Архив тегов | Səməd Vurğunun poemaları

SƏMƏD VURĞUN: «AĞIR FİKİRLƏRƏ DALMIŞ ŞAUMYAN… QAFQAZIN QARTALI…»

İndi xəbər verim oxucuma mən

O “millət rəhbəri” Rəsulzadədən;

Toplamış məscidə müsəlmanları,

Yağlı vədələrə tutmuş onları;

Deyir: “Türkiyəni çağıraq gərək,

Bizə kömək olsun,  qılınc çəkərək,

Parlasın ədalət, mehri-hürriyyət,

Ucalsın göylərə şəfəqi-millət!..”

— Şarlatan

— Afərin

— Rəhbərə bir bax!..

— Vətəni yadlara bunlar satacaq!..

— Bir dayan!

— Nə dedin?

— O bir xaindir,

Sözünün pərdəsi millətdir, dindir…

Məscidi doldurur haray, qışqırıq,

Qarğış, hədələmə, söyüş, fışqırıq.

Mədənlər övladı cəsur bir insan

Yerindən sıçrayıb, danışır alan:

— “Ay rəhbər!” bəri vax! Çox 

                                           Lovğalanma

Çoşub, dəniz kimi heç dalğalanma!

Burnunu görürük bu pərdələrdən;

Ağzın köpüklənir danışanda sən. 

Süzüb gözlərini, qaşını çatma,

Ölkəni aldadıb, yadlara satma!

Yetər danışdığın millət adından,

Millət yuvasında ölür acından!

Bu yurdu talayan, dağıdan da siz,

Bugün- sabahlıqdır səadətiniz!”

Qoçular bürüyür bizim yoldaşı,

Kəsirlər xəncərlə düşünən başı,

Qoyulur köhnə bir divar üstünə…

Hörmət o yoldaşa, nifrət o günə!

……………………………………………………………

Ağır fikirlərə dalmış Şaumyan,

Xəyalı göyləri hey yara-yara,

Əlvida söyləyir qaranlıqlara…

Читать далее

KOMİK “AYGÜN” POEMASI. HEÇ BİR ƏXLAQ NORMASI TANIMAMIŞ İNSANIN ƏXLAQ NƏZƏRİYƏSİ

bağırov_vurğun

Yoldaş Əmirxan da sağalıb durur. Bağı yoxlayıb görür ki:

“Ağaclar gümrahdır, meyvələr sulu”.

Bəs meyvələri özü şəxsən xəstələnməmişdən qabaq yığmamışdı?

“Nə yarpaq, nə də bir ot saralmışdır”.

Muğanda meyvələr sulana, yarpaq, ot saralmaya?

Səməd Vurğun oxucudan soruşur:

“Yaz ətri gəlirmi şeirlərimdən?”

Yox, gəlmir… Bilmək olmur hansı fəsildir… Pis iy gəlir…

Yoldaş Əmirxanı yenə qısqanclıq qurdu gəmirir. Fikirləşir ki, bəlkə Aygün Elyarla gəzir…

Aha! Bu da Elyar özü! Öz ayağı ilə gəlib Muğana yoldaş Əmirxanın yanına.

Əl-ələ görüşürlər.

Səməd Vurğun:

“Rəqiblər dost olur bizim dünyada”

Yəni bu, Puşkinə eyhamdır, onun duelçi qəhrəmanlarına.

Elyar yoldaş Əmirxana məruzə edir ki, onun “zövcəsi” qeyrətli qadındır, yalnız yoldaş Əmirxanı sevir və ondan ötrü darıxır. Və Aygünün ona yazdığı məktubu yoldaş Əmirxana verir.

Bu dəfə yoldaş Əmirxanla Elyar öpüşürlər…

(Uşaqların üzünü o yana çevirin…)

Yoldaş Əmirxan bağını Elyara göstərir.

Aha!

Sən demə Aygünlə Ülkər hərəsi bir ağacın dalında gizləniblərmiş!

Yoldaş Əmirxan:

“Dönüb qucaqladı Aygünü bərk-bərk”.

Komik poema belə bitir:

“Onlar sevindilər, sevinək biz də…”.

Təəssüf ki, bu fövqəladə uzun cəfəngiyatı oxuduqca doyunca gülmək mümkünsə də, sevinmək mümkün deyil. Çünki bu “poema” Azərbaycan sovet poeziyasının miskinliyini bütün miqyası ilə göstərir. Bu poema indi də  məcburi proqramlar çərçivəsində tədris olunan “əsərlərin” poetik mədəniyyət, sənətkarlıq tələbləri və standartları baxımından necə bərbad vəziyyətdə olduğunu göstərir. Belə “əsərlərlə” poetik tərbiyə almış yeniyetmələri sonradan yüksək poeziyaya yönəltmək bəlkə də qeyri-mümkün olur.

Bu poemada canlı bir surət belə yoxdur. Bakılı kimi təqdim olunan Əmirxanda ən xırda şəhərli cizgisi belə tapmaq mümkün deyil. Nə  həyat tərzində, nə danışığında, nə qadına münasibətində. Səməd Vurğun bakılı Əmirxan adıyla bir kənd adamını təsvir edib.

Aygün də canlı insan deyil, Səməd Vurğunun kommunist partiyasının yüksək gözstərişləri əsasında yaratdığı müasir qadın layihəsidir. Bu Aygün hardan çıxıb, valideynləri kimdir – məlum deyil. Elə bil inkubatorda yaranıb. Niyə yoldaş Əmirxana aşiq olduğu məlum deyil. (Sıx qaşlar, geniş sinə — bu, inandırıcı deyil…)

Səməd Vurğun Aygün layihəsiylə bir yöndəmsiz hibrid yaradır. O, sovet qadını haqqında partiya təlimini öz patriarxal mülahizələriylə birləşdirir. Sovet qadını kimi, Aygün təhsilini başa vurmaqdan da çəkinmir, kommunizmə simfoniya həsr edir, Stalin mükafatı alır. Digər tərəfdən o, “qeyrətli” qadındır, yəni gəzmir. Yəni Səməd Vurğunun nöqteyi-nəzərindən, əqidəsiz olmaq, qanlı kommunist rejiminə simfonuiya yazmaq, “sağ döşünün üstündə” Stalinin şəklini gəzdirmək Azərbaycan qadını üçün əxlaqsızlıq deyil, uzun illərlə öz kefində olan, mədəniyyətsiz və heyvərə ərdən ayrılıb bir başqası ilə sevişmək əxlaqsızlıqdır. Təəssüf ki, indi də Azərbaycanda əxlaq məhz bu cür dar mənada başa düşülür. Rüşvətxorluq, peşə etikasının, peşə və vəzifə məsuliyyətinin olmaması əxlaqsızlıq deyil. Bizdə əxlaq anlayışı yalnız “gəzməklə” “gəzməmək” arasındadır. Ona görə də bizdə rüşvətxor prokuror, rüşvətxor məmur, xəstənin qanını içən həkim, şagirdi soyan müəllim məclislərdə yuxarı başa çəkilir, patriarxal ailə-məişət ənənlərini pozanlar isə düşmən qovulurlar və hətta bu zəmində qətllər də törədilir…

Səməd Vurğun dözülməz dərəcədə uzun olan bu poema boyu guya Aygünün dalına düşüb onu izləyir və hər dəfə “gəzmədiyi” barədə oxucuya məruzə edib onu guya sevindirir. Oxucunu isə Aygününü ya başqa qadınların şəxsi həyatı maraqlandıra ya narahat edə bilər, ancaq oxucu onları mühakimə edə bilməz. Oxucu üçün Aygünün ya başqa bir qadının əxlaqı kişilərlə hansı münasibədtə olmağımda deyil. Aygünün əxlaqı (əxlaqsızlığı) onun yüz minlərlə, milyonlarla insanın həyatını cəhənnəmə çevirmiş rəhbərin şəklini “sağ döşünün” üstündə gəzdirməsidir. Milyonlarla insanın həyatını məhv etmiş kommunizm quruculuğuna simfoniya yazmasıdır.

Səməd Vurğunun özünün də əxlaqlılığı ya əxlaqsızlığı onun qadınlarla (ya kişilərlə —  belə də ola bilərdi) hansı münasibətdə olmağında deyil. Onun əxlaqsızlığı bütün şüurlu həyatı boyu əqidəsiz yaşamağı, yalan yazmağı, müstəbidləri, o cümlədən onun xalqının qanını sel kimi axıtmış cəlladları vəsf etməyidir. Buna görə də onun bu günün yeniyetmələrinə mənəvi rəhbər təyin edilməyi cinayət tərkibli faciədir.

Noyabr-dekabr 2018

Samara

Məqalənin tam mətni burda:

https://xeyrulla.com/2018/11/30/səməd-vurgunun-aygun-komik-poemasinin-təhlili-toy-paltarini-soyunmayan-gəlin-və-mugan-səhrasi/

KOMİK «AYGÜN» POEMASI. “AĞACLAR TƏK MƏNƏ ALIŞIB YALNIZ, MƏNSİZ NƏ YEM YEYƏR, NƏ DƏ SU İÇƏR”.

bağırov_vurğun

 “Keçdilcə baharlar, keçdikcə qışlar” yoldaş Əmirxan bir neçə kəndi “ev-ev tanıdı”.

“Nə xeyirdən qaldı, nə də ki, şərdən”.

Dalı çox maraqlıdır:

“Gecələr demə ki, o yalqız qaldı,

Çalışdı çox zaman kitabxanada…”

Keçən əsrin 50-ci illərində Saatlı kəndlərində zəngin kitabxanalar varmış. Özü ə hamısı gecələr işləyirmiş…

Yoldaş Əmirxan Miçurinin əsərlərini oxuyur, bilmədiklərini kəndlilərdən soruşur.

“Gah əvvəl, gah sonra çıxdı yarışdan”.

Yəni sonuncu?

O, burda başa düşdü ki:

“Hər ürək bir bədən içində yaşar…”

Yəqin Bakıda anatomiya müəllimi zəif olub…

“Hər solan yarpağın, cılız şitilin,

Öyrəndi sirrini, tapdı sehrini…”

Yarpağın qaydası solmaqdır, burda nə sirr?

Hələ də Səməd Vurğun ağac tinginə, qələməsinə “şitil” deyir…

Bunlar xırda şeylərdir. Vacib odur ki, direktor Nemət, “öz toplarından atəş açan”, yoldaş Əmirxanın işini görüb şad olur.

Nemət yoldaş Əmirxanı öz evində saxlayır (indiki şagirdlər çox pozulublar, ürəklərinə ayrı şey gələcək).

Yoldaş Əmirxan “hərcayı düşüncələrdən” ayrılıb ürəyində “arzular bəslədi”.

Yoldaş Əmirxan quşlardan tez oyanıb saldığı bağa baş çəkir.

“Görüncə bir kiçik budağı xəstə

Kəsir cərrah kimi öz əllərilə”.

Bu lap yaxşıdır:

“Bəzən də bir ağac boysuz olanda,
Onun gövdsinə dərmanlar vurur…”

Gözıəl! Bu dərman ağaclardan çox adamlara lazımdır. Görəsən ondan Saatlıda qalıb?

Dalı var hələ:

“O ağac böyüyüb yaşa dolanda,
Sərin kölgəsində məclis də qurur…”

Yəqin toğlunu da həmin ağacdan asıb soyurlar…

Ancaq:

“O hələ zövq alır pul xərcləməkdən”.

Aha!

“Güc ilə çatdırır ayı baş-başa”.

Yəqin ki, başa çatdırır. Baş-başa çatdırmaq necə olar?

Səməd Vurğun yoldaş Əmirxanın bədxərcliyini bağışlayır.

Qoy olsun, dəyməyək daha xətrinə,
Qoy içsin, istəsə hərdən ürəyi…”

Üç il keçir. Sovxoz bağındakı ağaclar “üç cür, beş cür” meyvə yetirirlər.

“Bəzən bir ağacın üstündə gerçək,
Alma da, armud da, heyva da dəydi…”

Bu necə olur? Bir ağacda? Limçay? Lısenkovçuluq?

Sonra xalq şairi Muğanı tərifləyir:

“Qışda yaşıl olur orda ağaclar…”

Bu hansı Muğandır?  

Muğanda yetişən ilk nübarları,
Yemək də olmayır şirinliyindən…”

“Nübar” (farsca, təhrif olunmuş) elə ilk, yeni bar deyil?

“Bağın meyvələri olduqca dən-dən,

Əmirxan onları vaxtında dərdi”.

Aqronom məhsulu özü yığıb! Ancaq meyvələr necə “dən-dən” olur?

“Ülkərə bir fəsil pay da göndərdi…”

Sovxozun malından? “Fəsil pay” – bunu başa düşmədim…

Şairin təsvir etdiyi bağa xalq “Əmirxan bağı” adı verir. Şairin ürəyi dağa dönür…

(O vaxt bağlara respublika rəhbərlərinin adı verilmirmiş… maraqlıdır…)

“Sevindi dastanın hər bir varağı”…

Buna nə deyəsən?

Yoldaş Əmirxanın istedadı “nağıl kimi düşdü dillərə”.

Əmirxanən bağı böyüyür. Muğanın başqa bağlarına ordan “şitil” aparırlar…

Nə fikirləşirsiniz? Belə getsə, yoldaş Əmirxanı böyüdüb Bakıya apararlar.

Aha!

Nazirlikdən məktub:

“Məsul vəzifəyə gələrsinizmi?”

Yoldaş Əmirxan bir neçə gün düşüncələrə dalıb cavab yazır:

“Ayrıla bilmərəm mən öz bağımdan…

Ağaclar bir mənə alışıb yalnız,

Mənsiz nə yem yeyər, nə də su içər…”

Ağacın yem yediyini bilmirdim…

Yoldaş Əmirxan xəstələnib, qızına məktub yazıb. Aygün elə birinci qatarla yola düşür (o vaxt Muğanın harasına qatar gedirmiş?)

Aygünlə Ülkər gəlib çıxırlar “Lenin” sovxozuna. Asfalt yolları piyada gəzdikcə:
“Bura lap şəhərdir, şəhər dedilər…”

Əmirxan isə sovxozdakı müasir xəstəxananın palatasında ağ yataqdadır, ağır xəstədir.

“Elə bil doğrudan ölüm üstədir”.

Azərbaycanlılar adətən “can üstədir” deyirlər, “ölüm üstədir” demirlər…

Yoldaş Əmirxan qalxa bilmir, ancaq Aygünün “can, can” səsini eşidir.

Elə palatada ikən Aygünə teleqram gəlir ki, sən gərək təcili Moskvaya gedəsən. Yəqin Şostakoviçin işi keçmir…

Aygün yoldaş Əmirxanın üzündən öpür və Əmirxan bağından keçib gedir Moskvaya. Şostakoviçi məəttəl qoymaq olmaz.

Ülkər qalır. Bir səhər Əmirxan onu başının üstündə görüb

“Zəif qollarilə basdı bağrına…”

Üç il idi görməmişdi…

Moskva. İttifaqlar Evinin sütunlu salonu.

“Hamı bir nəfər tək sakit olmuşdur”.

Aha!

Elyar Aygünün yazdığı mahnını oxuyur.

“Salona səs saldı odlu alqışlar,
Böyük rus qəlbinin məhəbbətilə”.

Rusun da qəlbindən olmaz…

Elyar yenə oxuyur.

“Aygünün başısə buluda dəydi”.

Aha!

Aygünlə Elyar Moskvanı seyrə çıxıblar!

Ey bivəfa arvad!

“Yanır yanaqları yenə lalə tək…”

İllər bir ucdan gedir, bunun yanaqları yanmağında…

Aha! Aygün qızından teleqram alıb: “Atam sağalıb!”

Elyar deyir ki, bilirəm məni sevməyirsiniz.

“Nahaq mən öz eşqimdən vəcdə gəlirəm…”

Rəhmətlik oğlu, əlbəttə, nahaq. Vəcddən nə çıxar. Get özünə tay tap…

Aygün deyir ki, otuz yaşı var… Ancaq Səməd Vurğun o qədər il saymışdı ki, gərək ən azı qırx yaşı olaydı…

Elyar Aygünün əlindən öpür. Səməd Vurğun oxucunu xəbərdar edir ki, ürəyinə ayrı şey gəlməsin.

“Ancaq o mehriban busənin odu

Əlin dərisindən keçmədi qana”.

Lənət şərə! Şübhədən çıxdıq! Qeyrətli arvaddır…

 (ardı var)

Məqalənin tam mətni burda:

https://xeyrulla.com/2018/11/30/səməd-vurgunun-aygun-komik-poemasinin-təhlili-toy-paltarini-soyunmayan-gəlin-və-mugan-səhrasi/

KOMİK «AYGÜN» POEMASI: «SONRA XAM AT KİMİ HALDAN DÜŞƏRƏK, AXIRDA YORULUB DİNCƏLDİ O DA…»

bağırov_vurğun

Yoldaş Əmirxan gedəndən sonra Aygün özünü danlayır.

“Deyəsən yazığın qəlbinə dəydim,
Yenə Əmirxanı sevə biləydim…”

Ancaq tərəddüd edir, fikirləşir ki, neçə illər “yaşadı evsiz”.

“Bəlkə də qəlbində yurd saldı İblis…”

Yoldaş Əmirxanın evi olmalıdır, yəqin “ailəsiz” demək istəyir. Düzdür, kişi ki, ailəsiz oldu, İblis girir qəlbinə, keçir yuxarı başa…

Səməd Vurğun yenə saçını Puşkin kimi buruq-buruq edib Aygünə üz tutur.

“Aygün, əziz bacım, bilirsən ki, mən,
Dünyaca sevirəm səni ürəkdən”.

Səməd Vurğun Aygünə deyir ki, Əmirxan daha əvvəlki deyil, ağır-ağır olsa da dəyişir, kef məclislərinə getsə də, çox getmir, ayda bir dəfə gedir, içsə də, keflənmir, “pərişan olur”…

“Dəyişir, dəyişir o ürəyini,
İndi halal yeyir o çörəyini…”

Qabaq haram yeyirmiş? Axı bu zalım oğlu qabaq harda işləyirdi, indi harda işləyir? Aqronom diplomuyla Bakıda hara götürərdilər? Hamama kassir? Avtobusa konduktor? Evlər idarəsinin müdiri?

Səməd Vurğun Vəkilov deyir ki, yoldaş Əmirxanın böyük bir nöqsanı var, o da ancaq dolanışığını fikriləşməkdir. Ona görə də:

“Nə bir ad çıxarır, nə də ucalır…”

Səməd Vurğun oxucuya məruzə edir ki, şəxsən Aygünlə “bu xüsusda” danışəb və “ürəkləri şad olub”. Ancaq yoldaş Əmirxanı axtaranda eşidibər ki, o, Bakıdan çıxıb gedib…

Aha!

Səməd Vurğun Aygünə deyir ki, narahat olmasın, özü yoldaş Əmirxanı axtarıb tapacaq. Mili, Muğanı vurur bir-birinə.

Ürəyinizə damdı?

Aha!

“Axır sorağını mən Əmirxanın,

“Lenin” sovxozundan axtarıb-tapdım

Molla Nəsrəddinin papağı oğurlananda gedib oturmuşdu qəbiristanlıqda. Deyirdi oğru hara getsə, axırda bur gələcək…

Mən elə bilirdim yoldaş Əmirxan axırda “Lenin” sovxozuna gedəcək. Sovxoz, əlbəttə, qəbirstan deyildi, ancaq elə qəbiristan kimi bir şeydi…

Həm də axı Səməd Vurğun öz qəhrəmanını düzəldib sağlam sovet cəmiyyətinə qaytarmalıdır. Yolunu azmış insan harda düzələ bilər?

Əlbəttə, “Lenin” sovxozunda!

Səməd Vurğun yoldaş Əmirxanı tapır. Qonağı olur. Yoldaş Əmirxan xalq şairinə danışır ki, gül kimi sənəti vardı, “ağacdan ağaca calaq vurardı (haçan vurmuşdu? Bəs Qubadan gətirməmişdi tingləri? Tingləri də şaxta vurmamışdı?). Sonra qəlbinə İblis girir, ehtirasa uyur, pul qazanmaq eşqinə düşür… (bakılını Saaatlıda calaq vuran təsəvvür edursiniz? Bakılının başına iş qəhətdir? Səməd Vurğun Qazaxdan gəlib Bakıda teatr çıxarsın, bakılı Muğan səhrasında bağ salsın?)

Səməd Vurğun deyir ki, eybi yox, pul azarı çox adamda olur, hətta alimlərin də içində pul eşqinə düşənlərə olur…

Oxuyub dəhşətə gəlirsən… Gör necə rəzil alimlər olub o vaxt! Məgər indiki alimlərin, məsələn, akademik Nizami Cəfərovun pul eşqinə düşdüyünü təsəvvür etmək olarmı? Bunu ancaq təsəvvürü pozğun, bir sözlə, başı xarab adam təsəvvür edə bilər…)

Kim pul eşqinə düşən alimləri tanımaq istəyirsə, Səməd Vurğunun bu vacib məlumatını hökmən oxusun:

“Onlar zaman-zaman verib səs-səsə,
Nə xəyala gedir, nə fikrə bir gün”.

Yadınızda qaldı?  Səs-səsə verən, fikrə, xəyala getməyən alim görən kimi bilin ki, bu alim pul eşqinə düşüb. Lazımi yerlərə xəbər verin. Heç olmasa, ASAN xidmətə…

Yoldaş Əmirxan deyir ki, gec olsa da, sevimli sənətinə qayıdıb, istəyir ki, Saatlıda bir bağ salıb heç olmasa,  bir kənddə tanınsın…

(Saatlıda nə bağ?)

Gecəni Səməd Vurğun yoldaş Əmirxanla keçirir (ürəyinizə ayrı şey gəlməsin…)

Səhər açılanda yoldaş Əmirxan bağı Səməd Vurğuna göstərir. Şitillər Səməd Vurğunun üzünə gülür…

Deyirəm, bəlkə ora bostan imiş. Axı şitil bağda olmaz, bostanda olar, dirrikdə olar…

Səməd Vurğun Bakıya qayıdıb Aygünə məruzə edir.

Əmirxan isə yenə Saatlıda darıxmağa başlayır, Bakının küçələri, keflər yadına düşür, işdən soyuyur, ağacların kölgəsində vaxtını keçirir, Araz üstündə piyada gəzir.

“Sonra xam at kimi haldan düşərək,

Axırda yorulub dincəldi o da.

Sonra, axırda…

(ardı var)

Məqalənin tam mətni burda:

https://xeyrulla.com/2018/11/30/səməd-vurgunun-aygun-komik-poemasinin-təhlili-toy-paltarini-soyunmayan-gəlin-və-mugan-səhrasi/

KOMİK “AYGÜN” POEMASI. “ÇÜRÜMÜŞ ƏT KİMİ TÖKÜL, BƏDƏNİM!”

bağırov_vurğun

Aygün pianinonun arxasında “tək oturub fikrə gedir”.

“Doğrudur, insanlar mənə əl çalır,

Ancaq səadətim yarımçıq qalır…
Dağlar da eşq ilə qalxıb ucalır…”

Alimlər dağların mənşəyini başqa cür izah edirlər, ancaq Səməd Vurğun deyirsə ki, qatıq qaradır…Burda Səməd Vurğun Pulkin silindrini başına taxır. Elyardan Aygünə məktub:

“Bəlkə də yazdığım bu məktubla mən

Xəbər verməyirəm ürəyinizdən…

 Odur ki, əvvəlcə üzr istəyirəm,

Ki, sizə «sevgilim Aygün» deyirəm.

 Bəli, mən sevirəm… Haqqım var buna,

Məhəbbət şərəfdir insan oğluna”.

Xanəndə olsa da, məclisdə meyidinə vursa da, qanacağı var. Üzr istəyir… Əlavə edir ki, “haqqım var”.

Yəni “sevgi sevən mərd olar, sevməyən namərd olar…”

Burası yaxşıdır:

Fəqət sevməmişdim mən indiyəcək,
Hər qızda bir cürə ayıb görərək”.

Zalım oğlu, sən ki o qədər içirsən, gözünə nəinki ayıb, ayrı şeylər də görünər…

Məktub çox uzundur (Düzü, Səməd Vurğun çox uzunçu adam olub. Bunu başa düşmək olar, bir misranın puluna bir kilo mal əti almaq olardı…). Belə bitir:

“Sənət dünyasının göylərində biz,

 Gəlin qoşa süzək qartallar kimi».

Aygün məktubu çox bəyənir, bu qərara gəlir ki:

“İnci tək düzülmüş sözlər yanaşı”.

Deməliyik ki, burda Səməd Vurğun öz-özünü tərifləyir, çünki bu cəfəng məktubu o özü qondarıb…

“Bir anlıq gözündə rəqs etdi aləm…”

Ancaq Aygünün yadına yenə yoldaş Əmirxan düşür (sıx qaşlı, gen sinəli), Bir yandan da:

Ülkər yerə döydü ayaqlarını

Bordaqda saxlanmış bir quzu kimi».

Bunu yaxşı başa düşmədim, xüsusən “bordağ”ı, gərək akademik Nizami Cəfərovdan soruşam, yaxşı ki, Azərbaycanın akademikləri var…

Aygün hərdən Eyları düşünür,

“Ancaq başındakı bu arzuları,

Qovdu öz diilə, milçəklər kimi”.

Arzular milçək kimi… Səməd çox incə şair olub….

İndi də Tatyanın Oneginə, pardon, Aygünün Elyara məktubu.

“Sizin yazdığınız məktubu aldım,
Oxuyub bir müddət heyran da qaldım…”

Bir müddət…

Məndən inciməyin… Düzü belədir,

Sizə ağlayıram, baxıb gülmürəm.

Yalan danışmağın mənası nədir,

Mən hələ heç kəsi sevə bilmirəm…»

Elyarın evi yıxıldı. Yəni indi dərdindən içib yıxılacaq…

Şəhərdə şayiələr yayılır ki, Aygün Elyarla gəzir”!

Yoldaş Əmirxan namusla gedir durur Aygünlə üz-üzə, deyir ver mənə o Elyarı, cırıq-cırıq eləyim…

Aygünü Səməd Vurğun namuslu-qeyrətli Azərbaycalı qızı-gəlini kimi yaradıb, kommunizmə simfoniya həsr edid Stalin mükafatı almaq binamusluq deyil, avara ərdən ayrılandan on il sonra başqa kişi ilə görüşmək binamusluqdur…

“Eşqin, məhəbbətin nə olduğunu

Səndən ayrılalı mən unutmuşam”.

Yoldaş Əmirxan səssizcə qalxıb qapıdan çıxır.. Xəcalət çəkir… Öz-özünə qarğış edir:

“Çürümüş ət kimi tökül, bədənim!”

(ardı var)

Məqalənin tam mətni burda:

https://xeyrulla.com/2018/11/30/səməd-vurgunun-aygun-komik-poemasinin-təhlili-toy-paltarini-soyunmayan-gəlin-və-mugan-səhrasi/

KOMİK «AYGÜN» POEMASI. “QONAQ DA KÖÇƏRİ BİR QUŞA BƏNZƏR, TƏKCƏ EV SAHİBİ UÇAN DEYİLDİR…”

bağırov_vurğun

Arabir də ürəyinə toxtaq verərək,

Ayaq üstə can çəksə də, yenə yeridi…”

Əmirxan “can çəkirsə”, necə işləyir? Nə yaxşı iş imiş ki, can çəkən adam da öhdəsindən gəirmiş?

Səməd Vuurğun burda yenə filosof əbasına bürünür, deyir ki, bu düyada hər insan öz yerini tutur:

“Mühəndis də, müəllim də, təbib də hər an

Oz işilə, peşəsilə məqsədə çatdı”.

“Hər an məqsədə çatmaq” – bu necə olur?

Hər müəllim (həkim) olan məqsədə çatır?

Sonra:

“Çoxlarına həyan oldu məkan və zaman”.

Səməd Vurğun yəqin zaman və məkan haqqında təlimin olduğunu eşidib, ancaq onun nə olduğunu bilmir. Zaman və məkan insana necə həyan olur?

“Hər ağac da bir müəyyən yerdə boy atdı…”

Bu, aqronom yoldaş Əmirxanın diplom işindəndir?

Aha! Səməd Vurğun deyir ki, təkcə Əmirxan öz yerini itirib!

İdrakı (idrakı qalıbmış) onu danlayır, deyir tayların ildə neçə orden alırlar…

İldə bir neçə orden? Ağ olmadı? Səməd Vurğun özü yəqin alırmış…

İdarakı yoldaş Əmirxana deyir ki, “yerdən bərk yapış”. Səməd Vurğun deyir mən də idrakla razıyam, nə varsa, torpaqdadır…

Kefdir!

Yenə Puşkin Larinanın yanına qayıdır. Daha doğrusu, Səməd Vurğun Aygünün. Məlumdur ki, Tatyana Larina ərə getmişdi. Aygün isə ismətli azərbaycanlı qadındır. Başqasını sevə bilməyib.

“Gəlin sənət ilə yaşadı yalnız!”

Afərin!

Aygün başqa kişi sevməsə də, sevgisi çoxdur. O sevir: varlığı (?), təbiəti, axar suları, zəfəri, bəxtiyarlığı, yüksək əməlləri, saf arzuları.

Əsil Azərbaycan sovet qadınıdır.

Aygünün evində şadyanalıq.

“Başdan-ayağadək geyib qırmızı,

 Məclisə gün kimi şölələr yayır”.

Cürbəcür yeməklər, zəfəranlı plov. “Süfrədə rəngbərəng şərablar da var”.

“Yanır sağ döşündə qızıl bir nişan,

 Üstündə əksi var bizim rəhbərin…”
Aha! Rəhbərin! Stalinin!

“Əl çalıb oynayır dostlar, tanışlar,

Külək də tərpədir pəncərələri…”

Zəlzələdir? Bəlkə pərdələri tərpədir?

Beşinci badədəm sonra qarabağlı müğənni Elyar qızışıb oxuyur…

Aha!

“Deyesən yamanca vurulub Elyar!”

Birdən qapının zəngi üç dəfə vurulur.

Aha!

“Yonulmuş daş kimi arıq bir bədən,

Dayandı Aygünün qabağında lal”.

Yonulmuş daş hökmən arıq olur? Baxır nə boyda daşı yonursan, nə üçün yonursan…

“Aygünə bir dəstə gül verib, dərhal,

Gözləri yaşarmış çıxdı qapıdan…”

Yoldaş Əmirxan gözünü yaş elə tutub ki, qızını da görmür… Arvad Stalin mükafatı alıb…

Qonaqlar dağılışırlar. “Bir-bir, iki-bir”.

Sonra Səməd Vurğun maraqlı bir şey deyir. İndiyəcən heç kimin ağlına gəlməyib:
“Qonaq da köçəri bir quşa bənzər,
Yalnız ev sahibi uçan deyildir…”
Qəşəng deyilib. Bunu yekə hərflərlə yolların qırağına dirəklərə vurmaq lazımdır. İndiyəcən ev sahibinin uçan olduğunu güman edən cahillər var…

Aygün fikrindən səhərəcən yatmır. Bir romans yazır.

Elyar da yatmır. (O qədər içındən sonra gərək ölü yuxusuna gedəydi).

“Mənimdir o meyxoş, o dolğun çiçək”.

“Meyxoş” nədir?

“Dolğun çiçək” – yəni ətli-canlı?

Səməd Vurğun da Elyarı fitvalayır:

“Madam ki, eşqini sevirsən ancaq,

Sözündə bərk dayan, dönmə geriyə”.

Eşqi necə sevmək olar? Eşq elə sevgi deyil?
Yox, Səməd Vurğun dovşana “qaç”, tazıya “tut” deyir. Sevgi üçbucağı qurur.

“Hardasan, Əmirxan, hardasan indi?

Yoxsa ağır yatıb yuxu görürsən?

Bir oyan qəflətdən, meydan sənindir,

Oyan ki, Aygünü əldən verirsən”.

Yoldaş Əmirxan da gecəni yatmayıb. Öz-özünü danlayır:

“Ölüm də yoxdur ki, canımı ala,

Mənim də adıma kişi deyirlər…”

“Taleyim nə yaman günə qalmışdır,
Məni bu günümdə hrç kim bəyənməz”.

“Başıma uçsa da qayalı bir dağ,
Bir də üz qoymaram Aygün tərəfə…”.

Səməd Vurğunda dağ çoxdur, hamısı da qayalı. Ay zalım oğlu, başına qayalı dağ uçsa səndən nə qalar ki, harasa gedəsən…

Yəni bu yöndəmsizlik yoldaş Əmirxanın günahı deyil, Səməd Vurğun onun adından belə heyvərə, küt baltadan çıxmış şeirlərlə onu biabır edir…

Sonra Səməd Vurğun uzun-uzadı Aygünün daha bir yuxusuz gecəsini təsvir edir və oxucusuna bildirir ki, gəlinin “xoş ətirli gül dodaqları öpüşə həsrət qalıb”. “Gözünün yuxusu çəkilir dəm-dəm desə də”, iki misra sonra məlumat verir ki, “Səhərin eşqilə Aygün oyandı… Geydi saxladığı toy paltaını…”

Allah xeyir eləsin…

(ardı var)

Məqalənin tam mətni burda:

https://xeyrulla.com/2018/11/30/səməd-vurgunun-aygun-komik-poemasinin-təhlili-toy-paltarini-soyunmayan-gəlin-və-mugan-səhrasi/

“AYGÜN” KOMİK POEMASI. Ü. HACIBƏYOV HAQQINDA: “O İNANDI KOMMUNİZMİN AL BAYRAĞINA…”

bağırov_vurğun

“Gecələr ac qalıb ağladı çağa,
Ana balasını duymadı bəzən…”
Çağa gündüzlər tox olur?

“Düşdü Əmirxanın canı qorxuya…”

Aha!
“Bəzən soyuqladı alnındakı tər…”
Yoldaş Əmirxan özü soyuqlamır, təri soyuqlayır… Uşaqlar bu əsərdən Azərbaycan dilini öyrənməlidirlər…

“Hərdən də hirslənib başına döydü…”

Sonra Səməd Vurğun bir neçə dəfə haşiyələr çıxır, deyir ki, səadətdən ilham alır, onun nəfəsindən isə dağlar ilhama gəlir, “üfüqləri çatıq görəndə şimşək olmaq istəyir” və s. bu cür demaqoqiya…

“Aygün xəstəlikdən qalxdı ayağa…”

Əslində yataqdan qalxarlar, xəstəlikdən ayılarlar, sağalarlar…

Eyvana çıxıb dörd yanı seyr edir (eyvandan “dörd yan” necə görünər?), şəhər qaynayır, bütün insanlar xoşbəxtdirlər…

Stalinin vaxtında ağzın nə idi xoşbəxt olmayaydın, əlli-qayaqlı gedərdin..

Və çağasını götürüb evi tərk edir…

O getdi sürətli bir ildırım tək…”

İldırım elə sürət bildirmirmi? Sürətsiz ildırım olar? Daneliyanın filmində: «Коза закричала не человеческим голосом…»

“Ürək sinəsində qalxdı ayağa…”

Ürək də ayağa qalxarmış…Dinc oturmur…

Yoldaş Əmirxan gəlib görür ki, nə Aygün var, nə çağa…

“Ev də qərq olmuşdur qaranlıqlara…”

(Evə girəndə işığı yandırmır?)

Aygün məktub yazıb qoyub:

“Əmirxan, yazıqsan, öz qədrini bil,
Neçə yol demişəm sənə bu haqda…”

Əmirxan məktibi oxuyub bərk-bərk ….əsnəyir (qanacaqsız!).

“Əsdi varlığına tozlu bir külək…”

Bakı küləyi  varlığa əsəndə də tozlu əsir…

“Dağ boyda gövdəsi döndü yumağa”.

Təsəvvür edirsiniz?

Yoldaş Əmirxan ümid edir ki, arvadı acığı soyuyan kimi çapa-çapa qayıdıb gələcək…

Sonrakı səhnədə Aygünü ağsaçlı bir insanın qarşısında görürük. Bu insan isə, əlbəttə, Üzeyir Hacıbəyovdur. Səməd Vurğun Üzeyir Hacıbəyova Qazax aşıqları kimi uzun-uzadı tərif verir. Adam istəyir ki, əlini qaldırıb desin: “Aşıq, saxla!”

“O inandı kommunizmin al bayrağına…”

Salyanlılar demişkən, ala, burda saxla… Sən bu Üzeyiri apardın kommunizmə soxdun ki…

“Avropanın kölgəsində o dincəlmədi,
Tör-töküntü yığanlardan sənətkar olmaz…”

Üzeyir Avropadan öyrəndiyinə görə Üzeyir olub, Üzeyir “Traviata”ya qulaq asmasaydı, Leyli və Məcnun” olmazdı… Səməd Vurğun ya öyrənməyib, ya tör-tör-töküntü götürüb, ona görə bu gündədir… Budur Səməd Vurğunun yazdığı:
“Yamaqlardan tikilməmiş bütöv bir libas…” (Üzeyir Hacıbəyovun tərifi)

Sonra Səməd Vurğun yoldaş Əmirxna ilişir:
“Di, kefin necədir, əhli-kef oğlan,

Niyə yatmayırsan səhərə qədər,
Didirmi gövdəni taxtabitilər…”

İndiyəcən bilmirik ki, yoldaş Əmirxanın işi-peşəsi nədir. Ümumiyyətlə, bu Əmirxan surətində inandırıcı bir cizgi yoxdur. Ba adam bakılı hətta caz və fokstrot həvəskarı kimi qələmə verilsə də, onda bakılılıq, şəhərlilik əlaməti yoxdur. Elə Səməd Vurğunun özü kimi kəndçidir…

Səməd Vurğun yenə haşiyə çıxıb yazır ki,  beş ildir Aygünü görmür… Burda demək olar ki, bu poemanı yazanda Səməd Vurğun Puşkinlik eşqinə düşüb, Puşkin öz mənzum romanının qəhrəmanlarıyla görüşdüyü kimi, Səməd Vurğun da Aygünlə görüşür, yəni Aygünün simasında Səməd Vurğun azrbaycanlı Tatyana Larina yaratmaq iddiasında olub… Ancaq Puşkin incə cərrah alətləriylə işləyibsə, Səməd Vurğun ancaq balta işlədib…

Bu da Puşkin, pardon, Səməd Vurğun balı:

“Orkestro dilə gəlir neçə nəfəslə…

Qaşlarını çatır bərk-bərk, hamı susaraq…”

Azərbaycalılarda adətdir, orkestro çalınan kimi qaşlarını “bərk-bərk çatırlar…”

Çalınan musiqi isə:

“Söhbət açır o, gələcək qərinələrdən.

 Kommunizmin gülşənindən gül dərə-dərə

Cumub gedir fikirlərə, düşüncələrə»,

Çalınan simfoniniyaya Səməd Vurğun beləcə iki yüz cəfəng misrada tərif verir. Kommunizmin gülşəninə aparan bu simfoniyanı kim yazsa yaxşıdır? Əlbəttə, Aygün!

Özü də dirijorluq edir:

“Orkestri dolandırır öz əlləriylə…”
Yəni orkestri hərləyir… Bayaq “orkestro” idi, indi “orkestr” oldu…

O ki qaldı yoldaş Əmirxana, yoldaş Əmirxan yavaş-yavaş ehtirtaslardan soyuyur. Məclislərdə başqa ər-arvadlara sağlıalar deyiləndə:

“Bərk yapışdı boğazından namus ilə ar…”

İkisi birdən yapışanda pis olar…

“Başındasa yuva saldı lal düşüncələr…”

Bir az yuxarıda müəllif demişdi ki, Əmirxanın “başına böyük fikir gəlmədi…”

“İllər keçdi, o tanınmış bir şəxs olmadı….”

Hardan olardı…

“Ancaq əli bir gün belə işsiz qalmadı…”

Deməli, bu Əmirxan zəhmətkeş imiş? Ay Səməd Vurğun, bəs bayaqdan demirdin ki, pozğundur, gecə səhərəcən kef məclislərində olur, gündüz də axşamacan xorna çəkir?
(ardı var)

Məqalənin tam mətni burda:

https://xeyrulla.com/2018/11/30/səməd-vurgunun-aygun-komik-poemasinin-təhlili-toy-paltarini-soyunmayan-gəlin-və-mugan-səhrasi/

KOMİK «AYGÜN» POEMASI: O GƏRNƏŞİB ÖZ YERİNDƏN DURDUĞU ZAMAN, GÜCƏ DÜŞDÜ YEYİB-İÇMİŞ AĞIR BƏDƏNİ…»

bağırov_vurğun

Bəli, məlum olur ki, yoldaş Əmirxan yaman gündəymiş, cazı, çürüməkdə olan Amerika imperializminin sovet insanlarının mənəviyyatını pozmağa yönəlmiş bu janrı sevirmiş!

“O, fışqırıq çala-çala çıxdı qapıdan…”

Aha! Fışqırıq! Qanacağına bax!

Sonra Səməd Vurğun məruzə edir ki (yəqin NKVD-yə çatdırır), “yüngül başlı, boş ürəkli” insanlar var ki, “fokstrotu sevirlər”…

Aha, burda cazdan başqa fokstrot məsələsi də var. Pozğunlar!

Məlum olur ki, Əmirxanın fıştırığını Aygün vecinə almayıb.

“Əmirxanın getməyini duymadı gəlin…”

“Çal, gözəlim!”

Bunu Səməd Vurğun deyir… Özgənin arvadına…

Sonra şair gözlənilməz kəşf edir:

“Qış gecəsi uzun olur…”

Bütün şəhər yatıb.

“Dörd tərəfdən qıfıllanmış bir otaq kimi…”

Hansı otaq dörd tərəfdən qıfıllanır?

Hamı yatıb, Aygün oyaq. Səməd Vurğunun gözəli durub pəncərənin arxasında

“Bir ürəkdə qıfıllanıb qalsa arzular

Şamlar kimi şölə çəkib yanar apaçıq”.

Yenə “apaçıq”…

Əgər qıfıllanıb qalıblarsa, necə “apaçıq” yanarlar?

Aygün pəncərəni açır.

“Quldur kimi qılınc çəkib soxulur külək…”

Küləyin soxulmağı başa düşüləndir, ancaq qılınc çəkməyi ağ oldu…

Yenə pəncərəni bağlayır…

Yoldaş Əmirxan isə məclisdədir. Səməd Vurğun Vəkilov deyir ki, o pozğun məclisi təsvir etməyi öz əsərinə layiq bilmir!

Əsər!

Maraqlıdır, görəsən nə pozğunluq imiş? Heç olmasa, gərək ucundan-qulağından yazaydı. İndi hər oxucu öz pozğunluğu ölçüsündə təsəvvürünə bir şey gətirəcək…

Yoldaş Əmirxan evə səhər açılanda qayıdır. Doyunca pozğunluq edəndən sonra. Qıçları bir-birinə dolaşır. Gözlərinə qan sızıb.

“O məclislər aşiqinin, keflər oğlunun,
Nə vaxtında yeməyi var, nə də yuxusu”.

Keflər oğlu! Akademik şairimizin hər ifadəsi incidir!

Yoldaş Əmirxan ağzı üstə çarpayıya döşənərək axşamacan “xorna çəkir”.

Tfu!

Aygün isə körpəsini bağrına basıb nəfəsnə qulaq asır…

Sonra Aygünün daxili monoloqu gəlir. (daxili monoloqda Səməd Vurğunun tayı yoxdur, Şekspir işi deyil).

“Etibarsız, mən yanıram səhərə qədər,
Osa içib nəşələnir evindən uzaq…”

Daxili monoloqunu bitirən kimi Aygün “filkirlər dünyasında” yuxuya gedir. Yoldaş Əmirxanın xornasına məhəl qoymur…

Ancaq bir  saat keməmiş birdən qalxır, “yorğanı üstdən ataraq”.

(Belə çıxır ki, yorğanı altdan da atmaq olar…)

Deyir ki (öz-özünə), duran kimi (yəni yoldaş Əmirxan) bütün sözlərimi üzünə deyib getməliyəm.

Ancaq daxili monoloqun içində bir daxili monoloq da varmış (Şekspir belə şeyləri bilməzdi). “Ürəyindən dilə gəlir xeyirxah bir səs”. Bu xeyirxah səs deyir ki, tələsmə, yüz ölç, bir biç, öz evini dağıtma, o da (yəni yoldaş Əmirxan)  bir insandır, “bəlkə yenə doğruluğun yoluna düşdü”.

Bu sözləri eşidəndən sonra Aygünün rəngi “ilk baharın laləsi” kimi açılır…

Yoldaş Əmirxan isə xorna çəkməkdə…

Axşam olanda yoldaş Əmirxan yuxudan doyur və gərnəşib durur. Gərnəşəndə ağır bədəni gücə düşür…

O, gərnəşib öz yerindən qalxdığı zaman

Zora düşdü yeyib içmiş, ağır bir bədən.

Duran kimi dava düşür. Aygünün qaşqabağı yoldaş Əmirxanın xoşuna gəlmir (yuxarıda Səməd Vurğun demişdi ki, gəlinin rəngi lalə kimi açılıb).

Beş kişinin qazancını qazanıram mən!”

Hardan? Bank yarır? Anaşa satır?

Yoldaş Əmirxan deyir ki, bundan sonra kefindən qalmayacaq, yəni pozğun həyatına davam edəcək. “Əl çək yaxamdan!”

Gəlin tablamır. “Açılır birdən”.

Aygün tələb edir ki, yoldaş Əmirxan ona “aşna” deməsin və “vərdişindən əl götürsün”.

“Eşqimizin sarayını yıxma, uçurma…”

Aha!

“Sözün düzü, Əmirxanın ürəyinə də

Məhəbbətin, nəzakətin şöləsi düşür”.

Vəssalam! Amerikalılar illərlə psixonalitiklərə ətək-ətək pul verirlər, məhkəmələr, vəkillər… Burda beş kəlmə sözlə iş düzəldi.

“Taqsırını öz boynuna alır Əmirxan”.

Əslində “Öz taqsırını boynuna alır” olmalıdır. Bunun eybi yox, yaddan çıxarmayaq ki, Səməd Vurğunun babası iyirmialtılar olub, yəni şaumysanlar, Azərbaycan dilini zif bilir…

Qucaqlayır o, gəlinin boynunu birdən…”

Burası erotikadır, 18+. Ötürək getsin…

Deyəsən, işlər düzəlib.

“Gəlinciyin sinəsində sevindı ürək,

Öz ərini, uşağını bərk sevə-sevə”.

Uşaq da böyüyür.

“Uzandıqca uşaqcığın (?) sarı telləri,

Öz ətrini yaydı evə gül qönçəsi tək”.

Görəsən bu ətir konkret hardan yayılır? Sarı tellərdən?

Lənət şeytana!

“Aygün Əmirxanla bir axşam yenə,
Oxumaq üstündə bərk sözə gəldi”.

Əmirxan Aygünü yola gətirməyə çalışır:

“Olmaz ki, meylini evə salasan,

Öz ilhamını da bizdən alasan?”

Yoldaş Əmirxan qorxur ki, Aygün Mozart kimi, Bethoven kimi bir bəstəkar olandan sonra onu bəyənməz…

“Getsən, birdəfəlik gedəsən gərək…”

Aygün getmir, ancaq xəstələnir…

Maraqlıdır ki, yoldaş Əmirxanın yetim olduğunu bilirik, ancaq komik poemadan belə çıxır ki, Aygün nəinki yetimdir, o hətta ayrı planetdən gəlib, onu bir ana doğmayıb, yer üzündə heç kimi yoxdur…

Bir ay “o gözəl nigar” iztirab içində yandı şam kimi…

Döşləri quruyub kəsildi süddən…”

Aygün üç ildən çoxdur ki, gəlindir. Uşağın gərək iki yaşı ola. Süddən ayırmaq vaxtı deyil?
(ardı var)

Məqalənin tam mətni burda:

https://xeyrulla.com/2018/11/30/səməd-vurgunun-aygun-komik-poemasinin-təhlili-toy-paltarini-soyunmayan-gəlin-və-mugan-səhrasi/

S. VURĞUNUN «AYGÜN» KOMİK POEMASI:“TRAMBONLA VALTORNANIN GÜCLÜ NƏFƏSİ, ORDU KİMİ HÜCUM ÇƏKİR MÜBARİZƏYƏ”

bağırov_vurğun

Aha! Yoldaş Əmirxan töhmət alıb! Sovxoz direktorundan, toplardan atəş açandan.

Yoldaş Əmirxanın “gövdəsinə bumbuz olmuş tər gəlir”.

Tər bədənə gələr ya gövdəyə?

Burda Səməd Vurğun yenə filosofluq iddiasında düşür  və deyir ki, insan tənqidə qulaq asmayanda:
“Sinəmizdə yetim kimi ürək tək qalır…”

Ürək haçan cüt olur ki? Tənqidə qulaq asanda?

Sonrası daha mürəkkəbdir, elə bil almanca yazılıb:

“Xəyalımız səssiz keçir səhralar kimi”.

Bu misranı başa düşən insanın əlini sıxıb dərin minnətdarlığımı bildirməyə hazıram!

Səməd Vurğun iddia edir ki, “suçumuzu boynumuza alanda”:

“Çox sevinir Vətən adlı müqəddəs ana…”

Çox təəssüf ki, xeyli vaxtdır Vətənim yoxdur, suçum  isə nə qədər desən, gündə birini boynuma alardım, müqəddəs Vətən sevinərdi…

Səməd Vurğun məruzə edir ki, “Yoldaş Əmirxan Fərhad kimi külüng çalmadı”.

Fərhad əsllində, düzünü desək, lotunun biridir, dağı qazıb saraya süd arxı çəkir. Əməkçi xalqa onun süd arxı lazımdır? Yox! Gedib bir kənddə su arxı qazsaydı, min dəfə yaxşıydı. Bu da sizin Fərhadınız…

Stalin, Bağırov öz sevgilisi üçün süd arxı qazana neylərdi? Bəli! Güllələrdi!

Ancaq Stalinin, Bağırovun süd arxları da olub, şampan arxları da. Səməd Vurğun da o arxlardan çox içib…

Yoldaş Əmirxanın nöqsanları çoxdur, yəni başdan-ayağa nöqsan içindədir.

“Özü lovğa, biliyi az, hövsələsi dar…”

Yoldaş Əmirxan Aygünə buyurur ki, yığış, qayıdaq Bakıya, “bu sənətdən bir kar aşmaz”.

“Yenə Bakı tez çıxardar bizi ağ günə”.

Bu, Aygünün ürəyindən olur. Yoldaş Əmirxan:

“Aqronomluq sənətinə getmədi daha…”

Səməd Vurğun bilikdə Əmirxandan fərqlənir? Bu cümləni savadlı adam yazıb? “Aqronomluq sənəti…”

Hələ ağ yalan olmağı bir yana: Stalin vaxtı, Bağırov vaxtı kəndə təyinatla gedəni kim buraxardı, əgər böyük adamı olmasaydı?

Bakıda yoldaş Əmirxanın harda işlədiyi bilinmir.

“Neçə yerdə neçə “növbə” xidmət elədi…”

Bir şey başa düşmək olmur. Qazancı hardandır?

“Məqsədə yox, qazanclara getdi apaçıq…”

Apaçıq…

Guya Səməd Vurğun bu cızma-qaraları qazanc üçün yazmayıb, məqsəd üçün yazıb. İyirmialtılara qazanc üçün yox, məqsəd üçün “babam” deyib…

“Sözün düzü Əmirxanı mən çox izlədim…”

Düşüb Əmirxanın dalına…

Bilirsiniz necə izləyir?

“Mən get-gedə görünürəm o gələ-gələ…”
Çon incədir, hə? Başa düşmək çətindir…

Bir səhər “Aygün radionu qurdu”.

Aha! Yoldaşları konsert verirlər!

“Şəfiqənin şam barmaqlı nazik əlləri,
Şəkil kimi gözlərinin önündə durdu…”

Burda barmaq şama bənzədilib (yəqin Şəfiqə Axundovanın barmağıdır). Ancaq şam hökmən incə olmur. Qıç yoğunluğunda şamlar olur…

Hələ bu nədir ki.

“Trambonla valtornanın güclü nəfəsi,
Ordu kimi hücum çəkir mübarizəyə…”

Mübarizəyə necə hücum çəkərlər? Vallah, bu Səməd Vurğun Azərbaycan xalqına vedrə bağlayıb…

Yoldaş Əmirxan da bu konsertə qulaq asırmış. Aygün dönüb yoldaş Əmirxana deyir:
“Eşidirsən? Tay-tuşlarım verib səs-səsə,
Hey çalırlar, oxuyurlar nəfəs-nəfəsə”.

“Nəfəs-nəfəsə” oxumaq necə olur?

Sözün qısası, Aygün yoldaş Əmirxana məruzə edir ki, təhsilini davam etdirib bəstəkar olmaq istəyir.

“Bəstəkarlıq işinədir həvəsim ancaq…”

Bəstəkarlıq işi… Bəlkə Salahlıda kəndlilər belə danışırlar, ancaq musiqi təhsili olan adam belə deməz… “Bəstəkar” sözündəki “kar” elə “iş” deməkdir…

Aha! Yoldaş Əmirxan gülür!

Yoldaş Əmirxan deyir ki, arvaddan bəstəkar olmaz və arvad səhnəyə çıxıb Rast oxusa, ərinin əti tökülər…

Qəribədir, axı  Aygün bəsətəkar olmaq istəyir, “rast” oxumaq firki yoxdur…

“Yox, yox, mən o kişilərdən deyiləm!”

“Aygün dönüb körpəsinin üzünə baxdı…”
Aha! Bunların uşağı varmış! Səməd Vurğun indiyəcən bu barədə oxucuya məruzə eləməyib…

Aygün “qınına çəkilmir”, məktəbə gedib yoldaşlarıyla görüşür (yəqin yoldaşları keçən bu iki-üç ildə elə həmin kursda qalıb onu gözləyirlər). Aygünə deyirlər ki, qayıt məktəbinə, sənin istedadın var…

Aygün yenə pianinonun arxasına keçir, şirmayı dillərə bir divan tutur ki, bütün “qonum-qonşu” (bəlkə “qohum-qonşu”?) çıxır eyvana.

“Neçə ürək salam verdi o şeriyyətə”.

İlahi, bu nə dildir? Ürək şeriyyətə salam verir… Buninla tərbiyə alan uşaqların nə danışığı, nə yazısı olar?

Aygün “iki saat, bəlkə də çox” pianinodan qalxmır.

Yoldaş Əmirxan da “bir az qulaq asır”. Təəssüf ki, sənəti duymur…

Yoldaş Əmirxan caz sevirmiş!

Aha! O vaxtlar sovet cəmiyyətində caza qarşı mübarizə gedib. Səməd Vurğun da gərək öndə ola. “Pravda” qəzetində ya da başqa bir qəzetdə belə bir beyt də olub:

«Сегодня он играет джаз,
Завтра родину продаст».

Yəni ki, bir insan bu gün caz çalırsa, sabah vətənini satar…

(Bu, əlbəttə, düz deyil. Məsələn, Qarabağı satan azərbaycanlıların içində bir nəfər də caz həvəskarı olmayıb, hamısı muğamatı, aşıq musiqisini sevib…)

(ardı var)

Məqalənin tam mətni burda:

https://xeyrulla.com/2018/11/30/səməd-vurgunun-aygun-komik-poemasinin-təhlili-toy-paltarini-soyunmayan-gəlin-və-mugan-səhrasi/

S. VURĞUNUN KOMİK «AYGÜN» POEMASI: “GECƏLƏR YATMAYIB HƏR BİR AĞACA, İSTİ PALTAR TİKDİ GƏLİNLƏR, QIZLAR…”

bağırov_vurğun

“Gecələr yatmayıb hər bir ağaca,

 İsti paltar tikdi gəlinlər, qızlar…”

Yəqin son dəbdə tikirmişlər paltarı, ağacı nə bilmisən, hər paltarı geyməz, cırıb atar…

Ağaclar əyinlərinə paltar geyən kimi başlayıblar düşünməyə:

“Onlar düşündü də fikri var kimi,

Aylı gecələrin yaraşığında…”
Umumiyyətlə, Saatlı, Sabirabad düşüncənin çox olduğu yerdir, Sabirabaddan nəinki ağaclıar, hətta baş soğanı da düşünür. Ağzında baş soğanı deyirsən…

Səməd Vurğun bir az da yaşasaydı, “Soğan” poeması da yazardı. “Nuğan”, “Soğan”…

“Buğlana-buğlana nəhəng maşınlar,
Qar təpələrinə çəkdi hücumlar…”

Bunu başa düşmədim. Maşınlar qar təpələrinə heç Rusiyada hücum çəkmirlər. Azərbaycanda o vaxtkı maşınlar düz yolu candərdi gedirdilər. İndi birdən tanka dönüb qar təpəsinə dırmaşdılar? Deyək ki, dırmaşdılar, sonra?

Qış bitir. Qışla mübarizə aparan qəhrəmanların şəklini sovxoz direktoru “öz əliylə” şərəf lövhəsindən asır…

Ancaq bilinmir ki, bu qış Əmirxan gələndən sonra olub ya ondan qabaq. Komik poemanın davamından onu bilirik ki, indi Əmirxan Qubadan şitillər alıb  “alma, armud, ərik əkdi”.

Məncə, şitil tərəvəzə aid sözdür. Meyvə ağacınl “ting”lə əkirlər…

Əmirxan əkdiyi bağlara baxıb ilham alır…

“Saldığı bağların səliqəsinə,
Aygün də heyrətlə valeh olurdu”.

Necə yəni “heyrətlə valeh olurdu”? Heyrətin özü elə valehlik deyil? Səməd Vurğun ömrünün axırınacan Azərbaycan dilini düz-əməlli öyrənməyib…

Bir müddət Əmirxan Aygünlə səhər-səhər çöllərin mənzərəsindən zövq alır. Hərçənd oxucuda buna şübhə olmalıdır: Saatlı çölündən nə zövq? Şitillər də indi-indi əkilib…

Bu yerdə şoğərib qış gəlir. Bu, yəqin bayaqkı qışdır.

Təbiət “şaxta ata minir”, qlıncını çəkib insanla üz-üzə durur…

Əmirxan pəncərələri bağlayır… Bayaqdan pəncərələr açıqmış…

“Yalnız istisini Aygündən aldı…”

Bu cümlə hər cəhətdən səhv və dolaşıqdır. Pəncərəni bağlayandan sonra “yalnız istisini Aygündən aldısa”, belə çıxır ki, pəncərədən isti gəlirmiş…

Yaxşı, Əmirxan istisini Aygündən alır. Bəs Aygün necə qızınır?

Sonra yadına şəhər düşür, “böyük teatrlar”, “böyük kinolar” (?) düşür və öz-özünə deyir: “Mənim bu çöldə nə işim var?”

Doğru sözdür. Çöl, özü də səhra…

Bu misra yaxşıdır:

“Lovğalıq qurd kimi gəzdi başında…”

Ancaq hər gözəlin bir eybi olar. Bu misranın da eybi var. Başda qurd gəzməz, bit gəzər… “Lovğalıq bit kimi gəzdi başında…”

“Odur ki, verdiyi tapşırıqlara,
Atüstü yol çəkdi yəhər qaşında…”

Aha! Bu yoldaş Əmirxan atla gəzirmiş. Bəs o buxarlı nəhəng maşınlar?
“Əmirxan hərcayı dumanlar kimi,
Göydə dayanmadı, yerə enmədi”…

“Hərcayı duman…”

Göydə dayanmır, yerə enmir…

Şair burda haşiyə çıxıb yazı çağırır:

“Gəl ey nazlı bahar, gecikmə, tez gəl…”

Bəs bayaqdan bahar gəlməmişdi?

Gəl ki, şeir yazaq, çörək yetirək…”

Bahar çörək yetirər, ancaq helə hətərən-pətərən şeirlər yazmaz…

Bahar da qış kimi at üstündə gəlir. Qış “şaxta at” minmişdisə, bahar “kəhər at” minib.

“Öz kəhər atının üstündə bahar,

Bir qəhrəman kimi gəlmiş Muğana”.

Bu kontekstdə “Kəhər at” birbaşa mənasında başa düşülməlidir, yəni bu, metafora deyil. Bahar doğrudan da at minib.

Ancaq necə, məsələ burasındadır. Və niyə bahar qəhrəmandır?

“İnsana gəl deyir yenə səhralar”.

Hansı səhralar?

“Günəş salam verir hər qəhrəmana”.

Saatlı elə ucdantutma qəhrəman imiş ki… Günəş də qəhrəmanı qəhrəman olmayandan ayırır…

“Narın yağışlar da hər axşam-səhər,
Gah bağı isladır, gah biçənəyi…”

“Hər axşam-səhər” düz deyil, ya “hər axşam” olar, ya”hər səhər”…

Yağış ünvanlı yağır? Bir saat bağa, bir saat biçənəyə?

Komik poemanın hansı beytini, hansı bəndini qurdalayırsan, yumşaq desək, zibili çıxır. Bu zibilə baş ağrıtmağa dəyməzdi, ancaq onu Azərbaycan millətinə indiyəcən inci kimi sırıyırlar…

Aygün bu bahardan zövq alıb səhərlər “quş kimi durdu”.

“Keçdi dəniz kimi göy tarlalardan,

Bəzən gün altında kətmən də vurdu”.

Aha! Kətmən! Bəzən? Bəzən necə olur? Kətmən vurursa, deməli, pambıq tarlasıdır. Bayaqdan Səməd Vurğun zəmi deyirdi.
“O hərdən dayanıb durduqca təkcə,
Üzündən-gözündən nur tökülürdü”.

Aygün kətmən əlində durub, üz-gözündən nur tökülür…. Saatlı çölündə… Muğan səhrasında…

Buna fikir verin və yadda saxlayın:

“Hələ qoşun-qoşun cərgələnərək,

Dayanmış yamyaşıl ağaclara bax”.

Bir az sonra:

“Bir çox ağacları don vurdu o il,
Salamat çıxmadı qışdan bahara”.

Bu, Əmirxanın bağıdır. Bəs o qoşun kimi dayanan ağaclar? Yoldaş Əmirxan sovxozun aqronomu deyil?

Başa düşdük ki, Əmirxanın işi fırıqdır. Qayıtdıq Aygünə.

“Yel əsəndə, qar yağanda, şaxta düşəndə,

İstisini Əmirxandan alırdı gəlin…”

Bu ondan isti alır, o bundan… Şaxta da ki, Saaatlıda Sibir şaxtası… Bəs yaz gəlib axı…

Ancaq Aygün:

“Öz musiqi məktəbini hərdən anardı…”

Aha! Aygün musiqi məktəbində oxuyurmuş! Ancaq nədənsə təkcə ağ dillərlə çalırdı…

“Daş-qaşa da, ziynətə də uydu bir zaman…”

Aha! Daş-qaş!

Ancaq Əmirxanın problemi var.

“Elə bil ki, bulud yağır qaş-qabağından…”

Bulud yağır? Ya bulud yağdırır?

Eybi yox, müəllifin babası Şaumyan olub… Caparidze də, Əzizbəyov da…

(ardı var)

Məqalənin tam mətni burda:

https://xeyrulla.com/2018/11/30/səməd-vurgunun-aygun-komik-poemasinin-təhlili-toy-paltarini-soyunmayan-gəlin-və-mugan-səhrasi/