Архив | 29.11.2018

«VAQİF» KOMEDİYASI: SƏMƏD VURĞUN PYES YOX, QARABAĞ XANLIĞINDAN STALİNƏ «DONOS» YAZIB…

samed-stalin

Beləliklə, Şah Qacarı dalından-qabağından vurub öldürürlər. Daldan “sıyırma xəncərlə”, qabaqdan misri qılıncla. Üstündə Koroğlunun barmaq izləri olan misri qılıncla.

Bu səksən ildə bir nəfər tamaşa zalından durub deməyib ki, ay qurumsaqlar, əgər bu misri qılınc kəndlilərdə idisə, niyə onunla Qacarın qabağına çıxmırdılar…

Nə isə, misri qılınc Qarabağın yeganə və ən hörmətli qəhrəmanına, çoban Eldara verilir. Çoban Eldar şah Qacarı qabaqdan vurur…

(Axtalanmış adamda nə qabaq… Gülməkdən öldüm...)

İndi zalda oturan millət fikriləşməlidir ki, Qacar vurulub, İbharim xan qaçıb, indi xanlığın taleyi necə olacaq, onu kim idarə edəcək. Zalda oturan millət bunu fikirləşməlidir, əgər onda öz tarixinə, dövlətçiliyinin tarixinə hörmət varsa, Qarabağ xanlığını milli dövlətçiliyin bünövrələrindən biri sayırsa.

Səməd Vuğunun fikrinə görə, hakimiyyət keçir çoban Eldara və onun dostları Kürd Musaya, erməni Arşaka, gürcü Şalikoya…

Yeni rəhbərin ilk fərmanı:

“Dağıdın sarayı, bütün daş-qaşı,
Paylayın aclara və yoxsullara…”

Saray dağılandan sonra xanlıq nə günə qalacaq? Bu sual Səməd Vurğun üçün aktual deyil, çünki Səməd Vurğun üçün Qarabağ xanlığı aktual deyil, çünki Səməd Vurğun üçün Qarabağ-xanlığı yoxdur.

Siz bu “Vaqif” komediyasında Qarabağ xanlığını görürsünüz? Hanı onun əyanları, hanı onun qoşunu, hanı onun zabitləri, hanı kübar cavanlar? “Vaqif” komediyasının beş pərdəsindən dördünün yeri Qarabağdır, ancaq biz burda qazaxlı Vaqifi, qazaxlı Vidadini, Vaqifin oğlunu görürük. Kürd Musa qarabağlıdır? Çoban Eldar özü də yəqin qarabağlı deyil, çoban köçəri babadır, bu gün yaylaqda, sabah qışlaqda…

Hanı qarabağlılar? Qarabağlılar olublar ya olmayıblar? Qarabağ xanlığı olub ya olmayıb?

Komediyada bir qarabağlı var, o da İbrahim xan. Qacardan fərqli olaraq, o, axtalanmayıb, bəs hanı onun arvad-uşağı? Hanı onun sonradan general olmuş oğlanları?

Səksən il ərzində bu komediya Qarabağ xanlığının tarixini məzhəkəyə çevirib, onu dağ çobanlarının oyununa döndərib.

Bu komediya Azərbaycan ədəbiyyatı tarixində ən rüsvayçı paskvillərdən biridir. 1937-1938-ci illərdə SSRİ-də kütlləvi “donos”çuluq olub, sovet adamları NKVD-yə müraciət yazıb bir-birlərini tutdurublar, tarixçilərin iddiasına görə, 4 milyon donos yazılıb. Konkret olaraq Səməd Vurğunun hansı donosları və kimdən yazdığını mən bilmirəm, ancaq onun rəsmi yığıncaqlardakı xeyli çıxışları əsil donosdur və belə çıxışlardan sonra neçə insanın əlli-ayaqlı getdiyinə şübhə ola bilməz.

“Vaqif” komediyası da donosdur. Qarabağ xanlığından, Qarabağ xanından, Azərbaycan dölətçilik tarixindən birbaşa Stalinin üstünə yazılmış donos. Bu donosa Stalin öz adını daşıyan mükafatın ikinci dərəcəsini verib. Yəqin həmin il öz xalqının tarixini Səməd Vurğundan daha parlaq ləkələyə bilən yazıçı olub…

Bu, optimistlə pessimistin fərqinə aid lətifə kimidir.

Pessmist deyir ki, bundan pis ola bilməz. Optimist deyir ki, ola bilər, ola bilər…

Donos – xüsusi janr olub. Bu janr həqiqətə uyğunluq tələb etməyib. Ən başlıcası vaxtında yazmaq, səndən yaza biləni qabaqlamaq olub.

“Vaqif” komediyasında nəinki həqiqətə, tarixə uyğunuq yoxdur. Bu komediyada mübtədalar xəbərlərlə uzlaşmır, birinci şəkildə deyiləni üçüncü şəkildə deyilən yalana çıxarır.

Komediyanın əvvəlində Vaqif kəndlilərə, “çuvallarında bir arpa belə olmayan” kəndlilərə Qarabağdan danışır:

“Qarabağ doğrudan bir laləzardır,
Yenə yanaqlara sığal vurulur,

Hər daşın dibində bir toy qurulur,

Bir yanda tar səsi, bir yanda qaval,

Bükür dağ döşündə boynunu maral,

Axır şırıltıyla köpüklü çaylar,
Gəlir səcdəsinə ulduzlar, aylar…”

Bu monoloqda, əlbəttə, çoxlu cəfəngiyat var. Necə yəni daşın dibində toy qurulur? Necə yəni bir yanda tar, bir yanda qaval? Tar ayrı yerdə çalınır, qaval ayrı yerdə? Qaval çalınanda maral boynunu bükər, ya hürküb qaçar? “Ulduzlar, aylar” nəyin səcdəsinə gəlir?

Ancaq bunlara baş qoşmağa dəyməz, bu Səməd Vurğun həmişə belə basməmmədi yazıb. Ayrı şeyə diqqət yetirmək lazmdır. Əgər hər daşın dibində bir toy qurulursa, bu o demək deyilmi ki, qarabağlılar kefdədirlər? Əgər Qarabağ “bir laləzardır”sa, deməli, xanlıq abaddır. Çobanlar da toğlu kababı çəkirlər, qırqovul, kəklik ovlayırlar. Bəs onda Səməd Vurğun İbrahim xanı niyə poxa bulaşdırır və hətta ailə pozğununa, oğraşa çevirir? (“Oğraş” sözünü Səməd Vurğun özü təlxəyin dilindən işlədir…)

İbrahim xan kimin qanının içib, kəndlilərə nə divan tutub?

“Karfagen məhv olmalıdır!”
Səməd Vurğunun öz qarşısında qoyduğu vəzifə bu suallara cavab vermək deyil, onun məqsədi Azərbaycan dövlətçilyinin rüşeymlərini tapdalamaq, tariximizn az-çox ləyaqətli səhifələrinə tüpürməkdir.

Səməd Vurğun deyirdi: “Mənim babam olmuş iyirmialtılar”.

Şaumyan, Caparidze, Əzizbəyov…

Erməni Arşak, Şaliko, çoban Eldar…

İyirmialtıların 1918-ci ildə Bakıda nə qırğın törətdiklərini Səməd Vurğun gözəl bilməliydi…

“Mənim babam olmuş iyirmialtılar…”

Və kollektivləşmə zamanı Azərbaycan kəndlilərinə divan tutmuş komsomolu da Səməd Vurğun yekə bir poemada tərənnüm edir.

Bu mahir qafiyəbazın ürəyində bir damla milli təəssübkeşlik, əzilənə, incidilənə mərhəmət olmayıb. İnsan adını şərəfli edən nə varsa, Səməd Vurğun mükafatlara, ordenlərə, təriflərə satıb…

Əgər əqidəsizliyin beynəlxalq vahidi yaradılsaydı, ona Səməd Vurğunun adını vermək olardı.

Layiqdir…

Noyabr 2018

Samara

Məqalənin tam mətni burdadır:

https://xeyrulla.com/2018/11/09/səməd-vurgunun-vaqif-komediyasi-ilə-bagli-qeydlər/