Архив по авторам | Xeyrulla Xəyal

UİLYAM ŞEKSPİR. 146-CI SONNET

sonnet 146.jpg

    Poor soul, the center of my sinful earth

Günahkar dünyamın mərkəzi ruhum!

Başsız qüvvələrdir səni bürüyən.

İçdə hər əzaba əyərək boyun,
Bayırdan neynirsən sən bu bəzəyi?

 

İcarən qısadır, belə xərc niyə
Çəkirsən dağılıb gedən binaya?
Qurdlar məsrəfini daraşıb yeyər —
Sonu bədəninin belə deyil ya?

 

Ruhum, qoy bu bədən səni yaşatsın,
Artırsın varını zəiflədikcə.

İlahi müddət al, sat fənalığı,
Bayırdan kasıb ol, səngin ol içdən.

 

               Ölümün sonuna belə çıxarsan,
              Ölən olmayacaq, ölüm yox olsa.

 

İngiliscədən tərcümə

08.05. 2018

Samara

BODLERİN «SAAT» ŞEİRİ RAMİZ RÖVŞƏNİN TƏRCÜMƏSİNDƏ. DİLETANTIN TƏHLİLİ

бодлер

Birinci bənd.

“Horloge! dieu sinistre, effrayant, impassible,
Dont le doigt nous menace et nous dit: «Souviens-toi!”
“Saat”! Nəhs, qorxulu, soyuq tanrı, barmaqları bizi hədələyir və bizə deyir: “Xatırla!”

R. Rövşənin tərcüməsində:

“Bu saatın içində Allah yaşayır, Allah,

O səni barmağıyla hədələyir, qorxudur”.

İlk baxışdan yaxındır. Ancaq əslində ciddi ziddiyyət var. Bodler “bu saat” demir, konkret saata müraciət etmir, burda artikl ya işarə əvəzliyi yoxdur,  bu şeirdə Saat Zamanın maddiləşmiş surətidir, tanrı da onun içində yaşamır, çünki saat – vaxt – tanrının özüdür…

Orijinalda Vaxtın-Tanrının üç təyini var, üçü də neqativdir, tərcümədə bunların heç biri yoxdur. “Allah” sözünün təkrarlanmağı isə riqqət ifadə edir və müəllifi – spikeri, yəni Bodleri, mömin və həqir müsəlmana çevirir…

«Les vibrantes Douleurs dans ton coeur plein d’effroi
Se planteront bientôt comme dans une cible;»

“(titrəşən (sayrışan) Ağrılar sənin qorxu dolu ürəyinə

hədəfə sancılacan kimi enəcək, ürəyini alacaq)

R. Rövşənin tərcüməsində:

“Deyir, unutma, ömrün gec-tez sona çatacaq,

Gördüyün hər nə varsa, ötəri bir yuxudur”.

Bu, beytin Bodlerə, əlbəttə, heç bir aidliyi yoxdur, ölüm haqqında məişət səviyyəli təsəvvür və mülahizə Bodlerin incə və mürəkkəb metaforasını əvəz edib. Buna bədii tərcümə demək olarmı? Bu, ümimiyyətlə tərcümədirmi?

 

Şeirin beşinci bəndi:

Souviens-toi que le Temps est un joueur avide
Qui gagne sans tricher, à tout coup! c’est la loi.
“Xatırla ki, Zaman zirək bir oyunçudur (qumarbazdır), fırıldsqsız udur, həmişə, bu, qanundur.

R. Rövşənn tərcüməsində:

“Vaxtdan güclü qumarbaz tapılmaz ki, tapılmaz,

Neyləsən, əvvəl-axır vaxt udacaq səni də”.

Orijinala yaxındır, hərçənd qüsurludur:  “Vaxt” sözü iki dəfə işlədilib. «Tapılmaz» sözünün iki dəfə işlədilməsi də misranı doldurmaqdan ötrüdür.

Ancaq ikinci beytin tərcüməi fəlakətdir.

Orijinalda:

“Le jour décroît; la nuit augmente; souviens-toi!
Le gouffre a toujours soif; la clepsydre se vide”.

“Gün azalır, gecə uzanıt, xatırla! Uçurum (girdab) həmişə təşnəlidir, klepsidra (yunanca su saatı) boşalıb”.

Ramiz Rövşənin tərcüməsi:

“Neçə il yaşasan da, deyəcəksən, azdı, az,

Yaşamağa bir azca möhlət verin yenə də”.

Bu beytin orijnalla azacıq da olsa yaxınlığı var? Yoxdur” Ramiz Rövşən burda Bodlerin əvəzinə Bəxtiyar Vahabzadənin şeirini «tərcümə edib» fransıza yamayır:

 «Nə görmüşəm dünyada bu cahana gələndən? 
Ahhh elə bilirəm ki, dünən doğulmuşam mən, 
Ömrümü verdim bada, 
Nə görmüşəm dünyada? «…

(məqalənin əvvəli)

 

ŞARL BODLER.  SƏS

 

бодлер

(La Voix)

Beşiyim evdə kitabxananın önündə idi,
Roman, nağıl və elm vardı bizim Babildə.

Külü latınların yunan tozuyla birləşən yerdi,

O vaxt mənimsə boyum bir kitab qədərdi elə.

Mən iki səs eşidirdim. Mətin və içdən olan,
Deyirdi: “Sanki qutabdır bu Dünya ləzzətli;

Sənə o boyda mən iştah verərəm, var imkan,
Elədə kef çəkəcəksən həmişə qiymətli”.

İkinci : “Get, xəyallarında  dolaş aləmi sən

Mümkünü adla və aş hər nə varsa məlum olan!”

Dinirdi zümzümə ki, mehlə gələr sahildən.

Ya da kabusdu bu, ağlar və bilinməz hardan.

Səsiylə oxşayar həm, həm də qəlbə qorxu salar.

Söylədim: “Bəli, şirin səs!”  Nə biləydim ki, fəqət,

O zamandan mənim, əfsus, fəlakətim başlar
Və hüdudsuz bu həyatın bəzəyindən xəlvət,

Səhnələr arxasında qapqara bir girdabda,

Açıq-aşkar göründü çox qəribə dünyalar
Mən, bəsirət azarlısı, dolaşmışam burda,
İlandır hər tərəfim ki, necə qaçsam da vurar.
O zamandan da elə mən, necə peyğəmbərlər,

Sevirəm incə eşq ilə dəniz və səhranı.

Ağlaram toyda və bayramda, yasda mən gülərəm,
Şərabın ən acıısında şirin həzz alıram.

Mənə tez-tez həqiqətən olan yalan görünər,
Gözüm səmada qalır, xəndəyə yuvarlanıram.

Verir təsəlli səs: “yaşat xəyallarını, divanə!
Tanımaz, bil, bu gözəl neməti ağıllılı olan!”.

ilk dəfə 28 fevral 1861-ci ildə çap olunub

Fransızcadan tərcümə

15.05.2018

Samara

Запись опубликована 15.05.2018, в Bodler.

UİLYAM ŞEKSPİR. 145-Cİ SONET

sonnet 145.jpg
                              Those lips that love’s own hand did make

Sevgi kimi şirin dodaqlarından,
İki söz ucaldı: “Nifrət edirəm!”

Onun həsrətiylə yandığım zaman;

Qüssəli halımı amma görən dəm,

 

Şəfqət ürəyində yarandı birdən,
Dilini qınadı, şirin bilirdim,
Dilini həmişə, indi yenidən,
Elə bil ki, lütfə öyrədilirdi.

 

“Nifrət edirəmi” dəyişdi sonda,

Gecənin sonunda necə gün doğar.
Cin kimi qovulub gedər səmadan,
Gecə cəhənnəmə bəlkə qərq olar.

 

              “Nifrət edirəm”ə “sənə yox”u da,
              Artırıb, qaytardı məni həyata.

 

İngiliscədən tərcümə

07-08. 2018

Samara

QEYD: 145-ci sonet Şekspir sonetləri içində unikallığı ilə seçilir, çünki başqa sonetlərdən fərqli olaraq yambik pentametrlə deyil, yambik tetrametrlə yazılıb. Heca sayı ilə desək, hər misrada on yox, səkkiz heca var. Azərbaycancaya bu sonet də 11 heca ilə çevrilib, çünki bizim səkkizhecalı şeirlə, təəssüf ki, Şekspir sintaksisini orijinala nəinki adekvat, hətta yaxın da vermək mümkün deyil. Orijinala yaxın ölçü seçən rus tərcüməçiləri sonetdən çox az şey saxlaya bilirlər.

ŞARL BODLER. TƏKİN ŞƏRABI

бодлер

   ( Le Vin du solitaire)

Ani, süzgün baxışından sevimli bir qadının,
Süzür gəlir elə bil üstümüzə ağ şüalar.
Soyuq gözəlliyini səthi titrəşən sulara,
Yollayır ay beləcə, göldə yuyundursun onu.

+

Gələr arıq Adelindən alovlu bir busə.

Sonuncudur qumarbazın əlində pul kisəsi,
Həm sığallar, didər həm qəlbi gələn nəğmə səsi

Elə bil hardasa insanı öldürür qüssə.

+

Dərin, dərin şüşə, əlbəttə ki, dəyməz bunlar,
İliyə işləyən o məlhəmə ki, məhsuldar
İçində saxlanılar şairin təlatümünə;

+

Ümid verirsən ona, həm də cavanıq və həyat,
Və qürur ki, elə sərvətdir o, yoxsulluqda,
Onunla qalxarıq və bənzəyərik Tanrıya da!

1850-ci ildə ya da buna yaxın vaxtda yazıldığı güman edilir

Fransızcadan tərcümə

14.05. 2018

Samara

UİLYAM ŞEKSPİR. 144-CÜ SONET

              Two loves I have, of comfort and despair…

İki eşq yaşadar mənim ürəyim,
Birində təsəlli, birində qüssə.

Bəyazsaç kişidir yaxşı mələym.
Xəstə sifətlidir mələyin pisi.

Məni cəhənnəmə atmaq istəyən,
Pis mələk yaxşını məndən eləyir.

Pozur müqəddəsi;  şeytana, cinə,

Döndərir föhşlü cazibəsiylə.

Dönübmü şeytana mənim mələyim –

Şübhəli olsam da, deyiləm əmin.

Ancaq dostdularsa, biri deməli,
Düşüb o birinin cəhənnəminə.

                       Ancaq bunu  o vaxt mən biləriəm ki,

                       Pis mələyim qovar yaxşı mələyi.

İngiliscədən tərcümə

07.05. 2018

Samara

MƏKTƏB YOLDAŞIM ELDAR       RÜSTƏMOVUN ƏZİZ XATİRƏSİNƏ

13.05.jpg

Əllini keçibsə yaş, vəziyyəti

Güzgüdən öyrənmə, yaşıdına bax,

Önündə durduğun güzgü deməyən,

Üz-üzə dayanan özgə deməyən,
Sən özün barədə hər həqiqəti,

Bilərsən ona bir nəzər salaraq…

 

Qırx il ayrılıqdan sonra görüşdük,
Qırx ilin gücünü mən onda gördüm,
Elə bil alışıb külə dönmüşü,
Küldən qaldırıblar, ya da qəbirdən…

 

Telefonla gəldi ölüm xəbəri,

Zəngləşə bilmədik sağdı nə qədər.

Mən də ki… Elə bil sabah gedirəm –

Kimdi zəng eləyən? Kimə zəng edər?…

 

Xərçəngdən, İrandan, on saat çəkən,
Əməliyyatından danışdı onda.

Həkimə pul gedib orda bir ətək,
Xəstəlik də yaman, xərc də yamandı..

 

Qənaətcil idi, həm də ki, düzdü

Həyat da ki, bir az çətin həyatdı…

Abırlı şalvarı heç vaxt ütüsüz

Olmazdı, saxlardı döşəyin altda…

 

Qiymət həvəsiylə can vuruşduran,
Beşi dərman kimi istəyən, alan.

Qardaş, çatdı sona yarışlar indi,
Ayrıdır sən gedən yerdə imtahan…

 

… Özündən xəbəri yoxdu elə bil,
Torpaq hayındaydı, qazanc hayında.

Varisi özü tək çox çox zirək deyil,
Baxmasa, deməsə batar ziyanda…
 

Yəqin ağlaşıblar qrup qızları,
Yığılıb gediblər bəlkə yasına,

Tədbirli, qılıqlı, həlim, tikansız,
O vaxt belə idi…Dəyişmədisə…

 

Yerimiz əlifba sırasıyladı,
Bir parta həmişə yeri qabaqdı…

Elə bu qaydayla aparsaydılar,
Mənim də gedişim bu gün-sabahdı…

 

13.05. 2018

Samara

UİLYAM ŞEKSPİR. 143-CÜ SONET

Sonnet_143_1609.jpg

                         Lo, as a careful housewife runs to catch

Aralanıb getsə əgər bir cücə,

Gör necə dalınca cumur sahibə,
Atır körpəsini, az qalır uça,

Tutub qırılmışı qaytara bilə.

 

Ağlayır atılmış uşaq, istəyir,
Çatsın anasına, anasa hələ,
Qaçanın dalıncaq qaranəfəsdir.

Körpə sızıltısı gəlmir eyninə.
Qaçırsan dalınca səndən qaçanın,
Mənsə sənin körpən, sənin dalınca.

Tutsan ümidini, qayıt yanıma,
Ana tək əzizlə mehriban, incə.

 

            Tanrıdan istərəm, İstəyinə çat

            Ağlayan görörsən məni, qayıtsan.

İngiliscədən tərcümə

06.05. 2018

Samara

ŞARL BODLER. SƏNƏTKARLARIN ÖLÜMÜ

бодлер

  La Mort des artistes

Zınqrovları gərək nə qədər silkələyəm,
Alnından öpəm hələ, yaslı karikatura?

Ay oxluğum, nə qədər sərf eləyim ki, mızraq,

Təbiəti sirr dolu hədəfi vura biləm?

 

Qəlbimizdə biz incə planlar yaradarıq

Və deşib dağıdarıq batılmaz zirehləri,

Görməyincə, nəhayət, möhtəşəm bir Əsəri,
Cəhənnəm istəyiylə onun ki, biz ağlarıq.

 

Tanımayanlar da var hələ öz Sənəmini,
Lənət, ikrah hədəfli, miskin heykəlyonanlar.

Döyür alınlarına, sinələrinə onlar,

 

Qərib, soyuq Kapitol! Bir ümidin var sənin,

Bu, Ölümdür, parıldar təzə doğan günəş tək,

Və onların açılar beyinlərindən çiçək.

 Fransızcadan tərcümə

12.05. 2018

Samara

QEYD:  40-cı illərin birinci yarısında yazıldığı güman edilir

 

UİLYAM ŞEKSPİR. 142-Cİ SONET

sonnet 142.jpg

Love is my sin, and thy dear virtue hate

Günahım – sevgidir, sevgidən doğan,
Günaha nifrəti şərəf bilirsən.

Fəqət iki halı yanaşı qoysan,
Görərsən ki, nahaq qınanıram mən.

 

Gərək dodaqların qınaq deməyə,

Onlarda qızaran günah qanıdır.

Saxta sevdaları möhürləyərək,

Alıblar həzzini yad yataqların.

 

Səndədir gözlərim, necə səndədir,
Səni sevənlərin həris gözləri.

Rəhm toxumu sal qəlbinə, bitir,

Özgə rəhmini də görərsən elə.

 

                Özün gizlədərək almaq istəsən,

               Sən də rədd cavabı alarsan hökmən.

 

İngiliscədən tərcümə

05-06.2018

Samara