Архив | 07.08.2022

İNCİL (MƏTTA). DAĞÜSTÜ VƏZ-II

2021 лето

Baxın, sədəqəni elə verməyin,

Ki, yığılıb görə uzaq və yaxın.

Kim belə göstərsə özünü əgər,
Tanrı nəzərində qazanmaz dəyər.

+

Aləmə car çəkmə versən sədəqə.

İkiüzlülərdə qaydadır belə.

Onlar küçələrdə, sinaqoqda ya,
Kimə nə versələr, salırlar haray.

+

Sən əgər sədəqə versən kiməsə,

Sağ əlin edəni sol əl bilməsin.

Nəzərindən qaçmır heç nə Atanın,
O açıq verəcək mükafatını.

 

Bənzəmə ibadət eləsən haçan,

İkiüzlülərə: onlar adətən,
Hər vaxt ibadətə elə durarlar,
Baxıb bunu görsün hökmən adamlar.

Qaçmır nəzərindən heç nə Atanın,

Çatdırır onların mükafatını.

+

Sənsə ibadətin vaxtı çatanda,
Gir öz otağına, ört qapını da.

Dua et Atana – O gizlindədir;

Görür gizlini və verir əvəz də.

+

Bütpərəst tək çox söz söyləmə hədər.

Bütmərəst düşünür sözlər nə qədər
Duada çox olsa, tez eşidilər.

Atanız, siz hələ istəməmişdən,

Korluq çəkirsiniz bilir o nədən.

+

Belə dua edin: “Atamız, qərar

Tutmusan göylərdə! Ali adın var.

Sənin padşahlığın, nəhayət, gəlsin,

Sənin iradənə yer, göy əyilsin.

Əsirgəmə nemət çörəyi bizdən,
Nə borcumuz varsa, bağışla həm sən,
Necə borcluları biz bağışlarıq.

Bizi yolumuzdan azdırma ancaq,

Şeytanın şərindən tut bizi uzaq.

Sənindir səltənət, güc, şərəf sənin,

Zamanlar keçdikcə sən varsan! Amin”.

+

Bağışlayarsansa başqalarını,

Bağışlar eləcə səni də Tanrı.

+

Əgər başqasının sən günahından,
Keçməsən, mərhəmət umma Tanrıdan.

+

İkiüzlülər tək, oruc tutarkən,
Halsız görünməyin, onlar adətən,

Qaşqabaq tökürlər  bilinsin bu dəm,
Onlar orucdurlar. Sizə deyirəm

Həqiqətən: Atam görür onları,

Hər kəsin yetişir mükafatları.

+

Xəzinə yığmayın siz bu dünyada,

Güvə xarab edər, pas atar ya da,
Daim oğrular da durub pusquda.
Göy üzünə yığın siz xəzinəni,
Orda nə pas kəsər, güvə yeyər nə.

Orda əli çatmaz oğruların da.

Harda xəzinəniz – qəlbiniz orda.

+

İnsan bədəninn çırağıdır göz,
Bədən işıqlıdır, təmizdirsə göz.

+

İki ağaya da heç insan yəqin

Xidmət edə bilməz; əgər birini,

Sevərsə, birinə o, nifrət elər.

Çətin hər birini yarıda bilər.
Deyin, Tanrıya və pula beləcə,

Xidmət edə bilər bir insan necə?

+

Sizə söyləyirəm buna görə mən:

Həm yemək-içməyi, geyinməyi həm,

Özünüzə qayğı siz eləməyin.

Qəlb və ruh yeməkdən üstün deyilmi?

Bədənmi vacibdir yoxsa geyimmi?

+

Göydəki quşlara yetirin nəzər,
Onlar nə əkirlər, nə də biçirlər,

Yedirtmir onları məgər Tanrınız?

Axı onlardan da yaxşısınız siz!

+

Niyə geyim sizi qayğılandırır?

Çöl çiçəklərinə nəzər salın bir:

Onlar nə iş görür, nə də əyirir;

Mən sizə deyirəm: hətta Süleyman,

Şöhrəti dünyaya yayılan zaman,

Onlardan biri tək geyinməmişdi.

+

Ocağa atılan otları əgər,
Tanrınız beləcə geyindirirsə,
İnamı naqislər, bilin ki, sizə,
Bundan artığını həmişə verər.

+

Siz Tanrı mülkünü, həqiqətini,
Axtarın, hər şey də yerinə gələr.

Sabahın fikrini çəkməyin, yeni
Gün özü hər şeyi yerbəyer elər.

06-07.08.2022, Samara