Архив тегов | İslam oyunları Azərbaycanda

İSLAM OYUNLARI? MÜSƏLMANLAR OYNAYIRLAR YA MÜSƏLMANLARI OYNADIRLAR?

2025-ci ildə Ər -Riyadda 6-cı – və hələlik sonuncu — İslam oyunları keçirilib. Əslində 2025-ci ildə beşinci turnir keçirilirdi, çünki 2009-cu ildə İranda keçirilməli olan İslam yarışları ləğv edilmişdi. Növbəti yarışların 2029-cu ildə keçirilməsi nəzərdə tutulub. İranla ABŞ-ın müttəfiqi olan müsəlman ölkələr arasında ciddi silahlı toqquşmaları, Yəməndəki, Liviyada, Somalidə, Suriyada, Livanda, İraqda baş verənləri nəzərə alsaq, yarışlardan yenə imtina ediləcəyəni gözləmək olar.

2017-ci ildə İslam yarışları Azərbaycanda keçirilib.

Xristian oyunları, buddist oyunları, yəhudi oyunları, krişnait oyunları…

Yox, hələlik təbiətdə belə yarışlar mövcud deyil. Dini bayraq altında idman yarışları keçirən təkcə müsəlmanlardır. Müsəlmanlar deyəndə ki, İslam dininin dominant olduğu ölkələrdəki avtoritar və diktator rejimləri belə yarışların keçirilməsində maraqlıdırlar. Və burda siyasi maraq, siyasi mənfəət məqsədi olmasaydı, əslində İslam oyunları yalnız gülüş doğura bilərdi. İslamda nə oyun? Olimpiya proqramına salınan idman növlərindən heç birini müsəlmanlar yaratmayıb. Oyunların proqramına salınan milli idman növləri, məsələn, zorxana və ya dəvə ötüşmələri, indi İslamın rəsmi dövlət dili olduğu ölkələrdə yaransa belə, onların İslama dəxli yoxdur, çünki İslamdan əsrlərlə, bəlkə minillilərlə əvvəl  mövcud olub.

İslam oyunları əslində İslamın ləyaqətli tərəflərini yox, daha çox neqativ tərəflərini qabardır. Yəni göstərir ki, sonuncu yüzilliklərdə əhalisi müsəlman olan ölkələrdə gerilik təkcə elm, maarif, mədəniyyət sahəsində olmayıb. Qərb ölkələrində, xüsusən ondoqquzuncu əsrin ikinci yarısından sonra, kapitalizmin inkişafı, insanlarda, xüsusən şəhər əhalisində əyləncəyə, istirahətə sərf oluna biləcək boş vaxtın yaranması, bu vaxtın məzmunlu, həm də kommersiya baxımından effektli keçirilməsi zəruriliyinə cavab olaraq işgüzar və təşəbbüskar  adamlar xalq arasında çoxdan mövcud olan oyunları sistemləşdirir, onlar üçün ciddi qaydalar və peşəkar idman üçün infrastruktur yaradırlar. 19-cu əsrin yetmişinci illərində tennis belə yaranır. 1873-cü ildə britaniyalı mayor Uolter Uinqfild ot üzərində yeni oyun olan laun-tennis üçün patent alır. 1866-cı il futbolun doğum ili sayılır – futbol da İngiltərədə doğulub…

Təsəvvür edin ki, Avropa ölkələri, ABŞ, Kanada, Avstraliya Xristian oyunları keçirmək qərarına gələlər. Əslində, bu oyunlar alternativ ümumdünya olimpiadası olardı…

İndi başqa bir şeyi təsəvvür edək. Deyək ki, xristian ölkələri onların yaratdıqları, onlarda təşəkkül tapmış oyunların başqa ölkələrdə keçirilməsini qadağan edirlər. Başqa ölkələrdə deyəndə ki, müsəlman ölkələrində. Yəni deyələr ki, müsəlmansınız, gedin öz müsəlman oyunlarınızı oynayın…

Müsəlmanlar neylərdilər?

Başlarına (öz başlarına) qapaz salardılar?

Sinələrinə zəncir vurardılar?

Və ya ildə bir dəfə İslam oyunları keçirib dəvə ötüşdürərdilər?

İndi məsələnin daha ciddi bir tərəfinə baxaq. Sabah qərb ölkələri Xristian oyunlarının keçirilməsi barədə qərar çıxarsalar, müsəlman ölkələrində yaranacaq müsibəti təsəvvür edirsiniz? Müsəlmanların naləsi göylərin yeddinci qatına qalxacaq ki,  xristianlar ayrıseçkilik edirlər, öz oyunlarını keçirirlər….

Mən çox istərdim ki, Xristian oyunları keçirilsin. Müsəlmanların reaksiyasına baxmaq çox maraqlı olar. Şübhə etmirəm ki, təbliğat maşını düşüəcək işə, fars deyəcək futbol İniltərədən qabaq İranda yaranıb, ərəblər deyəcəklər hədislərdə tennis də var, basketbol da… Azərbaycanlılar… Azərbaycanlılar deyəcəklər “voleybol” bizim sözümüzdür, əslində “vəliböl”dür, oyunu Vəli adlı birisi yaradıb, əvvəl ortada tor yox imiş, elə yerə nişan vururlarmış. Deyiblər, Vəli, meydançanı böl, o da qulaq asıb, bölüb, oyunun da adı qalıb “vəliböl”…

Sözün qısası, İslam oyunları məhz idman yarışları kimi absurddur, onun keçirilməsinin siyasi motivasiyası var. Ancaq nəticə bu oyunların təşəbbüsçüsü olan, onları keçirən avtoritar və diktator rejimlərinin məqsədinə tam uyğundurmu?

İdmana maraq göstərməyən adamlar azdır, ömründə heç vaxt nəinki idmanla məşğul olmayan, hətta sağlamlıq üçün zəruri olan minimum hərəkələr etməyən, axşamlar yanını divanqdan qaldırmayan adamlar belə idman yarışları ehtirasla müşahidə edir, oyunların gedişində çox emosional dəqiqələr, saatlar yaşayırlar. Stadionlara milyonlar və hətta milyardlar yığılırlar. Ona görə idman effektli təbliğat, təşviqat vasitəsi ola bilir. Sevimli konamdanın oyununda tribunada qəddar diktator tribunada görünəndə onun düşmənləri belə, prinsiplərinə rəğmən, içərilərində empatiya adlana biləcək bir duyğu keçirirlər…İdman yarışları diktatorlar üçün özlərini vətənpərvər, millətçi kimi göstərmək üçün çox yaxşı fürsətdir…

(ardı var)

02. 11. 2026, Samara