Архив по авторам | Xeyrulla Xəyal
DƏDƏM VAY!
O gün bir soydaşıma rast gəldim, deyir Mirzə, xəbərin var bir azərbaycanlı qızının oğurlanmağından? Deyirəm xəbərim yoxdur, ancaq burda nə qəribə iş var ki, yəqin demək istəyirsən qaçırıblar. Bizim qızlarınkı elə dədə-baba qaçırılmaq deyilmi? Deyir yox, bu uşağın qaçırılmaq vaxtı deyil, cəmi on üç yaşı var. Deyirəm a kişi, on üç yaş bəs azdır? Azərbaycanda ondan da kiçikləri valideynləri könüllü verirlər gedir. Yəni ki, valideynlərin könlü olur, qızı deyə bilmərəm. Əslinə qalsa, on bir-o iki yaşlı qızda nə könül… Soydaşım deyir ki, a Mirzə, vallah sən məni yaxşı başa düşmürsən. Bu qızı əməlli-başlı oğurlayıblar, belə maşın oğurlayan kimi, qızıl-gümüş oğurlayan kimi… Bunu eşidəndə çox darıxdım, dedim ki, a kişi, bunu bayaqdan de də. Yəqin oğurlayanlar erməınilərdir, o qırışmallar torpağımızı oğurladılar, ürəkləri soyumadı, yeməklərimizi, mahnılarımızı oğurladılar. İndi də balaca qızlarımıza əl atıblar. Soydaşım dedi ki, a Mirzə, nə erməni, qızı özümüzkilər oğurlayıbmış, dəstəbaşı da iyirmi yaşlı azərbaycanlı qızıdır…
Ah cəsur, qeyrətli qəhrəman Azərbaycan polisi, olaydın burda, görüm bu uşaqlar o qələti eləyərdilər ya yox. Siz öləsiniz demirəm, Mirzə Əlilin başı haqqı, Azərbaycanda nəinki oğurluq eləməyə, hətta dilənməyə də qoymurlar. İnternetdə hansı Azərbaycan saytını açırsan, görürsən ki, Bakının bu küçəsində bu qədər dilənçi tutulub, o metro stansiyasında filan qədər. Vallah, polislər qırğı kimi şığıyırlar dilənçilərin üstlərinə, “dədəm vay!” deməyə də macal verməyib qandallayırlar. Düzü, hara aparırlar, deyə bilmərəm. Bunu yazmırlar. Yəqin dövlət sirridir. Azərbaycan da, özünüz bilirsiniz, çox sirli dövlətdir. Dövlət deyil ey, qardaş, sirlər xəzinəsidir!
Ancaq bir fikir beynimdə elə hərlənir ki, başım qızır. Məsələ burasındadır ki, bu dilənçiləri nə qədər tuturlarsa, qırılmışların sayı azalmır, bəlkə elə artır da. Çox təəccüblüdür, Azərbaycan kimi varlı dövlətdə dilənçi hardan əmələ gəlir? Bir restoran sahibi var, mötəbər insandır, maşını da çox yekədir, deyir Mirzə, o dilənçiləri Ermənistanda hazırlayıb vertolyotla atırlar Bakının, Sumqayıtın, Gəncənin, Salyanın küçələrinə. Deyirəm niyə? Deyir ki, bizi biabır eləməyə, ermənilərin fikri-zikri bizi biabıer eləməkdir…
Vallah, ağlabatan sözdür, ermənilərdən nə desən çıxar…
O ki qaldı oğurlanan qıza, urusun milisi sağ olsun, azad eləyib. Uşağın atasından pul istəyən dəstəbaşını tutublar. Ata da başını yelləyib gülür ki, a kişi, məndə pul hardaydı?
Ürəyimdə dedim ki, o sözü burda deyirsən, Azərbaycanda deyə bilməzdin. Azərbaycanda kimin pulu olduğunu və nə qədər olduğunu bircə polis bilir. Kimə barmağını uzatsa ki, səndə bu qədər pul var, o adam o pulu yerin deşiyindən də olsa çıxarır və özü də məəttəl qalır ki, bu qədər pulu olduğunu indiyəcən bilmirmiş…
Sizə deyim Vasif Talıbovadan…
Yox, bu dəfə heç nə deməyəcəyəm, çünki naxçıvanlılar söz qoyublar ki, Mirzə, bir də Tasif Talıbovdan artıq-əskik yazsan, üzünə baxmarıq. Naxçıvanlıların baxmadıqları üzsə, vallah, qaradır…
Gəlin sizə deyim İrandan. Deyirlər ki, çalmalılar İranda o qədər törəyib-artıblar ki, bir-birinin ətini yeyirlər, camaat da aralıqda qalıb qırılır. Bir azərbaycanlı ayaq altında qalıb qışqırırmış ki, “dədəm vay!” Jandarm dəyənəyi endirib kürəyinə ki, əksinqilabçı köpəkoğlu, dərdini farsca de, bilək nə deyirsən…
A qardaş, nə olar, farsca de də, bu fars köpəkoğlu da bilsin sənin dərdin nədir…
Mirzə ƏLİL
26.06.09 Samara
ПУСТЬ ГОВОРЯТ!…
Андрей Малахов:
— Дорогие друзья! Вы только что слышали шокирующие подробности о травме Владимира Владимировича Путина, которые нам рассказала олимпийская чемпионка Алина Кабаева. Сейчас мы уходим на рекламу, которая будет недолгой. А после рекламы вас ожидает самое невероятное. В нашей студии появится супруга Владимира Владимировича, Людмила Путина. Она нам расскажет, что же на самом деле случилось со спиной президента Российской Федерации. Не перключайтесь!
газета ОЧАГ 2012-05
ŞARL BODLER. DE PROFUNDİS CLAMAVATİ
Şarl BODLER
DE PROFUNDİS CLAMAVATİ[1]
Sevirəm tək səni, səndən də mərhəmət dilərəm,
Qəlbimin düşdüyü bu qorxulu dibsizlikdən.
Hər tərəf yaslı, üfüqlərsə qurğuşun rəngdə,
Burda daim havaya küfr və dəhşət ələnər.
Yanır səmada günəş istisiz ilin yarısı,
Altı aysa gecədir, aləmi zülmət örtər.
Bəlkə qütbün özü çılpaq deyil bu ölkə qədər,
Nə bir heyvan dəyir gözə, nə ağac var nə də su.
Daha zalım, daha qəddar bu kainatda hanı,
Bir günəşdən ki, nuru dondurur damarda qanı.
Qoca Xaos da seçilməz bu tükənməz gecədən.
Vəhşi heyvan kimi dünyaya gələydim kaş mən
Uzanaydım günün altında qayğısız, yarıcan,
Bir yumaq tək açılaydı, axıb gedəydi zaman.
Fransıcadan tərcümə, iyun-11iyul 2008, Samara
Qeyd: İlk dəfə 9 aprel 1851-ci ildə çap olunub. Şerin adı katolik rəhmət duasının ilk sözlərindən götürülüb
[1] Dərinlikdən çağırıram(lat.)
газета ОЧАГ 2012-06
газета ОЧАГ 2012-11
GƏMİLƏR GEDƏRDİ BU ÇAYDA BİR VAXT…

Cahangir Süleymanlıya
Gəmilər gedərdi bu çayda bir vaxt.
Təmiz, al-yaşıllı göyərtələrdə,
Qəribə adamlar vurnuxardılar,
Qıraqdan baxardıq, heyrət edərdik.
Hər gün saatlarla əsir-yesirdik,
Beş-on qoyun quzu qabağımızda.
Qürub yubanırdı, biz tələsirdik,
Tikan sızıltısı ayağımızda.
Nədənsə axşamlar keçərdi onlar,
Ayın, ulduzların alışan çağı.
Mühərrik səsiylə ürək çırpınar,
Birdən canlanardı Kürün qırağı.
Dünyada nə yaxşı mahnı vardısa,
Həmin gəmilərdə dinərdi hökmən.
Nəğmə yarılanır, dalğalardasa
Davamı, sonuydu coşub səslənən.
Gözdən itərdilər tini burulub,
Sükut bürüyərdi suyun üzünü.
Qayanın üstündə bir az da durub,
Qapıya sürərdik qoyun-quzunu.
Nə səs eşidirdik, nə də rəng seçir,
Nə aya baxırdıq, nə ulduzlara.
Gəmi çıraqları göz vurub keçir,
Ürək qayğılanır, fikir azırdı.
Tələsir, allahın heyvanı bizdən
Yeyin yeriyirdi, cığırı tutub.
Toranlıq bürümüş evlərimizdən,
Süzülən işıqlar hüznlü, tutqun.
Candərdi hürərdi qonşu itləri,
Danlaqla çıxardı valideynlər.
Gördükcə titrəşən siluetləri,
Qüssə işləyərdi iliyə qədər.
Fikirlər çəkirdi ərşə yuxunu,
Uzaq ulduzlartək uzaqdı səhər.
Burda dayanmışdı zaman axını,
Qumlamış gəmilər kimiydi evlər.
16-30 avq. 2010 Ərəbqardaşbəyli
RONDO
Pasportum cibimdə, ağlım başımda,
Biletim alınıb, pulumdan qalıb.
Vağzal meydanında düşüb maşından
Qatara minərəm, düşərəm yola.
Sərhədi keçəndə neçə poqonlu,
Ruhuma tüpürər, cibimi eşər.
Başsız atlı kimi çapar vaqonlar,
Təbiət dəyişər, ölkə dəyişər.
Sahmana salaram yatacağımı,
Sonra girişərəm yol yeməyinə.
Ağac-uğacına, ot-ocağına,
Yolların baxaram, gözüm göynəyər.
Zəifləyər, batar təkərin səsi,
Yüz yerdən ucalan xorultularda.
Donuq pəncərədə ay gülümsəyər —
Min il yol gedəsən duracaq orda.
31.08 — 04.09.08
Ərəbqardaşbəyli