Архив | 28.08.2022

ANAMIN SƏSİ

MƏMƏMLƏ

ölümünün ildönümünə

Qocalıq, qocalmaq cürbəcür olur,

Yaş həmin, görünüş ayrıdır ancaq.

Çoxlarında əldən, ayaqdan qabaq,
Yaddaş zəifləyir, tamam ya ölür.

 —

Qapıdan on addım aralananda,
Qayıdıb tapmırsan sonra evini.

Küçələr, binalar tanınmaz, yeni,

Üzləri naməlum adamların da.

 —

Ötüb-keçənlərdən qalırdı adlar,
Onlar da yaddaşdan indi silinir.

Daşıyır xəlvəti oğru elə bil,

Uzun ömür boyu yığdığın nə var.

 —

Dilinin ucuna eləsi gəlir,
Şütüyüb geriyə yenə qayıdır.

Qəlbini göynədir həsrəti adın,

Hikkədən gözündə yaş gilələnir.

 —

Qorxuram çıxmağa mən də qapıdan.

Sıxlıqda, dumanda qorxuram itəm,

Düşüb itə evin açarları həm,

Unudam qəfildən öz adımı da.

 —

Sonra küçə-küçə vurnuxaram mən,

Gəzərəm nəfəsdən düşənə qədər.

Ağappaq saçımı külək yellədər.

Şəhər dəlisinə bənzədər görən.

 —

Birdən qulağımda anamın səsi,

Dinər – tanıyaram onu bir anda,

Dinər — diksinərəm görüb dumanda, 

Anamım çıraq tək yanır çöhrəsi.

 —

Adımla çağırar, ürəyim əsər,

Xatırlaram kiməm və nədir peşəm.

Anamın səsini itirməmişəm,

İlahi, nə yaxşı indiyə qədər….

 

28 avqust 2022, Samara