Архив тегов | Alim Qasımov

AH, SEVGİ ŞEİRLƏRİ…

2021 лето

Ah, nə ola ki, gələ,

Mənə elə bir ilham,

Qələmi alıb ələ,

Sevgidən şeir yazam.

 —

Yatmayam uzun gecə,

Yazam şam işığıyla,

İsladam neçə-neçə

Vərəqi göz yaşıyla.

 —

Ya qoşma Vaqif sayaq,
Ya Füzuıi tək qəzəl.

Vəzni taraz, cağbacağ,
Qafiyələri gözəl.

 

Yazam “kirprikləri ox”,

“Bel nazik, sinə meydan”,

Yazam iztirabım çox,
“Usanmışam canımdan”.

 — 

Sübh çağı şeir bitə,
Nöqtəsini qoyam mən.

Son bənddə ya beytdə,
Təxəllüsüm də hökmən.

 — 

Dərhal xəbər tutalar,
Şeirdən xanəndələr.

Alim Qasımov hətta,
Neçə adam göndərə.
 

Toylarda, AzTv-də,
Oxuna həftəbaşı,

Eşidib neçə evdə,
Axıdalar göz yaşı…

 —

Ah, nə ola bir anlıq,
Tanrımın qüdrətiylə,
Qayıdaydı cavanlıq —

Bəsimdir bu an elə.

 —

Ötəri bir baxışdan,
Yenə də diksinəydim.
Mənə bu baxış o an,
Heç yönəlməsəydi də…

 —

Nə qoşma, qəzəl nə də,
Yazardım o baxışdan.

Əzizlər, gəzdirərdim,
Ürəyimin başında…

 28. 07. 2022, Samara

 

HACIBABA HÜSEYNOV: ONDA JAN QABENDƏ, BERT LANKASTERDƏ OLAN KİŞİ GÖZƏLLİYİ VƏ MƏLAHƏTİ VARDI…

HACIBABA HÜSEYNOV

Hacıbaba Hüseynovu bir  dəfə yaxından gömüşəm. Keçən əsrin yetmişinci illərinin ortasında yay sessiyası vaxtı təsadüfən Yasamalda bir məhəllə toyunun yanından keçirdik. Küçədə yekə kənd toyxanası qurulmuşdu. Çox ertə idi. İçəridə adam az idi, çoxu da gənclər və uşaqlar: tum çırtlayan kim, dondurma soran kim…İş yaşında olan gənclərin üzləri  ya ağır əməkdən, ya anaşadan, ya qıt və keyfiyyətsis yeməkdən və ya bunlraın hamısından təbii rəngini itirmiş, bozarmışdı.Toy yəqin ki, kasıb toyu idi və yığılanlar da zəngin deyildilər. Ancaq burda bir nəfər oturuşu, baxışı, ədaları ilə rəiyyətini yoxlamağa çıxmış padşaha oxşayırdı.

Bu adam müğənni Hacıbaba Hüseynov idi. Yanında da Ağasələim Abdullayev. Tarzən də padşahın yanında əyana bənzəyirdi…

Hacıbaba Hüseynov elə şahanə oturmuşdu ki, elə ləyaqət göstərirdi ki, bu kasıb toyxanada yaranan əzəmətə böyük konsert salonları həsəd apara bilərdilər…

Hacıbaba Hüseynovda Jan Qabendə, Bert Lankasterd olan kişi gözəlliyi və məlahəti vardı. O da müxtəlif keşməkeşlər səbəbiylə sosial dibə ensə də, ləyaqətini saxlayan, qadınları bir anda məftun edən, onlarla qalant, şahanə rəftar edən və bu kübar rəftarla ən düşgün qadında belə şəxsi ləyaqət duyğusu oyadan nadir kişilərin rolunu oynaya bilərdi. Təəssüf ki, Azərbaycanda kinematoqraf yoxdur…

Azərbaycanda ssenarini prezidetən doyub-dolanmadan pul, ev istəyən Ramiz Rövşən yazır. Belə şərəfsiz adamın yaratdığı kişi surətində hardan ləyaqət olar?

Siz Hacıbaba Hüseynovun şəkillərinə baxın. Necə geyim zövqü varmış! Hələ sovet dövründə necə eleqant paltolar, plaşlar tapırmış! Şlyapa başında necə oturur!

Mən son vaxtlar Hacıbaba Hüseynovun yazılarına qulaq asıram, toyda yazılanlara da. Həmişə məni güldürən bəy tərifini də Hacıbaba Hüseynov elə şirin, elə ürəkdən oxuyur ki, gözlərimdən yaş axır…

Alim Qasımovun ifasında çox məziyyətlərin mənşəyi Hacıbaba Hüseynovun sənətindədir. Hacıbaba sənətə heçyerdən gəlib, yəni öz oxu üslubunu özü yaradıb, ondan əvvəlki müğənnilərin içində eləsi yoxdur ki, deyəsən Hacı ondan nəsə öyrənib. Ancaq Hacının məktəbi var. Alim Qasımov başqa olmaqla çoxlu tanınmış müğənni bu məktəbin şagirdidir.

Hacıbaba Hüseynov şeir vurğunu olub, əruzlu şeiri hamıdan yaxşı bilib, yəni sinədəftər olub, özü də yazıb. Düzdür, Hacının yazdığı şeirlər onun vokalı səviyyəsində deyil, ancaq indiki müğənnilər üçün Hacının poeziyaya münasibəti örnək olmalıdır.

Yasamal toyu yadımdan çıxmır. Hacı şahanə oturuşuyla gözümün qabağındadır. Yəqin Napoleon Lonqvudda sürgündə olarkən beləcə ləyaqətini saxlayırmış.

Xatirən önündə baş əyirəm, sənətkar!

Xeyrulla Xəyal

26.02. 2021

KONSERVATORİYA-MANISERVATORİYA

Azərbaycanda milli konservatoriyanın yeni binasının açılışı olub. Konservatoriya həm də şadlıq sarayıdır. Bundan sonra manıs professorlar və onların manıs tələbələri toya çağırılanda konservatoriyanı atıb dağa-düşməyəcəklər. Toyların yaxşıları elə konservatoriyada keçiriləcək. Alim Qasımov İlham Əliyevdən xahiş  edib ki, «konservatoriy»a sözü «manıservatoriya» sözü ilə əvəz edilsin.

ALIM QASIMOV VƏ FREDDİ MERKURİ

Əgər Alim Qasımovun otuz il bundan  çəkdirdiyi şəkli Freddi Merkurinin elə o vaxtlar çəkilən şəkilləriylə yanaşı qoysaq, onların nə dərəcədə oxşadıqlarını görərik, Freddi ancaq bədəninin iriliyiylə fərqlənir. Diqqətlə qulaq assaq, bu iki böyük müğəninin səslərinin də təəccüblənidirici dərəcədə bir-birinə oxşadığı aydın olar…

ŞİRVAN ŞİKƏSTƏSİ

           

Ötən sentyabrın əvvəlində Azərbaycandan qayıdanda qatarın qalxmağına lap az qalmış vağzalın ətrafında o yan-bu yana baxıb musiqi satan bir köşk gördüm və tələsik qaçıb özümü darısqal və üstəlik də tərli adamlarla dolu dükana saldım və ortada durub alıcılara şirin-şirin dillər tökən satıcıdan soruşdum: “Alim Qasımov var?”  “Var. MP 3-dür. Götürürsən?” “Götürürəm!”

Bir gün qabaq şəhərin mərkəzində Səkinə İsmayılovanın yazısını alanda mənə “siz” demişdilər… Cəhənnəm olsun etiket, böyük-kiçiklik, mən iki gün Bakı-Tümen qatarıyla yol gedəcəkdim, bu qatarın pillələrini qalxan kimi elə bil insan adı üstündən götürülür… Əlimdə Alim Qasımovun diski dükandan çıxanda vağzalda yarıac çaqqal sürüsü kimi vurnuxan bilet alverçiləri və puldəyişənlərə də fikir vermirdim. Məndəki ruh yüksəkliyini yəqin ki yalnız Misir ehramlarından oğurluqla və min zülmlə dırnaq boyda qoparıb özüylə aparan xarici turistlər yaşayırlar. Ancaq mən xarici ölkə vətəndaşı olsam da, ana yurdumdaydım və ölkənin ən yaxşı səsindən öz halal payımı aparırdım…

Neçə aydan bəri “Şirvan şikəstəsi” başımdan getmir…

Bu şikəstəyə ürəkdən, qulaq dolusu yox, ürək dolusu qulaq asmaqçın elə gərək ölkədən çıxasan, heç olmasa bir neçə günlüyə, yurdda elə yer tapmazsan ki, bu şikəstəni eşidəndə göz dolusu, ürək dolusu ağladığın bilinməyə, özünü tox tutub ağlamasan da, rəngin avazıyacaq, gözlərin düşəcək çuxura. Həm də gərək qəriblik çəkəsən, çünki Şikəstə əvvəldə qəriblik çəkənlərin dərdini deyir. Həngaməni balaban başlayır – astadan, zümzümə kimi, bu hələ ağlama deyil, ağlamsınmadır. Alim də astadan bayatı çağırır: “Əizim arxa haray… İgid qərib ölkədə…” İgidin qərib ölkədə nə işi var? Yoxsa mərdi qova-qova…? Burasıyla işimiz yoxdur… Sonra səsin istisi artır, istiləndikcə kövrəlir. “Əzizim Ərzruma… Yol gedir Ərzruma…” Hər azərbaycanlının öz Ərzrumu var, gedə bilməyənlərin də gözləri yoldadır. “Dəvəsi ölmüş ərəbik, Dözərik hər zülümə…” Gərək “zuluma” deyəydi, ancaq bu yerdə Şikəstə qalxıb gedir, Şikəstə çağiranı nəinki ev-eşik, hətta yurd da, ölkə də tutmaz, o gərək macərasını deyə-deyə baş götürüb gedə, Məcnun əhvalatı yalandır ey… Ancaq şikəstəçi hələ öz dərdini demir, özgə macərasını danışır. ”Mənim bu aləm içrə bir qara gözlü nigarım var…” Bu, qəzəldir. Ya zəif tərcümədir ya da elə o cür təqliddir – “Məni candan usandırdı…” qəzəlinə, həmin bəhrdədir, ona görə şikəstəylə uyuşur, şikəstəçi qəzəli əruz kimi yox, aşıq gəraylısı kimi oxuyur. Ancaq Şirvan şikəstəsinki qoşmadır, əruz-gəraylıdaki nəfəsdərmələr ölçüsüz olanı, ölçüyə gəlməyəni ölçüyə salmağa çalışır. Ancaq səsin də hərarəti get-gedə artır və Şikəstəçi qəzəli bitirib yenə bayatı çağırır, bu dəfə özgə sözünü yox, öz sözünü, sənin sözünü deyir: ”Bağlarda bar  ətri var… Öləndə sinəmi yumun(yəni yumayın), Sinəmdə yar ətri var…” Bildik qardaş, bildik… Kimin əli qalxar… O əl vallahı quruyar…

Burda registr dəyişir, segah bir guşə də zilə qalxır, nağara əsib-coşur, Şikəstəçi macəranın başını bayatıyla açıb, dalını saxlaya bilməz. “Gəldim gördüm pərim köçüb yurdundan…”

Necə köçüb, hara köçüb? Bəs o nə oxumaqlar idi: ”Salam verdim, gülüb aldı salamım, Qonaq oldum babasına pərimin…” Bəs bunu kim oxuyurdu? Bəs bu harda, haçan oxunub?…

… Aşıq Bəylər Qədirov… İndi yaşasıydı, bəlkə də soyadı “Qədirli” olardı. Ancaq Aşıq Bəylər Salyanın ən istedadlı adamlarından olsa da, yerliləri tərəfindən qədri elə də bilinməyib. O əvvəlcə Qurbanxanın, sonra Pənahın kölgəsində olub. Aşıq Bəylərin, bütün Salyan aşıqlarından fərqli olaraq, gözəl saz çalmağı olub. Sənətkarın Azərbaycan radiosundakı yazılarını eşidənlər bilərlər ki, bu  kişinin necə məlahətli səsi, necə orijinal boğazları olub. Abbas Tufarqanlının sözlərinə oxuduğu Şirvan Şikəstəsi qiymətli sənət əsəridir. Bəylər kişi özünü ikivətənli sayırdı, çünki əsli şamaxılıydı, axtarsan, bəlkə Alim Qasımovla qohum çıxarlar, hər halda Alim Aşıq Abbası təsadüfi seçməyib, onun Şikəstəsində də, Aşıq Bəylərdə olduğu kimi, Kəsmə şikəstəyə istinadlar var. Yeri gəlmişkən, Rəmişin təxminən 1969-70-də yaratdığı Segah da Kəsmə şikəstədən sitatla başlayır…

Harda qaldıq? Hə, pəri köçüb, yurd boş… “Bundan sonra can sağlığın neylərəm…” Balabanın naləsi şikəstəçidən az demir, saz yoxdur, ancaq tarzən kök simləri sazdan artıq danışdırır, şıkəstəçi daha bu dünyanın adamı deyil, Alimin səsi ancaq metafizik vüsətdə toxdaya bilər.”Çərxi-fələk tərsə çəkdi qələmi… Ağla Abbas, əlin yardan üzüldü…”

Böyük eşqi sənət ancaq bu yolla xilas edir — əl gərək əldən üzülə, Eşqin, Eşqə inamın qorunmasıyçın dəryalarla göz yaşı da hayıf deyil. Əl əldən üzülməsə…

Gəlin-qayınanalıq, ocaq başı, təndir üstü, su daşımaq, əski yumaq, baldızla çəkişmə, ər yumruğu… “Sənin atanın…”

Bu da bizik…

Biz Eşqi möhtəşəm metafizik qüvvə kimi həm tanıyır, həm də ondan vahimələnirik. Biz daha ədalətlə cin adlana biləcək xırda tanrıların – mal, hakimiyyət həvəsinin, özünüsevərliyin, cəhalətin itaətindən çıxa bilmirik.

Aşıq Bəylər Şirvan şikəstəsini dünyanın az qala bütün qitələrinə idealizmin yaz dumanı kimi hopduğu vaxtlar oxuyub. İndiki Şadlıq evləri bəlkə də Eşqin girəcəyi yer deyil, hərçənd Eşqin metafizik təbiətiylə nurlana bilməyən bucaq yoxdur.

Şirvan şikəstəsindəki Eşq ona layiq olan yerdədir, bu yersə ucalıqdır, ancaq işığın bizə gəlib yetişə bilmədiyi ucalıq da yoxdur.

Həm də təkcə işıq yox. Yar ətri də…

22.02.08 Samara

«Azadlıq» qəzetində çap olunub