Архив тегов | Şeksprin sonetləri

UİLYAM ŞEKSPİR. 25-Cİ SONET

shakespear

                                                  Let those who are in favor with their stars

 Xoşbəxt ulduz altda doğulubsa kim,
Öyünsün adıyla, şan-şərəfiylə.

Bundan məhrum edib mənisə bəxtim,

Məhəbbətimdədir sevincim elə.

+

Kimə qismət olur şah himayəsi,

Açılır günəşə gülünbahar tək.

Bircə əyiri baxış solmağa bəsi,

Ləçəklər qürrəni dəfn eləyəcək.

+

Qanıyla min zəfər qazanmış əsgər,
Əgər uduzarsa bircə döyüşü,

Şərəf kitabından adı silinər,

Hamı da unudar gördüyü işi.

+

            Sevir, sevilirəm, bəxtəvərəm mən,         

            Heç kəs ala bilməz bunu əlimdən.

 

İngiliscədən tərcümə

12.01.2018

Samara

UİLYAM ŞEKSPİR. 24-CÜ SONET

 

shakespear

 

  Mine eye hath played the painter and hath steeled…

Gözlərim elə bil rəssam əliylə,

Çəkdi ürəyimə gözəlliyini.

Şəklə çərçivəyəm mən özüm elə,

Perspektiv sənətdə zirvə bilinir.

 

Yalnız sənətkarın ustalığıyla,

Gerçək surətini görə bilərsən.

Sinəmdə bu şəkil asılıb qalar,

Ora pəncərədir gözlərin sənin.

 

Gözlərimiz eyni həvəsdən yanar —

Mənimkilər sənin şəklini çəkər,

Sənin gözlərindən günəş boylanar,

Baxar sinəmdəki gözəl bu şəklə.

 

           Rəssamlıq qüdrəti varsa da, ancaq,           

           Ürəyin sirrini gözlər anlamaz.

 

İngiliscədən tərcümə

11.01.2018

Samara

    UİLYAM ŞEKSPİR. 23-CÜ SONET

shakespear

                              As an unperfect actor on the stage

Naşı aktyor ki səhnədə necə

Qorxudan rolunu unudub durar.

Ya da dəlisov var,  elə cinlənər,

Ki, öz ürəyini qəzəb sarsıdar.

 

Elə inamsızam özümə mən də

Sevginin düsturu çıxır yadımdan.

Deyəsən eşqim də zəifləmədə,

Eşqimin yükünün ağırlığından.

 

Qoy mənim yerimə kitablar onda.

Desinlər ki, nədir sinəmi didən.

Sevgi etirafı, yalvarışında,
Onlar mükəmməldir mənim dilimdən.

 

                Oxunsa yazdığı lal məhəbbətin,

               Gözlə eşidilər eşqin hikməti.

 

 İngiliscədən tərcümə

10.01.2018

UİLYAM ŞEKSPİR. 21-Cİ SONET

shakespear

                                         UİLYAM ŞEKSPİR

        21-Cİ SONET

                              So is it not with me as with that muse

Xeyir, mən deyiləm ilhama gəlib,

Süni gözəllikdən şeirlər yazan.

Səmanı da naxış bilir eləsi,

Sayır-sadalayır gözəl nə varsa.

 

Əl atır görkəmli müqayisələrə:

Yer, dəniz incisi, günəş və ay da.

İlk aprel çiçəy və nadir hər nə,

Gizlənər göylərin yeddi qatında.

 

Sevgim həqiqətdir, yazılarım da.

Anadan doğulan hər bir uşaq tək,

Sevdiyim də gözəl, parlamır amma,

Səmanı bəzəyən qızııl çıraq tək.

   

          Belə təşbehlərə, yox, əl atmaram,
          Niyə tərifləyim, mən ki satmıram.

 

İngiliscədən tərcümə

08.01.2018

UİLYAM ŞEKSPİR. 20-Cİ SONET

shakespear

A woman’s face, with nature’s own hand painted…  

Dostum, öz əliylə Təbiət necə,

Üzündə yaratmış qadın surəti.

Qadın ürəyi tək ürəyin incə,
Amma xəyanətsə deyil adəti.

+

İşvəsiz gözlərin nur ələndirir,

Xeyirdualanır sən nəyə baxsan.

Görkəmli kişinin dünya əlində,

Kişilər — heyrətdə, qadınlar – heyran.

+

Qadın yaradırmış Təbiət səni

Öz yaratdığına mehr salaraq,

Mənə gərəksiz bir əlavəsiylə,

Səni dəyişdirib, düşmüşük uzaq.

+

                     Qadınlara ləzzət yaranmısan sən,

                     Mənə sevgi bəsdir, onlara – bədən.

İngiliscədən tərcümə

04.01.2017

Samara

UİLYAM ŞEKSPİR. 18-Cİ SONET

 

             shakespear                

                Shall I compare thee to a summer’s day?..

 Səni yay gününə bənzədimmi mən?

Sən daha mülayim, daha gözəlsən.

Sarsılar qönçələr mayda küləkdən

Ömrü qısa olur həm də bu fəslin.

 

Bəzən od yağdırır gözündən səma,

Tutulur qızılı çöhrəsi bəzən.

Bu gün gözəl olan qorxudur sabah,

Təbiət hökmüylə ya təsadüfən.

 

Əbədi, solmazdır sənin yayınsa,

İtib gedən deyil gözəlliklərin.

Ölməz misralarda əgər yaşasan,

Sənə yaxın düşməz ölüm kölgəsi.

 

         Nə qədər həyat var, görəsi göz var,

         Mənim şeirlərim səni yaşadar.

 

İngiliscədən tərcümə

31.12.2017 – 01.01.2018

Samara

UİLYAM ŞEKSPİR. 17-Cİ SONET  

shakespear

                     Who will believe my verse in time to come…

 

Səni vəsf eləsəm şeirlərimdə, 

Kimi gələcəkdə inandıracaq?                              

Mənim əsərimdə görünər hərçənd,           

Ləyaqətlərinin yarısı ancaq.

 

Yazsam gözlərinin gözəlliyini,

Desəm səndə hansı cazibələr var,

Bir vaxt söyləyərlər “həqiqət deyil –

Yalnız mələklərdə belə üz olar!”

 

Saralmış kağızda şeirlərimə,
Naqqal qocalar tək inanmaz heç kim.

Uydurma sayarlar dəyərlərini,

Ya da ki, deyərlər mahnıdır qədim.

 

                Olsaydı o zaman ancaq övladın,

               Şerim yaşadardı səni,  həm də o.

 İngiliscədən tərcümə

29.12.2017

Samara

UİLYAM ŞEKSPİR. 16-CI SONET

 

shakespear                            

              But wherefore do not you a mightier way…

 

Niyə zaman adlı qanlı tiranla,

Qovğaya girmirsən daha əzmlə.

Şerimdə qüdrət yox qarşı dayana,

Qocalıb getməyə və tənəzzülə.

 

Gənclik zirvəsində sən tutunca yer,

O qədər bağ qalıb  becərilməyən,

Əkdiyin toxumdan çiçək yetirər,

Şəklindən daha çox sənə bənzəyən!

 

Zaman karandaşı çəkən xətləri

Bu naşı qələmlə necə düzəldim.

Gözəl surətini törəmələrin,

Saxlaya biəlcək bəlkə əbədi.

 

                    Saxlana bilərsən, özünü versən,

                    Yaşadacaq səni, kimi yetirsən. 

 

İngiliscədən tərcümə

28.12.2017

Samara

UİLYAM ŞEKSPİR. 15-Cİ SONET

shakespear

When I consider every thing that grows…

Görəndə böyüyən, canlı  nə varsa,

Kamillik yaşayır bircə anlığa,

Dünya nəhəg səhnə, tamaşadırsa,

Hər şey ulduzların hökmünə bağlı.

+

Görəndə bitki tək boy atır insan,

Göy də gah soyudur, gah da isidir.

Şöhrətə can atır qaynadıqca qan,

Qocalıq gələndə ölür həvəs də.

+

Onda anlayıram bu gəldi-gedər
Həyatda gənclikdir sənin sərvətin.

Zamanla fənalıq mübarizədə,

Çevrilə gündüzün qara zülmətə.

+

           Dost, mən də girmişəm hərbə zamanla.

           Şerimdə qalacaq, nə səndən ala.

İngiliscədən tərcümə

26-27.2017

Samara

UİLYAM ŞEKSPİR. 14-CÜ SONET

shakespear

Not from the stars do I my judgment pluck…

 

Ulduzlardan gəlmir məndəki hikmət

Astronomiyanı bilirəm hərçənd.

Xeyir, şər xəbəri vermirəm fəqət,

Demirəm nə olar hər gələn ildə.

 

Demirəm heç kəsin yaxın baxtını,
Yağışmı yağacaq başına, qar ya.

Demirəm şahlara uğur vaxtını,

Sadəcə baxmaqla uzaq səmaya.

 

Mənim biliklərim gözlərindədir,

Bu qoşa ulduzsa deyir: həqiqət,

Əbədi yaşayar gözəlliyinlə,
Bir gün törəmənə keçsə bu sərvət.

               

           Yoxsa, proqnozum belədir: əgər,     

          Sən ölsən, gözəllik, həqiqət ölər.

 

İngiliscədən tərcümə

25.12. 2017

Samara