
qardaşım Salmanın (16.10.1958-05.08.66) xatirəsinə
Köhnə bir dolabın arxasındakı,
Mıxçadan balaca çanta asılıb.
Dəbdən düşüb gedib beləsi çoxdan,
Rəngi çəhrayıdır, duruşu yaslı.
Yarım əsrdir ki dolub bağlanıb,
Bu çanta açılmır, qıfılı pasda.
“Beş”lə birincini adlayan oğlan,
Tətilin bitmədi? İndi hardasan?
Qırmızı beşlərin rəngi çəkilər,
Vərəqlər saralıb incələrsə də.
Bu xırda çantanın içindəkilər,
Dünyanın ən böyük faciəsidir.
Yetişər günlərin sonu haçansa,
Yer göyə qarışar, Qiyamət qopar.
Hüzura bir uşaq əlində çanta,
Gələrsə, Yaradan çətin söz tapar…
29 avqust 2014, Ərəbqardaşbəyli