Архивы

“SARI”LIQ XƏSTƏLİYİ

        

 

«Qardaş, indi yas yerinə getmək əngəl olub, çadırda oturduğun yerdə birdən molla komanda verir ki, qalxın, Hacı Filankəs gəldi. Hacı Filankəsin hansı yuvanın quşu olduğunu Salyanda bilməyən yoxdur, ancaq hamı qalxır ayağa. Qalxmayacaqsan, yas yiyəsi inciyəcək… Qardaş, abrımız gedib…”

Bunları mənə Salyanda bir neçə il əvvəl əziz bir adamım deyirdi. Mərhum cəsur, atıb-vuran adamdı, sıraya düzülməklə, komandayla oturub-durmaqla arası yoxuydu. Əməlləri cinayət məcəllləsinin azından on-on beş maddəsi altına düşən adamların qabağında ayağa durmağın onun üçün necə məşəqqət olduğunu yaxşı başa düşürəm. Ziyarət yolları təzə açılanda mən özüm Salyanda yas məclisinə düşmüşəm, o vaxt hələ hacıların çadıra gəlişi molla tərəfindən ucadan elan edilsə də, camaatı qaldırmırdılar, molla özü durub təzətər hacının qabağına gedir və qucaqlaşıb marçamarç öpüşürdülər…

“Adın nədir?” “Sarıdır…”

Yadınızdadırsa (əlbəttə, yadınızdadır, dilimizi, ədəbiyyatımızı, lap elə tariximizi də yaddan çıxaran bizik, yəni yurddan qıraqda yaşayanlar), hekayəçi hamamda üzqoylu uzanıb kisələnəndə kisəçidən adını soruşur. Kisəçi də deyir “Sarıdır”.  Hekayəçi yenə soruşur və həmin cavabı alır. Heçayəçi elə təəccüblənir ki, hamamın bütün ləzzəti canından çıxır. Kisəçiyə and verib yalvarır ki, əsl adını  desin. Kisəçi də elə bilirmiş ondan sabunun nə sabun olduğunu soruşurlar. “Adım Məşədi…”

Hekayəçinin ürəyi yerinə gəlir – azərbaycanlı müsəlman (ya müsəlman azərbaycanlı?) ola, adının məşədisi, kərbalayısı olmaya…

Sizə deyim kisəçidən. Daha doğrusu, kisəçi oğlundan. Kənddə yaxın qonşulardan birinin ölümü məzuniyyətimin vaxtına düşmüşdü. Amerika siqaretini tüstülədə-tüstülədə çadırda oturanlarla məzələşən molla söhbəti hansı möcüzəyləsə Mirzə Fətəlinin üstünə gətirdi və ürəkdən, ağız dolusu cənab Axundova, yəni bizim milli dühamıza, milli iftixarımıza lənət oxudu.

İndi yəqin siz, mənim milli düha va milli iftixarın nə olduğunu çox-çox yaxşı başa düşən dəyərli soydaşlarım, güman edirsiniz ki,  danışığında şübhəsiz cinayət tərkibi olan molla hökmən cəzalanıb(milli təhqiri biz haçan yerdə qoymuşuq?). Türmə də olmasa, heç olmasa şərti cəza, pul cəriməsi, bir neçə il müddətinə mollalıqdan mərhumluq, ya da ən azı xarici pasportunun alınması ki, bir müddət xarici ölkələrə ziyarətə gedə bilməsin. Son variantı xüsusən peşəkar molla üçün həddindən artıq amansız sayan oxucuların həyəcan keçirməyinə dəyməz: o vaxt “məşədi” adı daşıyan molla indi “kərbalayı”dır. Deyək ki, hökümətin başı qarışıb jurnalistlərlə davaya və Salyan, Cəlilabad, Nardaran ya Masalllı mollalarına əli çatmır. Bəs o çadırda oturanlar?

Boynuma alım ki, sizin həqir nökəriniz də mollanın cavabını vermədi. Mollanın xətrinə dəymək məclis yiyəsini incitmək kimidir. Bizsə  məclis, kənd, vilayət, ölkə yiyələriylə Axundovlar arasında seçim olanda, əlbəttə, Axundovları tutmuruq. Axundovlarsız hardaydıq və kim idik – bunu düşünmürük ya az düşünürük. Və nə qədər az düşünüruksə, axundovlarsız hardalığı və kimliyi yaxın perspektiv kimi lap önümüzdə işıqlanır.(Bəlkə daha dəqiq – qaralır?)

Axundovu lənətləyən mollanın ingilislər demişkən “bəkqround”u, yəni əsl-nəcabəti, tərbiyəsi, təhsili barədə bircə şey məlumdur: o, kisəçi oğludur, özü də deyəsən kisəçi şagirdi olub. Bəlkə də Axundov vaxtını hamamda yatmaqla keçirən soydaşlarımızı məzəmmət etdiyinə görə ondan acıqlıdır.

Yox, deyəsən, hamamda yatanlara sataşan Mirzə Cəlildir. Mirzə Cəlildən də yanıqlılar çoxdur. Mollalardan tutmuş millətsevər universitet professorlarına qədər. “Böhtan yazıb! Biz heylə olmamışıq!”

Bəs siz necə olmusunuz? Niyə bəs azadlıq əlinizə düşən kimi üz qoydunuz Azərbaycanın qalan ərazisində neft quyularından da çox olan  və hər gün yenisi açılan pirlərə, falçı, baxıcı, duaçı qapılarına? Niyə varlılarınız ətək-ətək pulları ziyarətə xərcləyir, özünüz, uşaqlarınız arxlarla gələn nəcisli suyu içirsiniz? Niyə ilin yarısını Məkkədə, yarısını Avropa kefxanalarında keçirən dövlətlilər qapıları neçə illərdən bəri bağlı qalmış xəstəxanaları işlətmirlər? “Heylə” olduğunuza görə deyilmi ki, əlsiz-ayaqsızlar  “urusun”, yəni allahsız bolşeviklərin atasına rəhmət oxuyur? Bəs siz niyə vaxtilə Moskvada həkim işləyəndə onlarla azərbaycanlıya əl tutmuş, bəzilərini şəxsən müalicə eləmiş əlli səkkiz yaşlı(!)doktor Rafiq Tağını türmədə əzib sındırdınız? Bəs niyə onu öldürəcəklərinə and içən və hərəkətlərində danışıqsız cinayət tərkibi olan fanatik Nardaran seperatçılarına gözün üstə qaşın var deyən yoxdur? Əlbəttə, onlardan jurnalistlərə və bütün demokrartik zümrəyə qarşı dəyənək kimi istifadə edənlər var. Ancaq sonra bu dəyənəyin qabağında bəlkə dayana bilməyəsiniz…

Hacılığa, gəlin fakta adekvat yanaşaq, kvot qoyulandan sonra ona islamın sütunu kimi baxıla bilməz, dünya müsəlmanlarının sayı çoxdan milyardı keçib, Səudi krallığının təyin etdiyi kvot isə bir neçə miskin milyondan artıq deyildir. Götürün kalkulyatoru və hesablayın: müsəlmanların çox kiçik qisminin Məkkəyə getmək şansı var, ona görə də bu ziyarət borc sayıla bilməz. Əlbəttə, bütün gedənlərə yaxşı yol arzulayırıq və onların dini hisslərinə də hörmətimiz var. Ancaq niyə camaat onların qabağında farağat durmalıdır? Hərçənd qabağında farağat durulmalı  ən azı bir hacı tariximizdə olub: Hacı Zeynalabdin Tağıyev…

“Getdik Quma, imamın qəbrini, imamın qızının qəbrini ziyarət etdik…”

Bunu ötən il Azərbaycanda bir soydaşımz danışırdı.

“Sonra Xomeyninin qəbrini ziyarət etdik…”

Mən qıpıq adamam, ancaq bu yerdə dözmədim: ”Xomeyninin qəbrini niyə? On minlərlə sütül azərbaycanlı balasını müharibədə qırdırdığına görə? Təbrizi bombalatdırdığına görə? Soydaşlarımızın dilini qıfıllatdığına görə? Şallaqlara, dar ağaclarına, daşaqalaqlara görə?”

Məşədi az qalmışdı vura məni öldürə…

Bəlkə bizim başımız elə hamamda yatmağa, xoruz döyüşdürməyə qarışsa yaxşıdır?

 

                                                          20.02.08 Samara

ANA DİLİ… BƏS BALA DİLİ?

   

“Bu şaxtalardan təngə gəldik. Çıxıb gedəsən Azərbaycana… Ora qışda da istidir…”

Bu qış, əlbəttə, ora da isti deyil, ancaq Samaraya baxanda, əlbəttə, istidir – indi küçədə şaxta iyirmi dərəcədən çoxdur. On iki yaşlı dünya gözəli Məsmədə astma var, bərk soyuqlarda əziyyəti artır, ancaq dərsi buraxmır. Bacısı Sevillə o, “Samara vilayəti azərbaycanlılarının Liqası” nəzdindəki bazar günü məktəbinin ən “qocaman” şagirdləridirlər. Ataları, Xanlar törəməsi Rövşən Musayev, həmişə vaxt tapır ki, iki qızını Azərbaycan dili dərsinə, böyük qızını isə ara verməyən idman yarışlarına aparsın – Stella qaçışla məşğul olur. Atası Məsməyə Naxçıvanın duz şaxtalarından danışıb. Indi Məsmə üçün hələlik görmədiyi Naxçıvan “möcüzələr ölkəsi”dir…

Məktəbin işlədiyi üç ildən artıq vaxtda şagirdlərin sayı on nəfərdən çox olmur. Samara şəhərində təkcə rəsmi məlumatlara görə on beş mindən çox azərbaycanlının yaşadığını nəzərə alanda yeganə mümkün nəticəyə gəlirsən ki, soydaşlarımız öz uşaqlarının ana dilini öyrənmələrində maraqlı deyillər. Və nəinki maraqlı deyillər, hətta fəal şəkildə əleyhinədirlər də. Bu, mürəkkəb məsələdir, qismən tarixi məsələdir və bu tarixin özü isə qismən xəstəlik tarixidir.

Biz burda Azərbaycandakı rus məktəblərinin məzunlarından və Bakının rus dilli məhəllələrinin törəmələrindən danışmırıq, belələrinin Samaranın Azərbaycan diasporunda xüsusi çəkisi də çox azdır. Samara azərbaycanlıları əsasən kəndlilərdir, yaşı qırx və qırxdan çox olanlar ruscanı Sovet ordusunda, əgər əsgərlik çəkiblərsə, öyrəniblər – bu, əlbəttə, kişilərə aiddir. Son on beş ildə gələnlərin ruscası məktəbdə öyrəndikləridir — əgər keçiblərsə. Ancaq ümumilikdə, nadir istisnalarla, azərbaycanlıların  ruscası, demək olar ki, qrammatik normalar tanımır, leksika cəhətdən çox bəsitdir. Burda hətta otuz il və daha artıq yaşayan soydaşlarımız az-çox ciddi bir fikri ifadə etmək istəyəndə aləmi qarışdırırlar bir-birinə. Bəzən aqressiv hücumlara məruz qalan, incidilən azərbaycanlı savadlı şəkildə milisə ifadə verə bilmir, televiziya jurnalistlərinə dərdini danışanda əcayib nitqi ilə özünə qarşı tamaşıçıda mərhəmətdən çox gülüş doğurur.

Həmin bu azərbaycanlı uşağı dil açan gündən onunla rusca danışır. Bu, bir növ özünmüdafiənin zəruri həddinin aşılmasıdır. Soydaşımız dili pis bildiyinə görə çəkdiyi çətinliklərdən, ünvanına eşitdiyi tənbehlərdən, qınaqlardan, kinayələrdən özü üçün kompleks yaradıb. Onun incikliyi indi öz ana dilinə də ünvanlanır və o nəinki istəyir uşağı ruscanı ruslar kimi bilsin, o həm də istəyir ki, uşağı Azərbaycan dilini, elə bil hər kəlməsinə lənət, qarğış hopmuş bu dili bilməsin…

Hər bir xəstəlik müalicə olunmayanda şiddətlənir: soydaşımız hərdən-hərdən ailəsiylə vətənə gedəndə qohum-qonşunun yanında öyünür ki, uşaqları azərbaycanca bilmirlər. Sübüt üçün uşaqları çağırır və onlarla bir neçə kəlmə rusca danışır. Rus dilli uşaqlar indi soydaşımız üçün status göstəricisidir, ona elə gəlir ki, qohum-qonşudan bir neçə pillə yuxarı qalxıb…

Uşaqlar bir az böyüyəndən sonra valideynlərinin ruscası onlarda gülüş  doğurur – ailə əslində bir-birinin dilini anlamayan iki hissəyə bölünür ki, bu da traqikomik sitüasiya yaradır…

Rus dilini, əlbəttə, azərbaycanlıların öyrənməyi yaxşı olardı, ancaq sovet dövründən bu dilin Azərbaycanda tədrisi fəlakət vəziyyətində olub. On illərlə Axundov adına institut rus dilini bilməyən məzunlara diplom verib məktəblərə göndərməklə xəstəliyi nəinki xroniki, hətta bəlkə də, dil müəllimi hazırlayan məktəblərin korrupsiya ocağı olduğunu nəzərə alsaq, sağalmaz edib.

Son vaxtlar Azərbaycanda dillə bağlı müzakirələr zamanı rus dilinin vacib müdafiəsi qəfildən Azərbaycan dilinə qarşı hücuma çevrilir. Səhv etmirəmsə, Oktay Ataxan adlı müəllif elə ucuz alıb getdi ki, axırda dedi rus məktəbləri olmasaydı, Azərbaycanın nə elmi, nə mədəniyyəti olardı. Bu iddiada irqçilik elementi olduğu şübhəsizdir — bu məni heç təəccübləndirmir, rus məktəblərinin məzunlarından belə şovinist-irqçi bəyanatları hələ sovet dövründə çox eşitmişəm. Elm barədə, savadsızlığıma görə, bir söz deyə bilmərəm, o ki qaldı mədəniyyətə… Səhv eləmirəmsə, gözəl nasir Əkrəm Əylisli Azərbaycan məktəbində oxuyub. Eləcə də gözəl şairlər Ramiz Rövşən və Vaqif Cəbrayılzadə. Mən hələ Molla Pənah Vaqifi demirəm…

Başqa bir Vaqif, Səmədoğlu, deyir ki, ingilis lordları ona Dostoyezskini, Puşkini orijinalda oxuya bildiyinə görə həsəd aparırlar…

Ah bu yazıq lordlar! Bir vaxt onlar bizim başqa bir şairimizə həsəd aparırdılar ki, onun, ingilis lordları kimi iki yox, düz iyirmi altı babası var…

Hamısı da rus dilli bolşevik komissarı…

13.02.08 Samara

ALQIŞLAR… ALQIŞLAR…

    

Bir neçə il bundan qabaq, dəqiq desək, 2005-ci ildə biz də, yəni Samara azərbaycanlıları, Üzeyir Hacıbəyovun növbəti doğum gününə həsr olunmuş və cəmiyyətimizin sadə imkanları çərçivəsində tədbir hazırlamışdıq. Foto stendi hazır olanda şəkillərin birindən diksinən kimi oldum, halbuki onu əvəllər, yəni bir otuz  il qabaq, yəqin ki, görmüşdüm. Görsəm də, şəkil o vaxt məndə nə nə təəccüç, nə təəssüf doğurmuşdu. Həm də otuz il əvvəl Azərbaycanda hamı əl çalırdı, Üzeyir bəy şəkildə də də olsa niyə çəpik vurmayaydı ki…

Ağ-qara, bir az köhəliyindən, bir az da Vüqar dostumuz böyüdəndə konturları pozulmuş şəkil “dünyada ən demokratik konstitusiya” olan Stalin konstinusiyasının qəbulundan sonra seçilən SSSR Ali Sovetinin birinci sessiyasında çəkilmişdir. Fraqmentdəki Azərbaycan deputatlarıdır, ön planda isə Üzeyir Hacıbəyovdur. Yurddaşlarımız bütün başqa çoxmillətli deputatlara qoşulub şıdırğı əl çalırlar. Üzeyir bəy də əl çalır. Fraqmentdə görünməyən rəyasət heyətində isə yəqin ki, Stalin başda olmaqla insan qanıyla qidalanan partiya rəhbərliyi oturub…

Yazdıqları “əsərlər” məktəb vaxtı az qala çəkic və iskənə ilə başımıza yeridilən muzdur ya proletar mənşəli müəlliflərin nəinki əl çalmağı, hətta onlara çörək, fəxri adlar, ordenlər verənlərin çəkmələrini öpməyi də bizi təəccübləndirməz. Ancaq bəy balasının, milli dövlətçiliyin həm vəftizçilərindən, həm də banilərindən birinin elə sessiyanın getdiyi saatlarda deputatlar içindən öz qurbanlarını seçən bolşevik cəlladlarına əl çalması Üzeyir bəy taleyinin iyirminci əsrdə sovet imperiyası xalqlarınlın yasadığı çoxlaylı, çoxşaxəli faciənin qanı damarlarda donduran səhnələrindən biri olduğunu xatırladır.

Çox çəkməyəcək və Üzeyir bəyin “Koroğlu”su Moskvada oynanacaq. Bolşevik rejiminin ölkə vətəndaşlarıyla rəftarı mənə Nizaminin rəvayətində  yol yoldaşına verdiyi bir qurtum su üçün onun gözünü çıxaran Şəri xatırladır. Hər opera tamaşası, hər tikilən körpü, uşaq bağçası, idman sarayı, istirahət evinə göndəriş üçün sovet adamları zirzəmilərdə güllələnibər, həbs düşərgələrinə təpiliblər, yurdlarından qovulublar. İndi, əlbəttə, Axmatovanın dediyi kimi, vegeterianlıq dövrüdür, indi yeni metro stansiyalarının, pensiya ya tələbə təqaüdü artımlarının, qaz kəmərlərinin və sutəmizləmə qurğularının əvəzində adamların həyatı yox, onların konstitusiya hüquqları və insan ləyaqəti alınır.

Vacib bir şeyi yadımıza salaq: Şərin Xeyirə gözü bahasına verdiyi su Xeyirin özünün idi…

Onu hətta türmədə vəhşiliklə döymüş və dəlixanada işgəncələr vermiş adamlar haqqında da ağır sözlər danışmağı özünə yaraşdırmayan İosif Brodski bir vaxt faşıstlərlə, xüsusən Mussolini ilə aşnalıq qatmış böyük rus bəstəkarı Stravinskiyə də qınamaqdan qaçır. Deyir ki, bəstəkarın vəziyyəti mürəkkəbdir, o, simfoniya yazıb — iki yüz nəfərlik orkestri cibindən çıxarmayacaq ki…

Samarada bu yaxınlarda, yenə gücümüz çatan kimi, Qara Qarayevin doxsan illiyini qeyd etdik. Biz azərbaycanlıların çoxu üçün Qara Qarayev zirvədir və zirvə kimi də həm özünə çəkir, həm də vahimələndirir. Qarayev, əlbəttə, kütlə bəstəkarı deyil, ancaq indi bəzi iri kəndlərdə də musiqi məktəbləri var, onun əsərlərinin kütləviliyi mümkündür. Buna xeyli dərəcədə mane olan, bu fikir nə qədər əcayib görünsə də, Azərbaycanda sovet dövründən başlanmış və Bakıda indiyəcən mövcud olan linqvistik seqreqasiyadır, yəni əsərlərinin çoxundakı aşkar milliliyə baxmayaraq, Qarayevə özünü müstəqil mədəni-etnik muxtariyyət kimi aparan rus dilli azərbaycanlıların bəstəkarı kimi baxılır. Bu münasibət ölkədə linqvistik parçalanma qalanadək az dəyişə bilər. Ancaq bunacan nə qədər çox vaxt keçsə də, Qarayev yaşı ilə müqayisədə heç nəıdir. Mən, əlbəttə, doxsan ili demirəm. Qarayev dühasının yaşı Avropa musiqisinin inkişaf tarixinə bərabər əsrlərdir. Ancaq o da yazdığı simfoniyaların ifası üçün orkestri cibindən çıxara bilməzdi və bəlkə də buna görə(ürəyimizin sakitliyi üçün deyək ki, buna görə) Leninin, partiyanın, iyirmialtıların şərəfinə monumental musiqi yazırdı. Əliyev qurultayları həmişə birləşmiş xorun ifasında “Partiyamızdır!” əsərinin ifasıyla bitirdi.

“İzn verin Leninin gözəl və işıqlı sözlərini misal gətirim: ”Biz gələcəyin partiyasıyiq…”

Bu, Azərbaycan Kommunist partiyasının iyiyrmi səkkizinci(!) qurultayında Qara Qarayevin çıxışındandır. O, Mərkəzi komitənin üzvü, SSRİ Ali Sovetinin deputatı idi. Qarayev Ağsu dairəsindən seçilirdi. Bir dəfə, deyəsən elə o qurultayın keçirildiyi il, məni az qalmışdılar pedaqoji məktəbdən qovsunlar. Mən yaxınlaşmaqda olan seçkilərdən danışan pedaqogika müəlliminə dedim ki, seçkilər ədalətli deyil, Qarayev böyük bəstəkardır, ancaq onun neçə illərdir deputatı olduğu rayonların camaatından xəbəri yoxdur…  Həmkarları tərəfindən sayılmayan, az rüşvətə qane olan keçmiş raykom katibi birdən cin atına mindi: ”Otuzuncu illər olsaydı, əlli-ayaqlı gedərdin!” Dərsi kəsib məni müəllimlər otağına apardı, burda yekdil qərara gəldilər ki, mən qovulmalıyam, ancaq gərək direktor məzuniyyətdən qayıda…

Mən sarsılmışdım, atam vaxtilə qolçomaqlıqdan salınıb var-yoxdan çıxsa da, özünü siyasət xatasından uzaq saxlayan adamdı. Deyərdi mən o məktəbə bir ətək rüşvət vermişəm, sənin Qarayevlə nə işin var…

Rüşvətxorluğu qədər maarifpərvərliyi və sağlam fikirliliyi də olan direktior məzuniyyətdən qayıdan kimi məni çağırıb dedi ki, bala, sənin dediklərin düzdür, ancaq bunu ağıza alıb danişmaq olmaz, get dərsini oxu…

O vaxtdan oxuyuram, azdan-çoxdan öyrənirəm, çox şeyə öyrəşirəm, gurultulu və davamlı alqışlardan başqa. İyirminci əsrdə milyonların fəryadı bu alqışlarla batırılıb.

Alqışlarla insan vicdanının səsi batırılıb. Elə indi də batırılır…

Cənablar, sizlərdən heç olmasa bəstəkar olmayanlar qoy çəpik çalmasınlar, siz ki simfoniya yazmırsınız və sizin orkestrə ehtiyacınız yoxdur…

19.02.08 Samara

 

 

BİZİM ADAM

Azərbaycanlalıların görüşdən sonra vidalaşmağının bəzən görüşün özündən çox çəkdiyi yaxşı məlumdur. Şirvan Kərimovla, Samara azərbaycanlılarının cəmiyyət sədriylə, demək olar ki, həmişə belə vidalaşırıq – dönə-dənə sağollaşırıq, mən maşının qapısını açıb düşmək istəyəndə hansımızınsa yadına vacib söz düşür və yenə qayıdıb otururam yerimdə. Şirvan Mürvət oğlunun çox sevdiyi “Dikkens” adlı yarızirzəmi rahat pab (biz orda kekslə çay içirik) çoxdan bağlanıb, şəhərin küçələrindən maşınlar çəkilib –səhər ertə yaranıb axşam saat səkkizə-doqquza qədər davam edən tıxac yada qorxunc yuxu kimi düşür…

Yeri gəlmişkən, bu pabda yaxşı musiqi oxudurlar, məsələn, Lui Armstronqun yazılarını. İki zalın birində Dikkensin otuz cildliyi qoyulub, hərçənd kiminsə burda oturub “Pikvik klubu”nu ya “Devid Kopperfildi” oxuyacağını təsəvvür etmək çətin olsa da, böyük inğilisin, Qorkinin diliylə desək, “insana sevgi elmini yaxşı mənimsəmiş” yazıçının ruhuyla heç olmasa bu şəkildə təmas xoşdur…

Növbəti dəfə sağollaşıb qapını açmaq istəyəndə ğördüyüm məni çaşdırır: Novo-Sadovaya çüçəsinin hər iki istiqamətində heybəti və nizamı ilə ilk baxışdan hərbi texnikanı xatırladan yük maşınları sıralanıb. Bir az ləng də olsa, Şirvan müəllimlə elə eyni vaxtda başa düşürük: bunlar qar daşıyan maşınlardır. Qarın şəhərdən çıxarılması əsasən gecədən xeyli keçmiş, xüsusən köhnə Samaranın dar küçələrinə sığmayan avtomobil axını bir neçə saatlığa tükənəndən sonra başlanır. Novo-Sadovaya şəhərin bəlkə də ən uzun küçəsidir, deyərsən ki, sonuncusunun harda dayandığı bilinməyən  maşınların sayı mindən çoxdur. Ancaq bu, aldadıcı təsəvvürdür, şəhərin bu qədər maşını yoxdur. Təxminən il yarım bundan əvvələcən ixtisaslaşdırılmış avtomobil müəssisəsində elə təxminən minə qədər maşın olub. İndi maışnlar da yoxdur, müəssisə də.

Yerlimizi nə bilmişdiniz?!

Keçmiş mer, on ilə yaxın şəhərin ağası olmuş və 2006-cı ildə növbəti seçkiləri uduzmuş Georgi Limanski, indiki rəsmilərin dediyinə görə, məğlubiyyətdən bir az əvvəl həmin o müəssisəni satıb və indi şəhəri az qala xirtdəyinəcən basmış qarı təmizləyib daşımağa cəmi yüzdən bir az artıq maşın var. Ancaq mərkəzi küçələr və onlar da qismən təmizlənir. Bütün günü qarda çobalayan maşınlar görürsən, bir az canfəşanlıq edəndən sonra onlar qumda batan kimi batırlar. Çoxmərtəbələrin bir neçə gün daşınmayan zibilləri dolu konteynerlərin yanında qalaqlanır və guya yaranışların alisi olan insanların yaşadığı binaların həcmli karikaturasına çevrilir.

Deyirlər Georgi Sergeyeviç indi Dikkensin vətənindədir. Hətta federal qəzetlərin də bəzisi yazır ki, Limanski axtarışdadır. Bəzisi də yazır ki, axtarışda-zadda deyil, öz kefindədir.

Bir dəfə Azərbaycanda bir nəfər zirək adam mənə dedi: ”Sizin nmeriniz axı yerlimizdir.” Dedim ki, hə, bilirəm, yerlimizdir. Zirək adamı cavabım, yəni bu cavabın sevinsiz-zadsız verilməyi  deyəsən pərt eləmişdi. Fikrindəkini gözlərindən oxuyurdum: Yerlin orda merdir, bəs sən niyə bu gündəsən? Heç olmasa qaş-qabağın açılsın. Zarafat deyil, Yardımlı balası o boyda şəhərin ağasıdır!

Georgi Limanski doğrudan da yerlimizdir – o, Yardımlının Diman kəndində sərhədçi ailəsində anadan olub. Ona heykəl qoymaq fikrinə düşənlər üçün əlavə edirəm – 1950-ci ildə, hərçənd Azərbaycanda bütün heykəllər bir adama qoyulur…

Və mən başa düşürəm ki, müqəddəs milli ənənələr var – yerlini, xüsusən yurddan kənarda, başkəsən, anaşa satan olsa da sevməlisən.

Georgi Limanski tipik rus koorrupsioneri deyildi, onda Azərbaycan korrupsionerinə məxsus miqyaslar və fantaziyalar vardı. O, samaralıların ən böyük gəzinti və istirahət yeri və həm də təbiət qoruğu olan Zaqorodnı parkı da, Volqa sahilindəki mərkəzi abad çimərliyin bir hissəsini də satmışdı.

Limanskinin üçüncü dəfə seçilməyinə Kreml -təəccüblənməyin — böyük qüvvələr səfərbər eləmişdi. Putinin ən yaxşı telejurnalistləri Samaraya gəlib yerli kanallarda onu təmizə çıxarırdılar.

Seçkilərdə Samara camaatı əslində Kremlə, Putinə qalib qəldi.

Ancaq samaralıların bu qələbəsi Pirr qələbəsinə də çevrilə bilər. Kreml bəhanə axtarır ki, Rusiyada qalmış sonuncu azad seçkiləri – mer seçkilərini də ləğv eləsin.

2006-ci il oktyabr seçkiləri açıq leqal siyasi həyatdan uzaq olan azərbayçanlı icmasının az-çox mütəşəkkil iştirak etdiyi son seçkilər idi. Bəzilərinin, azının, əlbəttə, Limanskiylə işləri vardı, bəzilərini isə o azlar səfərbər eləmişdi.

Rusiyada yaşayan azərbaycanlıların demokratik prosedurlara qatıldığını və vətənə qayıdacağı təqdirdə ictimai həyata sağlam ruh gətirə biləcəyini düşünənlər, təəssüf ki, yanılırlar. Birincisi, bu prosedurlar Rusiyanın özündə Putinin daha yaxşı tətbiqə layiq olan səyləriylə yoxa çıxmaqdadır. İkincisi, bizə tayfaçılıq vərdişləri demokratik prosedurlardan daha doğma və anlaşıqlıdır. Şəhərdəki bu qış fəlakətinə görə soydaşlarımız, əlbəttə, Limanskini qınamırlar. Ümumiyyətlə heç kimi qınamırlar. Bu təbii fəlakətdən çəıxarılan yeganə nəticə budur ki, “qışınki cipdir.”

O ki qaldı indiki merə…

Sobakeviç deyirdi ki, şəhərdə bir nəfər abırlı adam varsa, o da prokurordur. Və əlavə edirdi ki, düzünə qalsa, o da donuzun biridir…

Yeri gəlmişkən, Samara şəhərinin prokuroru azərbaycanlıdır…

14.02.08 Samara

 

BALZAK YAŞLI RƏZİLLİK

                                                                           XEYRULLA  XƏYAL

                

 

Hərdən-hərdən, iki-üç ildən bir, əlyazmalarımı açıb gözdən keçirirəm. İldən-ilə onların sayı azalır – çap olunduqlarına görə yox, onlar çap olunmurlar. Mən əlyazmalarımı cırıram. Qalanlarında  onları hələlik bu aqibətdən qoruyan şübhəsiz  və bəlkə də yeganə ləyaqət qədimlikdir. Onlar çoxdan yazılıblar. O qədər çoxdan ki, müəllifin özüm olduğunu düşünəndə dəhşətə gəlirəm. Yəni, ruslar demişkən, mahnı oxunub qurtarıb. Ancaq kim oxudu o mahnını, haçan oxudu…

Bu yaxınlarda “Yol söhbəti” adlı hekayəm keçdi əlimə. Az qala otuz il əvvəl yazılıb. Bir iyirmi beş il əvvəl də makinada çap olunub. Sap-sarı olmuş kağızdan hüzn yağır, həm də təkcə hüzn yox – yoluxmaq da olar, allahın o qədər dərdi var ki, biri elə bu kağız sarılığında gəlib adamı tapar…

Yadıma düşür ki, hekayədəki adam uydurma deyil, onun adı Paşa idi və bu Paşa kişi bəlkə iyirmi ildir ölüb…

Mən Paşa kişiylə danışanda onun olardı…  Yəqin mənim indiki yaşımdan az olardı yaşı. Sarışın ucaboy adamdı. Sağ əlinin kürən tük basmış barmaqlarına yaşı döyülmüşdü. Mənim əyri-üyrü ğöy rəqəmlərə baxdığımı görüb dedi ki, bu tarix əslində öz yaşı deyil, müharibə vaxtı tanışlıqla yaşını iki il azaldıblar ki, cəbhəyə getməsin, elə o vaxtlar da yalançı yaşını döydürüb barmaqlarına…

O bunu istintaqda olan  kimi danişırdı – ciddi, qaraqabaq, qayğılı. Həm də bir az kinayəli: sən olsaydın, gedərdin?

Paşa kişi, eşitdiyimə görə, vərəmdən ölüb…

İndi barmaqlar üstünə doğüm tarixini döydürmək, deyəsən, dəb deyil. Bir vaxt nadanlıqdan bunu eləyənlərin barmaqlarındakı rəqəmləri daş-qaşlı üzüklər gizlədir. Əslində Rusiya azərbaycanlılarının çoxu üçün gizlədiləsi doğum tarixi deyil.

Azərbaycan diasporunun onurğa sütunu 30-45yaşlılardır, qadınlar üçün bu, Balzak yaşıdır- arxada sevgilər, sarsıntılar, məyusluqlar, öndə — təlaşlar, istəklər, ümidlər…

Bizim söhbətin mövzusu kişilərdir.

“Sonra gəldim Samaraya…”  Bunu söhdət elədiyim azərbaycanlıların çoxu deyir. Sonraya qədər olan – səksəninci illərdir. Sonra – doxsan birdir, doxsan ikidir, doxsan üçdür. Doxsan üçdə gələnlərin biri mənə dedi ki, doxsan ikidə Azarbaycanda futbol oynayırmış. Təəccübümün hüdudu yox idi. “Müharibənini qızğın vaxtı?” “Hə, çempionat gedirdi də. Futbolçular azad olunmuşdular çağırışdan…” “Bəs sonra?” “Nə sonra? Sonra gəldim Rusiyaya…”

Doxsan üçüncü ilin payızında mən məzuniyyətdən qayıdırdım, Salyan-Bakı yolu Qubadlıdan, Zəngilandan gələn qaçqın maşınları ilə tutulmuşdu. Başa düşürdüm ki, indi Vətəndən getmək – rəzillikdir. Ancaq düşüb qalmağa da qüdrətim çatmırdı – kuzovlardakı paltar-palaz üstündə oturan arvad-uşağın sarsılb əyilmiş üzləri, künclərə bağlanmış xəstəhal, öz ifrazatlarına bulaşmış  mal-qoyun, yolu kəsib qaçqınların Bakıya axınını saxlamağa çalışan əsgər və polis dəstələri, kənddə olduğum vaxt hər gün saatlarla iclas keçirən ölkə rəhbərinin qulaqlarımdan getməyən səsi məni öz rəzilliyimdən də artıq dəhşətə gətirirdi…

Bakı- Rostov qatarı cavan kişilərlə dolu idi. Mən doğum tariximi, Rusiya vətəndaşlığımı barmaqlarıma, alnıma yazıb camaata göstərməyə hazır idim. Sənə bir söz deyən yoxdur, ancaq elə gəlir ki, hamı səni qınayır…

Söhbət elədiyim azərbaycanlıların hamısında səngər, barıt qoxusu, güllə yarasından iz, qəlpə qalığı axtarıram. Baş əymək, üz sürtmək, üzr istəmək üçün.

Sonra…

Bu sonra ilə antibioqrafiya başlanır.

Əlbəttə, Paşa kişi olub. Vərəmdən ölməyi də düzdür.

Olubmu? Düzdürmü?

O Paşa elə mən özüm deyiləmmi? O hekayədəki söhbəti elə mən öz-özümlə eləmimişəmmi?

Rusiyada uğurlu azərbaycanlının mənzilində başqa vacib şeylərlə yanaşi peyk antennası var. O bu antenna ilə Azərbaycan telekallarının verilişlərinə baxır. Doğma vətəndə camaatın elliklə muğamat oxumağı,elliklə ziyarətə getməyi, jurnalistlərin dama basılmağı, milli öndərə yeni heykəllər qoyulmağı ona pozitiv emociyalar verir.

“Bu gün-sabah prezidentimiz torpaqlarımızı alacaq,”- azerbaycanlı kafesində o, bir soydaşına deyir. Soydaşının da antennası var. “Hə, baxıram hər gün. Dünən yaman danışırdı. Alacaq…”

Güman etmək olar ki, onlar bir vaqonda gəliblər. Bəlkə də bir təyyarədə. O vaxt futbol oynayırdılarsa, təyyarələr niyə uçmayaydı?

Biz burda kişilərdən danışdıq. Ancaq kişinin də həyatında əvvəl sonra olur…

Bəzən yaran elə göynəyir ki, əlinə keçəni qapıb basmaq istəyirsən.

Bu yazı da elə həmin “ələ keçəndir” və sonra yaradılmış və yaradılmaqda olan dəyərli milli ədəbiyyata heç dəxli yoxdur.

11.02.08 Samara

 

 

BEŞ!

                                        

 

Yəqin ki, elə dünyanın hər yerində ad almaq şərəfdir, bircə Salyan şəhərindən başqa. Salyanda ad aldın, evin yıxıldı. Salyanlı hələ həyatda ağı-qaradan seçməyi əməlli-başlı öyrənməmiş bir də görür yerliləri yöndəmsiz bir adı bıçaq kimi soxdular onun bioqrafiyasına. Evi yıxılan başına-gözünə vurur ki, günahım nədir, neyləmişəm axı. Salyanlılar bir qapaz da əlavə edib deyirlər ki, kəs səsini, qırışmal, yaxşı fikirləşsən, bilərsən neyləmisən…

Salyanlıların bir-birinə verdiyi çox  adları, düzü, heç kağıza da yazmaq olmaz… Ancaq uşaq-böyük yanında dilə gətirilə bilənləri də var. Məsələn, Beş. Gül kimi addır. Ad sahibi özü də gül kimi adamdı. Mən mərhumu, yaxından da olmasa, tanıyırdım. Əlbəttə, onun da hamı kimi pasportu vardı və pasportdaki adı Beş deyildi. Salyanlılar bu qaraqaş-qaragöz kişiyə ona görə Beş, daha doğrusu, Beş adı vermişdilər ki, ümumiyyətlə lal-dinməz bu adam bütün suallara bircə sözlə cavab verirdi: ”Beş!” “Neçə yaşın var?” “Beş!” “Neçə manat maaş alırsan?” “Beş?” “Neçə uşağın var?” “Beş!” Mərhum Beş yay-qış qaloş geyərdi. Şəhərin harasında yas yeri olsaydı, hökmən naharını ora salırdı.  Yasin oxunduqca qara gözlərini qıyır və başını dərin razılıqla bulaya-bulaya “Sağ ol! Sağ ol!” deyirdi, elə bil ki, mollaya yox, meyxanaçıya qulaq asır.

Allah salyanlılardan razı olsun, xətrinə dəymirdilər…

Beşin ailəsi, uşaqları vardı. Mən ciddi güman edirəm ki, mərhumun başqa yerlərdə də, o cümlədən Bakida yaxın qohumları və hətta uşaqları da ola bilər. Məndə bu güman son illər Baki prokurorlarını diqqətlə müşahidə edəndən sonra yaranıb. Düzdür, mən indiyəcən bir nəfər də canlı Baki prokuroru(canlı olmayanını da) görməmişəm. Ancaq atalar deyib ki, prokurorun üzünü görmə, ittihamını eşit.

Bir neçə il əvvəl Qarabağ müharibəsinin veteranları erməni zabitlərinin Bakıya mümkün gəlişiylə bağlı dinc etiraz nümayişıninə çıxanda, prokuror onlar üçün beş il iş istədi və aldı da. Yəni işi prokuror almadı, müharibə veteranları aldılar. Elə o vaxt şübhələndim: Niyə məhz beş il? Bəlkə o prokurorun əsli salyanlıdır və elə Beşin qohumudur?

İndi prokuror Qənimət Zahid üçün beş il istəyəndə mənim şübhələrim lap artdı. Əlbəttə, Baki prokurorları həmişə beş il istəmirlər, bəzən doqquz il, on il istəyirlər. Ancaq məsələ burasındadır ki, salyanlı Beş də hərdən çaşırdı, doqquz deyirdi, on deyirdi. Hansımız çaşmır ki?

Mən bilmirəm ki, Baki prokurorları qaloş geyirlər ya yox. Naharlarını yas yerlərinə salıb-salmadıqlarını da bilmirəm. Ancaq salyanlı Beşlə eyni psixotip olduqları aşkardır.

Burda ciddi bir məsələ var: müəlliflik hüququ. Əgər onlar salyanlı Beşlə qohum deyillərsə, ona ad kimi, həyat devizi və rəmzi kimi məxsus sözdən icazəsiz istifadə etmələri qanunsuzdur. Əslində onlar hər dəfə “beş” sözünü işlədəndə salyanlı Beşin ailəsinə öz maaşlarından( Baski prokurorlarının başqa gəlirləri olmaz) pul ayırmalıdırlar. Və tək onlar yox. Putin dövründə çoxlu siyasi hökmlər çıxarmış Rusiya prokurorları da. Günahları yalnız keçmiş səhiyyə nazirinin və prezidendin özünün ictimai qəbul otağına icazəsiz girmək olan onlarla tələbə gənc beş il sərt rejimli cəza alıb türmələrdə çürüyürlər. Bu cəzanı onlara kəsən prokurorlar da ya “beş”i nə möcüzəyləsə bizim salyanlıdan eşidiblər, ya “beş” rəqəminin dustaq tərbiyəsi üçün lap “həkim yazan” olduğunu Baki prokurorlarından öyrəniblər. Hər necvə olsa, Rusiya prokurorlarının salyanlı Beşin ailəsinə, Azərbaycan və  Rusiya ədliyyə sisteminin ən vacib dirəyinə çevrilmiş bu adı ona verən camaata borcu çoxdur.  Borcdan çıxmağı Beşə heykəl qoymaqla başlamaq olar. Bilirəm ki, küçələrimizdə, bağlarımızda, meydanlarımızda yalnız bir adamın heykəli qoyula bilər. Mən şəxsən Beşə heykəli Ədliyyə nazirliyinin qabağında görürəm.

Müxalif fikirli adamların yatdığı türmələrin qabağında isə heykəlin surətlərini qoymaq olar…

                                        24.02.08 Samara

 

  

 

REPUTASİYALAR VƏ EPİTAFİYALAR

REPUTASİYALAR VƏ EPİTAFİYALAR.

1981-ci il dekabrın 19-da Ədəbiyyat institunun müəllimi Yuri Tomaşevski III kurs tələbələriylə seminar keçirdiyi kiçik auditoriyaya girib salamlaşır və əlindəki “Litaraturnaya qəzeti”ni” qeyzlə masanın üstünə atıb deyir: “Lap abır-həyanı itiriblər!” Literaturkanın birinci səhifəsində Brejnevin portreti və onun beşinci qızıl ulduzla təltif olunduğu barədə fərman var – bu gün Baş katibin yetmiş beş yaşı tamam olur. “Aleksandr İsayeviç burda olanda yenə bir az özlərini yığışdırırdılar, onun təkcə ölkədə olmağı xeyli adamı məcbur edirdi ki, özlərini ləyaqətlə aparsınlar…”- deyə Tomaşevski qəzeti qaldırıb yenə masanın üstünə atır. O öz-özüylə danışır, içərisində azərbaycanlılar da olan üçüncü kurs tələbələri, dərsə çox vaxt gəlməyən bir neçə nəfər moskvalı istisna olmaqla, siyasətdən kənardılar. Azərbaycanlılar, əslinə qalsa, elə ədəbiyyatdan da kənardılar – ancaq bu, ayrı söhbətdir… Tomaşevskinin kimi konkret qınadığını demək çətindi – Brejnevə ulduz verənləri? Yazıçı qəzeti olan Literaturkanı? Bütün yazıçıları? Aleksandr İsayeviçsə, əlbəttə, Soljenitsın idi – Brejnevçiliyin siyasi və estetik antipodu. Onun yanında, əlbəttə, özünü yığışdırarsan… Qonaq kimi gəldiyim seminarın onsuz da iflic olmuş işindən yayınıb bir vaxt Bakıda gördüyüm bir səhnəni xatırladım. 1980-ci ilin günəşli yanvar günlərinin birində o vaxt uğurlu sayılan bir xeyli yazıçı İttifaqın qabağında yığışıb qeybət qırır. Birdən hamı susub özünü yığışdırır və indiyəcən şəkillərdən və televizordan tanıdığım Anarın adamlara baxmadan, verilən salamları demək olar ki, cavabsız qoyaraq keçib getdiyini görürəm…

Və tərslikdən elə həmin saniyə yadıma təxminən bir il əvvəl etibarlı bir adamdan eşitdiklərim düşür. Peşəkar ədəbiyyatçı olan həmin adam deyirdi ki, güya Heydər Əliyevin bütün ciddi nitq və məruzələrinin “üslubunu Anar düzəldir”. Əlbəttə, peşəkar üslubşünaslar mərhum Əliyevin çıxışlarındakı bədiiliklərin kimə məxsus olduğunu çox da çətinlik çəkmədən müəyyənləşdirə bilərlər. Bəlkə də Anarın o çıxışlara aidliyi rəzil uydurmadır, hərçənd bunu mənə danışan adam əslində “üslubçuluğa” Anarın brilyant istedadının daha bir gözqamaşdırıcı tərəfi kimi baxırdı. Ancaq Anar istedadının yalnız brilynatlığını qəbul edən, “üslubçuluğu”, “katibliyi” isə, əgər bunlar olubsa, ləkə — brilyant üçün —  sayanlar da var…

Hə, deyək ki, bu, rəzil uydurmadır… Ancaq bir vacib şey var. Buna oxşar bir şey Soljenitsın barəsində uydurula bilərdimi? Brejnev məruzələrinin üslubunu Aleksandr İsayeviç yaradır… Bu, heç lətifə də sayılmazdı, ruslar belə şeylərə “boz madyanın sayıqlaması” deyirlər…

Biz şəxsi reputasiyaların milli varlıq və milli şüur üçün vacibliyi barədə çox az düşünürük. Dünyanı nasizm fəlakətinə uğratmış almanların sivil xalqlar ailəsinə qaytaran yalnız onların yeddi nəsil qabağa da boyunlarına məsuliyyət götürməy, açıq tövbə  peşmanlıq etirafları yox, həm də və daha artğq dərəcədə ümumdünya hörməti və etibarı qazanmış milli reputasiyaların əsrlərin dərinliklərindən baş qaldırıb yeni nəslə zamin durmasıdır. Tolstoyu, Dostoyevskini, Çexovu, Puşkini, Axmatovanı, Tsvetayevanı tanıyanlar, əlbəttə, ruslardan və ruslarla danışanda hökmən ədəb-ərkan gözləyirlər. Bu adamlar rus milli özünütanımasının özəyi olduqları kimi, həm də mənəvi oriyentir və dayaqdırlar. Millət də bütövlükdə, ayrı-ayrı adamlar kimi, büdrəyə bilir. Qalxmağa usə ümummilli reputasiyalar kimi söykənclər lazımdır. Linkolnun dediyi kimi, bioqrafiya üçün  fəxrli olan yıxılmamaq deyil, fəxrli olan – hər yıxılanda necə qalxmaqdır…

“On dördüncü əsr yıxılır, durur, Tutur o dahinin ətəklərindən…” Bunu Xəlil Rza Nəsimi haqqında deyib. Əlbəttə, hər millətin öz on dördüncü əsri var, tanrı bizi milli məhdudluq bəlasından saxlasın, biz yaxşı bilirik, məsələn, İtaliyada elə o vaxtlar necə əjdahalar olub. Ancaq Nəsimiyə verilən tərifdə şişirtmə yoxdur, onun reputasiyası əsr üçün doğrudan da şərəfdir. Və Nəsimi bizim milli şüur üçün çoxdandır ki, təkcə  bir şer, beş şer və hətta bütün yaradıcılıq yox, həm də və bəlkə də başlıca olaraq reputasiyadır. Başlıca ona görə ki, indi millətimiz üçün mənəviyyat, əxlaq məsələsi estetika məsələlərindən vacibdir.

Nəsimi heykəli üçün, əgər onun əsl portretləri qalsaydı, ad da artıq olardı. Tanımayanlar üçün – hə, adı yazıla bilər. Başqa heç nə. Peputasiya rəmzi olan Nəsimi adı heykələ həkk oluna biləcək hər şerdən tutumludur. “Görkəmli”, “böyük” sözləri Nəsimi adının yanında cılız görünür.

“Güman edirəm ki, Xəlil Rzanın parlaq həyatı…” Sitatı kəsirəm – cümlə uzundur, hərçənd nekroloqdan ya ədəbiyyatşünaslıq məqaləsindən götürülməyib. Xəlil Rzanın yaradıcılığına həsr olunmuş bütöv bir abzas onun Salyandakı heykəlinə həkk olunub. Müəllifi Heydər Əliyevdir.

İndi deyəcəksiniz ki, yəqin üslub müəllifi Anardır. Bunu mən demirəm…

Ümumiyyətlə, Xəlil Rzanın Salıyandaki heykəli abidə deyil, siyasi performansdır. Büstün altında türklərə həsr olunan şer yazılıb: ”Çadırımız göy qübbəsi…””Bayrağımız al günəşdir…” Tanrı günahımdan keçsin, bu, kitçdir. Mərhum şairimiz kitçi və epatajı sevirdi…

Heykəlin arxasına da şer həkk olunub – ümumiyyətlə reputasiyaya təhlükə həmişə və hər səmtdən var, xüsusən arxadan, gərək arxanı qoruyasan… “Azadlıq Allahı – tək, Əyləşib öz yerində, Yerin-Göyün nuru var, Peyğəmbər gözlərində…”

Yəqin siz də başa düşmədiniz – Azadlıq Allahdır yoxsa peyğəmbər? Və həm də yəqin yer-göy Allah (ya da peyğəmbər) gözündən işıqlanar, əksinə yox… Əlbəttə, məktəbdən otuz ildir ayrı düşdüyümə görə bəlkə də mən şeri qanmıram, həm də şer onun bədii məziyyətlərinə görə yox, sovet vaxtı deyildiyi kimi, ideya-məzmununa görə heykələ vurulub. “Gedir Polad çiynində Kəpəz-Qoşqar boyda yük Dədə Heydər – Ata Türk”…

Cənablar, bizim … yox, siyasətlə işimiz yoxdur… estetik vəziyyətimiz çox acınacaqlıdır. Necə deyərlər, ölmüşük, yerdən götürənimiz yoxdur… “Allah əyləşib öz yerində…”

Professor Xalıq Koroğlu bir vaxt kəmsavad alimlərimizin Avropa İntibahını Azərbaycan zəmininə keçirmək cəhdlərini vulqar və qeyri-elmi sayırdı və burda məsələ təkcə sənətkarlık miqyasında, tarixi, tipoloji fərqlərdə deyildi. İntibah təkcə sənət yox, həm də şəxsiyyət azadlığı standartlarıdır. “Padşaha məktub yazıb özünü onun qapısındakı it adlandıran şair necə İntibah adamı sayıla bilər?”- deyə Xalıq Hüseynoviç təəccüblənirdi…

Xəlil Rza çılğın adamdı, çılğınlıq isə bütün mənəvi qüvvələrin və milli intellektin səfərbərliyini tələb edən mübarizədə heç də gərəkli keyfiyyət deyil. Çılğınlıq vurnuxma mənbəyidir, siyasi meylli ədib vurnuxanda da… Onun heykəlində salyanlı xuliqanların cıza biləcəyi qraffiti də bu “şerlər”dən abırlı görünərdi…

İndiyəcən çiynində qara çanta Xaqani küçəsiylə ətrafına baxmadan gedən cavan Anar gözümün qabağındadır… Mən onda lap cavandım və dayaq, oriyentir axtarırdım. Anarın kitablarını əslində gec oxumağa başlamışam, ondan əvvəl Tolstoyu, Dostoyevskini və az qala bütün Balzaki oxumuşdum. Anar mənim üçün yazıçılıqdan çox xadim kimi vacib idi, bu barədə bir vaxt onun özünə yazmışdm və o da mənə, zavod fəhləsinə, uzun cavab yazmış, kitablarını hədiyyə göndərmişdi. Mən bu kitabları əzizləyib saxlayıram…

Anarın evolyisiyası nə vaxt başlanıb? Bəlkə Birinci katibin nitqlərinə “gözəllik verəndə”? Və üslubçuluq” söhbəti yalandırsa, onda necə?

Biz indi Anar-hakimiyyət münasibətlərinin təbiəti üzərində düşünsək, görərik ki, əslində nə olubsa da, bir şey olmayıb: qarşıdurma. Anarla siyasi rejim arasındakı nisbi və müvəqqəti ziddiyyətlər estetik təbiətlidir, zövq məsələsidir, bu da öz növbəsində nəsil ovqatlarıyla bağlıdır. Yaşa dolan Anar cəmiyyəətdə yeganə layiqli ünsiyyət və dialoq partnyorunu iqtidarda görür. Hippilik bitir, saqqal qırxılır, azmış oğul Ata ağuşuna qayıdır. İncil süjetinə parodiya – yetmişinci illərin ortalarında “azmış” oğulların hamısı bağışlandı: dövlət mükafatları, vəzifələr, mənzillər…

Anar–iqtidar mifik ixtilafından “o, sovet gerçəkliyinə əyri güzgülərdə baxır” məzəmməti qaldı.

Anarın sayəsində Seyfulla Əsədullayev də Azərbaycan ədəbiyyatı tarixinə düşdü… Ruslar belə halda deyirlər: kak bloxa na sobake…

Lap vurun məni öldürün, Anarın indiyəcən sədr kabinetində oturmağı mənə ağır gəlir. Ona məhkəmənin qərarıyla bu iş kəsilsəydi, başa düşmək olardı. Könüllü…

Deyir ki, güya getsə, ittifaq dağılar. Həm də deyir ki, 1100 nəfərdən yalnız yüzü əsl yazıçıdır. Bəs onda təmir kimin üçün edilir – min yüz nəfəırçin ya yüz nəfərçin?

Yaradılan konsert zalına kim gedəcək? Min yüz ya yüz? Nə çalınacaq? Motsart, Üzeyir bəy ya Vəziroğlunun sözlərinə yazılmış mahnılar?

Deyir ki, çoxlu yaradıcılıq planları var, sədrlik macal  vermir. Anar müəllim, bəs niyə tüpürmürsünüz sədrliyə?

Yazıçılar İttifaqı, mən bilən, elə sovet vaxtı olduğu kimi, siyasi hakimiyyətin üzvi hissəsidir, iqtidarın özü kimi bürokratlaşmış ideoloji orqandır və ittifaq sədrinin kabinetində oturan adam hakimiyyətin elədikləri üçün məsuliyyətə tam şərikdir. Türməyə salınan, qol-qabırğası sındırılan, bıçaqlanan jurnalistlərə görə də.

Hakimiyyət hərisliyini Anar, əlbəttə, “ədəbiyyatın gələcəyi”, “ədəbiyyatın mənafeyi” kimi pafoslu ibarələrlə pərdələyir. Elə bil ayrı planetdən gələnlərin başı tovlanılır və durub inanacağıq ki, Nəsimi, Füzuli, Molla Pənah(Vaqif yazmıram, o qədər Vaqif əmələ gəlib ki…), “Dədə Qorqudu”, “Koroğlu”nu yaradanlar İttifaqdan çıxıblar. Əksinə, İttifaq Cavid kimi əjdahaları gedər-gəlməzə göndərib və başqa ölkələrin cinayətkar təşkilatlarından fərqli olaraq, heç tövbə-zad da eləməyib…

Azərbaycan mədəniyyəti qarşısında fövqəladə xidmətləri olan Anar, şübhəsiz ki, indi itirilmiş reputasiyadır. Özü üçün yox, öz reputasiyasına Anarın necə baxması adekvatlıq məsələsidir.

Anar reputasiyası bizim hamımız üçün itirilib. Çünki polis dəyənəyiylə feodal hüquqsuszluğu və şəxsiyyətsizliyi şəraitinə dəhmərlənib aparılan xalqın həm etibarlı oriyentirlərə, həm də sınanmış dayaqlara ehtiyacı var.

Yadınızdadırsa, məsələ dolaşanda və heysiyyətə təhqir təhlükəsi yarananda Mirzə Səfər(Mirzə Səfər də milli reputasiyadır!) döyüşə atılmasa da, bir şeyi bacarırdı: o, papağını götürüb gedirdi…

Yubiley müsahibələrində Anar deyir ki, özünü qoca saymır. Onu qoca sayan kimdir ki? Allah uzun ömür versin və günlərin birində papağını götürüb adını çarəısizlikdən “xalqa xidmət” qoyduğu padşah ğulluğundan gedə bilsin…

18-19mart 2008, Samara

DAHA HEYVA QOXUSU ORİYENTİR DEYİL. HAVADA BAŞQA QOXLAR VAR…

 

Balıq bazarı, Köhnə bərə ağzı, Cındıra məhəllə, Zavod, Qələbə bağı, Bazar küçəsi, Poçt küçəsi, Süd zavodu, Hamam küçəsi, Heyvalıq…

Burnuma heyva iyi gəldi, gözlərim doldu, indi bilmirəm, qırx il və bir az da əvvəl o küçədəki həyətlərdə çoxlu payız heyvaları vardı və mənə, Salyana hərdənbir  yolu düşən kənd uşağına, elə gəlirdi ki, o heyvaların iyi kənddəki heyvaların iyindən min dəfə yaxşıdır. Bəlkə bu ona görəydi ki, qapılara göz gözdirə-gəzdirə getdiyin yerdə qəfildən həyətlərin birindən kənd qızlarından yaxşı geyinmiş, kənd qızlarından yaxşı yeriyən, elə heyva kimi sarı-göyçək qız çıxırdı və ürəyin qırılıb düşürdü asfalta…

Mən o vaxtlar mərhum qardaşım Süleymanla…

O mərhum, bu mərhum…

Yaşar Şükürbəylinin öldüyü isə otuz ildən çox olar, onu maşın vurub öldürdü… Mən Süleyman qardaşımla Yaşar Şükürbəylinin dolu budaqlı heyvalar sıralanan, gül-çiçəkli, hovuzlu həyətinə çox getmişəm. Yaşar və onun üç bacısı yetim böyümüşdülər, Salyan pedaqoji məktəbinin direktoru işləyən ataları 1938-ci ildə tutulmuş, deyəsən, Qazaxstan sürgünündə ölmüşdü. Sürgünə anaları da getmişdi, ancaq ayrı yerə, başsız qalan uşaqları bibiləri bölüşdürüb saxlamışdılar. Az sonra mən Əli Bayramlıda pedaqoji məktəbə girdim. Dörd il ərzində qrup rəhbərimiz və riyaziyyat müəllimimiz Böyükağa Qurbanov oldu. Özündən yox, başqa müəllimlərdən öyrəndik ki, Böyükağa müəllim təzə universitet məzunu olduğu vaxtlar Salyanda Şükürbəylinin müavini olub, onunla bir gecədə tutulub, on il həbs və sürgün çəkib. O, dörd ildə bir dəfə də bu mövzuda danışmadı. Arıq şax qamətli, qırğı üzlü bu kişi nəinki müəllimlərin, hətta o vaxta qədər tanıdığım adamların heç birinıə oxşamırdı, heç vaxt səsini ucaltmayan və ağzından kobud söz çıxmayan bu keçmiş Stalin dustağı nəinki sinifdə, hətta dəhlizdə görünəndə də hamı özünü yığışdırırdı. Mənə elə gəlir ki, o nəinki tələbələrlə və müəllimlərlə, hətta siyasi rejimlə bacardığı qədər məsafə saxlayırdı – şəxsi istifadə üçün olan qeydlərin hamısını Böyükağa müəllim ərəb əlifbası ilə aparırdı…

Bir məsələ var ki, altımışıncı illərin sonu, yetmişinci illərin əvvəliində rüşvət Azərbaycanda qonağa yeməkdən qabaq çay vernmək kimi vacib milli adətə çevrilirdi və mənim məktəbimdə də müəllimlər hamısı rüşvətxordular…

Hamısı… Bəs Böyükağa müəllim?

Bir iyirmi il qabaq bir tələbə yoldaşıma rast gəldim, o, mərhum Böyükağa müəllimi ailəliklə tanıyırdı. Bütün müqəddəslərə and verdim ki, mənə düzünü desin. Bütün müqədddəslərə and içib dedi ki, yox.

Elə bil üstümdən dağ götürüldü…

Əli Bayramlı pedaqoji məktəbi çoxdan bağlanıb. Salyan pedaqoji məktəbini heç xatırlayan yoxdur. Onun indi sökülmüş binasında bir vaxt deyəsən rayon xəstəxanası yerləşirdi. Bina camaatın Heyvalıq adlandırdığı küçədəydi. Küçənin əsl adı…

Elə bildiniz bu küçə yurdu dağıdılmış, ailəsi qapı-qapı düşmüş, özü inçidilib məhv edilmiş Şükürbərlinin adınadır? Əlbəttə ki, yox…

Bu küçənin çox adı olub, şəhərin baş küçəsidir, deməli, qədimdir, gələn hər  rejim öz adını verib. Mən Süleyman qardaşla bu küçəylə xam-xam gəzdiyim vaxtlar marksist-leninçi xalq şairi Səməd Vurğunun adını daşıyırdı.

Daşıyırdı… Bəzi adlar doğrudan da yükdür…

Ötən yay bir nəçə ahıl salyanlıyla danışdım, küçənin qədim adlarını xatırlamırlar, güman etdilər ki, Beriya tutulana qədər onun adına olub…

Heyvanı atdım xarala… Yoxsa almanı?

Zaman dəyişib. Beriyanın adı küçədən götürülürdüsə, çamaat başa düşürdü ki, Beriya tutulub və tezliklə güllələnəcək.

Səməd Vurğunun adı Heyvalıqdan götürülüb. Məgər bu o deməkdir ki, Səməd Vurğundan marksist-leninçi xalq şairi adını alıblar?

Heftçalanın baş küçəsindən Nizaminin adı götürülüb. Məgər bu o deməkdir ki, fars millətçiləri deyənlər düzdür və Nizami Azərbaycan şairi deyil?

Yox, yox və yenə yox. Bütün bunlar o deməkdir ki, bu küçələrə Heydər Əliyevin adı verilib…

Hamam küçəsinə də kiminsə adı  verilib. Bir vaxt Lenin adınaydı. Küçənin rəsmi adı hərdənbir çəkilərdi. Məsələn, salyanlı iki dənə qarpız alıb minirdi taksiyə və əlli qəpik verib deyirdi ki, sür Lenini axırına…

Çıxdıq Leninin axırına…

Şəhərin küçələrinin yarısı iyirmi altıların adınaydı. Tonlarla qaçaq qara kürünün satıldığı Balıqbazarı bolşevik adınaydı! Hələ utanmaz-utanmaz deyirlər ki, sovet hökümətini Qorbaçov yıxdı…

İyirmialtılardan təkçə Əzizbəyovun adı qalıb. Əzizbəyov – bugünkü Azərbayçan həyatının ən vacib siyasi və ideoloji rəmzlərindəndir. Xalq parçalanmış, ikilənmiş şüurla yaşayır – Əzizbəyov qəhrəmandır, Şaumyan antiqəhrəman.

Bütün müasir Azərbaycan tarixi bu cür siyasi məqsədyönlülük prinsipiylə pozulur-yazılır.

Mən şəxsən ikilənmiş şüurla yaşamaq istəmirəm. Hökümətdən nümunə götürüb tarixin versiyasını yaradıram ki, o da belədir: Əzizbəyov əslində nə bolşevik, nə də komissar olub. Əzizbəyov olub bolşevik maskası geymiş Azərbaycan millətçisi və komisarların içinə girib ki, təşkilatlarını dağıtsın. Dağıdıb da. Onları ingilislərə verən də Əzizbəyov olub. Sonra onlarla qaçıb gedib İngiltərəyə, adıni dəyişib, lord rütbəsi alıb və Marksın yanında dəfn olunub. Bir sözlə, Əzizbəyov Azərbaycanın Ştirlisidir…

Və eşitsəniz ki, Salyanda Qələbə bağı daha Qələbə bağı deyil, diksinməyin: ikinci dünya müharibəsinin nəticələrinə yenidən baxılmayıb, qələbəni doğrudan da antihitler koalisiyası qazanıb. Sadəcə… Özünüz bilirsiniz kimin adı verilib…

Bu salyanlılar çox qəribə camaatdır… Əslində ağır söz demək istəyirəm, ancaq qorxuram. Salyanlıların sözlə danışmağa hövsələsi çatmır…

“Hara sürüm?” – deyə taksi sürücüsü Salyanda soruşur və köndələn-köndələn baxır. Cavab alan kimi ikinci sualı verəcək: ”Kimlərdənsən?”

Hara deyim? Bu “hara”nin bir adı var ki?…

16-17.02.08 Samara