Архив тегов | professor Zahid Xəlil

PROFESSOR ZAHİD XƏLİL: «BAŞIMIZA ÇIXARTDIQ, O TÜLKÜNÜ, ÇAQQALI…»

Filologiya eləmləri doktoru, Azərbaycanın əməkdar tütünçüsü Zahid Xəlilin Xankəndiyə həsr etdiyi “şeir” xüsusən maraqlıdır, çünki müəllifinin təkcə necə “şair” olduğunu yox, həm də necə lotu və cüvəllağı olduğunu göstərir.

İgid İbrahim xanın
Gur nərəsi Xankəndi.
Qarabağ atlarının
Kişnərtisi Xankəndi.

Başa düşdünüz?  “Xankəndi  xan nərəsidir və at kişnərtisidir”. Dünyanın heç bir ölkəsində, heç  bir xalqda belə cəfəng şeirlər yazılmır. Bizdə yazılır.

“Görən hansı adamlar,
Kimdən nəmər aldılar,
Ayqırların yerinə
Ulaqları saldılar.”

Şübhəsiz ki, “şair” burda incə eyhamlarla yazır. Bunu başa düşmək üçün sözlərin mənasını araşdıraq. Görək “ayqır” nədir. Lüğətdə: “Ayğır — yetkin erkək at. Cinsi yetişkənliyinə bir il-ilyarımlıqda çatır, lakin döllük məqsədilə 3 yaşından istifadə olunur.”

Ayğıra, yəni döllük ata Zahid Xəlil yəqin azərbaycanlıları bənzədir. Ulaq – ermənilərdir. Ancaq burda dolaşıqlıq var: əgər döllük at, əlbəttə, erkəkdirsə, Xankəndidə azərbaycanlıların ancaq erkəkləri yaşayıblar?

Cavab ver, ulu babam,
Soruşum yana-yana!
Xankəndi necə çöndu
Stepan Şaumyana?!

Burda bilmək olmur Zahid Xəlil ulu babasının qəbrinə ya şəklinə müraciıət edir. Bəlkə 85 yaşlı “şairin” ulu babası indiyəcən sağdır?

Əməkdar tütünçü Zahid Xəlil keçir şəxsiyyətə, rus demişkən, perexodit na liçnosti. Konkret olaraq, Stepan Şaumyanın şəxsiyyətinə.

“Bu Stepan Şaumyan
Özü boyda bir iblis!”

Özü boyda bir İblis – bir şey başa düşən var?
“Onu başa düşmədi
Nə rus, nə də ingilis.”

Rus Stepan Şaumyanı niyə başa düşmədi? Şaumyan Leninin sevimli inqilabçılarından biri olub. İngilisi deyə bilmərəm. İngiltərədə olmamışam Yəqin Zahid Xəlil olub, şəxsən ingilislərdən soruşub: “Do you like Stepan Shaumyan? «No, no, we don’t like him even a little bit!»

Ay lotu!

Çox-çox işlər qaynatdı,
Nə çaşdı, nə mat oldu.

Yadınızdan çıxmasın ki, bunu professor, dekan, kafedra müdiri yazır.Yəni ki, titullarına görə bu adam elitadır. Ancaq yazdığına görə gədədir.
Əvvəlcə Rusiyada
Sosial-demokrat oldu.

Burda dayanaq və keçək Zahid Xəlilin öz bioqrafiyasına. Lenin partiyası, yəni kommunist (bolşevik) partiyası əvvəlcə sosial-demokrat partiyası adlanıb. Zahid Xəlil də kommuist partiyasının üzvü olub! Zahid Xəlil hətta bir müddət Lenin adına Azərbaycan Pedaqoşi institutunun partiya komitəsinin katibi olub! Bu boyda ali məktəbdə partkom olmaq raykomluqdan da hörmətli və qiymətli vəzifə idi. Yəni Zahid Xəlil əslində ömrünün böyük hissəsini Şaumyanın partiya yoldaşı olub. “Əqidədaşı olub” demirəm. Pedaqoji institutda partkom işləyən adamda nə əqidə. Orda rüşvət ayaq tutub yeriyirdi… Və indi Zahid Xəlil utanmaz-utanmaz, arsız-arsız öz keçmiş partiya yoldaşına, partiya işi uğrunda həyatını itirmiş bolşevikə lənətlər və təhqirlər yağdırır…

Gah Ağcaqum cölündə
Öldü komissar kimi.

“Gah” havada qalır, çünki “gah”sadalama eləmentidir, ancaq sadalama yoxdur.
Heykəli də qoyuldu
Bakıda simsar kimi.

Ay lotu, niyə deyirsən “qoyuldu”? Niyə demirsən “qoyduq”? 

İndi “simsar”  sözünün mənasına baxaq: “Simsar – alıcı ilə satıcı arasında vasitəçilik edən, ticarət və ya digər əqdlərin bağlanmasına kömək göstərən dəllal, komisyoncu və ya aralıqçı mənasını verir.”

“Gözlərində eynəyi,
Çənəsində saqqalı
Başımıza çıxartdıq
O tülkünü, caqqalı.”

Şaumyan düşmən də olsa, etiraf etməliyik ki, əqidə adamı olub və əqidəsinə görə həyatını itirib. Zahid Xəlil kimi cildini dəyişənələr əsl tülkülər deyilmi?

Və dil «mədəniyyəti» bu səvyyyədə olan adamı sinfə, auditoriyaya buraxmaq olarmı?

Bir məqalənin annotasiyasını oxudum, müəllif yazır ki, Zahid Xəlil Azərbaycan poeziyasını dünya ədəbiyyatı səviyyəsinə qaldırıb…

Hamlet deyirdi ki, indi abırlı adam olmaq on min nəfərdən seçilmək eməkdir… Bu, Şekspirin vaxtında belə imiş. İndi, özü də Azərbaycanda, abırlı olmaq  bəlkə də yüz min nəfərdən seçilməkdir….

Deyirlər hərdən-birdən
Özgə adla gəlirmiş.
Heykəlinin önündə
Bizə xəlvət gülürmüş.

Azərbaycan oxucusu bunu niyə yeməlidir?

 

Özü başqa diyarda
Gəzirdi buğa kimi.

Bəs bunu?

Ahid Xəlilin bioqrafiyasındakı ən maraqlı faktlardan biri budur ki, bu adam, tütün fabrikinin işçisi, pedaqoşi institutu, yəni “kəndçilər institutunu” qiyabi şıbəsini təzəcə bitirmiş bu adam iyirmi dörd yaşında birdən-birə Bakıya gəlib institiu qəzüetinin baş redaktoru təyin edilir! Bu, gənc tütünçü üçün fövqəladə karyeradır və bu karyera sıçrayışına nail olan adamda fantastik keyfiyyətlər olmalıdır. Qoy indi hər kəs öz anlayışı çərçivəsində düşünsün ki, yaradıcılığı belə tükürpədən cəfəngiyyatdan ibarət olan Zahid Xəlilin hansı fantastik keyfiyyətləri onu belə yüksəkliklərə qaldırıb…

 26. 10. 2026, Samara

PROFESSOR (!) ZAHİD XƏLİL: «SONRA GEDİB DÜŞMƏNİN TUTDULAR BOĞAZINDAN…»

Bu yaxınlarda Zahid Xəlilin bir müsahibəsini oxudum, deyir ki, az vvaxtda Azərbaycanın iyirmi universitetində tələbələr qarısında çıxış edib. Çox maraqlandım. İnternetdə şeirlərini tapdım. İşğaldan azad olunmuş ərazilərə yazdığı şeirləri oxuyub Şuşaya həsr etdiyi mətnin üstündə dayanmağı lazım bildim.

Zahid XƏLİL
Filologiya elmləri doktoru, professor, Sovet İttifaqı Qəhrəmanı, SSRİ-nin əməkdar idman ustası və məşqçisi

ŞEİRİMƏ GƏLDİ BAHAR NƏFƏSİ

Otuz ildi bulaqlar
Dərd-kədər çağlayırdı.

Lüğətdə “çağlamaq” sözünün iki mənasınəı görürəm. 1. Şırıltı ilə axmaq, 2. Hasar çəkmək.  Baxın: “bulaqlar dərd-kədər çağlayırdı”. İndi “çağlayırdı”nın yerinə “şırıltı ilə axırdı”nı qoyaq. Bu alınır: “bulaqlar dərd-kədər şırıltı ilə axırdı”.

Bir şey başa düşdünüz? Mən – yox.
Yolları ot basmışdı
Dərələr ağlayırdı.

Dərələr necə ağlayırmış? Yəni dərələrin ağlamığına sübut kimi hər hansı bir əlaməti şair müşahidə edibmi? Şuşada ermənilər yaşayırdılarsa və ora Artsax parlamentini köçürməyə hazırlaşırdılarsa, yolları ot necə basardı?

Manqalların başında
Araq vururdu yağı!

Yəni bunu Zahid Xəlil Bakıdan görürmüş ya Starlinklə məlumat alırmış? Niyə çaxır yox, araq?
“Ürəyimdə yanırdı
Yüz bayatı, min ağı.”

Maraqlıdır, Zahid Xəlilin ürəyində yanan bayatların və ağıların sayı yuvarlaqdır, ağılar on dəfə çoxdur. Görəsən bayatı necə yanır? Bəs ağı? Bayatının yanması üçün gərək erməni manqal başında araq vura, hə?

Həsrətlə inləyirdi
Şuşanın dağı, daşı.
Süzülüb qurumuşdu
Qaçqınların göz yaşı.

Dağ, daş necə inləyirmiş? Zahid Xəlil özü eşidib? Ay professor, ay xalq artisti, sözü belə havaya atmaq olmaz. Qaçqınların göz yaşı nə vaxt, neçə ildən sonra qurumuşdu? Bütün qaçqınların və yni vaxtda? Nə bilirdin quruyub? AzTv məlumat vermişdi?

Birdən dünya diksindi
Haqqın qəfil səsindən.
«Dəmir yumruq» yarandı
Allahın sevgisindən.

Buranın təhlilə ehtiyacı yoxdur. Bu, prezident təqaüdü üçün ərizədir. Allah indiyəcən çox şeylər, çox möcüzələr yaratmışdı, ancaq birinci dəfə idi ki, dəmir yumruq yaradırdı. Ruslar deyirlər ki, “pervıy blin vıxodit komom”, bizim dilə çevirsək, təxminən belə olar: “birinci kündə həmişə kütə gedər”. Ancaq bu, Allahın yaradıcılığına aid deyil. Gördüyümüz kimi, Dəmir yumruq özünü çox yaxşı və etibarlı silah kimi göstərdi, xarici düşmənlərin başını əzəndən sonra indi daxili düşmənlərin də başını uğurla əzir… Yəni Çin mallarının tayı deyil…

Durub bir nərə çəkdi
Hay verdi xalq, səsinə.

Burda dolaşıqlıq var. Bilmək olmur nərə çəkən yumruqdur ya İlham Əliyev özü.
Sanki dünya oyandı
Bir qəfil haqq səsinə.

Burda professor və əməkdar rəqqas Zahid Xəlil təkrara yol verir. İki bənd yuxarıda demişdi ki, “birdən dünya diksindi”. İndi deyir oyandı…Adətən diksinən kimi oyanırıq. Bəzən oyananda diksinirik, çünki başımızın üstündə dayanaanı görürük…

Komandanın səsindən
Qalxdı, dağ-daş oyandı.

Yenə deyir oyandı… Yatmışdılar? Bəs demirdin “inləyirdilər”?
Yataqda xallı pələng,
Budaqda quş oyandı.

Pələng divanda ya çarpauıda yatıbmış. Belə çıxır. Quş budaqda — başa düşdük. Pələng yataqda…

İgidlər güc aldılar
O İgidin səsindən,
Daha qorxu qalmadı
Düşmənin hiyləsindən.

İgid böyük hərflədir, yəni bu igid adi igid deyil, əlahəzrət prezidentdir. “Düşmənin hiyləsindən qorxu qalmadı” – bunun gərək tərcüməsi ola…

Qalxdı, ayağa qalxdı
Boz qayalar yerindən!

Boz qayalar qalxıb!
Elə bil Yer kürəsi
Ayrıldı məhvərindən!

Vaveyla! Ya Hüseyn, sən özün Zahid Xəlilin ilhamına güc ver!

Titrətdi bu dağları
İgidlər — ildırımlar!
Kirs kükrədi yerindən,
Hayqırdı sıldırımlar.

Gərək Zahid Xəlil bu Kirsi bura soxmayaydı, bilinir ki, bu söz ya farslarındır, ya da ermənilərin. Hərdən məndə elə təsəvvür yaranır ki, Zahid Xəlil qismən erməni tərəfə işləyir…

Qopub öz kamanından
Hər igid bir ox oldu.

“öz kamanından” – bu necə olur? Desəydi ki, kamanda  qopan ox kimi, dərd yarı idi. Bu olardı metafora. “Öz kamanından” — belə çıxır ki, qol, qıç kimi kaman da adamın bir üzvüdür…

Qan qaynadı damarda,
Dağdan-daşdan aşdılar,
Qorxunc dərədən keçib
Qayaya dırmaşdılar

Dağ olan yerdə hökmən dərə olmalıdır, bu, Azərbaycan sovet poeziyasının qanunudur və bu qanunu kommunist partiyasının ölməz şairi Səməd Vurğun qoyub gedib. Sovet İttifaqı ölüb, Azərbaycan sovet poeziyası isə yaşayır!

Sonra gedib düşmənin
Tutdular boğazından.

Burası yumordur. O qədər gülmüşəm ki… “Boğazından…”
Aldılar göyərçini
Şahin-şonqar ağzından.

Bu da gülməlidir…

Qayıtdı sarı bülbül,
Sevincindən ağladı.

Sarı bülbül hardaymış? Binəqədidə ya Masazırda? Yataqxanada olurmuş?

Yenə də Həkərinin,
Tərtərin səsi gəldi.
Şeirimə təbiətin
Bahar nəfəsi gəldi.

Nə deyim, vallah, deyəsən bu Zahid Xəlil çox arsız adamdır. Utanmaz-utanmaz “şeirim” də deyir… Minlərlə gənc qızıl qanlarını axıdıb, həyatlarını itirib, bu da ağsaqqal vaxtında arsız-arsız bu cəfəngiyatı qondarıb əslində onların xatirəsini təhqir edir.

Vallah, belədir…

Kül olsun o iyirmi universitetin başına ki, tələbələrinə mühazirəni Zahid Xəlil oxuyur…

 24. 10. 2026, Samara