Yadınızdadırsa, Gülnar qırqovul-plov bişirməyə getməliydi. Ancaq nədənsə qazanı qoyub gəlib durub qapının dalında, Qarı ilə şeyxin Xuramanı xan üçün necə “düzəltməklərinə” qulaq asır.
“Ay ləçər,
Bu iş yaraşarmı heç nəslimizə?”
Yeri gəlmişkən, Gülnarın hansı nəsildən olmağı məlum deyil, atasının da olub-olmadığı bilinmir, tamaşaçı ancaq anasını, Əminəni görür. Əminə də corab toxuyub gətirib kürəkəninə..
Təbii ki, Vaqif dərhal səhnəyə qayıdır. Gülnar “utana-utana” eşitdiklərini deyir. Əli bəy Gülnarı “o biri otağa aparır”, ki, Vaqif tək qalıb monoloq desin. Vaqiflə gəzintiyə getmiş Vidadi yoxdur, yəqin su başına çıxıb…
Vaqifin monoloqu.
“Yenə gözlərimdə hava qaralır…”
Qaralmaq havanın təbii xassəsidir…
“Yenə dağ başını duman, çən alır…”
Dərin fəlsəfi fikirlərdir, eləmi? Şekspir dincəlir…
“Qəlbim sığışmayır dar saraylara…”
Pyesin əvvələindən eşidirik ki, Vaqifin qəlbi dar saraylara sığmır, ancaq ağzına qırqovul-plov sığır…
“Burda gözlərimə min qan görünür…”
Qan ədədlə ölçülür? Elə indi göründü?
“Könül viran qalan bir xanimandır…”
Yəqin bu yerdə tamaşaçılar ağlaşırlar… Azərbaycanlının ağlamağına nə var ki… Dostoyevski bir qəhrəmanı haqqında yazr: “O, sentimental idi”. Sonra əlavə edir: “O, kinli və sentimental idi…”
Xuraman səhnəyə qayıdır:
“Vaqif, ey sərvərim, ey tacidarım…”
Vaqif:
“İtil gözlərimdən bivəfa yarım…”
Bu, on səkkizinci əsr ucuz, kasıblar üçün qondarılmış fransız romanına oxşayır. Qafqazlı kişi gərək burda qılınca əl ata, qan tökə, heç olmasa öz qanını… “İtil gözlərimdən…” Belə şey olar?
Yəqin komediyada olar…
Vaqif Xuramanı təkrar xanın qucağına göndərir:
“Get, atıl murdarın qan qucağına…”
Necə yəni “qan qucağı”?
Əgər xan murdar idisə, bu neçə ili Vaqif ona necə xidmət edirdi?
Xuraman gedir “qan qucağına”. Vaqif deyir: “Ey bivəfa arvad!” Yox, bu ayrı komediyadadır. Vaqif ayrı cür deyir:
“Canan üz döndərdi…”
Canan.. Azərbaycanlı öz arvadı haqqında “canan” deyər?
Əli bəy gəlib icazə istəyir ki, “şərəfsizi” öldürsün. (Vuran oğul atasına baxmaz…”) Vaqif bir sovet gürcü komediyasındakı kimi deyir ki, bala, zaman dəyişib, öldürərsən, xalq bizi düz başa düşməz…
Nə isə, gülməkdən adamın qarnı cırılır…
Vaqif:
“Düşüb-düşməyəli bu saraylara,
Hələ rast gəlmədim vəfalı yara…”
Belə çıxır ki, Vaqif sarayda arvadbazlıq edirmiş, sevdiyi arvadların da hamısı “bivəfa” çıxırmış…
Məşədi İbad, yadınızdadırsa, qoçuları başına yığırdı. Vaqif isə qələm-kağız götürüb şeir yazmağa başlayır…
Qacarla bağlı səhnələr isə adi gülüş yox, hırıltı doğurur.
Elə ilk səhnədəcə Qacar uzun bir monoloq deyir. Doğrudur, bu monoloq dəli sayıqlamasına oxşayır, çətinliklə başa düşmək olur ki, bu insan çölü, dənizi, meşəni, dərəni qanla doldurmaq istəyir. Başqa məqsədi yoxdur. Qüdrətli bir dövlətin mütləq hakiminin, Tehranı İranın paytaxtına çevirmiş şahın nitqində mənalı bircə cümlə də yoxdur. Və hardan olsun, əgər onun nitqini xalq şairi və akademik adı daşıyan kəmsavad bir insan yazıbsa?
(ardı var)
Məqalənin tam mətni burdadır:
https://xeyrulla.com/2018/11/09/səməd-vurgunun-vaqif-komediyasi-ilə-bagli-qeydlər/