Архив тегов | Ərəbqardaşbəyli

 BİR YAXŞI İŞ GÖRMÜŞƏM, ONUN DA MÜKAFATI LOPAQDIR…

 Bu yaxınlarda bir nəfərlə epistolyar janrda davam oldu. Davalaşdığım adam uzaqdan-uzağa, yəni Azərbaycanda elə qeyzlənmişdi ki, yəqin qolunun iki min kilometr uzunluqda olmadığına çox təəssüf elədi, yoxsa uzadıb ağzıma bir yumruq vurardı. Dedi ki, “sən ömrün boyu heç kimə bir qəpiklik yaxşılıq eləməmisən, ancaq faydalanmısan”.

O dəqiqədən gecəm-gündüzüm olmadı, yuxum qeybə çəkildi, çox çallışdım ki, yadıma haçansa kiməsə bir yaxşılıq elədiyimi yadıma salım, mümkün olmadı. Gördüm ki, doğrudan da elə mənə yaxşılıq eləyiblər, məndən isə yaxşılıq görən olmayıb, çoxlu insan ziyan da çəkib.

Üç gün, bir həftə…On günün tamamında birdən yadıma düşdü ki, mən bu davalaşdığım adamı bir dəfə Kürdə boğulanda xilas eləmişəm…

Bu hadisə sovet dövründə baş verib. O vaxtlar sudan adam çıxaranlara döş nişanı verirdilər. Bəlkə hələ üstündə beş-on manat da üstündə. Qəzetdə yazırdılar. Rusiyada indi də belədir. Ancaq, görünür, indi Azərbycanda sudan adam çıxarmaq yaxşılıq sayılmır və belə adamın mükafatı lopaqdır. Yaxşılıq toya bir bağlı pul salmaqdır, gəlirli işə, məsələn, vergiyə, gömrüyə düzəltməkdir, maşın bağışlamaqdır. Əslində bunda ədalət var. Çünki sudan adam çıxarmaqda yaxşı bir şey yoxdur. Bunu hamı bacarır. Sən çıxarmayacaqsan, gəlib bir başqası çıxaracaq, bəlkə başqası bir az gec gələcək, ancaq axır ki gələcək…

Çox fikirləşib gördüm ki, elə məni də kimsə xilas etsəydi, mən ona qarşı heç bir minnətdarlıq hissi duymazdım. Bəlkə də acıqlı olardım ona. Bəlkə də çalışıb bir yolla üstünə pul da kəsdirərdim: çıxarıb atmısan qırağa, indi dolandır məni…

Belə-belə işlər…

24.04 2015

Samara

FUTBOL

Xırda fışdırığa üfürər hakim,

Ən qədim musiqi dinər bəlkə də.

Top oyuna daxil olunan kimi,

Sanki yer də, göy də hərəkət edər.

 

Bütün dünya boyu hərlənir kürə,

Hamı uşaq-böyük düşüb dalınca.

Qapıdan qovular, qapıya girər –

Dünya bir balaca topun girinci.

 

Salar min azara bu girdə sovxa,

Ürəyi acıqdan partlayan olur.

Oynayan dəlidir, dəlidir baxan,

Dərdi sevinc qədər vurulan qolun.

 

Kiməsə şöhrətdir, kiməsə qazanc,

Kimisə qaldırar zirvəyə qədər.

Kiməsə məyusluq gətirər ancaq,

Yıxar, həmişəlik zədələyər də.

 

Hərlənir, fırlanır, kürə dayanmır,

Boşalmır dünyada stadionlar,

Ayaqı yer tutan körpə dadanır,

Qatılır oyuna indi qadınlar.

 

“Axı nə mənası bu top qovmağın”, —

Deyib bu oyunu qarğıyan da var.

Oyunda bir məna axtaran oğlan,

Özünü üzərsən, başın ağrıyar!

 

Baxın elə bizim yer kürəsinə,

Yaranan günündən hərlənir o da.

Nə dərin bir məna bunda görürsən? — 

 Onu da qovan var bu Kainatda!

 

Dolub-boşalmada stadionlar,

Hamı oyunsevər, bir fitə bənddir.

Tanrıdan min nemət alıb dadanlar,

Nədənsə futbolu seçib bəyəndı.

 

10.11. 2014

Samara

AZƏRBAYCAN MANISI VƏ ŞTİRLİTSİN MAHNISI

Azərbaycanda “sünnət” toyları o qədər çoxalıb ki, fikirləşirsən bəlkə hər oğlan uşağı üzərində bu ritualı bir neçə dəfə icra edirlər…

Belə toyların biri mən avqust ayında kənddəykən yaxın qonşuluqda oldu, səhərəcən çaldılar və səhərəcən gözümü yummadım. Oxuyan da vardı, çalanlar da bir neçə nəfərdi, ancaq toyu aparan gitaraçı manıs idi. Etiraf etmək lazımdır ki, manısın yaxşı barmaqları vardı, fasiləsiz bir neçə saat ərzində çaldığına baxmayaraq xaric vurmurdu. Ancaq mən yatmaq istəyirdim, tərdən döşəyə bitişmiş halda bu həngamənin haçan bitəcəyini gözləməkdən səbrim kəsilmişdi, buna görə bu çalğı mənə heç bir kef ver vermirdi və bu toylarda çalınan havaların həvəskarı da deyiləm. Ən qəribəsi o idi ki, hər on-on beş dəqiqədən bir manıs Ştirlitsin mahnısını çalırdı. Mən filriləşirdim ki, bu yəqin rəqslər arasında musuqi pauzası kimi bir şeydir, çünki Ştirlitsin mahnisını oynamaq olmaz. Ancaq sabahkı gün qonşumuz and içdi ki, Ştirlitsin mahnısını elə oynamaq üçün çaldırırlar və çox da qəşəmg oynayırlar.

Mən çox çalışdım təsəvvür edəm ki, bu mahnını azərbaycanlı kişilər necə oynayırlar və bunu oynamaq üçün nə qədər araq içmək lazımdır. Təsəvvür edə bilmədim. Yəqin təsəvvürün özü üçün də xeyli vurmaq lazımdır, mən də ki vurmuram…

Xatırladıram ki, Ştirlitsin mahnisını erməni bəstəkar Mikael Tarıverdiyev yazıb…

Mirzə ƏLİL

BÜTÜN QOCALAR «ALBALI BAĞI»NDAKI SON SƏHNƏNİ YAŞAYIRLAR: «İNSANI UNUDUB GETDİLƏR»…

MƏMƏ 2014

Canımda şerə həvəs yandırdı,

Ruhu atəşli, qəlbi incə anam…

«ÇAĞIRSAN GƏLƏRƏM, ÇAĞIRMASAN YOX…»

Ərəbqardaşbəylinin ən çatmaqaş oğlanı Seyfulla Süleymanlı Qabilin şerini öyrənir:

«Eşitdim deyirlər solub getmisən, Başdan ayağacan payız ÇATMAQAŞ

olmusan…»

   ÇAQQALLAR

KÜR 8.jpg

Günün gedən vaxtı, bir də gecələr

Çaqqallar ulaşar kənd qırağında.

Qıyyalar toranı deşib ucalar,

Qəlbə təlaş salar, rəngi ağardar.

 

Şamı yubadılan süfrədə birdən,

Duruxar, ağzında tikə ləngiyər.

İtlərin kürkünə daraşar birə,

Bağlılar çırpınar, yeyər zənciri.

 

Elə ağlaşarlar, ölüb deyərsən

Əzizləri qalıb qabaqlarında.

Çaları başqadır orda hər səsin,

Hərəni öz dərdi yaxır, ağladır.

 

Bizdən qədimdilər neçə milyon il,

Bilmirik nə çəkir, nə duyur onlar
Qiyamət gününü Tanrı, kim bilir,

Bəlkə şifrələyib qıyyalarına.

 

Tapıb yedikləri zəhrmar, haram,

Qapazlı əbədi yetimdir onlar.

Adları qınaqlı, günləri qara –

Onların da Tanrı təyinatı var.

 

22.06. 2014  Samara

HİNDUŞKA ƏHVALATI

 Azərbaycanlılar haqqında onların özü tərəfindən inadla yayılan miflərdən biri millətin “qonaqpərvərliyi”dir. Mən otuz ildən çoxdur ki, öz vətənimə qonaq kimi gedirəm və bu “qonaqpərvərlik” haqqında geniş və dəqiq təsəvvürüm var.

Salyanda yaşı otuzdan çox olanlar Nuhunu ya görüblər, ya da haqqında eşidiblər. Mən eşidənlərdənəm. Sadə kənd müəlliminin oğlu olan Nuhunun sağlığındakı statusunu təyin etmək çətindir: Qoçu? Lotu? Fırıldaqçı? Bilmirəm. Nə yolla ad çıxardığını da bilmirəm. Ancaq “yeyib-içən”, “atıb-vuran” oğlan kimi tanınmağı şübhəisizdi. Mərhum Nuhuyla bağlı əhvalatı mənə danışan ya onun dostu, ya da dostunun dostu idi. Günlərin bir günü mərhum Nuhu uzun müddət görmədiyi dostuyla rastlaşır, zorla basır maşına, aparır kənddəki evinə. Maşından düşüb girirlər həyətə. Həyətdə xeyli hindyşka gəzirmiş ki, hərəsi bir at boyda. Mərhum Nuhu çıxarar cibindən tapançanı, “part” bir güllə hinduşkaların birinə və arvad-uşağa qışqırar ki, bunu aparıb ütün, kabab çəkəcəyəm qonağa…

Məndə heç vaxt ad, sərvət tamahı olmayıb. Yəni yaxşı başa düşürəm ki, “əməkdar geoloq”, “qəhrəman neftçi”, “xalq artisti”, “əməkdar polis”, “xalq çobanı” ya “xalq müəllimi”  kimi adların insan mahiyyətinə heç bir dəxli yoxdur. Məgər İsa sağlığında ad daşıyıb? Heç Məhəmmdə də daşımayıb.  O ki qaldı sərvətə, bu, insana müəyyən rahatlıqlar gətirər, xoşbəxt eləməz… Ancaq bu hinduşka əhvalatını eşidəndən bəri hərdən-hərdən, iki-üç iıdən bir, fikirləşirəm ki, belə bir dostun olmağı nə yaxşıdır. Səni basa maşına, həyətə girəndə tapançayla vura yıxa hinduşkanı ayağının altına…Düzdür, mən kabab yemirəm, olsa-olsa,  hinduşka ətinin həlimini içərəm. Məsələ bunda deyil, məsələ hörmətdə, məhəbbətdə, qonaqpərvərlikdədir…

İstəkli bacım Sübü öləndən əslində qonaq getməli yerim də yoxdur… Getdiyim yerlərdən həmişə məyusluqla qayıtmışam. Çay gətirirlər, stəkan-nəlbəkiyə baxırsan və görürsən ki, stəkanda sarı ləkələr var, nəlbəki də çatlaqdır. Əlbəttə, evdə yaxşı çay dəsgahları var, ancaq o çay dəsgahları ayrı qonaqlar üçün saxlanıb…

Bizdə qonaq getmək də yasa ya toya getmək kimidir. Düzdür, xərclər yazılmır, ancaq yadda saxlanılır. Qonağın nə gətirdiyi və nə qədər yediyi ciddi hesablanır. Çox olur ki, qonaq gedəndən sonra bir ay dalınca deyinirlər: “Gətirdiyindən də ikiqat artıq yeyib getdi…” “Elə bil kurorta gəlmişdi…” Ümidlərini doğrultmayanda: “Yediyi haram olsun…”

Mən bilmirəm qonaqpərvərlik nə deməkdir. Hər yoldan keçəni çağırıb yedirb-içirmək? Yox, bunu heç kim eləməz. Kasıba əl tutmaqdırsa, bu, qonaqpərvərlik deyil, xeyruyyəçilikdir. Əgər sadəcə yaxın qohumların qarşılıqlı gediş-gəlişləri nəzərdə tutulursa, burda nə qonaqpərvərlik? İnsanlar bir-birlərinə borc hörmət göstərirlərsə, burda nə qonaqpərvərlik?  Və boş əllə gəlmiş qonaqlar barəsində yüzlərlə lətifə danışan xalqda nə qonaqsevərlik?

Mən azərbaycanlıyam, bilirəm ki, azərbaycanlıların evlərində hər səviyyəli qonağın özünə uyğun nəinki menysu, hətta qab-qacağı, nəinki yatacağı, hətta oturacaq yeri də ayrıdır. Bacım Sübü öləndən sonra qonaq getdiyim yerlərdə yuxarrı başda yerim, xörəyin yağlı yerindən payım ( bu, söz gəlişidir, yağlı yeyə bilmirəm) olmayıb. Ona görə də qonaq getməyi tərgitmişəm. Əslində çağıran da yoxdur. Çünki bilirlər ki, mən onların bir işinə yarayan deyiləm. Azərbaycanda isə aşnalıqdan, dostluqdan, gediş-gəlişdən çoxdan  bəri mənfəət güdülür…

Ancaq hərdən-hərdən qonaq üçün tapançayla vurulan hinduşka əhvalatı yadıma düşür və mərhum Nuhunun dostuna qibtə edirəm…

 

 

14 mart 2014 Samara