KOMEDİYANI QURTARIN, CƏNABLAR!

Azərbaycanda son 20-25 ilin demookratik hərəkat tarixi dramatik-qanlı olduğu qədər komikdir də, məzhəkəlidir də.

Demokratik hərəkatın lideri naxçıvanlıdır, familiyası Əliyevdir – elə bunun özündə məzhəkə elementi var. Lider təxəllüs götürür- Elçibəy – bununla komizm daha da artır – Elçı – yəni “Rəsul”? yəni peyğəmbər? yəni Məsiha? Həm də adına “bəy” qoşmaqla Əbülfəz Əliyev Xudayar bəylə analogiya yaratdı, Xudayar bəy də günlərin bir günü adına “bəy” sözünü qoşmuşdu, haçan, hansı şərairdə qoşduğunu Mirzə Cəlil izah edir…

Mərhum Əbülfəz Əliyev (Elçibəy) kəndə qaçmaqla Azərbaycan demokratik hərəkatına ona verdiyi xeyirdən çox ziyan vurdu. Yəni Əbülfəz Əliyev azərbaycanlıların zehnində əksinqilab elədi, insanlarda on illərin təzyiqinə davam gətirə biləcək davamlı inam yaratdı kı, ölkəni Heydər Əliyev və onun ailəsindən başqa heç kim idarə edə bilməz.

Nə qədər ki, Əbülfəz Əliyevin Kələkiyə qaçmağına faciə donu geydiriləcək, tarixi faktın da, indiki sitüasiyanın da komizmi artacaq. Kələkiyə qaçış səhv deyildi, Kələkiyə qaçış gözlənilən hərəkət idi, çünki nə götürdüyü ad, nə götürdüyü missiya yöndəmsiz tarixi pyesin baş qəhrəmanının əzm və intellektual imkanlarına uyğun deyildi. Bu uyğunsuzluq ən azından traqikomik sitüasiya yaradırdı, Kələkiyə qaçış komediyanın sonuydu.

Və Azərbaycanda demokratik hərəkatın indiki liderləri komik janrı faciə janrı kimi qələmə verməyi davam etdirməklə özlərini də məzhəkə personajlarına çevirirlər. Həmişə Heydər Əliyevin saray yazıçısı və kinoçusu olmuş Rüstəm İbrahimbəyovun namizədliyi sübutdur ki, Azərbaycanın yaşlı nəsil demokratları oynadqları təlxək roluna və əyinlərindəki təlxək paltarına elə alışıblar ki, elə bu cür də qəbrə getməyə hazırdırlar…

Azərbaycanda əsil demokratik hərəkat gənclərin bu hırraxanadan aralanacağı gündən başlanacaq…

 

Реклама