Архив тегов | qardaş haqqında şeir

HƏR YAZIMI BƏYƏNƏN…

HACINIIN XATİRƏSİNƏ

Hər yazımı bəyənən,

Əzbərləyən Hacıydın.

Yazıma “əsər” deyən,

Yeganə oxucuydun.

 

Danışsaydım hər nədən,

Susub qulaq asardın.

Təkcə səndin kəsməyən,

Sözümü yarısında.

 

Təkcə sən məni yekə,

Bir sənətkar sayırdın.

Sənin gözündə bəlkə,

Mən ağıl dəryasıydım.

 

Dünyaya gəlmişlərin,

Ən həqiri indi mən.

Sənin qiymətin imiş,

Məni ucaldan demə.

 

Yoxsan – yox oxuyanım,

Eşidənim yox daha.

Sən yoxsan, ən yaxınım,

Mənə səndən uzaqdır…

 

07.01.2016 Samara

 

 

 

 

 

SÜLEYMANIN DOĞUM GÜNÜNƏ

SÜLEYMANLA

Nə boyda oxşar idim

Sənə, nə yaraşıqda.

Yoxsan – oxşarıq indi,

Qardaş, eyni yaşdayıq.

ŞƏRQİN DƏ UZAĞI DEMƏ OLURMUŞ…

HACININ XATİRƏSİNƏ

 

Şərqin də uzağı demə olurmış,

Təyyarə uçmadı sanki, süründü.

İyirni beş yaşda ruh yorularmış –

Söndün günəşlərin doğan yerində.

 

Dəbli geyinəndin…Geyindin orda,

Ordu çəkmələri, ordu papağı.

Amma yazırdın ki, səni sarsıdır,

Ürək qabalığı, dil qabalığı.

 

Yazırdın xəlvəti ağlamağından —

Ağlamaq kənardır nizamnamədən.

Göz yaşı ürəkdə nizam dağıdan,

Saxlayan dünyanın nizamını da.

 

Orda yaxın ölüm ərəfəsində,

Tapıb oxuduğun Dostoyevski,

Demişdi “qabıqdan özəyə qədər,

Göz yaşı isladıb Yer kürəsini”.

 

Sıxıldı gicgaha buz kimi lülə

Nə lülə isindi, nə qan soyudı.

Tale püşkü kimi atıldı güllə —

Dəli bir oyunun o gün sonuydu…

 

Hər insan ömrü hərb, hər an – təhlükə,

Yoxsa da ətrafda top-tüfəng səsi.

Gedir hər insanın içində bəlkə,

Amansız bir dünya müharibəsi.

 

Yenə də o yerdə günəşlər doğur,

Qurudur qanı da, göz yaşını da.

Doğum-ölüm sirri Tanrıda. Odur,

Xatirə silən də, iz yaşadan da.

 

04-05 may 2014 Samara

 

SƏN EVİN İLKİSƏN BURDA, QARDAŞIM…

   Süleymanın xatirəsinə

                               

Sən evin ilkisən burda, qardaşım,

Bura dədə-baba yatan yer deyil.

Sən bu boz şəhərdə qərib yaşadın,

Qəribdir qəbrin də burda elə bil.

 

 

Sənə heç oxşamır daşdakı şəkil,

Tanıya bilmirəm, nə qədər baxam.

Bu yad baxışları kim sənə çəkdi,

Kimdi qalstuku boynuna taxan?

 

Sənsən daş altında bilirəm ancaq —

Burda birincisən, təkcə deyilsən.

Yanında yatıblar qızın və bacın,

Atasan, qardaşsan, deməli, sənsən…

 

                        23.02.2014 Samara

Süleymanın xatirəsinə

с братом Сулейманом 2006

Nazı bu ağacların

Çəkilməyir haçandır.

Enlənir, ucalırlar,

Otun, kolun içində.

 

Susuzluq çəkib, arxın,

Çatlayıb dodaqları.

Çiçəklərə yox baxan,

Ləçəkləri dağılır.

 

Çəpəri çökmüş bağın,

Qapısında duran yox.

Girilir, yağmalanır,

Hay vuran, çığıran yox.

 

Şüşəsi bura baxan,

Pəncərələr pərdəli.

Bu bağ bağ deyil daha,
Bu bağ yas çələngidir.

 

13-14 avqust 2007 Ərəbqardaşbəyli