Архивы

ROBERT BERNS. MƏN GƏRƏK ARVAD ALAM…

Robert Burns

1.

Gərək arvad alam mən, yaxşı ya pis, fərqi nə,

O təki qadın olsun, bu elə bəsdir mənə.

2.

Razı salacaq məni, gözəl olarsa əgər,
Çirkin olsa, zərər yox, gecə fərq elər məgər?

3.

Əgər cavan olarsa, varmı məndən bəxtəvər?

Əgər qoca olarsa, tezcə də ölüb gedər.

4.

Doğarqarın olarsa, sevinərəm nə qədər!

Qayğılarım az olar, doğa bilməsə əgər.


5.
Yaşıl olsun, boz olsun, qara olsun ya da ağ,

Bunun mənə fərqi yox, qadın olsun qoy ancaq.

6.

Vurmağa həvəslisə, qabaqda yaxşı kef var,
Əgər içən olmasa, mənə daha çox qalar.

 

ingiliscədən tərcümə

03.10. 2024, Samara

++++++++++++++++

ROBERT BURNS

Broom Besoms

Buy broom besoms! Wha will buy them now?
Fine heather ringers, better never grew.
1.
I maun hae a wife, whatsoe’er she be;
An she be a woman, that’s eneugh for me.
2.
If that she be bony, I shall think her right:
If that she be ugly, where’s the odds at night?


3.
O, an she be young, how happy shall I be?
If that she be auld, the sooner she will die.
4.
If that she be fruitfu’, O! what a joy is there!
If she be barren, less will be my care.

5.

Be she green or gray; be she black or fair;
Let her be a woman, I shall seek nae mair.


6.
If she like a drappie, she and I’ll agree;
If she dinna like it, there’s the mair for me.

 

ROBERT BERNS. KLARİNDA

Robert Burns

1.

Klarinda, mənim könül xanımım,

Bizim möhlətimiz tükənib gedir.
Bədbəxt də altında dar ağacının

Sonuncu günəşi belə seyr edir.

+

2.

Buzlu və qaranlıq mağarayamı,
Zavallı Silvander indi üz tutar?

Onun sevincinin günəşi hanı? –

Sənsiz nə işiq var, nə də həyat var.

+

3.

Ayrilırıq – fəqət gözlərindəki

İnci damlalara and içirəm mən,

Tutulub durmusan sən nə qədər ki,
İşıq yox yolumu mənə göstərən.

 +

Qadınlar içində gözəl günəşdir,
Xeyirdualayan odur günümü.

Bəlkə ona edim pərəstişi də,

Günəşdən çevirib ona yönümü?

1792

ingiliscədən tərcümə

21.09. 2024, Samara

QEYD:

Klarinda Bernsin 1787-ci ildə Edinburqda tanış olduğu oxumuş qadın Aqnes MakLehouzun götürdüyü təxəllüsdür. Sevgililər bir-birlərini məktublarında “Silvander” və “Klarinda” adlandırırdılar.

 

 

++++++++++++++++++

ROBERT BURNS

Clarinda, Mistress Of My Soul

1.

Clarinda, mistress of my soul,
The measur’d time is run!
The wretch beneath the dreary pole
So marks his latest sun.
Читать далее

ROBERT BERNS. ÖTÜB GETDİ SOYUQ QIŞ…

1.

Ötüb getdi soyuq qış, yaydır indi, nəhayət,

Xırda quşlar oxuyur ağaclara qonaraq.

Sevgiləri uğurlu, qəlbləri şən və rahat,
Mənim sevdiyim məni tərk edib gedib ancaq.

2.

Şəffaf su qırağında itburnu çiçəkləyir,
Arı ya kətanquşu görüb məftun olacaq.

Sevgiləri uğurlu, rahatdır ürəkləri,
Mənim sevgilim məni tərk edib gedib ancaq.

3.

Göydə günəş necəsə, məhəbbətim elədir,
Dəyişməzdir əbdi, etibarlıdır o da,

Onun sevgisi ay tək qalxar, enər sərsəri.

Və təzədir hər ayda.

4

Sevənlər, sevgisindən qurtula bilməyənlər,
Sizin ağrılarımız yaxır qəlbimi oda,

Təcrübəmdən bilirəm nədir dərd, nədir kədər,
Yox şəfa verə bilən buna, əfsus, həyatda.

İingiliscədən tərcümə

16. 09. 2024, Samara

+++++++++++++

ROBERT BURNS


The Winter It Is Past


1.
The winter it is past, and the simmer comes at last,
And the small birds sing on ev’ry tree:
The hearts of these are glad, but mine is very sad,
For my love is parted from me.


2.
The rose upon the brier by the waters running clear
May have charms for the linnet or the bee:
Their little loves are blest, and their little hearts at rest,
But my lover is parted from me


3.
My love in like the sun in the firmament does run —
Forever is constant and true;
But his is like the moon, that wanders up and down,
And every month it is new.


4.
All you that are in love, and cannot it remove,
I pity the pains you endure,
For experience makes me know that your hearts are
full of woe,
A woe that no mortal can cure.

ROBERT FROST. QIŞ ƏDƏMİ

robert-frost

A WINTER EDEN

Bu qızılağaclığın qış bağı cilvəsi var,

Burda gün işığında dovşanlar oynaşırlar.

Dünyamızda cənnətə burdan yaxın yer hanı,

Burda qarlar ərimir, ağaclar xumarlanır.

 +

Qar xalça üstündəki  bu adicə varlığı,

Bir mərtəbə qaldırır torpaqdan Ədəm bağı.

Qaldırır baş üstdəki təmiz göylərə sarı,

O yerdə ki bildirki meyvəciklər qızarır.

 +

Qayışbaldır, qarnıac heyvanı da qaldırır,

Bu ali ucalıqda nə yeyilsə, dadlıdır.

Cavan ağacın sütül qabığında diş yeri,

Çevrələnib nişan tək qalxımına illərin.

 +

Ədəmdə toy çalınmaz, nikahlar sona varar,

Sevgiylə yox, dostluqla quşlar qatarlanırlar.

Boyun əyib baxırlar dolan hər tumurcuğa –

Hansı çiçək açacaq, hansı yarpaqlanacaq?

 +

Daha quşlar çəkildi, daha günəş də batdı,

Ədəm bağında günün ömrü iki saatdır.

Qışda elə tez gedir saatların öz ömrü,

Deyirsən oyanmağa, çalışmağa dəyərmi.

 

     “WEST-RUNNING BROOK” kitabından. Tərcümə: aprel 2008, Samara

ROBERT FROST. HƏMİNƏM, ÖZÜMƏM

robert-frost

İNTO MY OWN

Istərəm bu donuq, bu ulu meşə,

Qaranlıq pərdəyə tutulu meşə,

Olmaya sadəcə zülmətə surət,
Taleyin yoluna yönələ fəqət.

+

Gec-tez bir gün gələr, mən də axırı,

Əvvəli görünməz düzə çıxaram.

Açılmaz qarşımda üfüq ha gedəm,

Qumu təkər izli yol da görmərəm.

+

Axı nədən ötrü geri dönüm mən,

Xiffətimi çəkən, məni dost bilən,

Özü düşər izə, məni haylayar,

Və görər qəlbimdə hələ yeri var.

+

Görər ki, mən həmin adamam, amma,

İnamım çoxalıb inandığıma.

ingiliscədən tərcümə

19.07. 2023, Samara

ROBERT FROST. MUZDURUN ÖLÜMÜ

                                    
Meri tək oturub, önündə çıraq,

Ərini gözləyir. Addım səsini,

Eşidib tez keçir toran dəhlizi,

Ərini qapıda qarşılamağa.

Deməyə sözü var: “Saylas qayıdıb”.

Uorren girən tək Meri qapını,

Bağladı dalınca. “Mərhəmətli ol”.

Alıb bazarlığı onun əlindən,

Qoydu artırnaya. Pilləkən üstdə,

Oturub ərini çəkdi yanına.

 

“Ona son biçində demədim ki mən,

Birdəfəlik gedir, əgər gedirsə?

Nəyə gərəkdi ki? Kim yiyə durar?

O yaşda işçidən nə xeyir gələr?

Elə düşünürdü qazandığı pul,

Tütünə çatırsa, elə bəsidir.

Demək bir adamdan asılı deyil.

Yoxdur ehtiyacı yəni heç kəsə.

“Yaxşı,”- dedim ona, “mənim də aylıq

Verməyə gücüm yox, lap istəsəm də”.

“Başqaları verir”. “Get onlardan al”.

Belə başlamaqla bilirdin kimsə,
Onu azdırır ki, qəpik-quruşla,

Getsin biçin vaxtı, qaynayanda iş.

Qışdasa qayıdır. Yox, daha bəsdir.

“Ss!”- dedi Meri. “Eşidə bilər”.

“Eşitsin. Onsuz da gec-tez biləcək”.

“Üzülüb. Sobanın yanında yatıb.

Yazıq görkəminə baxıb üşündüm,

Yox, gülmə, mən onu tanımadım da.

O gedən haçandı – yaman dəyişib.

Özün görəcəksən

 

“Hardaymış deyir?”

 

“Demir. Çəkib onu mən evə saldım.

Çay verdim, siqaret təklif elədim.

Danışmaq istəmir öz işlərindən,

Nə desən, başını yelləyir elə.

“Nə danışdı axı? Heç nə demədi?”

 

“Çox az”.

 

“Hər nə. Meri, gizlətmə, yəqin,

Deyib şumlamağa gəlib çəməni”.

“Uorren!”

 

Hə? Bilmək istəyirəm mən”.

 

“Əlbəttə dedi, bəs nə gözləyirdin?

Qınama qocanı, kişi bu yolla,

Saxlamaq istəyir ləyaqətini.

Üstəlik o dedi əgər istəsən,

Təmizlər yuxarı otlağı da o.

Hə, bunu qabaq da eşitmişən sən?

Özün eşidəydin, Uorren, gərək,

Necə dolaşırdı. Hərdən özüm də,

Çaşırdım, elə bil sayıqlayırdı,

Yuxuda görürdü Harold Vilsonu –

Dörd il bundan qabaq, yadındadırsa,

Biçinə tutmuşdun bu oğlanı sən.

İndi müəllimdir öz kollecində.

Onu da qaytarmaq istəyir Saylas,

Deyir əla olar bir işləsələr,

Deyir çıçəklənər ferma da onda.

Çox söz danışırdı. Deyirdi Vilson,

Lap yaxşı oğlandır, kitablar ancaq,

Ağlını çaşdırıb. Bilirsən iyul

Qızmarında necə işləyirdilər.

Yabayla ot atır Harold durmadan,

Saylas arabada komalayırdı.

 

“Hə, mən yaxına da getmədim onda”.

 

“Saylasın o vaxtdan qəlbi inciyib.

Bəs nə? Gör necə də dəyişir hər şey!

Harold dəyib ona təkəbbürüylə.

Mübahisələri çoxdan olsa da,

O, təzə dəlillər axtarır, tapır.

Özümdən bilirəm, necə ağırdır,

Vaxtında verməmək düz cavabları.

Haroldun latını ona od qoyub.

Mənə danışdı ki, Harold deyirmiş,

Latını öyrənib skripka kimi,

Yəni məhəbbətlə — arqumentə bax!

Deyir Harold ona inanmayıb ki,

Yerdə su tapır o, qoz budağıyla.

Bu da sənə kollec, bu da kitablar.

Bu heç, onun ən çox arzuladığı
Budur ki, yaransa təzədən imkan,

Ona öyrədərdi taya vurmağı — ”

 

“Bilirəm, bu işdə Saylasa tay yox.

Taya yox, elə bil xalça toxuyur,

Hələ hər komadan nömrə də asır,

Belədə asandır tapıb boşaltmaq.

Hə, Saylas bu işin sənətkarıdır.

Komanı qaldırır quş yuvası tək.

Elə bil tayanın üstdə durmur o,

Qalxır, qaldırınca yükü yabayla”.

 

“İstəyir Haroldu öyrədə, bəlkə,

Kiminsə işinə yarıdı o da.

Uşağı kitablar deyir zay edib.

Yazıq özgələrin fikrini çəkir,

Tərifli heç nə yox öz keçmişində,

Nə də gələcəyi ümid doğurur.

İndi ya həmişə — nə fərqi var ki”.

 

Qərbə yuvarlanır aypara, göyü,

Sanki təpələrə doğru çəkirdi.

Qucağına axan ay işığına,

Açdı döşlüyünü, sonra əliylə

Saplağı, yarpağı, kökü də şehli,

Sarmaşıqlara bir sığal çəkərək,

Arfa simlərində çaldı elə bil,

Ərini də saran zərifliyi o.

”Uorren, o evə ölməyə gəlib,

Qorxma atıb gedər yenə də işi”.

 

“Evə!

Bəli, evə. Bəs evi deyil?

Mənası bir deyil ev sözünün də
Heç nəyimiz deyil, düzdü, necə ki,

Meşədə təqibdən cana duyaraq,

Qaçıb tazı gedir yad qapıya da”.

 

“Ev elə yerdi ki, bura gələndə,

Səni buraxırlar”.

“Məncə hər kəsin,

Evə hüququ var – bu, tanrıdandır”.

 

Qalxıb bir az getdi Uorren, birdən,

Dayanıb xırda bir çubuğu yerdən,

Götürdü, sonra da sındırıb atdı.

“Deyirsən Saylasa qardaşından da,

Biz yaxınıq? Cəmi on üçcə mildir,

Burdan qardaşının qapısınacan,

Yəqin Saylas bu gün bundan çox gəzib.

Niyə bəs getməyib? Qardaşı varlı,

Həm də vəzifəli – bank direktoru”.

 

“O bizə deməyib”.

 

“Biz ki bilirdik”.

 

“Qardaşı, əlbəttə, gərək əl tuta.

Çəkib yanına da apara, əgər

Ehtiyac olarsa. Bəlkə elər də —

Bəlkə o əslində pis adam deyil.

Sən özün Saylasa mərhəmətli ol.

Axı qardaşıyla fəxr eləsəydi,

Ya kömək umsaydı, bəs niyə bizə,

Ondan danışmayıb indiyə qədər?”

 

“Bəlkə araları dəyib”.

 

“Saylasın

Xasiyyəti budur. Biz heç, özgəyik,

Qohumlarsa sevmir belələrini.

Tikansız balıqdır. Özü də bilmir,

Onun nəyi pisdir başqalarından.

Istəmir, əlbəttə, kasıb da olsa,

Xəcalətli olsun qardaş yanında”.

 

“Saylas bir adamı incidən deyil”.

 

“Mənsə çox incidim görəndə necə,

Stulun tininə başını çırpır.

Qoymadı kürsüdə çəkib oturdam.

Bir özün baxaydıın, gör nə haldadır.

Yerini salmışam mən içəridə.

Baxsan, tanımazsan – çox əldən düşüb.

Çətin bir də işə yata əlləri”.

 

“Bunu bilmək olmaz. Hələ baxarıq”.

 

“Bir söz demirəm ki. Sən get özün bax.

Bir şeyi unutma, Uorren, ancaq,

O gəlib şumlasın bizim çəməni.

Onun planı var. Sən ona gülmə,

Onda ürəklənib özü danışar.

Mən də baxım görüm bu xırda bulud,

Aya toxunacaq, ya yox”.

 

Toxundu.

Sonra toranlıqda üç oldu onlar,

Ay, gümüşü bulud, bir də ki Meri.

Uorren tezliklə qayıtdı, onun,

Əlini ovcuna alıb oturdu.

 

“Uorren, nə olub?”

“Ölüb”,- dedi o.

 

 

Şer “North of Boston” toplusundandır.

Azərbaycancaya tərcümə — aprel 2008, Samara.

 

  

   

 

 

ROBERT FROST. DEMİURQUN GÜLÜŞÜ

 

   (THE DEMİURGES LAUGH)  

 

Düşüb Cinin izinə mən sevinclə qaçırdım,

Meşənin ağ qaradan seçilməyən yerində,

Hərçənd inanmasam da bu ruh əsl tanrıdır.

Öləziyib gedirdi son incə şölələr də,

Bir səs gəldi qəfildən – qəlbim, ruhum istəyən,

İllər keçir, unuda bilmirəm o səsi mən.

 

Öndə yox, dalda dinən yarıyuxulu səsin,

Ahəngində açıqca istehza duyulurdu –

Dünya vecinə deyil sanki səs yiyəsinin.

Sarsıldı meşə və Cin qəhqəhə çəkdi durdu,

Gedə-gedə silirdi gözlərinin çirkini,

Yaxşıca anlayırdım  mən də Cinin fikrini.

 

İndiyəcən unuda bilmirəm o gülüşü,

Öz gözümdə gülüncdüm belə tutulmağımla,

Yerişimi də qəsdən yavaşıtdım düşünsün,

Nəsə axtarıram mən içində yarpaqların.

(Nahaq yerə — çətin ki o dayanıb baxaydı.)

Ağac altda oturdum sonra uzun-uzadı.

 

(“BOY’S WILL” kitabından)

Robert FROST. ASTROMETAFİZİK ŞEİR

           robert-frost.jpg                                       

(ASTROMETAPHİSİKAL)

 

Sevirəm göyünü, tanrım,

Xeyriylə, ziyanıyla.

Tutqun ola, ya da nurlu,

Coşa, ya həlim ola.

 

Göz dikməkdən göyə sarı,

Zəflədim, büdrədim.

Xəcil oldum mən, aylarla,

Əldə ağac yeridim.

 

Tanrım, sənə itaətli

Göyün yeddi qatının

Hər birinə məhəbbətim
Gərək mükafatlana.

 

Heç də ümid bəsləmirəm

Dünyamı dəyişəndə

Bürc kimi göy qübbəsində,

Asılacaq başdərim.

 

Ola bilsin fəxrə, ada,

Tamahlı sanılaram –

Aşağı yox, mən hər halda

Yuxarı yollanaram.

İngiliscədən tərcümə

2000-ci illər

Samara

 

 

Robert Frost. QUM DYUNLARI

    (SAND DUNES)

 

Dəniz dalğaları yaşıl.

Ancaq onlar ölən yerdə,

Baş ucaldar başqaları –

Bunlar bozdur, quru həm də.

 

Şəhər sarı nizamlayan,
Dənizdir bu dalğaları.

Deyir ona basılmayan

Bəlkə qumda basdırılar.

 

Bəlli deyil ona insan,

Dərinlərə bələdsə də.

Ha qıraqdan dağıdasan –

Yenilməzdir insan içdə.

 

İnsan dözər batsa gəmi,

Daxması da batsa dözər.

Qılaf azsa nə qədər ki,

Ruh azaddır bir o qədər.

 

 

 

 

Robert FROST. SONUNCU BİÇİN

robert-frost     

Robert FROST

(1874-1969)                                     

    (THE LAST MOWING)

Uzaq çəmən adlı yerdə, deyirlər,

Daha olmayacaq bu ildən biçin.

Güya kənd içində söz qoyulub ki,

Bir də o çəmənə kimsə getməsin.

Eləsə dincələr güllərin canı,

Dəryazın olmazlar bir də qurbanı.

Mənim ayrı şeydən qorxum indi çox,

Görsə ki, bu yerdə indi biçin yox,

Meşə təzə eşqlə törəyib artar,

Yiyəsiz çəmənə doğru üz tutar.

Məni ağaclardır narahat edən,

Çiçəklər açılmaz kölgələrində.

Yoxdur adamlardan təhlükə indi,

Otu indən belə çalmayacaqlar.

Bu çəmən hələlik əlimizdədir,

Sevdalı çiçəklər, zaman sizindir.

Boy atın arxayın, sizin qoxunuz,

Rənginiz o qədər mənə əzizdir,

Bir-bir adınızı çəkməsəm olar.

 1900 ya da 1901-ci il

Ingiliscədən tərcümə

2000-ci illərin əvəli, Samara