Архив | 28.11.2018

POL VERLEN. EHTİYATLILIQ

verlain-19

Circonspection

Bu ağacın altında, ver əlini, yavaşıt,
Nəfəsini, oturaq, burda yel öləziyər.

Altında budaqların, burda bozumtul xəzəl,
Əzizləyər ağımtıl, həlim ay işığını.

 

 

Hərəkətsiz; əyilsin dizimizə başımız,
Qəlb açaq xəyallara. Qoy onlarla yenə də,

Qovuşaq səadətə, tükənən məhəbbətə,

Bayquşqanadlarıyla sığallansın saçımız.

 

 

Unudaq ümidi də, və tam sükut içində,
Qəlbimiz ayna olsun günün keçinməyinə,

Və günəşin gecədə dərin, dinc batımına.

 

 

Dinməyək, danışmayaq, gecə ötə yarını,

Yaxşı deyil oyatmaq axı şirin yatanı.

Təbiəti, bu ciddi, qaraqabaq Tanrını.

 

Fransızcadan tərcümə

26-27.11.18

 Samara

«VAQİF KOMEDİYASI»: QACARIN QABAĞINA ÇIXAN “QARABAĞ QOŞUNU”: ÇOBAN ELDAR, KÜRD MUSA, ŞALİKO, LEYLA BƏDİRBƏYLİ…

samed-stalin

Aha! Cəlladlar gəlirlər.

Şeyx.

“Kəlmeyi-şəhadət alın dilinizə”.

Yenə şeyx sizlə-bizlə danışır, hecanın biri misrada artıq çıxsa da.

“Cəllad Əli bəyi çəkir”.

Belə edam olar?

“Vaqif onu buraxmır”.

“Şeypur çalınır. Qacar gəlir, uca bir yerdə dayanaraq”.

Bəs edam nə oldu?

Qacar öz adamlarına:

“İndi bərk durun,
Burda kəllələrdən bir qala qurun”.

Kəllələrdən qala qurmalı olan adamlar necə bərk dayanmalıdırlar?

Hansı kəllələrdən? Vaqiflə oğlunun kəlləsindən? İki kəllədən qala?

Yox, Vaqifin kəlləsi qalanın başına qoyulacaq. “Yalnız və yalnız!”

Aha!

Vidadi yenə özünü atır ortalığa:

“Yalvarıram sənə, onu ver mana!

Mana!

Vaqif:

“Yalvarma, yalvarma o cəllada sən,
Hələ baş əyməyib bu böyük Vətən!”

Hansı “böyük Vətən”, ay rəhmətli Səməd Vurğun? Sən bu Vətəni zımrıqlı çobanlığa çevirmisən, burda bir nəfər kübar adam yoxdur. Erməni Arşak və Kürd Musa ilə Vətən böyük olur?

Qacar (Vidadiyə)

“Görürsən, o imiş qatı düşmənim…”
Vallah, bu, İran şahına yaraşan söhbət deyil. Bu söhbət heç Salyan qoçularına da yaraşmır… “Görürsən…”

“Tez olun, cəlladlar!”

Bəs cəlladlar bayaqdan neyləyirdilər?

“Bu arada səs-küy qopur”.

Aha!

Eldarın dəstəsi gəlir! Vay Qacarın halına! Çoban Eldar toğlu kababını, kəklik kababını elə-belə yemirdi ki.

Vəzir:

“Şahım, vuruşmağa gəlir ki, Eldar,

Gəl qaçaq, gəl qaçaq, xata toxunar!”

Birinci misradakı “ki” – yə baxın, şagird belə yazsa, “iki” alar, bunu akademik xalq şairi yazıb. Ancaq qrammatika cəhənnəm olsun. Bu səhnəni ancaq heyvan tamaşaçı ciddi qəbul edər və gülməz. Şahın üstünə çoban gəlir, vəzir deyir “dur qaçaq”. Bu eybəcər yalan nəyə xidmət edir? Ağlı başında olan adamları bizə güldürməyə?

Və bir saatdır ki, cəllad qondarma Əli bəylə əlləşir, ancaq nədənsə onun boynunu çobanlar gəlib çıxanda vurmaq istəyir. Və cəllad qılıncını çəkəndə çoban Murad çomağını cəlladın başına endirir.

Aha! Çomağı! Qacar bilsəydi ki, Qarabağda belə çobanlar var, heç ayağını sarayından qırağa qoyardımı?

Qacar (öz adamlarına)
«Tutun, diri tutun, bu saat onu!”

Aha! Qacarın adamları varmış! Qacar saatla danışır, “bu saat” yəqin qolunda İsveçrə saatı var, ya da cibində ayfon…

“Vidadi Vaqifi qucaqlayıb bir tərəfə çəkir…”
Hara çəkir? Yoxsa bunların arasında… O söz… Lənət şeytana…

Qacarın qabağına çıxan qarabağlılar:

Çoban Eldar, Kürd Musa, Şaliko, Gülnar…

Kül bizim başımıza?

Gülnar da qabaqda?

Təsəvvür edirəm Gülnarı oynayan aktrisaları… Yaxa-baş açıq…Zalda oturan şorgöz millət yerində qurcalanır…

“Şiddətli vuruşma düşür. Eldar qılıncla saray adamlarını yara-yara gedir”.

Səksən il bu cəfəngiyatın əsiri olan millətdən nə gözləyəsən? Vallah, bizim millətin başını xarab eləyən müsəlmaçılıq olmayıb, Səmədvurğunçuluq olub…

Qacarla Eldarı vuruş səhnəsini oxuyanda, düzü, adamn gülməyi gəlmir. Adam istəyir xəcalətindən yerə girsin.

Eldar yapıncının altından misri qılıncı çıxarır…

Bayaqdan bu saray adamlarını yara-yara gedəndə əynində yapıncı vardı? Bəs qılınc hardaydı?

Yəqin hər dəfə bu tamaşa oynananda Koroğlu qəbirdə mayallaq aşırmış…

Qacarı həm qabaqdan vururlar, həm də, türkün məsəli, daldan. Daldan qapıçı vurur. Yəqin futbol qapıçısı…

“Vidadi və Vaqif daxil olurlar”.

Bu, ikimənalıdır. Bayaqdan bunlar hardaydılar, nə ilə məşğuldular?

Komediya Vaqin dilindən cəfəng bir bəndlə bitir. Şeirin cəfəngliyi bir yana qalsın, əruz da axsayır.

“Əhli-zülmü necə bərbad eylədi bir ləhzədə…”

Bunu Ələkbər Ələsgərov (ya Ələsgər Ələkbərov?) necə ifa edirmiş?

Pərdə…

Burda pərdə yox, gərək daş düşə…

Necə ki düşüb də…

Elə hamımızın başına…

Məqalənin tam mətni burdadır:

https://xeyrulla.com/2018/11/09/səməd-vurgunun-vaqif-komediyasi-ilə-bagli-qeydlər/