Архив по авторам | Xeyrulla Xəyal

QADIN SƏSİ

08.06 2020

 

Bir vaxt Haqverdiyev Əbdürrəhimin,
Yazdığı faciə sanki oynanır.

Kişilərə verib bütün rolları,

Surəti, sözüsə yox qadınların.

 

Hərdənbir, həftədə, ya da ki, ayda,
Dili eşidirəm kişi səsiylə.

Ciddi ya lağlağı danışsalar da,
Dözüb dinləyirəm dil həvəsiylə.

 

 

Anamın dilindən dil eşitdiyim,
Bilmirəm beş ildir, əlli il ya da.

Toyuğa, cücəyə “kiş” deyə indi,

Qarğış da eləyə — qəlbimə yatar…

 

 

Ya anam çağıra adımla birdən,
Ya da Bəyim xala, Tükəzban xala.

Adımda taleyim sanki dinərdi,

Ana dilimizdə haçan tutula…

 

 

Dili eşitmirəm qadın səsindən,
Elə bil çəkilib gedir şirəsi.

Səs vardı, eşitcək qəlbim əsərdi,

Dil elə həmindir, itirdim səsi…

 
Daha incəlikdən yadırğamışam,
Həsrətəm haçandan bal avazlara.

Yox daha eyhamla, himlə danışan,
Susan çoxmənalı pauzalarla.

 

 

Kar kimi, lal kimi indi yazıram,
Səsim batıb qalıb içimdə çoxdan,

Xəbərlə uzlaşır hələ mübtədam,

Çıxmayıb vergülün yeri yadımdan.

 
Səsi yaddaşımdan çəkilən qadın,

Məni yazdığımdan tanıya bəlkə.

ÇağrIla anamın səsiylə  adım,
Bilərəm hardayam, nəçiyəm, kiməm…

 

20-21.06. 2020, Samara

OTUZ İL BƏS DEYİL MİLLƏT OLMAĞA…

08.06 2020

Tayfayıq hələlik, uzağı xalqıq,
Biz indi millətik yalnız ağızda.

Fransız, ingilis, alman olmağa,
Otuz il bəs deyil, əlli il azdır.

 

 

Kasıbıq yaddaşdan, nə gizlədək ki,
Əsrdən o yana  az insan aşar.

Bilən yox babanın babası kimdi
Nə kağız sənəd var, nə də ki, daş var.

 

 

Güdülən, qorunan sərhəd olmayıb,
Vuruşan vuruşub yad ordularda.

Qılınc çalan olub, zəfər çalmayıb,
Papaq özgənindi, yaddı şüar da.

 

 

 

Bəs deyil otuz il millət olmağa,
Qoltuq axtarırırq dürtməyə başı.

Qardaşıq gah türkə əziz və doğma,
Gah da səfəviyik biz, qızılbaşıq.

 

 

 

“Farsdili Nizami bizə fəxrdir”

Deyən həm də farsı söyür nədənsə.

Urus məktəbinə övladı gedir,
“Urus bizi qırdı” söyləyən kəsin…

 

 

Ərəbi söyürük, salmırıq yada,
Kitab da, məscid də ərəbdən gəlib.

Ərəb muğamıyla qidalanaraq,
Bizim müğənninin səsi yüksəlib.

 

 

 

Qurtula bilmirik tayfaçılıqdan,
Vətəndaş deyilik, tayfadaşlarıq.

Hərənin vətəni  hasar dalında

Hərənin sərhədi hasar başıdır.

 

 

Himnimiz, gerbimiz, bayrağımız var,
Varmı dövlətimiz – demək çətindir.

Doğulur, yaşayır, ölür adamlar,
Bilinmir onları xalq edən nədir.

 

 

 

Korporasiyadır ölkə, ya şirkət,
Canı bəsləyən var, canı üzən də.

Millət yaranacaq haçansa bəlkə,
Buna bəs eləməz əsrin özü də.

 

 

Çəkilib hardasa xətti sərhədin,
Nə vaxtdan mövqedə dayanıb ordu.

Hələ qələbəsi yoxdu millətin,
Millətin özü də hələ ki, yoxdur.

 

17.06. 2020, Samara

MANDELŞTAM

08.06 2020

Axmatova yazır “xatirələrdə”:
Bir gün Moskvada Mabdelştamla
Gedərkən, söylədi nədənsə birdən

Şair: “Mən ölümə indi hazıram…”

 

İndiki yaşımdan dahi yəhudi,
Otuz yaş cavanmış, bir az da artıq…

Müstəbid adaşdan usandı, ya da,

Dühası edirdi ona ağırlıq…

 

İndiki müstəbid Stalin deyil,
Mandelştam kimi nə də var düham.
Ancaq istərəm ki, ürəkdən deyim,
Bir dosta: “ölməyə daha hazıram…”

 

15.06. 2020, Samara

ÖLÜRƏM TƏKLİKDƏN ŞƏBƏKƏLƏRDƏ…

08.06 2020

Layiqli adamlar vardı haçansa,
Vardı adamların çürükləri də

Oturub-duranda, danışandasa,
Yaxşı görünürdü içindəkilər.

 

 

Bəlkə İnternetdir ayıbı açan,

Səbəbi sosial şəbəkələrdi —

Abırlı, ağıllı bildiyin insan,

Layka ləyaqəti dəyişib indi.

 

 

Dost vurur sözünü qulaqardına,
Qızıldan qiymətli olsa da kəlmən.

Deyir “dünən məni “layk”lamadın,
Çətin ki, tezliklə özümə gələm…”

 

 

Uşaq da, böyük də “layk” qoy deyir,
Baxmır saqqalına, yaşına baxmır.

Deyir “qırmızı” qoy, “ürək” qoy deyir,
Qoymursan – üzündən zəhrmar damır…

 

 

Ayıra bilmirsən çürüyü safdan,
Dostlar itib gedib, qalan “frend”dir.

Varmı yazdığını oxuyan insan –

Bilmirsən. Bu “layk”ın dəyəri nədir?

 

 

Hamı Platondur, hamı da Kantdır,
Hər qadın üstəlik fotomodeldir.

Hər kəsin vaxtında “layk”ını çatdır,
Qırmızı ürəklə sevgini bildir…

 

 

Yox daha evtiyac ciddi söhbətə,
Daha danışmırıq, “layk”laşırıq.

Unuduruq nədir dost məhəbbəti,
Uyub “layk”larla alış-verişə…

 

 

Qədim dost! Hardasan? İndi sevgilər,
Virtual qırmızı ürəklərdədir.

Hardasan, əzizim? Səsimə səs ver,
Ölürəm təklikdən şəbəkələrdə…

 

10.06. 2020, Samara

TRAMVAY

08.06 2020

Ah, bu tramvay nə qədər qəşəngdir,
Sağ yanı da, sol yanı da qırmızı!

Küylü də olsa, şəhərə bəzəkdir,

Benzinə yox ehtiyacı, yox qazı.

 

 

Ah, gedişi, bax, necə ləngərlidir,

Sövq eləyir sərnişini yatmağa.

Relslər ilə zənn elə fayton gedir.

Yox tələsənlər də evə çatmağa.

 

 

Kim yaradıb, ah, bu nə həngamədir,
Ötsə də dövranlar, o köhnəlməyir.

Çox da ki, çaqqıldayaraq ləng gedir –

Getdiyi yolla geri hökmən gəlir…

 

08.06. 2020, Samara

SAMARA

18.11. 19

Bura nə şimaldır, cənubdur nə də,
Şərqə, qərbə də yox aidiyyəti.

Relyefi dolaşıq, yeri köndələn,
Gah yazı gecikir, qışı gah itir.

 

 

Çayı dolğun axar, çay arxasında,
Zəngin qürubların nümayişi var.

Bozsa, qarasa da, qar tək ağsa da,
Göz oxşar həmişə göydə buludlar.

 

 

Ulduzdan kasıbdır burda göy ancaq,
Sanki yağmalayıb yadplanetli.

Səfər ulduzumu necə tapım, ah,

İlişib qalmışam burda mən yetim…

 

07. 06. 2020, Samara

«VƏTƏN NƏ ÖLKƏ, NƏ DƏ DÖVLƏTDİR…”

QATARDA 2009

Vətənim var mənim də, əlbəttə,
Qütbdən qütbə uçmuram quş tək.

Vətən nə ölkə, nə də dövlətdir,
Bir qarış yerdi ki, bağlanmış ürək.

+

Cənnətə bənzəməz, gözəl də deyil,

Yayın da qış kimi əziyyəti var.

Gülləri sısqadır, ötməz bülbül,
Nə sərindir, nə duru orda sular.

+

Kişi tutqun və qaşqabaqlı gəzər,
Ağzı qarğışla arvadın açılar.

İncidər qonşunu bəd qonşu, əzər,

Uşaqların da böyük hikkəsi var.

+

Buranı kimsə cəhənnəm də sayar,
Bir az şişirtmədir bu, insafən.

Adi kənddir…pisi var, yaxşısı var,

Əziz və doğma…Vətəndir o, vətən…

+

Sözümlə, istəsə əgər Tanrı,
Dönərəm, vaxt gələndə, mən də ora,

Qoyaram arxada təyyarələri,
Ürküdüb quşları çaş-baş salaram.

+

Yox ləyaqətsə yanam ulduz tək,
Kəndin üstündə dönərəm buluda.

Bu işə xeyli təəccüblənərək,

Mənə baxar kişi də, arvad da…

02. 06. 2020, Samara

BALIQÇI

SONY DSC

“Saat on ikidə bu gün durmuşam,

Evdə neyləyəsən? Çantanı dala,
Atıb bura gəldim. Bəlkə heç axşam,
Mən evə getmədim. Qəşəngdir hava…”

 

 

Elə qoca deyil. Gənc də deməzsən,
Dişləri seyrəlib, həm də əyridir.

Uzun da yaşayır beləsi bəzən,
Bəzən qəfil ölür… durduğu yerdə…

 

 

“Deyiləm balığın ölüsü, vallah,
Bir dəfə yeyəndə bir həftə bəsdir.

Volqa qırağında qəşəngdir hava,

Vaxt da tez ötüşür, tilov əldəsə…”

 

 

Nə özü zəng vurur, zəng gəlir nə də,
Telefon gəzdirməs bəlkə beləsi.

Gözləri tilovun nazik ipində,
Fikri su altında…fikirləşirsə…

 

 

Görməyib ömründə okeanları,
Döyüşə girməyib əjdahalarla.

Böyük qəniməti ovcuna sığır,
Beləcə balıqçı vaxtı adlayır.

 

 

Balığın qızılı  qarmağa keçə,
Sehrli həm ola nağıldakı tək.

Buraxar balığı, istəməz heç nə,
Bilir ki, bu hoqqa necə bitəcək…

 

31.05. 2020, Samara

AH, NECƏ SÜTÜLDÜK, TƏMİZDİK NECƏ…

U LENİ

Ah, necə gözəldi sütül vaxtların,
Birdən dəli kimi vurulmaqları.

Elə ki, bir gözəl qanrılıb baxır —
Alır iradəni, ağlını alır.

 

 

Səsə vurulursan, səsə də bəzən!
Görməmiş üzünün gözəlliyini.

Havalı gəzirsən, dəli gəzirsən,
Gecəli-gündüzlü həmin səs dinir.

 

 

Ah, necə sütüldük, təmizdik necə,
Düzümü, daramı bəsdi saçların,

Bilmirdik onlarda ətir var incə,
Təpədən dırrnağa sarsıda bilir.

 

 

Gözlərə baxırdıq xəlvəti, oğrun,
Naşı oğru kimi əsib qorxudan.

Həmişə azarlı, həmişə yorğun,
Amma xoşbəxt idik nədənsə hər an.

 

 

Sütüldük, sevirdik təmiz eşq ilə,
Duyğumuz təmizdi, niyyətimiz həm,

Bilmirdik Əslinin düymələriylə,

Niyə sübhə qədər əlləşir Kərəm…

 

27. 05. 2020, Samara

ŞEKSPİRİN ÇEVRİLMƏYİ: MİLLƏTƏ TƏQDİM

şekspirin sonetləri

Ya İblisin fitnəsiydi,
Ya Tanrıdan əmrdi –

Şekspirin sonetini,
Dilimizə çevirdim.

 

 

Küştü tutdum ingilislə,
Qanım axdı, dinmədim.

Vurdu məni nizəsiylə

Dönə-dönə, dönmədim.

 

 

Bilmirdim ki, haçan yeyir,
Ya da haçan yatırdım.

Yarı ölü, yarı diri,
Mən bu işi bitirdim.

 

Dərs bitirən uşaqlar tək,
Sevinc vurdu başıma.

Millətimə dedim gərək,
Təqdim edəm işimi.

 

 

Dedim salam, filan, feşman,
Mənim gözəl millətim.

Şekspiri çevirmişəm,
Nədir, söylə, qiymətim.

 

 

Gözəl millət eşidən tək,
Övladından bu sözü.

Döndü, mənə çevirərərk,
Dalını, türkün sözü.

 

 

Söylədi: “o Şekspirdən,
Bizdə milyonu vardır.

Üçü-dördü beş kişidən,

Şekspir tək dühadır.

 

 

Arvadlara yaxşı əgər,

Türkün sözü, baxıla,
Neçə qadın şekspirlər,
Bizdə yəqin tapılar.

 

Sadə millət deyilik biz,
Adi millət deyilik,
Koroğluyuq hər birimiz,
Həcərik, həm Nəbiyik.

 

 

Hər sənətə biz bələdik,
Nə ingilis, nə alman.

Erməinini mələdərik,
Lazım gəlsə, sabahdan.

 

 

Özümüzdə çevirməyə,
Əjdaha var nə qədər.

Özgələrə axı niyə,
Verməliyik biz dəyər.

 

 

Yazdığını bəyəndimi,
Bu ölkədə bir insan?

İcazən var İlham bəydən,

Ya Mehriban xanımdan?

 

 

Tərcüməni  sobaya at,
Bax necə işin yanır.

Al ovcuna soyuyanda,

Külü sovur başına….”

 

25. 05. 2020, Samara