UİLYAM ŞEKSPİR. 15-Cİ SONET

shakespear

When I consider every thing that grows…

Görəndə böyüyən, canlı  nə varsa,

Kamillik yaşayır bircə anlığa,

Dünya nəhəg səhnə, tamaşadırsa,

Hər şey ulduzların hökmünə bağlı.

+

Görəndə bitki tək boy atır insan,

Göy də gah soyudur, gah da isidir.

Şöhrətə can atır qaynadıqca qan,

Qocalıq gələndə ölür həvəs də.

+

Onda anlayıram bu gəldi-gedər
Həyatda gənclikdir sənin sərvətin.

Zamanla fənalıq mübarizədə,

Çevrilə gündüzün qara zülmətə.

+

           Dost, mən də girmişəm hərbə zamanla.

           Şerimdə qalacaq, nə səndən ala.

İngiliscədən tərcümə

26-27.2017

Samara

  CEYMS COYS. GÖYƏRÇİNİM, GÖZƏLİM

joyce.jpg

My dove, my beautiful one… 

Göyərçinim, gözəlim,

Oyan, dur!

Dodaqlarım, gözlərim,

Şehdən islanır.

 

Ətirli yel ah dolu,

Nəğmə qoşur elə bil.

Oyan, dur, səhər olur,
Göyərçinim, gözəlim.
Sidr ağacı yanında,

Durub gözlərəm səni.

Ağ sinəli göyərçin!

Yatağın olsun sinəm,

 

Bəyaz şeh gilələri,

Örtər, bəzər saçımı.

Vəfalım, göyərçinim,

Oyan, dur görüm!

 

İngiliscədən tərcümə

25-26.12.2018

Samara

   İTİRİLMİŞ VƏTƏN. «GƏL SƏƏ BİR QƏƏBƏ VERİM…»

«GƏL SƏƏ BİR “QƏƏBƏ VERİM…”

“Cənub bölgəsinin ən tanınmış şairlərindən biriydi Şəkər Aslan. Qələmə aldığı bütün şeirlər bədii-ictimai siqləti, poetik predmetə yanaşma məharəti baxımından seçilir”.

Bunu “Ədəbiyyat” qəzetində oxudum. Təsəvvür edirsiniz, “bütün şeirlər”! Hətta Şekspirin, Bayronun, Tyütçevin, Bodlerin, Vaqifin bütün şeirləri bir səviyyədə deyil, hamısının yaradıcılığında çoxlu cəfəngiyyat tapmaq olar. Şəkər Aslanın isə “bütün şeirləri” “məharət baxımından” seçilir…

Məsələn, bu:

“Nə vaxt stəkana dəyir dodağım, —

Elə bil öpürəm əllərinizi”.

Çayçı arvadlara həsr olunub. Stəkan dodağa dəyən kimi şair onların əllərini öpür. Bu, bir az şübhə doğurur. Mərhum Şəkər Aslan Lənkəranda böyük adam idi, qəzet redaktoru raykomun plenum üzvü olurdu. Və yəqin ki, Şəkər müəllim yaxşı hind, Seylon çayları içirmiş…Azərbaycanda içilən çayın çoxu o vaxt da gətirilmə idi, indi də. Ancaq ticarət dövlət xəttiylə olduğundan hind çayları doğrudan da hind çayları idi… Yəqin şair hind, Seyıon arvadlarının da əllərini öpürmüş. Xəyalən, əlbəttə. Hərçənd çay plantasiyalarında təkcə arvadlar çalışmırlar…

Soruşmayın ki, niyə məqalə müəllifi belə cəfəng, əslində neç nəyə, heç kimə konkret aid olmayan cümləni niyə yazır. Soruşmayın ki, niyə mübtədanı cümlənin axırına keçirir. Soruşmayın. Bu adam məqalə yazmır, limçay düzəldir. Bir əliylə haçansa kiminsə kim haqqındasa yazdığı məqalədən bir abzas götürür, o biri əliylə mərhim şairin bir beytini ya bəndini calayır həmin abzasa…

Bu adamın çörəyi üzülməz…

Ancaq məqalə müəllifi və mərhum Şəkər Aslan mənim yazımın mövzusu deyil. Bu məqalə mənə bir vaxtlar Salyanda çıxan “Qələbə” qəzetini xatırlatdı. “Qələbə” qəzetindəki məqalələrin doxsan faizi belə başlanırdı: “Mən tarlaya çatanda əmək bulaq kimi qaynayırdı”…

Kürün sağ sahilində yerləşən, Sovet vaxtı rəsmən Komsomol adı daşıyan, indi əvvəlki Ərəbqardaşbəyli adı qaytarılan kəndin Əlihüseyn adlı poçtalyonu vardı. Familiyası Manafov idi rəhmətliyin. Dilində şirinlik vardı. Bəzi səsləri, o cümlədən “l”-nı “yeyirdi. “Qələbə” yox, “Qəəbə” deyirdi və bu da ikimənalı çıxırdı. Kənd poçtalyonları o vaxt günortaya qədər Salyan şəhərindən poçtu götürür, günortadan sonra paylayırdılar. Nədənsə, həmişə qəzetlərdən artıq qalanı olurdu. Bizim qonşu Əlyar da oçtalyon işləyəndə qəzetlərdən artıq qalırdı. Mən uşaq vaxtı ona qəzetləri ayırmağa köçək edirdim. Köməyimə görə Əlyar, Allah ona rəhmət eləsin, mənə qəzet bağışlardı. Bəzən payıma “İdman” da düşürdü. Mərhum Əlihüseyn kişi də artıq qəzetlərdən kənd uşaqlarına pay verirmiş. Çağırıb deyirmiş: “A bala, gəl səə bir “Qəəbə” verim…”

Allah, keç günahımızdan…

“QƏLƏBƏLİK  İLLƏRİ

Salyanın “Qələbə” qəzetinin redaksiyasıyla tanışlığım 1973-cü ildə olub. Ancaq ondan çox-çox əvvəl, məktəbli vaxtı, bir neçə məktubum bu qəzetdə çap olunub. İlk dəfı, səhv etmirəmsə, 1965-ci  ildə. Ancaq 1973-cü ildə qəzetin nəzdindəki “Kürün töhfəsi” ədəbi birliyinə qoşulduğuma görə redaksiya işçilərilə də tanış oldum. Qabaqcan deyim ki, o illərdə qəzetdə işlləmiş adamlardan yalnız Ziyafət Babayevi rəğbətlə xatırlayıram. Onu yaxından tanımırdım, keçmiş ədəbiyyat müəllimiydi, gülərüz adamdı. Mənim fikrimcə, belə bir “qəəbə” yerdə işləməyinə baxmayaraq, Ziyafət müəlllim adamlığını saxlaya bilmişdi. Orda işləyə-işləyə “qəəbə”ləşməmək çətin idi. Bu redaksiyada Boyatlı (ya da Ballıcallı) ədəbiyyat müəllimi, ədəbi birlik rəhbəri Soltan Abbas da bir ilə qədər işlədi, sonra “qəəbə”ləşməkdən qorxub qayıtdı Boyata (bəlkə də Ballıcallı). Yaxın illərdə eşitmişdim ki, Boyatda (Ballıcallıda?) icra başçısı olub. Mənə qarşı həmişə hörmətli idi, məndə gələcək görürdü – kimin səhvi olmur ki?..

                MAHMUD AĞALAROV, SƏFƏR SƏFƏROV…

Qəzetin redaktoru Mahmud Ağalarov idi. Dodaqlarının arasında həmişə siqaret tüstülənirdi və elə arıq idi ki, deyərdin elə siqaretlə qidalanır. Yaxşı geyinirdi, kostyumu həmişə təmiz və ütülü olurdu. Nazik sağanaqlı eynəyi və qalstuku da bura əlavə etsək, intelligent surəti yaranar.

Redaktorun müavini də vardı Həmin illərdə bu vəzifəni Səfər Səfərov tuturdu. Bu, boyu ortadan aşağı, ancaq iri bədənli kişi idi – onun yoğun boynu, ətli buxağını yaxşı xatırlayıram. Maşını da vardı. Kolxozlara, sovxozlara öz maşınıyla getmək rayon qəzetinin redaktor müavini üçün çox sərfəli idi – ya sədr özü, ya da briqadirlər hökmən maşının yük yerinə bütöv qoyun da olmasa, bir-iki bud qoyurdular. Yaradıcılıq ezamiyyətinin nəticəsinə növbəti məqalə yaranırdı: “Mən tarlaya çatanda əmək bulaq kimi qaynayırdı…”

Səfər Səfərov görkəmiylə mənə qoçu Səmidi xatırladırdı. Səmid kişi Salyanın ən məşhur qoçularından olub. Səhv etmirəmsə, 60-cı illərin sonlarında hələ bazarın yanındakı çörək dükanını işlədirdi. Danışırdılar ki, qoçu Səmid əlində bıçaq dalını verib dükana, on çeş ya iyirmi adam ona yaxın düşə bilməyib… Məlumdur ki, qoçu Səmid cəsurluğu ilə ad qazanmışdı, ancaq Səfər Səfərov hansı bacarığına və biliyinə görə jurnalist və hətta redaktor müavini olmuşdu, deyə bilmərəm. Ancaq zahirən arıq Ağalarov və kök Səfərov bir-birlərini tamamlayırdılar…

20 MANATLIQ RÜŞVƏT

1975-ci ilin yayında yerlim və dörd il Əlibayramlı pedaqoji məktəbində bir yerdə oxuduğum H. Bakıda imtahan verib Leninqrad universitetinin şərq fakultəsinə girdi. (Yeniyetməlik dostum indi tanınmış adam olduğundan onun adını fərdi bıloq kimi ləyaqətsiz yerdə bütöv çəkmək istəmirəm…) Bunu eşidən kimi “Qəəbə”də işləyən F. – nə dedim ki, yerlimizin uğurundan yazmaq istəyirəm. Valideynləri ermənistanlı olan F. şirin ləhcəsiylə dedi: “Qardaş, çox yaxşı olar, hökmən yaz”.

Yazıdm və Leninqraddan gələcək şərqşünasın şəklini də aldım. F. məqaləni götürüb dedi ki, uzağı bir həftəyə çıxar. Bir həftə keçdi, iki həftə keçdi… “Qəəbə” həftədə üç dəfə çıxırdı. Mən də tez-tez Salyanda olur, F. ilə görüşürdüm. Məni görən kimi pərtliklə gülümsəyir, deyirdi: “Qardaş, darıxma, məqalə çıxacaq…” Mən bir dəfə təklif etdim ki, girim Ağalarovun yanına, özüm soruşum. Salyanlı gənclər Leninqrad universitetinin şərq fakultəsinə hər il girmirlər… Məqaləni saxlayan nədir? F. mənə and-aman elədi ki, redaktoun yanına getmək lazım deyil, çap olunacaq…

Məqalə iki aydan sonra çap olundu. Şəkilsiz…

Uzun illərdən sonra Salyanda təsadüfən Eldar Əliyevə rast gəldim. Əslən kolanı olan Eldar təhsilinə görə kitabxanaçı idi, bir az mərkəzi kitabxanada işləyib redaksiyaya müxbir düzəlmişdi, səhv eləmirəmnsə, rüşvətlə. Eldarla keçmişi xatırladıq. Onun da tanıdığı H.-i yada saldıq. Burdən Eldar mənə dedi: “Bilirsən məqalə niyə getmirdi? Səfər pul istəyirdi. F. isə sənə deməyə utanırdı. Axırda çarəsizlikdən öz cibindən 20 manat verdi Səfərə… F. pul məsələlərində nəinki səliqəli, hətta bərk idi. 20 manatı öz rəisinə, özü də mənim yerimə rüşvət vermək yəqin onun üçün çox çətin olmuşdu. Ancaq xasiyyətimi bildiyimdən, qalmaqal qaldıracağımdam çəkinib mənə deməmişdi…

İndi Salyanda mətbuat tarixini yazanlar, şərəf lövhəsi yaradıb şəkillərlə bəzəyənlər bu tarixi və şəkildəkilərin bioqrafiyasını yaxşı öyrənməlidirər. Çox vaxt bu tarixdə rüsvayçılıqdan başqa ayrı şey tapılmaz…

Belə çıxır ki, haçansa mən rüşvətlə çap olunmuşam…

Görünür, Səfər Səfərov ən azı 25 manat istəyirmiş. 20 manat aldığına görə məqaləni şəkilsiz vermişdi…

Ancaq yaxşı şəkil idi. Dostumun saçı nəyə desən dəyərdi. Fellainin saçından da zəngin idi…İndi şəklinə baxıram, tökülüb gedib…

Səfər Səfərov isə çoxdan ölüb…

AKİF BAYRAMOĞLU

70-ci illərin ortalarında Qələbə bağında boyu ortdan uca, arıq, düz qamətli, həmişə səliqəli geyinən bir kişinin gəzdiyini görürdüm. Üzünün rəngindən və bir qolunun hərəkətsizliyindən və əlinin birinə daim nazik dərili əlcək geydiyindən insult keçirdiyi bilinirdi. Bir dəfə Yuxarıxalaclı ədəbiyyat müəllimi Nizami Orucovla (Nizami Oruc) bağdan keçəndə həmin kişi qabağımıza çıxdı və Nizami müəllimi görən kimi onunla əl-ələ görüşüb dayandı və hal-əhval da tutdu. Mən çəkilb aralı dayanmışdım. Nizami müəllim kişidən ayrilan kimi onun kim olduğunu soruşdum. Nizami Oruc qəribə bir əhvalat danışdı…

Qələbə bağının yanında və içində o vaxtlar xeyli çayxana və bir pivəxana vardı. O kişi xəstəlikdən qabaq pivəxana işlədirmiş və Nizami müəllim pivə həvəskarı olduğundan aralarında tanışlıq yaranıbmış. Bir gün kişi Mizami müəllimə yaxnlaşıb deyir ki, ona işi düşüb.”Qələbə”də işləyən Akif Bayramoğlu vaxtaşırı pivəxanaya gəlir, müdirə oxucuların şikayət məktublarını göstərib haqq istəyirmiş. Yəqin Akif Bayramoğlun pivəxanaya gəlişi tezləşdiyindən və məzənnənin artıdığından məsələni birdəfəlik həll etmək istəyib. O, Nizami müəllimin redaksiya işçiləriylə yaxın tanışlığını bilib ondan kömək istəyib. “Sən allah, dostuna de, məndən əl çək…”

Nizami müəllim deyirdi ki, Akif Bayramoğlu doğrudan da pivəsatandan əl çəkdi. O kişi isə hər dəfə Nizami müəllimə minnətdarlığını bildirməyi özünə borc bilirmiş…

Akif Bayramoğlu və “oxucu məktubları” ayrı mövzudur…

(əvvəli)

UİLYAM ŞEKSPİR. 14-CÜ SONET

shakespear

Not from the stars do I my judgment pluck…

 

Ulduzlardan gəlmir məndəki hikmət

Astronomiyanı bilirəm hərçənd.

Xeyir, şər xəbəri vermirəm fəqət,

Demirəm nə olar hər gələn ildə.

 

Demirəm heç kəsin yaxın baxtını,
Yağışmı yağacaq başına, qar ya.

Demirəm şahlara uğur vaxtını,

Sadəcə baxmaqla uzaq səmaya.

 

Mənim biliklərim gözlərindədir,

Bu qoşa ulduzsa deyir: həqiqət,

Əbədi yaşayar gözəlliyinlə,
Bir gün törəmənə keçsə bu sərvət.

               

           Yoxsa, proqnozum belədir: əgər,     

          Sən ölsən, gözəllik, həqiqət ölər.

 

İngiliscədən tərcümə

25.12. 2017

Samara

             UİLYAM ŞEKSPİR. 13-CÜ SONET

shakespear

               O, hat you were yourself! but, love, you are …

 

Sən sənin olaydın! əzizim, amma,

Sən sənin deyilsən bitcək həyatın.   

Hazırla özünü qaçılmaz sona,

Səndə gözəl nə var, alsın övladın.

 

Səndə bu gözəllik müvəqqətidir,

Yararsız qalarsa, məhv olub gedər.

Amma yaranarsa törəmən indi,
Surətin özündən sonra ömr edər.

 

 Kim qoyar gözəl ev uçub-dağıla? —

Düşər səliqəyə səy edilərsə.

Ona bata bilməz qışda qasırğa,

Ölüm soyuğuyla lap didilərsə.

 

       Əziz dost, atadır səni yaradan,

       Bir gün ata olsun sənin də adın.

ingiliscədən tərcümə

24.12.2017

Samara

EMİLİ DİKİNSON. ÖLÜM CÜCÜYƏ OXŞAR

emily-dickinson

                               EMİLİ DİKİNSON

                            (1830 – 1886)

ÖLÜM CÜCÜYƏ OXŞAR

                                    Death is like the insect

Ağacı hədələyən,

Cücüyə ölüm oxşar.

O həm öldürə bilər,

Ya da öz canı çıxar.

 

Yağ çək, başını yağla,

Ya da mişarla axtar.
Çalış, al qabağını,

Xərclə, itir nəyin var.

 

Soxulsa iynə kimi,

Əlçatmayan bir qata.

Əl çək ağacdan, hökmü
Beləymiş həşəratın.

 

İngiliscədən tərcümə

23.12.2017

Samara

         UİLYAM ŞEKSPİR. 12-Cİ SONET

shakespear

 

                            When I do count the clock that tells the time…

 

Saatdan eşidib necə gedir vaxt,

Görürəm gündüzü məhv edir gecə.

Qıvrim xurmayı saç olur ağappaq,

Solur bənövşələr göz önündəcə.

 

Altında sürülər kölgəlik tapan,

Ağacları indi lüt görürəm mən.

Dərzlər, tayalardır bahardan qalan,

Qış gəlib, onları örtüb ağ kəfən.

 

Məni fikrə salan gözəlliyindir,

Zaman yaradanı zaman dağıdır.

Bil ki, gözəllik də dünyadan gedir,

Görüb yeniərin yarandığını.

 

        Qanlı dəryazıyla gələndə əcəl,

       Dalında tək övlad dayana bilər.

 

İngiliscədən tərcümə

21-22.12.2017

Samara

UİLYAM ŞEKSPİR. 11-Cİ SONET       

shakespear

As fast as thou shalt wane, so fast thou growest...

Necə tez artırsa qanından olan,

Sən də eləcə tez solub gedirsən.

Övlad damarında qaynayırsa qan,

Qanın soyuyanda özünkü say sən.

+

Budur həyat, hikmət, budur gözəllik,

Yoxsa ağıl gedər, qocalıq gələr.

Hamı sənin kimi seçərsə təklik,

İnsan nəsli bitər altımış ilə.

+

Övladsız qoy ölsün vəhşi, eybəcər.
Kimin ləyaqəti yoxsa artıma,

Kimə səxavətlə Təbiət verər,

Qoruya payı o gərək, artıra.

+

Möhür tək yaratmış səni təbiət,

Nümunən yaşaya, yarana surət.

 

İngiliscədən tərcümə

21.12.2017
Samara

        BİTKOİN

Bir az ağlın ola, bir az cürətin,

Çapıb-talayasan bu İnterneti.

Zəngin hesabları girib siləsən,

Bir kisə bitkoina yiyələnəsən.

Burdakı keflərdən dadıb nə varsa,

Taksi sürdürəsən birbaşa Marsa.

Pasport yoxlayana bitkoin basıb,

Gəzəsən bir xeyli piyada Marsı.

Görəsən su da var Marsda, çörək də,

Hər cür ağac da var, gül də, çiçək də.

Görəsən kişi var burda, qadın da,

Hərənin bir neçə uşaq yanında…

Adi Mars adamı prezident də,
Söyür televizor, söyür qəzet də…

Marsın bu başından düz o başına,

Pay-piyada gedir hər gün işinə…

Yığıla başına Mars əhalisi,

Neçə sual verə sənə hərəsi.

Suyu soruşalar, deyəsən su var,

Yerin sularında üzür balıqlar.

Hava da pis deyil, boğulan azdır,

Yediyimiz neftdir, bir də ki, qazdır…

“Bəs Yerdə həyat var?” – soruşan olsa,

Cavab tapmayasan, donub qalasan.

Deyəsən: “özüm də bilmirəm hələ”,
Mars adamlarının gözü bərələ…

Gözəl planetin adamlarıyla,

Marsa-mars öpüşüb düşəsən yola…

Pasportyoxlayansa görəndə səni,

Bitkoinlərini çırpa təpənə.

Elə yağlı təpik vura dalına,

Yerdən qaldırasan bir də alnını…

 

19-20.2017

Samara

  UİLYAM ŞEKSPİR. 10-CU SONET

shakespear

For shame deny that thou bear’st love to any…

Demə ki, kiməsə vurulmusan sən,

Axı qayğısızsan öz həyatına.

Səni, ola bilsin, az deyil sevən,

Sən özün sevmirsən heç kimi amma.

Dağıdıcı kinlə elə əsirsən,

Özün toxuyursan özünə fitnə.

Ocağı qorumaq əvəzinəsə,

Özün çalışırsan onun məhvinə.

Fikrim dəyişərdi, dəyişsə fikrin,
Kin tutan yeri sən ver məhəbbətə.

İçin də xoş olsun görkəmin kimi,

Azından özünlə kəs ədavəti.

               Özündən başqanı yarat, amandır,

               Sənin gözəlliyin yaşasın onda.

   İngiliscədən tərcümə

19.12.2017

Samara