Архив тегов | Petrarkanın sonetləri

NƏSİMİNİN «SIĞMAZAM» RƏDİFLİ QƏZƏLİ. II. ŞEİR DEYİL, SEKTANT MANİFESTİDİR…

əvvəli burda: https://xeyrulla.com/2026/05/18/nesiminin-sigmazam-redifli-qezeli-i-metndeki-artirmalar-haqqinda/

Nəsimi yaradıcılığı ilə professional şəkildə məşğul olanlar “Sığmazam” rədifli qəzəlinin müxtəlif mənbələrdəki nüsxələrində xeyli fərqlər üzə çıxarırlar. Bunlar əsasən ayrı-ayrı söz və ifadələrdir. Mənə maraqlı olan bütöv beytlərin başqa müəlliflər tərəfindən mətnə əlavə edilməsidir. Mənə elə gəlir ki, qəzəlin müəllif nüsxəsində on beş (on altı, on yeddi…) beytin olduğuna da şübhə ilə yanaşmaq lazımdır. Mən yuxarıda qəzəlin ümumi arxitekturasına uyğun gəlməyən üç beyti  göstərmişəm.

Nəsimidən xeyli əvvəl yaşamış italyan şairi Françeska Petrarkanın (1304-1374) lirik şeirlərinin əksəriyyəti sonet formasındadır, sonet 14 misradan —  iki dördlük və iki üçlük — ibarətdir, bəndlərin ciddi və xeyli mürəkkəb qafiyələnmə sxemi var. Yəni köçürülmə zamanı diqqətsizlikdən ya bilərəkdən sonetdəki sözlərdən hansısa dəyişdirilə bilərdi, ancaq bir misra da əlavə eləmək olmazdı! Qəzəl janrında ciddi say tələbi yoxdur, bir qayda olaraq beytlərin sayı təkdir: beş, yeddi… “Sığmazam” rədifli şeir formasına görə qəzəl olsa da, lirik şeir deyil, ictimai-siyasi manifestdir və ya dini sektanın poetik şəkildə ifa olunmuş konsepsiyası və ya tezisləridir. Bunu hürufi insanının manifesti ya sekta nizamnaməsi kimi qiymətləndirmək olar. Şeir çox aydın və sadə bəyanatla başlanır. 1-ci misrada insanın böyüklüyü, onun miqyası və ya miqyassızlığı,  yəni heç bir ölçüyə sığmazlığı elan edilir, ikinci misradan öyrənirik ki, hürufi insanı adi insan deyil, hətta Nitsşenin fövqəlinsan statusu da ona yaramır, o, həm Yaradanın təcəssümü, həm də yaradanın özüdür. Bu mənada hər bir hürufi insanı İsadır – həm Tanrının oğlu, həm Tanrının təcəssümü və həm də Tanrının özü olan İsa.

İsa, İncildən məlum olduğu kimi, özünü Tanrının oğlu elan edəndən sonra sistemli ruhani-etik təlimini öz auditoriyasına çatdırır. Nəsiminin hürufi insanının manifestində hansısa etik təlim, rüşeym halında belə, varmı? Yoxdur! Nəsimi 1-ci beytin 2-ci misrasından başlayaraq gözlə görünən, təsəvvür edilən, yaşanılan, duyulan nə varsa, yəni bütün maddi və mənəvi olanları sayır  və saydıqca deyir ki, bunların hamısı mənəm.

Bu, Tanrının adından elan edilsəydi, başa düşülən olardı. Dini kitablar, ən azından xristianların və müsəlmanların kitabları, yeri, göyü, ayı, ulduzları Tanrının yaratdığını iddia edirlər. Bunu qəbul eləmək çətin də olsa, mümkündür. Ancaq insan, bu insan hürufi insanı da, fövqəl insan olsa belə, iddia edəndə ki, “günəş mənəm, ulduzlar mənəm, mələk mənəm”, bunu gərək ya sayıqlama, ya zarafat kimi başa düşəsən. Nəsiminin şairliyinə söz yoxdur, onun şeirinin ritmi, melodikliyi, metaforaları Mozart musiqisi kimi oxuyanı, eşidəni oynadır, haldan-hala salır. Ancaq “Sığmazam” rədifli qəzəl əsl şeir deyil, şeirlə yazılmış sektant manifestidir. Sektant manifestindən nə isə rasional, sistemli, ağlabatan bir şey gözləmək olarmı?

Beytləri dərindən diqqət yetirdikcə onların cəfəngliyi, absurdluğu üzə çıxır.

Kimsə gümanü-zənn ilə olmadı həqq ilə biliş,
Həqqi bilən bilir ki mən, zənnü gümanə sığmazam.

Manifest universal xarakterli olmalıdır. Yəni Nəsiminin şeirindəki insan xarakteristikası bütün insanlara, ən azından bütün hürufi insanlarına xas olmalıdır. Ancaq yuxarıdakı beytdən görünür ki, manifesdəki “mən” seçilmiş “mən”dir.

“Həqqi bilən bilir…”

Kimdir həqqi bilən? İnsan əgər özü tanrıdırsa, özü günəş və mələkdirsə, kiminsə nəyisə bilməyinə ehtiyacı varmı?

Tanrı oğlu İsa yer üzündəlki həyatını İnsan oğlu kimi yaşayırdı və “zənnə və gümana” sığırdı. Niyə Nəsimi İnsanı sığmır? Belə çıxmırmı ki, o özünü Allahın nişanı, əlaməti, təcəssümü yox, Allahın özü sayır?

Belə yerdə deyiblər ki, sən saydığını say…

Vallah, Nəsimini çox sevirəm və onun haqqında yumorla danışmağı  qəbahət sayıram. Ancaq Nəsiminin bu manifesti mənə Dəli Domrul boyunu xatırladır. Dəli Domrul dedi ki, göstərin o Əzraili mənə, mən onun dərsini verərəm…

Müəllifin nəyi bəyan” etdiyini, kimi hara nə nəyə çağırdığını başa düşmək mümkün deyil. Deyək ki, hər bir hürufi insanın özünün Tanrı olduğuna və ya Tanrıya bərabər olduğuna inandı. Və inandığı andan bu hürufi insanı əlini ağdan qaraya vurar? Allah əl işi görür? Tanrı olduğuna inanmış hürufi insanı taxıl əkməz, mal-heyvan saxlamaz, ev-eşik qayırmaz, onun ruzisi…

Onun ruzisi hardan gəlməlidir, hə?

Nəsimiyə bu sualı vermək olmazdı. Yuxarıda dedik ki, hər bir hürufi insanı Tanrıya bərabər deyil, bu yalnız seçilmişlərin qismətidir. Seçilmişi sorğu-suala tutmaq olmaz, seçilmiş qeyzlənir:

“Çək dilini və əbsəm ol!…”

 

(ardı var)

19. 05. 2026, Samara