SÖHBƏT

SONY DSC

Üzbəüz, diz-dizə, ya da yanaşı,

Oturub edəsən söhbəti ancaq.

Elə iki nəfər olarsa – yaxşı,

Yoxsa dil deyəni eşitmir qulaq.

 +

Elə iki kəlmə danışan kimi
Cavab verəndə ya soruşulana,
Bir də görürsən ki, yanındakının,
Çevrilib nə vaxtdan üzü o yana.

 +

Onun da çox vacib mövzusu vardır,
O da qonşusuyla danışır demə.
“Məni eşidirsən? Fikrin hardadır”?

“Qulağım səndədir, sözünü kəsmə…”

 +

Hər kəsin ağzında yarımçıq sözü,

Ürəyi deşilir – yox eşidənsə.

Döyülür əsəblə qonşunun dizi:
“Məni eşitmirsən sən heç deyəsən…”

 +

Bir də görürsən ki, qızanda ağzın,
Girib telefona yoldaşın başı.

Dizinə, çiyninə döşəmək azdır —

Bir qapaz salasan başına yaxşı.

+

Şəhərin adamsız sonra yerində,

Gəzib-dolanasan belədən-belə.

Kimsəni görmədən həndəvərində,

Danışasan elə özün-özünlə.

 +

Surətinə uyğun, özünə bənzər,
Deyilir yaradıb insanı Tanrı.

Bəlkə də ondandır təkliyimiz də,

Nemətdir, bilinmir qiyməti, qədri.

 

18. 08. 2022, Samara