Архивы

UİLYAM ŞEKSPİR. 128-Cİ SONET

Sonnet_128_1609.jpg

                How oft when thou, my music, music play’st

Elə ki, çalırsan, könlüm nəğməsi,

Gəzərək bəxtəvər taxta dilləri,
İncə barmaqlarla, simlərin səsi,

Qulağımı deyil, qəlbimi dəlir.

+

Görəndə canımı yandırır həsəd,

Dillər necə öpür ovuclarından,
Mənim dodaqlarım nemətə həsrət —

Qızarır onların açıqlığından.

+

Sənin əllərinlə belə oxşanan,
Dillərə dönəydi dodaqlarım da,

İncə barmaqların dəyib toxunan,
Ağacda bu təmas həyat oyadır.

+
Eləsə, barmaqlar olsun onların,

Mənəsə ver öpüm dodaqlarını.

İngiliscədən tərcümə

23-24.04.2018

Samara

UİLYAM ŞEKSPİR. 127-Cİ SONET           

sonnet 127.jpg

                   In the old age black was not counted fair…

 

Gözəl sayılmazdı qabaq qara rəng,

Gözəl deməzdilər, gözəl olsa da.

Gözəlliyyə varis qaradır hərçənd,

İndi gözəlliksə alır bic adı.

 

Təbiət işinə əl atır hər kəs,
Gözələ döndərir çirkin olanı.

Nə adı var əsil gözəlliyinsə,
Nə evi, yaşayır batıb böhtana.

 

Sevgilimin gözü buna görə də,
Qırğı tək qaradır, yas tutar belə,
Gözəl doğulmadan gözəllənərək,
Ləkə gərtirənə əsil gözələ.

 

               
                            Ancaq ona elə yaraşır bu yas,

                           “Əsil gözəl budur” söyləyir hər kəs.

 

İngiliscədən tərcümə

22.04.2018

Samara

      UİLYAM ŞEKSPİR. 126-CI SONET

sonnet 126.jpg

   O thou, my lovely boy, who in thy pow’r
Sənin hökmündədir, sevimli oğlan,
Dəyişkən aynalı, oraqlı zaman.

+

Səni ötən illər çiçəkləndirir,

Sənin sevgilinsə saralıb gedir.

+
Fənalıq tanrısı təbiət  əgər,

Səni, yaş gedirkən, çəkib geriyə,

+

Saxlayırsa, deyir gücü zamanı,
Rüsvay edə bilər, öldürər anı.

+

Qorx bu təbiətdən, inci bilsə də,
Səni, saxlamaz o ancaq əbədi.

+

Ondan da hesabat istəniləndə,
Zamana borcunu ödər səninlə.

İngiliscədən tərcümə

21-22.04.2018, Samara

QEYD: Bu şeir yalnız şərti olaraq sonet sayılır; üç katrendən və yekun beytindən ibarət olanş Şekspir  sonetlərindən fərqli olaraq, 126-cı sonet 6 ikilikdən ibarətdir.

 UİLYAM ŞEKSPİR. 125-Cİ SONET

sonnet-125.jpg
          Were’t ought to me I bore the canopy

Çiynimə alaraq taxt-rəvanı,

Ehtiram göstərsəm, bunda nə önəm?

Özüllər ya qoyam uzaq zamana,

Bilirkən xaraba qalacaq hökmən.

 

Görmüşəm görkəm və cəlal sevənlər,
Sərvət itiriblər bu ehtirasdan.

Sadədən yayınan miskin bəxtəvər.
Ləzizə xərcləyib nəyi vardısa.

 

Ver mənə qəlbində həqiranə yer,

Sadə və səmimi hədiyyəmi al.

Nə saniyə sayar, nə hiylə bilər,
Ancaq əvəz kimi özünü qaytar.

                            

                          Muzdlu xəbərçi, get! Sadiq insanı,

                         Gözdən sala bilməz sənin böhtanın.

İngiliscədən tərcümə

21.04.2018

Samara

UİLYAM ŞEKSPİR. 124-CÜ SONET

sonnet 124.jpg

          If my dear love were but the child of state…

Əgər inci sevgim təsadüflərin,
Övladı olsaydı, bic sayılarıdı.

Görərdi yaxşını, dadardı pisdən,

Gah alaq adlanar, gah gül olardı.

 

Heç də yaranmamış o, təsadüfən,

Cəlala baş əyməz, zərbəsi altda,
Gözdəndüşmələrin əyilər nə də —

Bu da ki, dəbdədir indiki vaxtda.

 

Qorxmaz siyasətdən — bu saat, indi

Xeyrini həmişə güdən hoqqadan.

Özü siyasətdə mətin; istidən,

Nə artar, məhv edər nə də ki, leysan.

 

                           Dünyada kütlərə bu, dərsdir: ömür,

                           Kimə cinayətsə, şərəfdir ölüm.

 

İngiliscədən tərcümə

20.04.2018

Samara

         UİLYAM ŞEKSPİR.  123-CÜ SONETİN İKİ TƏRCÜMƏSİ

sonnet 123.jpg

123-CÜ SONET (HECA İLƏ)

        No! Time, thou shalt not boast that I do change...

Zaman! Öyünmə ki, mən dəyişirəm.
Bu təzə vüsətli ehramlarında,

Görmürəm mən heç nə təzə, qəribə;

Köhnədir, dəyişib təkcə bayırdan.

+

Ömrümüz qısadır, ona görə də,
Köhnə nə göstərsən elə heyranıq,

Guya xülyamızdan indi törəyib,

Bilsək də əslində haçan yaranıb.

+

Nə səni sayıram, nə salnaməni,
Nə keçmiş maraqlı mənə, nə indi.

Gördüyümüz yalan, yazılan yalan,

Az-çox önəmlisə — tələsdiyindən.

+

                    Həqiqət andını pozmaram ancaq,

                   Üstümə gəlsən də əlində oraq.

İngiliscədən tərcümə

18.04. 2018

Samara

123-CÜ SONET (əruzla)

                   No! Time, thou shalt not boast that I do change.

                   Thy pyramids built up with newer might

Mənim dəyişməyimlə heç də sən öyünmə, Zaman!

Yeni cəlalla sənin tikdiyin ehramlarda,

Görmürəm heç nə yeni, heç nə təəccüblü olan,

Əski görüntüdür onlar təzə paltarlarda.

+

Gətirər vəcdə hər insanı qədim varsa nəyin,

Çünki insanın öz ömrü qısadır dünyada.

Zövqə, istəklərə uyğun sayırıq köhnəliyi,

Köhnə təsvirlərisə onların çıxır yaddan.

+

Yox nə keçmişdə, nə  də indidə heyrət doğuran,

Və məni qorxuda bilməz sənin yazın-hesabın.

Yazılanlar da yalandır və nə görsək də yalan,

Tələsən, titrəyən əlinlə, bil, onlar yaranıb.

+

      Mənsə and içmişəm və pozmaram öz andımı mən,

      Nə qədər, hər necə sən dünyanı alt-üst edəsən.

İngiliscədən tərcümə

06.10.2016

Samara

UİLYAM ŞEKSPİR. 122-Cİ SONET

sonnet-122.jpg

     Thy gift, thy tables, are within my brain

 

Verdiyin hədiyyə, o dəftər ki, var,
İndi beynimdədir, xatirə dolu.

Fövqündə bu vecsiz yazımın qalar,
Gedər zamanların sonuna doğru.

 

Ya da ki, ürəyim, beynim təbiət,
Qoyan qayda ilə yaşayanacan.

Hələ ki onlardan çatanda möhlət,
Sənin xatirəni silməyib zaman.

 

O xırda dəftərin tutduğu nəydi,
Niyə də sevgini qeydə alasan?
Niyə saxlayaydım o gündəliyi? –

Ürək yaddaşında sən daha çoxsan.

 

                          Səni yada salan nəsə saxlamaq,
                          Unutqanlığımı göstərər ancaq.  

İngiliscədən tərcümə

18.04.2018

Samara

QEYD: Bu sonetdə şair sevimli gəncin ona birgə olduqları vaxtı yazmaq üçün verdiyi qeyd dəftərini (“tables”) atdığına ya itirdiyinə belə bəraət qazandırır ki, onun yaddaşı hər hansı dəftərdən etibarlıdır.

UİLYAM ŞEKSPİR. 121-Cİ SONET

 

Sonnet_121_1609.jpg   

                      Tis better to be vile than vile esteemed

Rəzil sayılmaqdan rəzillik üstün,

Əgər qınanırsan rəzil olmadan.

Rəzalət olursa sadə ləzzətin,
Duyğumuzla deyil, gözündə yadın.

 

Zinakar gözləri özgənin nədən,

Qıyılır eyhamla qızanda qanım?

Sürüşkənliyimi güdür sürüşkən,

Yaxşı bildiyimi qəbahət sanır.

 

Mən – mənəm, pozğun tək kim məni qınar,

Öz günahlarını açır elə bil.

Bəlkə də düz mənəm, əyrisə onlar,
Mən əyri arşınla niyə ölçülüm?

                     

                    Kim deyir ki, hamı günaha batıb,

                    Günahla özünün keçir həyatı.  

İngiliscədən tərcümə

16-17.04.2018

Samara

UİLYAM ŞEKSPİR. 120-Cİ SONET


sonnet 120      

                              That you were once unkind befriends me now

Pis olub yaxşı ki, sənin rəftarın,

Verdiyin əzabdan yox incikliyim..

Yoxsa günah yükü  məni yıxardı,

Axı sinirlərim mis, bürünc deyil.

+
Cəhənnəm çəkərsən, günahım əgər,
Sarsıtsa, sən məni sarsıdan sayaq.

Tiranam, macalım yoxdur ölçməyə,       

Necə ağrıtmısan məni haçansa.

+

Ah, yada salsaydı hüzn gecəmiz,

Ağır, həqiqi qəm necə sarsıdır.

Sən mənə, mən sənə nəvazişlə tez,

Məlhəm içirərdik, qəlb yarasıından.

+

           Ödənişə dönür günahlar indi,       

          Sən də mənim kimi əvəz ödədin.

İngiliscədən tərcümə

16.04.2018

Samara

UİLYAM ŞEKSPİR. 119-CU SONET

sonnet 119

  What potions have I drunk of siren tears

   Cəhənnəm suyu tək zəhər, öd dadan,
Nə qədər içmişəm Siren göz yaşı.

Qorxu içində gah, ümidli gah da,

Qələbə yaxınkən, mən uduzmuşam.

+

Fəlakət törətdi ürək nə qədər.

Özünü bəxtəvər saydığı zaman.

Gözlərim çıxırdı hədəqəsindən,

Bu qızma ağlımı alanda başdan.

+

Ah, şərin xeyiri! Anladım ki, şər,
Yaxşını daha da yaxşılaşdırar.

Ölüb gedən sevgi cana gələrsə,

Daha gözəl olar, gücü də artar.

+

                  Xəcil qayıtdım öz səadətimə,
                 Qazancım itkimdən artıq üç dəfə.

                        

İngiliscədən tərcümə

14-15.04.2018

Samara

QEYDLƏR:

1.118-ci sonetin davamıdır.

2. Siren — qədim yunan mifologiyasında yarı quş, yarı qadın olan varlıqdır ki, nəğməsi iləgəmiləri təhlükəli sulara aparır.