HAÇANDIR İZDİHAM ÇAŞDIRIR MƏNİ…

Haçandır izdiham çaşdırır məni,

Qınayır elə bil məni hər gəzən.

Mənsə gizlədirəm baxışlarımı,

Hər şey öz yerində, mənsə yersizəm.

—

Cibimdə oğurluq sanki nəsə var,
Tutub məni saxlar polis indicə.

İzdiham başıma gəlib yığılar,
Məhkəmə zalına çevrilər küçə…

—

Ya mülki paltarda iki-üç nəfər,
Kəsər qabağımı soyuq və ciddi.

Sənəd istəyərlər, biri də deyər:

Kimsən və gəzməkdə məqsədin nədir.

—

Əsaslı şübhələr sən yaradırsan,
Sən heç bu dünyadan deyilsən, kişi.

Qəbirdən qaçanı xatırladırsan,
Çoxdan gözlərində keçibdir işıq.

—

Atan, anan ölən yadına gəlir?

Qardaşın hardadır, bacın hardadır?

Çoxdan ölüb gedib müəllimlərin,
Hələ şagirdlərdən öləni vardır…

—

Hardan gəlmisənsə, cənab, dön ora.

Gəzirsən, çəkinir səndən izdiham.

Dünyadan olanın yeridir bura,
Yersizdir  dünyadan olmayan adam…

—

Bilmirəm yuxudur, qarabasmadır:

İzdiham dağılıb, tək gəzirəm mən.

Çiynimə yüklənib qəbirdaşım da,

Sənəddir, qorxum yox indi polisdən…

 

08.05. 2021, Samara