HAQQ-ƏDALƏT SEVƏN MİLLƏT

Azərbaycalılar kimi haqq-ədalət sevən millət yer üzündə yoxdur.

 

                                1-ci səhnə

 

—         Cəfərqulu, sənin oğlunun kiçik toyuna gəlmişdim?

—         Bu nə sözdür, Məmmədqulu, əlbəttə, gəlmişdin!

—         Yüz manat puz salmışdım. Dünən gəlmisən, bizim gədənin kiçik toyuna əlli salmısan. Bunu əllisi hara getdi? Prezident fonduna?

—         Məmmədqululu, sözün var, söz danış, prezidentə sataşma.

—         Cəfərqulu, sən məni prezidentlə qorxutma, lazım olsa, prezident aparatında adam taparıq, sən əllinin cavabını ver.

—         Məmmədqulu, bir az kasıblıqdı, gətirib verərəm.

—         Nə kasıblıqdı ə, ev-eşiyini görmürəm? Maşınını görmüərəm? Sözə basma, gətir əllini çatdır!

—         Məmmədqulu, uşağın inşaallah böyük toyu olanda…

—         Cəfərqulu, boş-boş danışıb məni cin atına mindirmə, pulu gətir…

 

 

                                    2-ci səhnə

— Cəfərqulu, utanmırsan, qızarmırsan?

— Bu nə sözdür, Məmmədqulu?

— A kişi sənə bu həftə neçə dənə “layk” qoymuşam?

— Saymamışam, Məmmdəqulu.

— Çox nahaq saymamısan! Başımı daşa döymüsən. Əlli yeddi dəfə!

— Atan rəhmət!

— Atanmı bura qatma! Sən neçə dəfə məni “layk” eləmisən?

— Məmmədqulu, deyə bilmərəm…

— Mən deyə bilərəm: on üç dəfə! Cəfərqulu, mən sənin atana borclu deyiləm! Sən özünü mənə havayı layklatdırmaqla özünü lotu sayırsan?

— A kişi, vallah, mən özümü lotu saymıram…

— Cəfərqulu, bizim uşaq pullu litseydə oxuyur, İnternetin anasını ağladır, vallah, sənin kompüterinə elə virys saldıraram ki, qalarsan mələyə-mələyə…

 

 

Реклама