Архив тегов | qocalıq haqqında şeir

QIŞIN YUBANMAĞINDAN NARAHAT OLAN QOCA…

Qışın yubanmağından,

Narahat olan qoca!

Nahaqdır darıxmağın –

Gələr, harda qalacaq?

 

Oğul deyil, qız deyil,

Qoya gözünü yolda.

Bir də görərsən qəfil

Gəlib qapını aldı.

 

Gələr soyuqlarıyla,

Şaxtasıyla, qarıyla.

Bəlkə tamam üç ayı,

Canın-başın ağrıyar.

 

Bəlkə heç halın olmaz,

Pəncərədən baxasan.

Qış gələn kimi də yaz,

Gözləyərsən axı sən…

 

Çətin çıxarsan ancaq,

Pəncərə qabağına.

Bəlkə də qızdıracaq,

Günəş boş yatağını…

 

17.11.17

Samara

 

 

İLAHİ, QÜVVƏ VER AYAQLARIMA…

İlahi, qüvvə ver ayaqlarıma!

Səndən istəmirəm mən heç nə ayrı.

İlahi, sən yası günah buyurdun,

Məyusluq üz versə, qoy gedim onda.

Dağa-daşa çıxım, qaya dırmaşım,

Ayaqdan düşməyim, nəfəsdən düşüm.

Gəzim saatlarla çay qırağında,

Həm səhər, həm günün gedər çağında.

İlahi, qüvvə ver ayaqlarıma,
Qüssə təqibindən qaçım, yayınım.

Mənə təsəllidir sular, buludlar,

Gəzə bilirəmsə — hələ ümid var.

Çiyin də qalmadı söykənəm daha,

İlahi, qüvvə ver ayaqlarıma!

Qüssədən qaçıram, çətindir işim,

Ayaqdan düşməyim, nəfəsdən düşüm…

 

04.09.17

Samara