Архивы

«ALA-BULA» YA «ALA, BULA?» BƏLKƏ «BOZ KEÇİ, BOMBOZ KEÇİ?»

salyan stansiya

Yüz il də olmasa, yüz ilə yaxın bundan əvvəl ibtidai sinif müəllimi işlədiyim vaxtlar yadıma düşür, Samaranın qədim küçələrini gəzərkən memarlıq abidəsi kimi qorunan abidələrə baxıb estetik zövq almaq əvəzinə gözümün qabağına sinif otağını gətirirəm, “Xoruz” ya “Keçi” şeirini deyən uşaqların səslərini eşidirəm…

“Ala-bula boz keçi…”

Əlbəttə, bu, Azərbaycan poeziyasının qənirsiz şedevridir…

Bu şeiri dil açan kimi öyrənmiş, həyət-bacada min dəfə təkrar eləmiş uşaqlar onu sinif yoldaşlarının qabağında ifa eləyəndə dərin həyəcan keçirir, qızarır, tərləyirdilər. Elə bil ki, hərbi and içib döyüşə yollanacaqdılar…

Mən də həyəcanlanırdım, elə bil ki, məni də bu körpə əsgərlərə qoşub basacaqdılar müharibəyə…

Bir qız şeirin bir yerində ustad müəllifə düzəliş verirdi.

Bir qurd çıxsa qarşına,
Sən nə gedərsən ona?

Qız çox inadkar uşaq idi, nə qədər çalışrdımsa, elə “edərsən” əvəzinə “gedərsən” deyirdi. Elə bil ki, keçi canavarla qumar oynayacaq, əlində də bir sanballı kart yoxdur..

Sən nə gedərsən ona…

Bıçaq sümüyə dayanırdı. Ya mən, ya da o!

Qız qaldı birinci sinifdə…

Bu günlərdə mən elə bil ki, nağıllarda deyilən kimi, qəflət yuxusundan ayıldım. Mənə bir əsrdən sonra çatdı ki, şeiri mən özüm də yaxşı başa düşmürmüşəm. Gərək müəllimliyi elə birinci ilin sonunda bitirəydim.

Necə yəni “ala-bula, boz”?

Keçi ala-buladır ya bozdur?

“Ala-bula” nədir?

Lüğətin birində oxuyuruq: “Bu rəng daha çox ağ rəngin başqa rənglərlə qarışığından ibarət olub canlı-cansızdakı rəng əlamətini tanıdır.”

Başqa bir klüğətdə: “Rəngbərəng xallardan, zolaqlardan ibarət, cürbəcür rənglərə boyanmış, müxtəlif rəngli”.

Deməli, keçi ala-buladırsa, boz deyil, bozdursa, ala-bula deyil…

Bu, bir yana. “Ala-bula” defislə yazılsa da, bir vurğu ilə deyilməlidir, çünki “bula”nın təklikdə mənası yoxdur. İndi diqqətli olun: “ala-bula” bir vurğu ilə deyiləndə ritm pozulur, hecanın biri itir, ona görə misra axsayır. Ona görə bu şeir dərsliklərə salınandan, dilə-ağıza düşəndən, “ala” ilə “bula” arasında pauza edirik, yəni “ala” ilə “bula” arasında, kobud şəkildə desək, vergül qoyuruq. Yəni “ala” və “bula” olur iki müxtəlif rəng. Və biz müəllimlər, sözün mənasına fikir vermədən, özümüz uşaqlardan tələb edirdik ki, “ala” ilə “bula” arasında nəfəs alsınlar.

Ala, bula boz keçi…

Yəni nəsil-nəsil uşaqları azdırmışıq. Azərbaycan millətinə vurulan zehniyyət ziyanı ölçüyə gəlməz…

Bəlkə də millətimizin bütün problemlərinin kökü elə bu “Keçi” şeirindədir…

Niyə ölkə türməyə çevrilib?

“Sən nə gedərsən ona…”

Millət elə bil üzü üzlər görmüş şulerlə qumar oynayır…

“Sən nə gedərsən…”

Şeirin birinci misrası qüsurludur, ancaq bu qüsur onun şedevrliyinə az xələl gətirir. “Keçi” şeiri Hüseyn Cavidin “İblis”i ilə bir səviyyədə dura biləcək sənət incisidir.

“Keçi” şeirinin dərin simvolizmində heç Şekspirdə olmayan dinamizm var. Diqqətlə fikir versəniz, görərsiniz ki, bu günün ictima-siyasi kontekstində, xüsusən Azərbaycan reallığında çoban və canavar iki müxtəlif personaj deyil, bir personajın iki təzahürüdür. Yəni canavar eyni zamanda çobandır. Və ya çoban eyni zamanda canavardır…

Vəziyyətdən çıxış yolu varmı?

Bəlkə “ala-bula”nı tamam ataq? Məsələn, belə başlayaq:

“Boz keçi, bomboz keçi,

Ay qoşa buynuz keçi!”

Necədir? Hər şey düzəlmirmi? Axı Azərbaycan həyatında əlvanlıq, alabulalıq, müxtəliflik çoxdan itib gedib. Bir boz rəng qalıb…

Füzulu demişkən, “candan usandıran”, gözləri yoran, ürəyi ağrıdan bozluq…

X.X.

03. 12. 2024, Samara

ƏBU LƏHƏBİN APOLOGİYASI. 2. ONUN DƏFNİNDƏ İSLAM ÜÇÜN MÜDHİŞ BİR SİMVOLİZM VAR…

əbu ləhəb

əvvəli burda: https://xeyrulla.com/2024/11/07/ebu-lehebin-apologiyasi-1-etiqadana-sadiq-qalan-insan-meger-hormete-layiq-deyil/

Məhəmmədin bizə gəlib çatmış ən erkən bioqrafiyasının müəllifi İbn İshaq (704, Mədinə – 767 ya 768, Bağdad) yazır: “Əbu Ləhəb Məhəmmədin iddialarını rədd edərək dedi: “Məhəmməd mənə şeylər vəd edir ki, mən onları görmürəm. O iddia edir ki, onlar mən öləndən sonra olacaq; bundan sonra o mənim ovcuma nə qiyur?” Sonra (Əbu Ləhəb – X.X.) əllərinə üfürdü və dedi: “Görüm yox olasınız. Məhəmməd deyən şeylərin heç birni sizdə görmürəm”.

Əbu Ləhəbi axirət vədlərinə şübhə etdiyinə görə qınamaq olarmı? O vaxtdan min üç yüz ildən (!) çox keçib, axirətin olduğuna heç bir sübut yoxdur. Əgər öz ailə problemlərini həll edərkən Məhəmməd ona vəhy gəldiyini iddia edirdisə, axirət barədə hekayələrini də bu qayda ilə uydurduğunu düşünməyə haqqımız yoxdurmu?

(Burda haşiyə çıxmaq istəyirəm. Bu yaxınlarda bir səyəhət videosuna baxdım. Səyahətçinin yolu İraqın xurma bağlarından keçirdi. Bütövlükdə peysaj zəngin deyil, xurma ağaclarının nizamlı sıraları və budaqlardan sallanan salxımlar. Məhəmmədin yaşadığı ərazidə də xurma, onun meyvəsi, ağaclarının kölgəsi təbiətin başlıca neməti olub və  elə buna görə də Quran müsəlmana cənnətdə xurma ağacının kölgəsini vəf edir. Əgər bu vəd doğrudan da Allahdan gəlsəydi, onun cənnəti min dəfə zəngin olmazdımı? Allah mömin müsəlmana Fransanın zümrüd sahillərini, İsveçrənin dağ kurortlarını. İtaliya çimərliklərini, ən azından Bilgəhi vəd etməzdimi? Müsəlmanı o filmdə gördüyüm xurma ağaclarına iplə bağlasan da, iki gündən artıq qala bilməz, qırıb qaçar…)

Əbu Ləhəbin iki oğlu Məhəmmədin qızlarına nikahlanıblar, ancaq nikahlar bitməmiş sayılıb. Al-Məsad bəyan olunandan sonra Abu Ləhəb oğlanlarını boşatdırıb.

Əbu Ləhəbin qızı bir müddət Məhəmmədin oğulluğu Zeyd ibn Harizə əl Kəlbinin arvadı olub. Sonra o, Hariz ibn Noufəl, onun ölümündən sonra isə Dihyə ibn Xəlifəyə gedib.

Rəvayətlərə görə, Məhəmməd bazarları gəzib öz peyğəmbərliyini təbliğ edərkən Əbu Ləhəb onun dalınca gəzir, ərəbləri deyilənlərə inanmamağa, ata-babalarının etiqadını qorumağa çağırırdı.

Məhəmməd, yəqin ki, Əbu Ləhəblə mübarizədən üzülərək yenə sınanılmış vasitəyə əl atır və ona düşməniylə bağlı vəhy gəldiyini elan edir. Bu vəhy Qurana Əl Məsad surəsi kimi daxil olub.

Əbu ləhəbin əlləri qurusun, özü mhv olub!

Sərvəti ona neylədi və onun qazancı nə oldu?

O, alovlanan odun yanacağı olacaq,

Arvadı odun daşıyacaq,

Boynunda xurma liflərindən toxunmuş ciyə olacaq.

Necə fikirləşirsiniz: Əbu Ləhəb min üç yüz ildən çox vaxt ərzində cəhənnəmdə yanır? Arvadı da on üç əsrdir ki, ərinin yandığı tonqala odun daşıyır? Deyək ki, bu doğrudan da belədir. Bəs bunun bir mənası varmı?

Əbu Ləhəb ata-babalarının etiqadını qoruyub saxlamalı deyildimi? Onun etiqadı da Allah tərəfində gəlməmişdimi? Allah tərəfəindən gəlməmişdisə, bəs hardan və kimdən?

Bu surədən sonra Əbu Ləhəb on il də yaşayır. Onun, qardaşı Abbas ibn əbd əl Mütəllibin arvadı Lübabənin çadır dirəyi ilə vurduğu yaralardan öldüyü bildirilir.

Əbu Ləhəbin yaraları irinləyir və bir həftədən sonra ölür.

İbn İshaqın yazdığına görə, bu hadisə 624-cü ildə martın sonlarında baş verir.  Əbu Ləhəbin yaralarından elə kəskin iy gəlir ki, heç kim ona yaxın getmir. Onun ailəsi çürüməkdə olan cəsədi qoyub evi tərk edir. İki ya üm gündən sonra qonşu onları məzəmmət edir: “Sizə ayıb olsun ki, atanızın meyidini qoymusunuz çürüyə-çürüyə, aparıb basdırmırsınız”. Ailə üzvləri qulları göndərib cəsədi evdən çıxarırlar, payalarla itələyib Məkkədən kənarda qazılmış  qəbrə tullayır və üstünü daşa basırlar…”

Əbu Ləhəbin ölüsünə heç bir əxlaq normasına, insanlıq haqqında ətsəvvürə  uyğun olmayan bu cür rəftarda çox dərin simvolizm var. Allahlarına “rəhman, bağışlayan” deyən müsəlman özü nə rəhmandır, nə bağışlayandır. Əbu Ləhəbin hörmətlə, hər bir insanın layiq olduğu qaydada dəfni müsəlmanlıq üçün çox zəngin bir tarixi-humanitar resurs yaradardı və gələcək potensial təfriqələrin, qanlı çəkişmələrin qabağına ala bilərdi. Əl Məsad surəsi də, Əbu Ləhəbin cəsədinə bu cür qeyri-insani münasibət müsəlmanlıqda kini, intiqamçılığı qidalandıran mənbələrdən biridir. Elə bu gün də Əbu Ləhəbin təzədən, hörmətlə dəfn olunması müsəlmanlığın içində fövqəladə bir əxlaqi, mənəvi təkan verərdi. Nə qədər ki, Əbu Ləhəb surəsi oxunur, nə qədər ki, müsəlman dünyası öz etiqadına sadiq qalmış insana lənətlər yağdırır və onun guya fasiləsiz yanmağından həzz alır, İslam dünyasında insanlıq naqis olacaq və Suriyadakı kimi, Sudandakl kimi, Somalidə, İraqda, İranda olduğu kimi müsəlmanlar müsəlmanları qıracaq və müsəlman olmayanlara isə lənət yağdıracaqlar…

X.X.

08. 11. 2024, Samara

ƏBU LƏHƏBİN APOLOGİYASI. 1. ETİQADANA SADİQ QALAN İNSAN MƏGƏR HÖRMƏTƏ LAYİQ DEYİL?

əbu ləhəb

Boynuma alım ki, İslama qədər azrbaycanlılarda hansı dinin olduğunu dəqiq bilmirəm. Əgər İran xalqlarından biriymişiksə, deməli zərdüşti olmuşuq. Yox, əgər bizim türk olduğumuzu və Cənubi Qafqazda min illərdən bəri yaşadığımızı iddia edən türkçülərə, turançılara və qalan hər cür demaqoqlara və hətta şarlatanlara inansaq, bizim dinimiz şamanizm olmalıydı və uzun saç-saqqal uzadaraq, boynumuzdan dənələri yekə pomidor və badımcan boyda olan muncuqlar asaraq və məcməyi boyda qavalları döyəcləyərək tanrıları ya əcdadların ruhunu çağırmaıyqlq. Elə deyil?

İnsanın günü qaradır, insan dünyaya niyə gəldiyini bilmir, bir gün öləcəyini, yəni ölümə məhkumluğunu bilə-bilə özünü oda-közə vurur, ancaq firavanlıqdan harınlaşan da, doyunca çörək yeyə bilməyən də günlərin bir günü qəssab əliylə sürüdən çəkilən heyvan kimi (bu, Şopenhauerin ifadəsidir –X.X.)  taleyi  onunkuyla eyni olan minlərin arasından çəkilib müvəqqəti və mənasını anlamadığı həyatından mərhum edilir…

İnsanın zülmü bağırdıla-bağırdıla başı kəsilən heyvanın zülmündən artıqdır, heyvan, çox güman ki, ölüm barədə düşünmür, öləcəyini bilmir, işgəncəni həyatının son dəqiqələrində görür, qalan vaxtlarda yeyir, yatır, cütləşir, bala dünyaya gətirir. İnsanı isə bütün həyatı boyu ölüm fikri təqib edir, kef çəkən insan öləcəyini düşünəndə məyus olur, günü əzab-əziyyətlə keçən insan isə öləri olduğunu düşünəndə həyatın da, çəkdiyi əziyyətlərin də mənasızlığından, fənalığından dəhşətə gəlir…

Tanrı – insanın öz doğuluşunda, həyatında, qaçılmaz ölümündə məna axtarışlarından yaranır. Bu, elmi izah deyil. Bu, fərziyyədir.

Məna axtarışına tam leqal şəkildə mənəvi axtarış da demək olar. Mənəvi axtarışlardan yaranan Tanrı ideyası müəyyən tarxi sitüasiyalarda ideologiyaya çevrilirək rəsmi institutlar yaradır, dövlət ideologiyası ilə müttəfiqlik statusunda fəaliyyət göstərir ya da dövlət ideologiyasını tamamilə əvəz edir.

Qayıdaq biz azərbaycanlıların islamdan əvəlki dini etiqadlarına. Biz atışpərəst də ola bilərdik, şamançı da olub məcməyi boyda qavalları döyəclərdik və ya ayrı bir din. Və günlərin bir günü əliqılınclı ərəb gəlib deyir ki, sənin dünün düz deyil, mən sənə düz din gətirmişəm. Bizim ulu babalarımız və ulu nənələrimiz neynəməliydilər? Məgər onlar müqavimət göstərməli deyildilər? Əsrlər və bəlkə min illər əvvəl yaranan, mənasız həyatı mənalı edən, çəkilən iztirablar səbr, dözüm yaradan, yaxşıya, rahatlığa, işığa ümid yaradan inancdan əliqılınclı görən kimi əl çəkən, qabağında diz çöküb ona deyiləni tutuquşu kimi təkrar edən insan hörmət doğura bilərmi?

Bizim babalarımız müqavimət göstəriblərmi? Biz müsəlman olmaqla nə qazanmışq? Həyatımızn iztirabları yüngülləşib? Müsəlmanlığı qəbul etməmiş qonşulardan çoxmu irəli getmişik? Hanı İranın İslama qədərki cəlalı?

Bu, ayrı məsələdir. Mən dədə-babasının, hətta ulu babalarının dini etiqadlarına sadiq qalmış, ona günlərin bir günündə zorla sırıdılan təlimdən imtina etmiş insana münasibətdən danışmaq istəyirəm.

Götürək, məsələn, Əbu Ləhəbi.

Əbu Ləhəbə biz niyə Ərəbistan yarımadasında 7-ci əsrdə meydana çıxan yeni dinin ardıcılları baxan kimi baxmalıyıq? Məhəmməd özünü yeni və sonuncu peyğəmbər elan edir və əvvəlcə yumşaq, əsasən verbal, sonra isə silahlı ekspansiya başlayır. Məhəmmədin atabir ögey əmisi Əbu Ləhəb öz dini etiqadına sadiq qalır və qardaşı oğlu ilə bacardığı qədər mübarizə aparır.

Məgər bu, hörmət doğurmamalıdır?

Əbu Ləhəbin ana nəslinin nümayəndələri İslama qədər dörd yüz ildən artıq Kəbənin qoruyucuları olublar.

Əbu Ləhəbin əsl adı Əbd al Üzzə olub, yəni ilahə əl Üzzənin qulu. Ancaq atası onu gözəlliyinə  və qırmızı yanaqlarının məlahətinə görə  Əbu Ləhəb – yəni Alov Atası adlandırır. (Mühəmməd ibn Saad).

Azərbaycan Vikipediyası bu adda “cəhənnəmlik” mənası görür. Vay məlumatı təkcə Azərbaycan Vikisindən alanların halına…

İslam mənbələrinin özündə Əbu Ləhəb Ədən əbası geyən uzun sıx saçlı gözəl kişi, səxavətli insan kimi təsvir edilir.

Əbu Ləhəbin arvadı Ümm Cəmil bint Hərb, Əbu Süfyanın bacısı idi. Bu arvaddan beş uşaqğı olub.

Məhəmməd Səfa dağına qalxıb ərəblərə onun peyğəmbərliyini qəbul etməyəcəkləri halda onları ağır cəza gözlədiyini elan edəndə guya Əbu Ləhəb ona deyir: “Görüm gününün qalanı qara olsun! Bizi elə buna görə yığmışdın?”

Əbu Ləhəbin qardaşı oğluna daş atdığını iddia edən rəvayətlər də var…

(ardı var)

X.X.

07. 11. 2024, Samara

PEYĞƏMBƏRİN ALTINCI ARVADI ÜMM SƏLƏMƏ. «SƏN DƏ QISQANC, MƏN DƏ QISQANC…»

ümm Sələmə

Məhəmmədin altıncı arvadı Ümm Sələmədir. Əsl adı Hind Hind, Əbi Üməyyə Məxzumidir. Rus Vikipediyasında doğum tarixi 596-cı il göstərilib. İngilis Vikipeduyasında Ümm Sələmənin ya 580-ci ya da 596-cı ildə doğulduğu qeyd edilib. Bu iki tarix arasında on altı fərq var – bu məsələyə sonda qayıdaram.

Ümm Sələmənin ilk əri Əbdülləh İbn Əbdüləsəd ilk müsəlmanlardan olub, Uhud döyüşündə aldığı yaralardan öləndə üç uşağı vardı və arvadı dördüncü uşağa hamilə idi.

Təfsirçilər ordusu qələmlərini qılınc kimi çalaraq əzmlə çalışırlar ki, Məhəmmədin çoxarvadlılığını şərafətlədirsinlər.

İngilis Vikipediyası islamçı mənbələrə istinadla yazır ki, Ümm Sələmə sağlığlında ərinə deyirmiş ki, onlardan hansı əvvəl ölsə, sağ qalan təzə ərə getməsin ya evlənməsin. Guya əri  təkidlə Ümm Sələməyə tapşırıb ki, o ölsə, hökmən ərə getsin. Və hətta dua eləyir: “Ya Allah! Məndən sonra Ümm Sələməyə məndən elə yaxşı ər təmin elə”.

Bunu oxuyanda qeyzindən ağlamaq istəyirsən…

Yəni bu uydurma əhvalatı eşidəndən ya oxuyandan sonra ərinin hələ sağlığında Ümm Sələməni Məhəmmədə ərə verdiyinə gərək şübhən qalmaya…

Bunu və bu kimi əhvalatları, saysız-hesabsız “hədisləri” uydurub onları Məhəmmədin adıyla bağlayanlar, cəfəng “aforizmlər” qondarıb Əlinin adıyla xalqa sırıyanlar özlərini mömin sayırlar? Məninliyin əsas şərti xeyirlə şərin sərhədini bilmək, yalanı doğruya qarışdırmamaq deyilmi? Hər bir şübhəli işi, normativ əxlaqa uyğun olmayan hər hərəkəti, addımı doğrultmaq üçün hətta Allahın adından istifadədən çəkinməyən şəxs şarlatan deyilmi?

İngilis Vikipediyası Əbdülvahid Həmidə (kitabı Londonda nəşr olunub) istinadla yazır ki, Məhəmməd Ümm Sələməyə elçilik edəndə xanım deyib: “Ya Allahn elçisi, mənim üç xassəm var. Mən həddən artıq qısqanc qadınam… Mən yaşı keçmiş qadınam…Mənim uşaqlarım var…”

Məhəmməd onu hər üç narahatlıqdan qurtarır: “Mən qadir Allaha dua edərəm ki, bu qısqanclığı səndən rədd eləsin. Yaşa qalanda, bu elə mənim də problemimdir.. O ki qaldı uşaqlara, sənin uşaqların mənim uşaqlarımdır…”

(Deməliyik ki, Məhəmmədin özünün də çox qısqanc olduğuna şübhə yoxdur. Quranda deyir ki, (əlbəttə, Allah yox, Məhəmməd özü) biş iş üçün nəbinin evinə gələndə sözünüzü deyib tez çıxıb gedin… Özü xeyli dul arvad almış, yəni dul arvadların ərə getməsinə müsbət baxan peyğəmbər öz arvadlarının onun ölümündən sonra ərə getmələrini Allahın adından qadağan edib. Yəni sən də qısqanc, mən də… Mahnıdakı kimi…)

Peyğəmbərlə onun almaq istədiyi arvadın arasında olan söhbəti kim yayıb, yayılıbsa, harda, kim tərəfindən qeydə alınıb?

Sələmə, Azərbaycan və rus Vikipediyasında göstərikən kimi, 596-cı ildə doğulubsa, Məhəmmədə gedəndə yaşı çox olmayıb. Məhəmməd isə əlli beş yaşında olmalıydı. Ona görə peyğəmbərin “problemimiz eynidir” deməyi qəribə gəlir..

Əgər Ümm Sələmə 580-ci ildə doğulubsa, peyğəmbərin elçiliyi  vaxtı 46 yaşı var imiş. Bu halda özünü ahıl saya bilərdi…

Məhəmmdəd ərə gedəndən az sonra Sələmənin dördüncü uşağı doğulur. Yəni nikah vaxtı ağır yüklü olub…

Və hər halda Sələmə Məhəmmədin arvadlarının ən yaşlısı və Xədicədən sonra ən nüfuzlusu olur. Ancaq bu və bu kimi iddiaların sənədli sübutu yoxdur.

Şübhəsiz ki, Vikipediyada müzəlmanların özləri tərəfindən yazılmış ingilis dilli məqalədə  Ümm Sələmənin son dərəcə möminliyindən əlavə onun müstəsna ağlından, siyasətçilik qabiliyyətindən və hətta qadın hüquqları uğrunda fəaliyyətindən danışılır. Guya günlərin bir günü Ümm Sələmə Məhəmməddən soruşur ki, niyə Quranda kişilərdən danışılır, qadınlardan yox.

Bunun özü də yöndəmsiz uydurmadır. Necə yəni Quran qadınlardan bəhs etmir? Quranın baş mövzularından biri elə qadın deyilmi? Quran qadında təsvir edilməyən bir yer qoymur – paltarı, bər-bəzəyi, hətta, üzr istəyirəm, mestruasiyanın ətraflı təsviri… Onun kişidən aşağı pillədə olmağını da Quran iddia edir…

İngilis dilli müsəlman Vikipediyada yazır ki, guya göydən Məhəmmədə vəhy gəlir, Allah bəyan edir ki, icmanın mömin üzvləri kimi qadınlar və kişilər bərabərdirlər…

Ağ yalandır. Quran deyir ki, qadın kişiyə bərabər deyil.

4-cü surənin 34-cü ayəsində deyilir: ”Ərlər arvadlarından yüksəkdə dururlar, çünki Allah birinə o biri qarşısında üstünlük vermişdir… itaətsizliyindən qorxuqlarınıza tövsiyə edin, onları yataqdan ayırın və döyün…”

Ümm Sələməyə evlənəndən qısa müddət sonra Məhəmməd oğulluğu Zeydə baş çəkmək üçün onun evinə gedir. Qapı yerinə asılmlş tük pərdəni külək qaldırır və Məhəmməd Zeynəbi alt paltarında görüb vurulur…

Mürəkkəb sitüasiya yaranır… Allah işə qarışmalı olur…

Və Məhəmməd yeddinci dəfə evlənir…

X.X.

04. 11. 2024, Samara

PEYĞƏMBƏRİN BEŞİNCİ ARVADI ZEYNƏB. PEYĞƏMBƏR DƏ ONUN BEŞİNCİ ƏRİ OLUB…

download (2)

Məhəmməd peyğəmbərin beşinci arvadı Zeynəb bint Xuzeymə  (595-625) olub.

Maraqlı və hətta bir qədər məzəli görünən budur ki, Məhəmməd də Zeynəbin beşinci əri idi…

Məkkədəki Hilal tayfasından olan Zeynəb ilk dəfə qohumu Jahm ibn Əmr ibn Harizə ərə gedib.

Rəvayətlərə əsaslanan müxtəlif mənbələr hələ bütpərəst ilən Zeynəbin ço səxavətli olduğunu və buna görə “kasıbların anası” adlandırdığını qeyd edirlər. Demək lazımdır ki, bu rəvayətlərə skepsislə yanaşmaq lazımdır, çünki səxavətlilik Məhəmmədin bütün arvadlarına aid edilir. Yəqin ki, indi dəbdə olan terminlə desək, İslam “narrativ”ini yaradanların fikrincə peyğəmbərin aldığı çoxlu arvadın hər biri bu keyfiyyətə malik olmalı idi.

İkinci dəfə Zeynəb Abdulla ibn Jəhşə ərə gedir. Abdulla əvvəlcə Məhəmmədin oğulluğunun, sona Məhəmmədin özünün arvadı olmuş Zeynəb bint Jahşin qardaşıdır…

Zeynəblə Abdullanın ər-arvadlığı boşanma ilə bitir. Bunu bioqraflar Abdulla ölən vaxt Zeynəbin artıq başqa ərdə olduğuna görə təxmin edirlər…

Zeynəbin üçüncü əri Tufəyl ibn əl Harizdir, Mütəllib klanından olan müsəlmandır.

Bu nikah da boşanma ilə bitir.

Bundan sonra Zeynəb qardaşı Tüfəylin qardaşı Ubəydəyə  ərə gedir.Ubəydə ondan otuz yaş böyük idi. Bədr döyüşündə Ubəydə öldürülür. Zeynəb bir ilədək dul qalır.

625-ci ilin fevralında  əmisi oğlu, birinci ərinin qardaşı Qübəysə Zeynəbi Məhəmmədə ərə verir. Qeyd etmək lazımdır ki, Məhəmməd Zeynəbi alanda Hafsə bint Ömərə bir aya yaxın idi ki, evlənmişdi…

Zeynəbin Məhəmmədlə evliliyi cəmi bir neçə ay çəkir. O, otuz yaşında vəfat edir.

Yazıq Zeynəb…

Onun evi altı ay boş qalır, sonra ora Məhəmmədin altıncı arvadı Ümm Sələmə gəlir…

İslamçı resursların birində Zeynəb bint Xuzeyməyə həsr olunmuş  məqalənin başlanğıcında deyilir ki, Məhəmməddən sonra bizim nümunə götürməli olduğumuz şəxslər onun məslək, silah yoldaşları, ailə üzvləri, o cümlədən arvadlarıdır.

İndiki qızlar üçün, məsələn, Zeynəb bint Xuzeymə nümunə ola bilərmi? Məsələ hətta neçə dəfə ərə getməkdə deyil. Məsələ ev əşyası kimi əldən-ələ keçməkdədir…

Onu da demək lazımdır ki, Məhəmmədin sonuncu, on birinci arvadı Maymunə  (Barra bint al-Harith) Zeynəbin anabir bacısı olub…

LƏTİFƏ

Salyan məclislərində ağır söhbətlərdən yaranan təəssürü dəyişmək üçün lətifələr danışılır, ara bəzən elə qızışır ki, yas məclisi dönür məzhəkəyə…

Mən də uşaqlıqda eşitdiyim bir lətifəni danışmaq istəyirəm.

Küçədə yoldaşları ilə oynamağa getmiş bir oğlan ağlaya-ağlaya gəlir evə. Anasına deyir ki, böyük uşaqlardan biri onu söydü, dedi ki, sənin anan doqquz kişiyə gedib. Uşaq hələ də ağlaya-ağlaya soruşur: “Sən doğrudan da doqquz kişiyə ərə getmisən?” Arvad deyir: “Bala, birdən-birə deyə bilmərəm, gərək sayam. Bax, İsa, Musa, Mustafa, iki kosa, bir həmşəri, rəhmətlik dədən, cənnətlik əmin, biri də orda yatan…”

Arvad bunu deyib evin küncünə sərilib yuxuya getmiş kişini gostərir…

X.X.

02. 11. 2024, Samara

HAFSƏ BİNT ÖMƏR, ƏL TƏHRİM SURƏSİ, BAL, QALMAQAL…

HAFSƏ BİNT ÖMƏR

Hafsə bint ömar Məhəmmədin dördüncü arvadı, ikinci xəlifə Ömərin qızıdır.

İngilis Vikipediyası Məhəmməd ibm Saadaya istinadla yazır ki, Hafsə “…qureyşilər Kəbəni tikəndə, Məhəmmədə peyğəmbərlik verilməmişdən beş il qabaq, yəni 605-ci ildə doğulub. O, Xunays ibn Hudhafəyə ərə gedib, 624-cü ilin avqustunda dul qalıb.”

“Gözləmə müddəti” bitəndən sonra atası Ömər onu əvvəl Osmana, sonra Əbu Bəkrə təklif edib, ancaq hər ikisi bu təklifi qəbul etməyib.Yenə İbn Saadın yazdığına görə,  Ömər bu barədə Məhəmmədə şikayət edəndə  peyğəmbər deyib: “Hafsə Osmandan yaxşısına gedəcək, Osman Hafsədən yaxşısını alacaq”.

Bir şey başa düşdünüz?

Azərbaycan Vikipediyası aydınlıq gətirir: “Peyğəmbər cavabında, özü Həfsə ilə, qızı Ümm Gülsüm isə Osmanla evlənəcək deyə bildirir.” 

(“…deyə bildirir…” Bu nə dildir?)

Azərbaycanca məqalə orijinal deyil, ruscadan tərcümə edilib. Ancaq sonda fərqli mənbə siyahısı göstərilib. Oğurluqlarını ört-basdır eləyirlər…

Quranın əl Təhrim surəsi Hafsənin adı ilə bağlıdır.

Məhəmməd bal içərmiş. Günlərin bir günü bal içməyi tərgidir. Və Allah narahat olub peyğəmbərə ayə göndərir.

Peyğəmbərin balı necə içməyi yəqin çox insanı maraqlandırır, bunu Qooqle-a müraciət edəndə görürsən. Yəqin bəziləri fikirləşirlər ki, Məhəmməd də  qədim germanlar kimi bal arağı, ya ruslar kimi “medovuxa” içirmiş.  Qoogle məsələni izah edir. Məhəmməd balı su ilə qarışdırıb içirmiş ki, bunun da müalicə əhəmiyyəti var imiş. “…bağırsaqların işini yaxınlaşdırır, nəcis daşlarını əridir, disbakteriozu müalicı edir, qara ciyərin işini yaxşılaşdırır, zərərli maddələri çıxararaq orqanizmi təmizləyir”.

Deməli, Məhəmmədin bal içməyi tərgitdiyini bilən kimi Allah ona ayə göndərir: “Ey peyğəmbər, arvadlarının lütfünü qazanmağa çalışaraq niyə Allahın sənə icazə verdiyinə qadağa qoyursan? Allah bağışlayan və rəhmlidir!”

Məlum olur ki, Allah peyğəmbərin həzm prosesini diqqətlə izləyirmiş. Yəni fasiləsiz monitorinq.

Bəs Məhəmməd niyə balsudan imtina edir? Arvadlarının buna nə dəxli?

İngilis Vikipediyası bu barədə iki rəvayətin olduğunu bildirərək yazır ki, biri inandırıcıdır, o biri yox. İbn əl Ərəbi yazır: “Əslində bal haqqında doğru hekayə bundan ibarətdir ki, Məhəmməd onu Zeynəblə içirmiş, və Ayişə ilə Hafsə özlərini elə göstərirlər ki, guya buna görə inciyiblər. Məhəmməd də and içir ki, bir də bal içməyəcək. Bunu arvadlarına deyir və sonra onların hamısına aid olan ayələr gəlir.”

Guya inciyiblər ya əməlli-başlı? Qısqanırlarmış Zeynəbə, buna şübhə yoxdur…

Əl Buxarinin “səhih” syadığı hədisdə (3714)  deyilir: “Nəbinin arvadı …Aişə söyləyir ki, peyğəmbər tez-tez Zeynəb bint Cahşin yanında ləngiyir və orda bal içirdi. Mən Hafsə ilə sözləşdim ki, peyğəmbər hansımızın yanına gəlsə, ona deyər: “Mən səndən qummi iyini duyuram. Sən qummi yemisən?” Və Aişə bunu ona dedi, o isə cavabında dedi: “Mən Zeynəblə bal yemişəm. Bunu bir də eləmərm!”

Deyirlər ki, Aişə Məhəmmədin sevimli arvadı olub. Ancaq bu qalmaqaldan görünür ki, oğulluğunun (keçmiş oğulluğunun) arvadını peyğəmbər daha artıq istəyirmiş. Qısqannclıq, mərəkə, and-aman… Allah məcbur olub şəxsən işə qarışır…

Məhəmmədin arvadları haqqında məlumatların hamısında onların vaxtlarının çoxunu ibadətlə keçirdikləri hökmən qeyd edilir. Fikrləşirəm: vaxtın çıxu – yəni 24 saatın nə qədəri? Yaxşı, beş dəfə namaz qıldı, sonra? Bu balsu əhvalatı göstərir ki, arvadların vaxtının xeyli hissəsi günülərini güdməyə, peyğəmbərə yaxınlıq uğrunda mübarizəyə, intriqa toxumağa gedirmiş. Aydın məsədir ki, peyğəmbər arvadları ilə bacara bilmirmiş… Təəccüblü deyil, heç bir arvadla bacarmaq olmur, on-on ikisi ilə necə bacarasan…Yaxşı ki, Alla vaxtında ayə göndərib aranı düzəldirmiş…

Təxminən bu dövrdə:

AVROPA

605 — Britaniyada Nortmbriya krallığı yaranıb

613 — 629— 2-ci Xlotarın idarəsi, onun vaxtında franklar yenidən vahid dövlət olublar.

ÇİN

609 — 619—  türk xaqanı Şibinin idarəsi, onun vaxtında türklər Sui Çiniylə mübarizədə müstəqilliklərini qoyuyublar.

620 — 630 — kaqan Xilinin idarəsi, onun vaxtında türklər Çinə qarşı 67 yürüş ediblər.

AMERİKA

7-ci əsr –indiki Mexikonun 50 kilometrliyində yerləşən polietnik şəhər-dövlət Teotiukanın məhvi

 

Bütün bu və bu kimi hadisələri hansı tanrı idarə edirmiş? Bizimki? Yox. Bizimkinın başı ailə-məişət məsələlərinə qarışmışdı…

X.X.

01. 11. 2024, Samara

İKİ BACILAR YAN-YANA… XƏLİFƏ OSMAN, ONUN ARVADLARI, MƏDİNƏ BAZARI VƏ S.

xəlifə Osman

Rus Vikipediyassında oxuyurq ki, xəlifə Osman Məhəmmədin iki qızına evlənmişdi və buna görə “zunnurayn”, yəni “iki işığın sahibi” fəxri titula layiq görülmüşdü.

Müsəlmanların Yaqub dediyi Yakov iki bacıya birdən evlənmişdi. Bunu isə Tövrat qadağan edir: “Qadını  bacısına günü gətirmə ki, çılpaqlığını onun yanıda, onun sağlığında açasan”.

Bu məsələ bəzi yəhudiləri və yəhudi olmayıb Tövratı müqəddəs kitab sayanları indiyəcən naraha edir və haqlı sual doğurur. Ravvin Bentsion Zilber bu suala belə cavab verir:

“Yakov bilirdi ki, gələcəkdə Tövrat iki bacıya evlənməyi qadağan edəcək. (! – X.X.) Ancaq o bilirdi ki, yəhudi xalqını yaratmaq lazımdır və onun bu hərəkəti pozitiv nəticə verəcək. Beləcə Amam öz xalasına (bəlkə də bibisinə -X.X.) evlənmişdi ki, bunu da Tövrat qadağan edir. Bu nikahdan Aaron və Miryam doğulublar”.

Vicdansızlıqda ravvin bizim çalmalılardan geri qalmır. Yəhudi xalqının sayını artırmaq üçün… Elə bu məqsədlə peyğəmbər (!) Lot öz qızları ilə yatırdı…

Yeri gəlmişkən, Netanyahu və onun nazirləri fələstinliləri qırmaqlarını özlərinin tayfa allahlarının peyğəmbərlərinə verdiyi tapşırıqla izah edirlər.

Bir abırlı yəhidi xadim deyirdi ki, yəhudilərin çoxu allaha inanmır, ancaq inanırlar ki, allah Fələstini onlara verib…

Yaxşı, bəs Osman niyə iki bacını alırdı?

Demək lazımdır ki, Osman ikinci bacını Ruğiyyə öləndən sonra alıb. Hərçənd bu işin yöndəmsizliyi aydındır – bacı mərhum bacısının hansı ofisdəsə tutduğu  vəzifəyə getmir. Bacı ölmüş bacısının yatağına girəcək. Yeznəsi ilə bir yatağa…

Guya peyğəmbərin iki qızını aldığına görə layiq görüldüyü “zunnurayn” titulunun mənası “iki işıq sahibi” dir. Ancaq bu fəxri adda bir rişxənd hətta sarkazm gizləndiyini də demək olar: Məhəmmədin “işığ”a bənzədilən hər iki qızı Osmana ərə gedəndən sonra gənc yaşlarında ölüblər. Ruğiyyənin oğlu Abdulla da anasından sonra altı yaşında ölüb.

Ruğiyyənin miladi 601-ci ildə doğulduğu göstərilir. Osmana 615-ci ildə, yəni 14 yaşnda gedib.

Məhəmmədin Xədicədən olan ikinci qızı Umm Gülsüm Osmana 624-cü ildə, yəni bacısı Rağiyyə ölən kimi ərə gedib. Uşaqsız olub, 27 yaşında vəfat edib.

İngilis Vikipediyasında Osmanın on arvadının adı var. Az-çox ətraflı məlumat Məhəmmədin qızları və xəlifə öldürülərkən yanında olmuş Nailə bint əl Furafisa haqqındadır. Osman Nailəyə 649-cu ildə, yəni ən azı 66 yaşında olarkən evlənib və ondan altı övladı olub. Qızlarından biri Umm Səid Abdulla ibn Xaliidn arvadı olub, öləndən sonra bacısı Umm Xalid onun yerinə Abdulla ibn Xalidə ərə gedib…

Heç bilmirsən nə fikirləşəsən… Bu qızğın ərəblər arvadsevərlikləri ilə yəqin Allahı da çaşbaş salıblar…Q. Bolşakov yazır ki, Osmanın idarəçiliyinin ilk altı ilindən sonra ondan kütləvi narazılıqlar yaranır və get-gedə güclənir. Xəlifətdə bütün mühüm vəzifələri xəlifənin qohumları tuturdular. Ancaq bundan çox hiddət doğuran ictimai sayılan fondlardan onlara çoxlu bahalı hədiyyələr verməyi idi. İfrikiyəyə yürüşdə götürülən qənimətdən xümsün bir hissəsini, 100 ya iki yüz min dinarı Osman qızına təzə evləndiyi qayınatası Marvana bağışlamışdı. Marvanın atasına isə sədəqə kimi yığılmış dəvələr hədiyyə verildi… (Əsl Paşaholdiqdir…)

Bazar məsələsi dı var, bu həm gülməlidir, həm də biz müsəlmanlar üçün çox aktualdır.

“Marvanın qardaşı əl Xarisə Osman Mədinə bazarına nəzarəti tapşırdı. O isə öz mövqeyindən istifadə edərək gətirilmə malları məcburi qiymətlə aıb bazar qimətinə satmağa başladı. Bundan əlavə, peyğəmbərin vaxtından bazar rüsumsuz idi, indi Marvan haqq almağa başladı. Mədinəlilər tələb edtilər ki, ticarətə belə nəzarətçidən onları xilas etsin. Ancaq Osman onların şikayətini qulaqardına vurdu…”

Heç nə dəyişməyib…

31. 10. 2024, Samara

PEYĞƏMBƏR AİŞƏNİ BOŞAYA BİLƏRDİMİ? YOX… II

əvvəli burda: https://xeyrulla.com/2024/10/23/peygember-aiseni-bosaya-bilerdimi-yox-i/

Painting_depicting_the_Battle_of_Camel_that_took_place_near_Basra_in_656_when_the_army_of_Mohammed's_widow_Aisha_marched_against_the_troops_of_the_competitor_Ali,_ancestor_of_the_Shiites._Manuscript_illustration

İngiliscə Vikipediya müxtəlif mənbələrə istinadla yazır ki, Aişə Mədinəyə qayıdandan sonra xəstələnir və hiss edir ki, Məhəmməd ona qarşı çox soyuqdur. Haqqında yayılan şayiəni üç həftə sonra “çöldə su başına çıxıb qayıdarkən” ona Umm Mustah danışır. Aişə anasının yanına gedib ondan nə danışıldığını soruşur. Anası deyir: “Qızım, sakit ol, gözəl qız başqa arvadları olan kişiyə ərə gedirsə, o biri arvadlar onda hökmən eyib tapacaq”.

Arvadının günahsızlığından arxayın olmayan Məhəmməd Usama ibn Zeydin və Əlinin fikrini soruşur. Usama Aişənin günahsızlığına zamin durur. Əli deyir: “Qadınlar boldur, sən asanlıqla ona əvəz taparsan.” Əlinin təklifi ilə Aişənin kənizindən soruşurlar. Kəniz deyir ki, xanımından ancaq yaxşı danışa bilər, bircə şeydən başqa: Aişəyə xəmirə baxmaq tapşırılanda o, mürgüləyib, qoyun gəlib xəmiri yeyib… (mənbələr: əl Şati, Glabb)

(Qoyun xəmir yeyir?)

Məhəmməd Aişənin valideynləri ilə görüşür, tövsiyə edir ki, əgər Aişə günah edibsə, boynuna alsın, Allah rəhmli və bağışlayandır. Ancaq qalmaqaldan bir ay keçməsinə baxmayaraq, Aişə təkid edir ki, günahsızdır. O, düşdüyü vəziyyəti Yusifin başına gələnə oxşadır, Yusif də doğrunu deyirdi, ancaq ona inanmırdılar…

İngilis Vikipediyası yazır ki, az sonra Məhəmməd trans yaşadı və ona Aişənin günahsızlığını təsdiq edən ayələr gəldi…

Məhəmmədin düşdüyü vəziyyət, yumşaq və russayağı desək, həsəd aparılası deyil.

Mən mömin deyiləm, hərçənd heç bir möminlərin dini hisslərinə toxunmaq niyyətində deyiləm, niyyətim öz fikrimi bildirməkdir. Mən boyunbağı söhbətinə inanmıram, peyğəmbərin və ali baş komandanın arvadının kəcavədən heç kim görmədən çıxıb “su başına”, özü də tək getməyi mümkün deyil. O qırışmal ibn Muattalla aralarında nə olub, məni az maraqlandırır. Ona əminəm ki, Məhəmməd arvadının günahsızlığına əmin olmayıb və ona vəhy-zad gəlməyib. Buna inananlara məsləhət görürəm ki, dünya okeanının dibində çəkilmiş filmlərə baxsınlar: okeanının içi də, dibi də o qədər mürəkkəb və zəngindir ki, yerüzünün həyatı onunla müqayisədə uşaq bağçasına bənzəyir. Və sözlə ifadə oluna bilməyən bu həngaməni yaradan Qüvvə Məhəmmədi şübhədən çıxarmaq üçün ona ayə göndərməliydi? Biz buna inanmaqla Yaradanı, Tanrını, ali Qüvvəni kiçiltmirikmi, alçaltmırıqmı?

Peyğəmbərin çəkdiyi əzabları …Uilyam Şekspir təsvir edib. “Otello” faciəsində. Hərçənd biz, yəni tamaşaçılar və oxucular, bilirik ki, Dezdemona günahsızdır…

“Qeysərin arvadı şübhədən kənar olmalıdır” – bunu Yuli Sezar məhkəmədə arvadı Pompeyanı boşamağının səbəbii izah edərkən deyib.

Məhəmməd Aişəni boşaya bilərdimi?

Yuli Sezardan fərqli olaraq, Məhəmməd qızğın ərəb temperamentlidir, qəzəbində də, sevgisində də, qısanclığnında da qızğındır. Gənc arvadı ilə fatal bağlılığını biabırçı qalmaqal sarsıda bilmir. Hərçənd peyğəmbər sevgisini ürəyindən və qızğın qanından qovub çıxarsaydı da, Aişəni boşaya bilməzdi.

Aişə Əbu Bəkrin qızıdır. Əbu Bəkr islamı ilk qəbul edənlərdn biridir, Məhəmmədin yaxın dairəsində olanların çoxu da Əbu Bəkrin təbliğat və tövsiyəsi ilə İslamı qəbul etmişdir. İngilis Vikipediyasında oxuyuruq: “O (Əbu Bəkr) Məhəmmədi Mədinəyə hicrdə müşayiət etmiş, onun cangüdənlərindən biri olmuşdur. Məhəmməd olmayanda Əbu Bəkr ibadətə rəhbərlik edirdi.

(Azərbaycanca Vikipediyada oxuyuruq: “Mədinədə Əbu Bəkr Məhəmmədin dəstəsinə qoşulub və icmaları üçün təhlükə yaradan müşriklərə qarşı döyüşlərdə həmişə topuğuna tüpürüb qaçmışdır.” https://az.wikipedia.org/wiki/%C6%8Fbu_B%C9%99kr)

Çox təəccüblüdür.)

Belə bir adamın qızını boşamaqla (zina ittihamı ilə!) Məhəmməd yeni formalaşmaqda olan icmanın sütunlarından birini yıxmış olardu. Əbu Bəkr qızının zina etdiyini qəbul etsəydi də, reputasiyanı silinməz ləkə düşəcəkdi. Məhəmməd gənc arvadına olan bütün sevgisinə baxmayaraq, boşamaqla onun zinakarlığını təsdiq etmiş olacaq, arvadı gəzəyən kişi kimi hörmətdən düşəcəkdi.

Yaranmış sitüasiyadan şərəfli çıxış yolu yox idi. Buna görə də Məhəmməd sınanmış üsula əl atır. Ona Allah tərəfindən Aişənin günasiz olduğunu təsdiq edən vəhy gəldiyini elan edir….

Kaş belə vəhylər indi də və indiki kişilərə gələydi. Nə qədər səbəbsiz şübhəyə düşən kişi arvadını bıçaqlayır, baltalayır, boğur… Cavan arvad məhv olur, qatil türmədə çürüyür, körpələr yetim qalır…

Sə ey müsəlmanların Allahı, peyğəmbərinə göndərdiyin vəhylərdən yenə də göndər, yoxsa bu yazıq arvadlar qırıldı getdi…

Aişə haqqında İngilis Vikipediyasından:

“Onun (Aişənin) qoşunları Bəsrəni zəbt edəndə o, əmr etdi ki, 600 müsəlman və Hakim ibn Jabala daxil olmaqla  daha qırz nəfr edam edilsinlər. Onlar Bəsrənin Böyük Məscidində öldürüldülər.

Əli tərəfdarlarını yığdı və Bəsrədə Aişənin qüvvələri ilə döyüşdü.  Dəvə döyüşü adlanan savaşa Aişə dəvənin belindəki hovdaxdan rəhbərlik edirdi. Aişənin qoşunu məğlub oldu. Təxminən 10 min müsəlman həlak oldu. Bu, müsəlmanların müsılmanlarla ilk savaşı sayılır”

Azərbaycan Vikipediyası isə belə yazır:

“Aişə rəvayət edir ki, Peyğəmbər (səllallahu əleyhi və alihi və səlləm) ona buyurdu: «Ya Aişə! Bu Cəbraildi, sənə salam söyləyir». Aişə: «VƏ ALEYHİS SƏLAMU VƏ RAHMƏTULLAHİ – Allahın salamı və rəhməti onun üzərinə olsun» deyə cavab verdim.”

Cəbrayıl salam deyir… Adam az qalır gülməkdən ölsün…

Bunu oxuyanda salyanlı mərhum molla Ağappa yadıma düşdü. O, Allahın Musanı çağırdığını belə danışırdı: “Musa qorxub qaçmaq istəyəndə Allah qışqırdı: Ala, Musa, ala, Musa…”

24. 10. 24, Samara

PEYĞƏMBƏR AİŞƏNİ BOŞAYA BİLƏRDİMİ? YOX… I

Azərbaycan Vikipediyası Aişəni peyğəmbərin “həyat yoldaşı” adlandırır.  Başa düşdünüz? Arvad yox, həyat yoldaşı.

“Həyat yoldaşı” bizə bolşeviklərdən qalıb. Radikal bolşeviklərin fikrincə, ər-arvadlıq insan azadlığına ziddir, qadın kişinin arvadı yox, onun yoldaşı ola bilər. Tovarişş…

Yaradıcılığının son illərində sol ekstremizmə yuvarlanmış Cəfər Cabbarlının “Od gəlini” pyesində ər-arvadlıq yoxdur, qadınlar tam azaddırlar, indi sənin olan arvad bir saatdan ayrı kişinin arvadıdır. “Barmağında nişan üzüyü gəzdrən qadın qulağında damğa gəzdirən inək kimidir” – bunu pyesin qəhrəmanlarından biri deyir. (Sitat dəqiq deyil, çünki pyesi 50-60 il bundan qabaq oxumuşam…)

(İstisna etmək olmaz ki, Cəfər Cafər Cabbarlı bolşevikləri trollayırmış, yəni dolayırmış).

Bolşevizmin yarandığı Rusiyanın özündə “həyat yoldaşı” millət tərəfindən qəbul olunmadı, arvad kişisinə “ər” deyir, ər də arvadına “arvad”…

Azərbaycanlııar çox utancaq millət olduğundan bu “həyat yoldaşı”ndan  elə bərk yapışdılar ki, indiyəcən buraxmırlar. Ancaq utancaq ər “həyat yoldaşı” dediy arvadın, dədəsini, anasını elə söyür ki, ingilis, fransız o söyüşləri eşitsə, qulaqları salxar…

Azərbaycan Vikipediyası Aişənin fövqəladə keyfiyyətlərindən bəhs edəndə guya Buxarinin «Kitabul-fadail əshab» məcmuəsindən sitat gətirir.

“Urva bin əz-Zubeyr belə demişdir: «İnsanlar hədiyyələri Peyğəmbərə (s.ə.s) Aişənin yanında olarkən verməyə çalışırdılar.”

Başa düşdünüz? Peyğəmbərin Aişənin yanında olmağı nə deməkdir? Bu nə Ezop dilidir? Aişə peyğəmbərin arvadı deyil? Necə yəni “yanında olanda”? Aravad çox olduğuna görə növbı ilə yanlarında olur? Hə? Başa düşdük… Adam kimi yazın də…

Bu Urva kimdirsə, Aişənin dilindən danışır: “Qadın yoldaşlarım bundan qısqandıqda Ummu Sələmənin yanına toplaşdılar və: «Ey Ummu Sələmə, bilirsən ki, adamlar hədiyyələrini Peyğəmbərə Aişənin evində verməyə çalışırlar. Halbuki biz də Aişə kimi xeyir istəyirik. Nə olar, Rəsulullaha de, o insanlara hədiyyələrini hansı arvadının evində olsa orda verməyi tapşırsın» — dedilər”.

Burda  dayanaq və tərcümənin dilinə baxaq.

Aişə guya deyir “qadın yoldaşlarım”. Yəni “rəfiqələrim?” Yox, mətni oxuyanda görürsən ki, Aişə Məhəmmədin digər arvadlarını nəzərdə tutur. Yəni günülərini. Bəs Vikipediyada bu məqaləni püjdəyən qırışmal niyə “günü” yazmır? Azərbaycanda hansı qadın başqa qadına “qadın yoldaşım” deyir?

Dalına (mətnin) baxaq. “Ummu Sələmə bunu Peyğəmbərə (s.ə.s) xatırlatdı. Ummu Sələmə dedi: «Mən bunu Peyğəmbərə xatırlatdım. O məndən üz çevirdi. Növbəti dəfə də xatırlatdım. O məndən üz çevirdi. Üçüncü dəfə də xatırlatdıqda o, mənə: «Ey Ummu Sələmə, Aişə barədə mənə əziyyət vermə. Bu bir həqiqətdir ki, Aişədən başqa sizdən heç bir qadının yanında olduğum zaman mənə vəhy nazil olmadı».

Başa düşdünüz? Başqa arvadlarının yanında Məhəmmədə vəhy nazil olmur, Aişənin yanında nazil olur…

Maraqlıdır, Məhəmmədə nə hədiyyələr gətirilirmiş?

Rus Vikipediyasındakı məqalədə Mustafa Erişə istinadla yazılıb: ”Məhəmmədin Aişə ilə yaşadığı evdə mebel əşyalarından yalnız taxt, xurma liflərindən balış, həsir, iki gil kuzə, su birəllisi və dərinkə var idi. Həmçinin lampa var idi ki, onun yağı tez-tez qurtarrırdı və həftələrlə evdə işıq yanmırdı”.

İnandınız? Məhəmmədin sevimli arvadının evində həftələrlə (!) işıq yanmaya? Yəni həsir və məmmədnəsir? Bəs gətirilən hədiyyələr?”

Burda sonra deyilir ki, Aişə özü xəmir yoğurur, paltar yuyurdu. Başqa bir mənbədə Aişənin kənizi boyunbağı qalmaqalında onu xeyrinə ifadə verir…

Boyunbağı qalmaqalı…

Azərbaycan Vikipediyasında oxuyuruq: “Aişə bacısı Əsmadan bir boyunbağı almışdı. Bu boyunbağı səfər zamanı itdi. Rəsulullah (s.ə.s) səhabələrindən bəzilərini, o cümlədən Useyd ibn Hüdeyri də həmin boyunbağını axtarmağa göndərdi.”

Boyunbağı itən yer haradır? Qumluq? Saksaulluq? Peyğəmbər özü göndərib? 

Rus Vikipediyası müxtəlif mənbələrə, o cümlədən Mustafa Erişə istinadla yazır: “Bir dəfə Aişə yürüş zamanı Məhəmmədi dəvə üstündə kəcavədə müşayiət edirdi. Dayanacaqların birində o mirvari boyuncağını itirdi. Bu bəzəyi Aişəyə anası  Umm Ruman onun toyunda bağılamlışdı.  Aişə boyunbağını axtaranda karvan Mədinə sarı tərpənir və Aişənin kəcavədə olmadığından heç kim xəbər tutmur”.

Peyğəmbərin, ali baş komandanın arvadı kəcavədən çıxaraq üz qoyub gedə boyunbağı axtarmağa və bunu heç kim görməyə — buna müsəlmanlar inanırlarsa, bizim kütküyümüz barədə deyilənlər doğrudur…

İngilis Vikipediyası Rodinsona və Rodjersə istinadla yazır: “Məhəmməd və onun ardıcılları Banu Mustaliqə reyd keçirəndə o vaxt 13 yaşı olan Aişəni də özü ilə götürmüşdü. Aişə dəvə üstündəki kəcavədə aparılırdı. Aişənin dediyinə görə, Mədinəyə qayıdan dəstə gecə yolda dincələrkən o özünü boşaltmağa çıxır. Kəcavəyə qayıdanda görür ki, boyunbağısı yoxdur, ona görə getdiyi yerə qayıdır ki, axtarsın. Tapıb qayıdanda görür ki, karvan gedib. Onun dalınca qayıdancaqlarını düşünərək, Aişə qərara alır ki, dayandığı yerdə qalsın”.

“Özünü boşaltmaq”  ingiliscə belədir: “to relieve hersel” – yəni mən olduğu kimi çevirirəm, çünki azərbaycanlılar da bu ifadəni işlədirlər və bəzi yerlərdə tualetə getmirlər, “su başına çıxırlar”. Bu məqalədə həmçinin deyilir ki, ərəb qadınları üçün bu qayda ilə “özünü boşaltmaq” adəti id.

Ancaq yenə sual çıxır: peyğəmbərin, ali baş komandanın arvadı gecə heç kəsin gözünə görünmədən kəcacəni tərk edib gedə bilərdimi? Boyunbağı necə itər? İpi qırılmışdısa, dənələri tökülüb  dağılmalıydı və s.

Bəs bu qurumsaq Safvan ibn Muattal hardan çıxdı? Aişə deyirmiş ki, bu gənc müsəlman hansı səbəbə (hansı səbəbə?) görəsə dəstədən geri qalıbmış,  Mədinə sarı qayıdan zaman yolda elə yerdəcə uzanıb yatan Aişəyə rast gəlir. Və onu dəvəsinə mindirib Mədinəyə gətirir…

Vallah, adamın başı şişir…

İndi baxaq görək Məhəmməd Aişəni boşayardımı və ya boşaya bilərdimi.

Cavab: yox, boşaya bilməzdi…

(ardı var)

23. 10. 2024, Samara

SƏUDƏ BİNT ZƏMA (SEVDA?) HAQQINDA

تخطيط_اسم_سودة_بنت_زمعة

Son illər Vikipediyada İslama aid obyektiv, ciddi islam tarixçiləri, şərqşünaslar tərəfindən yazılmış məqalələri tapmaq çətindir. Nə axtarırsansa, islamçıların özlərinin yazdıqları (bu, yaxşı halda, çox vaxt – qondardıqları) mətnlər çıxır.

Gülməli şeylər çoxdur.

Məhəmmədin  ikinci arvadı ودة بنت زمعة‎, yəni Səudə bint Zəma olub. Azərbaycan Vikipediyasında tənbəllik eləməyib xanımım adını Sevda kimi yazıblar. Bu qayda ilə Məhəmmədi də gərək Məmməd və hətta Mamed kimi yazaq…

“Sevda nədir bilməzdim, O da gəldi başıma…”

Qəribə də olsa, bu mahnı həqiqətən peyğəmbərin Səudəyə evlənmə məsələsinə eyham kimi səslənir. Azərbaycan Vikipediyası yazır: “Məhəmməd peyğəmbər Xədicənin vəfatından bir neçə gün sonra peyğəmbərliyinin onuncu ilinin Şəvval ayında Sevda ilə evlənir.”

Cəmi bir neçə gün sonra…Başa sevda gələndən sonra əlacın nədir? Gərək evlənəsən…

Sonra Azərbaycan Vikisi yazır: “O, yaşca Məhəmməddən böyük idi.”

Elə azərbaycanca Vikipediyaya inansaq, Məhəmməd 571-ci ildə doğulub. Səudə (Sevda) isə 589-cu ildə. Mən hesabdan zəifəm, bilən desin: kim kimdən böyük olur?

Elşad Miri hara baxır?

Azərbaycan Vikisində Səudənin (Sevdanın)  674-cü ildə öldüyü göstərilb və qeyd edilib ki,  xanım “…xəlifə Ömərin hakimiyyətinin sonunda… vəfat etmişdir”.

674-cü ildə Ömər var idi?

İndi rus Vikisinə baxıram, görürəm ki, azərbaycanca məqalə ruscadan götürülüb, nöqtəsinə, vergülünə qədər. Əlbəttə, bütün səhvləri ilə.

Ensiklopedik islam lüğətində (rusca) deyilir ki, Məhəmməd dul qadın olan Səudəyə evlənəndə xanımın 50-yə yaxın yaşı olub…

Mənbələrdə (əksəriyyətinin etibarlılığı şübhəlidir) deyilir ki, Ayişəyə evlənəndə də Məhəmmədin 53 yaşı olub. Deməli, peyğəmbər iki arvadı dalbadal alıb.

Peyğəmbərin Ayişəyə evlənmək tarixi çox maraqlıdır və hətta, açığını desəm, çox gülməlidir. Rus (Allah rusları da dinə-imana gətirsin, dönüb olsunlar müsəlman və o murdar donuz ətini yeyub üstündən zəhrmar arağı içməsinlər) Vikipediyasında oxuyuruq:

“Məhəmməd Səudəyə (azərbaycanca – Sevda) – evlənəndən sonra yuxusunda Cəbrayıl mələyi gördü. Mələyin əlindəki ipək parçanın üzərində Ayişənin təsviri parlayırdı.Cəbrayıl mələk Məhəmmədə dedi: “Həqiqətən də o, yaxın həyatında və axirətdə sənin arvadındır”. Məhəmməd bu yuxunu ikinci dəfə görəndən sonra başa düşdü ki, Ayişə Allahın əmri ilə onun arvadı olmalıdır”.

Vallah, Amerikanın dövlət katibləri kimi Cəbrayıl mələyin də dalı yer görmürmüş, göylə peyğəmbərin yuxuları arasında girinc imiş, bu arvadı alsın, o arvadla aranı düzəltsin…

Vallah, Taleyran-zad yalandır…

(ardı var)

22. 10. 2024, Samara