Архив тегов | salyanlılar

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 5. QANLI SURRA TOYU, ƏZİZAĞA VƏ SALAH QARDAŞLARI

İYUL 2023

Bizim Kür aparan evimiz Yusif kişinin yurdundan təxminən yüz metr qaqabda, suya ən yaxın ev idi.  Çəpərimizin qabağından Surra yolu keçirdi – indi Kürün yatağının nə qədər dəyişdiyini təsəvvür edə bilərsiniz. Kür yavaş-yavaş yola yaxınlaşdı, çəpərə dirəndi, çəpər getdi, bağı yeməyə başladı… Kişi xeyli dalda, Hüseynbala kişinin yurdunun qabağında, İmanqulu ilə Ərəstunun evlərinin günbatan tərəfində ev tikməyə başladı. 1963-cü ilin payızında köçdük. Köhnə yurdu isə Kür qarış-qarış yeyir və dayanmaq bilmirdi. Sonra evi də apardı…

Yusif kişini heç vaxt görməmişəm.o, çoxdan ailədən getmişdi və Salyanda başqa arvadla yaşayırdı. Kəndə, mən bilən, ayaq basmırdı. Ailəni Xanımsoltan xala idarə edirdi. Onlarla bağlı ilk xatirəm qızı Asiyənin gəlin getməyidir.Asiyə özü yadımda deyil. Ancaq gəlin getmə mərasimi qəribəliyinə görə xatırlayıram – gəlini elə evin qabağındakı suvata yan almış kiçik gəmiyə mindirib Aşağı Surraya aparıdılar.

Xanımsoltan xalagilin həyətində həmişə çox qorxulu it olardı, itlər dəyişə də, “Pələng” adı irs kimi keçirdi. Həyət uzunu məftil basdırılmış, itin zənciri bu məftilə keçirilmişdi. Və Pələng uzaqdan, lap bizim evin qabağından Surra tərəfə gedənin hənirini eşitcək həyət boyu o baş-bu başa qaçıb özünü yırtırdı. Zəncirini qıran vaxtları da olmuşdu. Səhv etmirəmsə, sonuncu “Pələng” Rahiləyə hüum edib ağır xəsarət yetirmişdi. Xeyli keçəndən sonra Pələngi tüfənglə   elə həyətdəcə vurub öldürdülər. Gülbahar bir müdddət quranla qonşuları gəzib and içdirirdi ki, Pələngi vurub-vurmadığını desin. Bizim Süleymanın da yanına gəlmişdi və Süleyman bərk acıqanmışdı. Süleyman isə acıqlananda bərk acıqlanırdı…

Sonralar məlum oldu ki, Pələngi Ağalar vurdurub. Yəni bacısının qisasını alıb. Kimə vurdurduğu da bilindi. Sərrast gecə atıcısı Gülbahargil batan adam deyildu, ona görə üstünü vurmadılar…

Mən, pələnglərdən qorxsam da, Zəkulla ilə hərdən onların həyətinə gedirdim. Onların qrammofonu var idi. Yəni kinolardan gördüyümüz qrammofonlardan. Gülbahar onun dəstəyini xeyli fırladır, sonra isə valı qoyurdu. Vallarda nə oxunduğu yadımda deyil…

Xanımsoltan xalaqaraqabaq, hətta zəhmli arvad idi, deyib-gülən deyildi, həmişə ciddi, amiranə tonla danışırdı. Tez-tez “axıllı, ol”, “otur yeründə” deməyi var idi. Xanımsoltan xalanın böyük oğlu Kazım böyük və varlı Oktyabr kolxoz sədri idi. O da özünü sədr anası kimi, yəni ağır və hətta sərt aparırdı. Yəqin Yusif kişi sədr anasının yanında olmaqdansa sədrin özünün yanında olmağı üstün tutmuşdu – o, Salyanda oğlu ilə qonşuluqda yaşayırdı…  Xanımsoltan xalanın bizə gəlib-getməyi yadımda deyil. Məməm daldakı ikinci qonşumuz Səkinə xala ilə yaxın idi. Məməm onun qızı yerində olsa da, çox mehriban idilər. Səkinə xala məzəli danışar, gözləri yaşaranacan gülərdi. Əşrəf kişini görsəm də, nə üzünü, nə səsini xatırlayıram. Bizim onlarla qonşu olduğumuz vaxtlar kənddə Əşrəf kişi ilə Səkinə xalanın ailəsini zəlzələ kimi sarsıtmış və xeyli adamım taleyini kəskin dəyişmiş iki hadisə baş verib.

Ya 1959-cu, ya da 1960-cı ildə, çox güman ki, 1959-da Bala Surranın bir toyunda yəqin ki, bu iki kəndin tarixində ən ağır dava düşüb. Bəyin adı, səhv etmirəmsə, Ağarəzi (yəqin ki, Ağarza) olub. Əlbəttə, mən bu davanı gözümlə görməmişəm, o vaxt məni uzağı altı-yeddi yaşım olub. Ancaq bu davanın söhbəti bir neçə il danışılıb. Xüsusən ilk vaxtlar, mən danışılanları gözümün qabağına gətirdikcə qorxudan əsirdim…

Dava surralılarla ərəqardaşbəylilər arasında düşmüşdü. Əslində “düşmüşdü” demək olmaz. Gözlənilmədən, qabaqcadan hazırlanmayan dava haqqında “düşdü” deyərlər. Surra toyundakı dava isə qabaqcadan hazırlanmışdı.İki kəndin cavanları arasındakı ədavətin səbəbi barədə üstüörtülü söhbətlər eşitmişəm, ancaq indi yadımda deyil…

Davanın özünüi isə müharibə səhnəsi kimi təsvir edirdilər. Odlu silah, mən bilən, işlədilməmişdi. Yəqin ki, hazırlıqlı gələn Ərəbqardaşbəyli cavanlarında bıçaq olub. Su qrafinini sındırıb sınığıyla da vururlarmış. Bəyə də xəsarət yetirib qarnını cırıblar. Qan su yerinə axırmış…

Davanın kim və necə yatırtdığını bilmirəm. Salyan milisinə, maşın və telefon olmayan vaxtlar, xəbər ancaq səhər çata bilərdi. Xəbər çatan kimi dava iştirakçılarını başlayıblar yığmağa. Səhv eləmirəmsə, kəndçilərimizdən Əlisahib, Əzizağa tutulmuşdular. Qonşumuz Əzizağanın həbsdə olduğunu eşitmişdim, müddətini bilmirəm. İmanqulu Rzayev Əkbəri cinayət məsuliyyətindən yayındırmaq  üçün onu əsgər göndərmişdi. Ümumiyyətlə, İmanqulu kişi Surra davasının Ərəqardaşbəyli cavanları üçün ağır nəticəsini yüngülləşdirmək üçün xeyli çalışmışdı, çünki əsas iştirakçılar yaxın qohumları idilər…

Əkbər dəniz donanmasına düşdü və o vaxtın qanununa görə dörd il xidmət elədi.1963-cü ildə tərxis olunub kəndə qayıtdı və bir neçə aydan sonra təsadüfən atılan güllə onu öldürdü…

Əzizağa bəstəboy, kiçik qabaritli olsa da, gəncliyində davakar və döyüşkən olduğunu deyridilər. Tullanıb kəllə vurmağını tərifləyirdi. Kiçik qardaşı Salahın necə döyüşkən olduğunu özüm kəndimizdəki toyların birində görmüşəm. O toyda qan tökülmədi, ancaq şanlı dava oldu, Salahla mənim qardaşım Süleyman ikilikdə, yalan olmasın, on adamı vurub yıxdılar. Ucaboy, uzun qollu Salah üzbəüz döyüşdəki məharəti, fövqəladə çevikliyi ilə Jan Pol Belmondonu xatırladırdı. Salahı tanıyanlar onun doğrudan da Belmondoya oxşadığını təsdiq edərlər…

Salahın döyüşçü kimi yetişməsində qonşusu və onunla təxminən bir yaşda olan Əlyarla mübarizəsinin böyük rolu olmuşdu. Əşrəf kişinin evi Heydərin, yəni Əlyarın atasının yurdu ilə çəpər-çəpərə idi. Salah da, Əlyar da müharibə dövrünün uşaqları idilər. Kənddə xeyli adam, xüsusən azyaşlı uşaqlar 1941-45-ci illərdə aclıqdan ölüblər. Kəpək, jmıx tapıb yeyənlər sağ qalıblar. Əlyarın uçaqlığı daha çətin olub, çünki az yaşından yetim qalıb. Alman filosofu Nitsşe deyib ki, səni öldürməyən hər şe səni daha güclü edir. Yetim Əlyarı öldürə bilməyən müharibə doğrudan da onu güclü elə eləmişdi, bu adamda enerji tükənməzdi. Təəssüf ki, bu enerjini istəkli qonşumuz Əlyar həmişə gərəkli işə sərf eləmirdi…

Deməli, Salah da, Əlyar da uşaqlıqda dələduz olublar, Nyu York kimi bir yerdə bunlar birləşib banda yaradar, gedib bank ya zərgər dükanı yarardılar. Salahla Əlyar isə hər gün qoyurmuşlar bir-birinin ənginə. Əlyar boyda Salahın yarısıycan olsa da, Salaha can vermirmiş. Məməm danışırdı ki, o Əlyarın p vaxtlar subay bacısı Əminə əlləşənləri ayırmağa çalışaraq ağlaya-ağlaya deyirmiş: “Ay yetim, gəl gedəy, Salah səni öldürəcəy…”

Salahın davakarlığı, Süleymanla birgə elədiyi dava istisna olmaqla, elə uşaqlığında qaldı. Xüsusən evlənəndən sonra hövsələli, təmkinli olmuşdu, yəni başını aşağı salıb pul qazanır, Salyanda yekə ev tikir və hətta kiçik biznes də yaradırdı. Arvadı Ceyran, arbatanlı qızı, məməmin yaxın qohumu idi və kənddə olduqları vaxt bizə tez-tez gəlirdi. Gözəl gəlin, həm də çox mehriban adam idi…

Elə o vaxtlar, ilini dəqiq deyə bilmərəm, 60-cı illərin lap əvvəlində Səknəxalagildə təsir gücünə görə bəlkə qanlı Surra toyuna bərabər hadisə baş verdi. Kamil müəllimin kiçik qardaşı, Əzizağanın qaynı, iki uşaqla dul qalmış taksi şoferi Ağalar Əşrəf kişinin kiçik qızı Əzizəni qaçırdı…

X.X.

24.12. 2024, Samara

(ardı var)

əvvəli burda:

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 4. CAHANGİR VƏ İMANQULU

AŞIQ PƏNAH KAZUSU. KAŞ 1 SAYLI MƏKTƏBƏ QOÇU SƏMİDİN ADI VERİLƏYDİ…

aşıq pənah

Bir nömrəli (saylı) məktəbdə Salyan şəhərinin özündə, Dəmiryol qəsəbəsində, Kürkənddə (Salyanstroy), Çuxanlıda yaşayan,çoxu hərbçi olan  rusların uşaqları, qismən də yerlilər oxuyurdular. 60-ci illərin əvvəlindən sovet dağılana qədər ikinci kosmonavt German Titovun adını daşıyırdı. Hamının “rus məktəbi” dediyi bu məktəbin Azərbaycan məktəblərdən bir danılmaz üstünlüyü vardı: rus məktəbini pambığa aparmırdılar. Hər gün Salyan şəhərindən pambıq yığımı vaxtı şagirdlərlə dolu 30 və daha çox avtobus çıxır, müxtəlif kolxoz və sovxozlara yollanırdı. Pambıq yığımı oktyabırın axırınacan, bəzən noyabrin 15-ə qədər davam edirdi. Birinci rüb dərs keçilmirdi. On illərlə cəmi ilin beş ayını – tətilləri, bayram günləriini çıxmaqla – oxuyan şagirdlərin səviyyəsini təsəvvür etmək olar. Bu, Azərbaycan xalqınının kəmsavadlığının səbəblərindən biridir… Rus məktəbi isə pambıq vaxtı öz kefində olurdu. Rus məktəbinin kefini Qorbaçov pozdu. Onun demokratiya, aşkarlıq barədə yorulmadan söylədiyi nitqlər Azərbaycanda məmurları ürəkləndirdi, içərilərində millətə ürəyi yananlar tapıldı. Onlar rus məktəbini də basdılar pambığa. Bu jest onu göstərirdi ki, Azərbaycanda demokratiyanı —  hətta Qorbaçov çərçivəsində — mənim millətim düz başa düşmür. Düz başa düşsəydi, Azərbaycan məktəblərini də pambığa getməyə qoymazdı. Bizim məmur isə bərabərliyi özü qandğı kimi, yəni Bulqakovun Şarikovu kimi icra elədi: bizimkilər pambıq yığır, sizinkilər də yığacaq, bizdən artıq deyilsiniz…

Ruslar nə qədər pambıq yığdılar, bilmirəm, yəqin çox az. Tezliklə Bakıda millət (bizim millət)yığışdı meydana, rayonlarda ruslara qarşı təzyiqlər başladı, ruslar şələ-şüləsini yığışdırıb başladılar qaçmağa. Bir-iki ilin içində Salyandan “rus ruhu” çəkildi…

Çox gec, lap bu yaxınlarda bildim ki, 1 saylı məktəbə Aşıq Pənahın adı verilib. Salyandan hər cür xəbərə gərək hazır olasan, qarışıq yerdir. Ancaq bu xəbərdən, LafTV xanımları demişkən, şok keçirdim…

Kaş bu məktəbə salyanlı qoçulardan birinin: qoçu Səmidin, qoçu Ərəstunun, Yusif  Eloğlunun adı veriləydi… Mən qoçu Səmidi “istefa” vaxtında görmüşdüm, çörək dükanında işləyirdi, bəstəboy, ancaq geniş çiyinli, meydan pəhləvanları kimi tökmə bədənli kişi idi. Deyirdilər ki, əlində bıçaq  dalını divara dayayıb beş-altı adamla vuruşurmuş…

Yusif Eloğlu ilə bir dəfə çay içmişəm. Bu görüşdən şeir də yazmışam. Yenə deyilənlərə görə, iyirmi ildən çox oturmuşdu…

Vallah, bu salyanlılar nə elədiklərini bilmirlər. Həmişə abırdan, namusdan demaqoqluq edirlər, bıçaq da vururlar. Ancaq başa düşmürlər ki, uşağın Aşıq Pənah adına məktəbdə oxumağı abırsızlıqdır. Çünki uşaq 6 yaşında o məktəbin qapısından girəndən qar kimi ağ köynəyi çirkaba bulaşacaq – yalan çirkabına. Şübhəm yoxdur ki, indi o məktəb üçün yalan tarix düzəldiiblər, rusların Salyandan getməyi barədə də eləcə. Uşağn başına ilk gündən aşıq Pənəh nağılı yeridilir. Uşaq, ömründə bir misra yazmamş Pənahn “şeirlərini” öyrənir, sazı ancaq dınqıldada bilən aşığın şəklini hər gün görür…

Avropa məktəbləri haqqında məlumatım səthidir, bilirəm ki, icma, dövlət nəktəblərinə ad verilmir, kilsələrin açdığı məktəblər müxtəlivf xristian müqəddəslərinin adını daşıyır. Bizdə az qalıb ki, pardon, ayaqyollarına da ad versinlər…Ad yiyələri də, valllah… Salyanın qədim Qələbə bağınıı yerlə -yeksan edib yerində bir başqa bağ qondarıb Heydər Əliyevin adını verdilər. Orda da Heydər Əliyev mərkəzi, Heydər Əliyevin heykəli… Bir az aralıda Zərifə Əliyeva adına bağ…

Bu biqeyrət, çox vaxt yadelli məmurların üzünə, əlbəttə, tüpürürəm. Bəs salyanlı hara baxır? Doğulduğu şəhər onun qeyrəti, namusu deyilmi?

İngilis məktəbə ad versə, kimin adını verər? Məsələn, Şekspirin, Bayronun, Dikkensin… Nyutonun, Rezerfordun… Fransız – Paskalın, Viyyonun, Kürilərin, general de Qollun, Bodlerin, Balzakın, Hüqonun… İngilis, fransız uşağı, hər gün Şekspirn şəklini görər, onun şeirlərini əzbərləyər, faciələrini oxuyar, Nyutonun adı onu elmi axtarışlara həvəsləndirər və ruhlandırar…

1 saylı Salyan məktəbində qondarma aşıq, yalançı şair kimi nəyə ruhlandırar?

“Gedir kommunizmə Azərbaycanım…”

Bəlkə Pəhahın varisləri notariusla təsdiq olunmuş arayış versinlər ki, Azərbaycan daha kommunizmə getmir. Paşa Holdinqə gedir…”?

Estetik tərbiyəni Aşıq Pənahın adından yazılmış cəfəng şeirlərlə alan insan başlı-qulaqlı vəhşidir. Onun ağzı, bir azərbaycanlı xanım demişkən, gərək həmişə «tikili qala»…

Yalan ayaq tutar, yeriməz? Kim deyir yeriməz? Elə yeriyər ki. Azərbaycanda yalan cıdıra çıxır, yol  hərəkəti qaydası-zadı da bilmir. Aşıq Pənah adına 1 saylı məktəbin şagirdləri də yalan üstündə yeriyirlər…

Yəqin onlar haçansa məktəbin kosmonavt Titovun adını daşıdığını da bilmirlər. Bilmirlər ki, şəhərdə rus icması olub, rus dilini ruslar tədris ediblər. Ya da yəhudilər. Məsələn, Qriqori Vaysfeld. Rus bölməsi, görünür, indi də var. Ancaq rusca dərsləri rus dilində ləhcə ilə və tutula-tutula danışan azərbaycanlılar tədris edirlər. Məsələn, onlar «только» sözünü «myaqki znak»sız tələffüz edirlər. Uşaqlar da müəlliməri kimi.

Tolko!

(ardı var)

31. 08. 2023, Samara

HƏSƏNAĞA SADIQOVUN XATİRƏSİNƏ

HƏSƏNAĞA SADIQOV

Təşnə ərəb basaraq yanan qumlara ayaq,

Dayanıb dincəlmədən yol gedir su dalınca,

Dərinlikdən suların sərinini duyaraq.
Tapır və lay-lay qazır ovcuna su dolunca.

 =

Musiqi təşnəsiyidi beləcə soydaşım da,
Onu dəridə, simdə, saxsıda duyurdu həm.

Ovsunlayardı əllə, nəfəslə, çubuqla ya,
Ucalan nəğməsiylə dolurdı birdən aləm.

 =

Yerin yeddi qatından təşnə ərəbə necə
Çatır suyun sərini, çatır bəlkə ətri də,

Musiqi də çatırdı sənətkara eləcə,

Gizlənsə də ağacda, saxsıda ya dəridə.

30. 08. 2022, Samara

XALOĞLUM HƏSƏN ÜÇÜN BAYATILAR

Həsən, gəl ay Həsən, gəl,

Qulaq, burun kəsən, gəl.

Topunu Salyanda qoy,
Elə tüfənglə sən gəl!

Həsən, gəl, ay Həsən, gəl,
Oğul-uşaq basan, gəl.

Neçə xanım ağlaşır,
Deyir “Qasan, Qasan, gəl!”

Həsən, gəl, ay Həsən, gəl,
Burda var nə desən, gəl.

Araq gedir yağ kimi,
Olsa yaxşı içən, gəl!

Həsən, gəl, ay Həsən, gəl,
Min cavana dəyən, gəl,
Bir xanım sənə peşkəş
Kəniz də, istəsən, gəl!

Həsən, gəl, ay Həsən, gəl,
Hər iş qoşub düzən, gəl!

Rusiyətdə, İranda

Yeyib-içib gəzən, gəl!

Həsən, gəl, ay Həsən, gəl,
Yaxşı geyin, bəzən gəl.

Təki can sulu olsun,

Demə qocalmısan, gəl!

Saç ağarıb, üz qara,
Min qatara, gəl bura.

Başım, gözüm ağrıyır,
Apar mənu doxdura…

23.05. 2021, Samara

SABİR TALIŞİNSKİNİN XATİRƏSİNƏ

U LENİ

Qalıbmı dünyada hansı izinsə?

Varmısan kiminsə xatirəsində?

Yiyə duranların mənzilinizə,
Bəlkə yuxusuna girirsən hərdən?

 

 

Kübar əsillydin ata tərəfdən,
Anan samaralı vəkil övladı.

Köhnə portfelinlə özünsə kənd-kənd,
Gəzib dərs deyirdin –harda yer oldu…

 

 

Sümükdən iriydin, boydan ucaydın,
Kövrəkdin, ürkəkdin, qıpıqdın həm də.

Nə qədər heyvərə acılayırdı,
“Rus” deyib ilişən vardı nə qədər…

 

 

Folkner qəhrəmanı Kristmas sayaq,

Vurnuxan qarayla ağ arasında,

Qətl arzulardın, bəlkə intihar,
İradənsə səif. İçə salardın.

 

 

İçirdin. İsgəndər deyildin ancaq,

Sən əsil faciə qəhrəmanıydın.

Sənə dəli kimi çoxdu baxanlar,
Hərçənd şəhər özü dəlixanaydı…

 

 

Öldü mələk anan, öldü qardaşın,
Qonşular mənzilə yiyələndilər.

Deyirlər bazarda yük daşıyırdın,
Belinə minirmiş gədə-güdələr…

 

 

Bilən yox səni kim basdırıb, harda,

Deyirlər qudurmuş yeniyetmələr,

Döyüb öldürüblər səni bazarda.
Beləcə haqqını ödəyib şəhər…

 

 

Mən də günahkaram, saf ürək insan,
Dostum, keç mənim də günahlarımdan…

Bircə Tanrı bilir indi hardasan,

Rəhmət diləyirəm sənə Tanrıdan….

 

25.06. 2020, Samara

“SPARTAK” SALYANDA

U LENİ

 1960-cı illər

 

Salyan. “Kosmos” adlı kinoteatr.

Axşam seansında “Spartak” gedir.

Çoxu kişilərdir zaldakıların,
Oğlan uşağı da az deyil hərçənd,

Rus dilində gedir filmi Kubrikin — 

Yarı başa düşən, yarı düşməyən.

 

 

Gərginik az qalır ekranı yırta,
Can verir meydanda qladiator.

Qiyama qaldırır xalqı Spartak,
Azadlıq uğrunda qan tökür oğul.

Nizami qoşunu vurub yıxaraq,
Qullar yürüş edir Romaya doğru.

 

 

Ancaq film boyu yerlilərimin,
Elə marağı yox ölüm-dirimə.

Səhnəyə Varinya çıxanda ancaq

Ah çəkən, öskürən var neçə yerdə.

Biri qonşusuna deyir: “Buna bax!

Guya arvaddılar bizimkilər də…”

 

18. 12. 2019, Samara

ALMAZ XALAMIN XATİRƏSİNƏ

ALMAZ 2.jpg

Atan sənə verdi  həyat,
Tükənəndə öz həyatı.

Seçib sənə verdiyi ad,

Kişilərə layiq addı.

 

 

Kişi kimi çalışdın da,
Olmasa da igidliyin.

Zəif, xəstə bir qadındın,

Ancaq təmiz çörək yedin.

 

 

Rəhmət sənə, Almaz xala,

Dincələrsən indi yəqin.

Yeri yəqin cənnət olar,
Kim görübsə cəhənnəmi.

18.02. 2019

Samara