“Bu endə deyildi Volqa qabaqlar,
Eni ən uzağı beş yüz metrdi.
Bu gördüyün kimi deyildi axar,
Volqa güllə kimi axıb gedirdi”.
—
Neçə saata bir durnabalığı,
Tutub dönüb qoca, qanı qaradır.
Köhnə baydarkanı çəkib qırağa,
Bayaqdan içini silib qurudur.
—
Dişləri qayırma, üzü qırışlı,
Səksənə yaxındır yaşı bəlkə də.
Şəffaf baxışlıdır, çevik yerişli,
Volqada baydarka hələ çəkir də.
—
“Brejnev vaxtında, indi bilirik,
Kommunizm olub həyat o zaman
Benzinin bir litri yeddicə qəpik…”
Deyir və xaç çəkir: “Eləydi, inan…”
—
Dartınır, uzanır dar bucaqlara,
Axtarır yayınıb qalan damlanı,
Sürtür avarları ovuclarıyla,
Gün altda parlayır aliminuum.
—
“O vaxtkı balıqlar hanı Volqada,
Axar yox, üstəlik zəhərlədilər…”
Söyür Yeltsini də, Qorbaçovu da,
Putini nədənsə gətirmir dilə…
—
Quruyar, bükülüb qayıq bağlanar
Belə qayğı ilə yaşar əbədi.
İnsanın öz içi belə saxlana –
Nə sudan çatlayar, nə pas çürüdər…
20-21.09.2017
Samara
