Архив тегов | Cırtdan nağılı

CIRTDAN

(xalq nağılı əsasında)

Biri var, biri yoxdu,

Yay isti, qış soyuqdu.

Bir kənddə qarı vardı,

Nəvəsiylə yaşardı.

Kiçikdi nəvə boydan,
Hamı deyirdi Cırtdan.

Cırtdan gördü bir səhər,
Uşaqlar tələsirlər.

Meşəyə yollanırlar,
Odun dalınca onlar.

Cırtdan deyir: “ay nənə,
İcazə ver sən mənə.

Gedim uşaqlar ilə,

Odun yığım bir şələ”.

Çağırıb uşaqları,

Verdi yağəppək qarı.

Dedi: “qalındır meşə,
Baxın, düşməyin işə.

Gedir sizinlə Cırtdan,
Muğayat olun ondan”.

Yağəppək gəvələdi,
Uşaqlar cana gəldi.

İti addım atdılar,
Meşəyə tez çatdılar.

Odunu yığırdlar,

Şələ bağlayırdılar.

Gördülər Cırtdan durub,
İşləmir, boyun burub.

Töküb qaşqabağını,
Sallayıb dodağını.

Cırtdana dedi hamı,
Bəs sənin şələn hanı?

Cırtdan dedi: “Yağəppək,
Nənəm verdi ki, gərək,

Yeyib, sonra hamınız,
Şələmi yığasınız”.

Bunu eşidən anda,
Uşaqlar dayanmadan,
Ona odun yığdılar,
Şələ də bağladılar.

Öz şələsini sonra,

Hərə atdı dalına.
Gördülər Cırtdan durub,
Yenə boynunu burub.

Dedilər: “Nə olubdur,
Şələn yerdə qalıbdır?”

Cırtdan dedi: “Yağəppək
Nənəm verdi ki, gərək,
Yeyib, gətirəsiniz,
Mənim də şələmi siz”.

(əvvəli)

06. 05. 2021, Samara