları bir neçə yüz min.

 —

Qarşıya çıxanı dağıdır onlar,
Yıxılır insan da, daş tikili də.

Çoxdur vəhşilərin itkiləri də

Ancaq hər birinin beş əvəzi var.

 —

Süngü tək sancılar, ox kimi batar,

Topa mərmidirlər, tüfəngə güllə,

Dişi, dırnağıyla, elə boş əllə,

Dağıdar, talayar – buryata nə var?

 —

Var ağı, sarısı, qarabənizi,

Apollon üzlülər, gözü qıyıqlar,

“Allah əkbər!” deyən, xaç çəkən də var,

Hər biri qan tökür, hər biri əzir.

 —

Onlar bir-birinə indi bənzəyir,
Hər biri buryatdır, rusdur hər biri.

Onlar tərk edəndən birgə volyeri,
Cinayətləri bir, ölümləri bir.

 —

Buryat gedə bilmir daha irəli,

Ya heyi qalmayaıb, ya da ayağı,

Gözlərin alası, çəpi, qıyığı,
Bir anın içində qalır bərəli.

 —

İndi bu yürüşdə hər gəbərəndən,

Bostan müqəvassı düzəldib əgər,
Assan dirəklərdən sərhədə qədər,
Bəlkə  çəkindirər buryatı hərbdən…


Volyer qapısını açansa bəlkə,
Dərin xumardadır qan qoxusundan.

Uçulur tikili, yıxılır insan,

Millət parçalanır, dağılır ölkə…

 

 

20. 05 2022, Samara

OBAŞDANLIQ

Sonuncu ulduz da  göydə sönərkən,

Yuxunun ən şirin vaxtı gələndə,
Ağ sap qara sapdan seçilməyəndə,
Lələm obaşdana durardı hökmən.

 —

Ömrü boyu oruc tutmasaydı da,

Yuxusuz qalardı məməm hər gecə,

Gərək obaşdanın vaxtı gəlincə,
Orucun yeməyi hazır olaydı.

 —

Hələ açılmamış ağzı qazanın,
Kişi oyadardı uşaqları da,

Yuxunun ləzzəti hələ də canda,

“Ye məni” deyirdi plov qazmağı.

 —

Yoxdu uşaqlardan bir oruc tutan,

Təkid eləmirdi kişi də hərçənd.

Bəlkə  obaşdanı bizə yedirdən,

İstəyib yanında olaq bir zaman…

 —

Elə ki açılar cənnət süfrəsi,

Kitab vəd eləyən daşınıb gələr,

Yaxına-uzağa boylanar lələm,

Ağlayıb çağırar, əssə də səsi:

 —

“Seyfulla, hardasan, Sübü, hardasan…

Ağənnə, Adgözəl, Süleyman, Salman…

 

15. 05. 2022, Samara

«YAZILAN, DEYİLƏN BƏLKƏ DOĞRUDUR…»

08.06 2020

Yazılan, deyilən bəlkə doğrudur:
Qiyamət günü var, cəhənnəm də var.

Yandıqca yanacaq orda günahkar,
Bir an sönməyəcək cəhənnəm odu.

Dəridən-qabıqdan çıxacaq yanan,
Dəri dönə-dönə təzələnəcək

Yalvarıb bir qurtum su istəyən tək,
Ərimiş qurğuşun alacaq insan…

Günahsız kim var ki? Bilirəm yəqin,

Cəhənnən doğrusa – yerim var orda,

Məni tikə-tikə doğrasalar da,

Ya da yandırsalar – buna layiqəm.

Hazıram tiyanda yanam əbədi,
Qurğuşun içməyə hazıram belə.

Anlaya bilmirəm mən ancaq hələ,

Əbədi cəzanın nədir məqsədi?

Ölən dirildilib oda atıla,

Qurğuşun verilə su istəyəndə —

Bu Tanrı adına yaraşır, nə də,
Anlamaq mümkündür adi ağılla.

Bəlkə işlədilə günahkar insan?

Ağır zəhmət çəkə, qan-tər axıda?

Qarnı ac, görməyə gözü yuxu da,
Şumlaya, becərə, biçə durmadan.

Hazıram işləyəm gündüz, həm gecə.

Qoşalar kotana, xışa – hazıram.

Sudan korluq çəkəm, ac ola qarnım,
Giley eləmərəm inciyəm necə.

Min il çalışaram, yüz il, yüz min il,

Bilirəm sayı yox günahlarımın,

Söndür bu əbədi tonqalı, Tanrı!

O, böyük adına yaraşan deyil!

12.02. 2022, Samara

“QURUYAN TARİXİN MÜRƏKKƏBİDİR…”  

SONY DSC

      

əziz dost İbrahim Hüseynova

Nə qədər yaşı var? Min il? Milyon il?

Kim bilir yaşını bu məskənlərin?

Anası Kür olub gör neçə nəslin,

Suyuyla yazılıb tarix elə bil.

Kürüm gündən-günə quruyub gedir,
Dibinin qumunu günəş qurudur.

Yox sabahkı günə ümidi yurdun,

Quruyan tarixin mürəkkəbidir.

Kürüm son nəfəsdə, o axmır, sızır.

Axır göz yaşı tək, acı, şor tamı.

Quruyur göz yaşı quruyan kimi,
Ürəyi yandırır şoru, acısı…

06. 03. 2022, Samara